Bu gün informasiya-kommunikasiya texnologiyaları evimizin belə, ayrılmaz tərkib hissəsinə çevrilib. Dünyanın ən məşhur şirkətlərinin istehsalı olan həmin texnologiyalar müxtəlif informasiyaların, elmi yeniliklərin, statistik göstəricilərin və digər məlumatların əldə olunmasında hamımızın yaxın köməkçisidir. Onu da qeyd edək ki, informasiya-kommunikasiya texnologiyaları bu gün özünün ən müasir inkişaf mərhələsindədir. Onlardan səmərəli istifadə üçün muxtar respublikamızda da geniş imkanlar yaradılıb.
Bir vaxtlar heç kimin ağlına belə gəlmədiyi texnologiyalar vasitəsilə bu gün dünyanın müxtəlif ölkələrinin televiziya kanallarını evlərimizdə rahatlıqla izləyir, müasir antennalar vasitəsilə mobil telefonlarımızla ən uzaq məsafələrlə əlaqə yarada bilirik. Hər il bu texnologiyaların tətbiqi ilə bağlı muxtar respublikamızda məqsədyönlü tədbirlər həyata keçirilir. Muxtar respublika ərazisinin tamamilə fiber-optik kabellə və internetlə təmin olunması da sübut edir ki, ölkə və dünya miqyasında tətbiq olunan yeniliklərin Naxçıvanda da tətbiq edilməsi diqqət mərkəzində saxlanılır. Bu həm də yeni mütəxəssislərin yetişdirilməsini tələb edir. Muxtar respublikanın ən böyük ali təhsil müəssisəsi olan Naxçıvan Dövlət Universitetində müvafiq ixtisaslar Rabitə və Yeni Texnologiyalar Nazirliyinə hamiliyə verilib. Bu sahə üzrə yetişdirilən mütəxəssislər təcrübə toplamaq məqsədilə başqa ölkələrə göndərilirlər. Yeni texnologiyalar sahəsində dünyanın ən böyük şirkətlərindən biri olan “Huawei” şirkəti ilə əməkdaşlıq yeni müstəvidə davam etdirilir.
Sentyabr ayının 15-də Şərur rayonunun İbadulla kəndində Radio-Televiziya Verici Stansiyasının yeni binada fəaliyyətə başlaması da muxtar respublikada yeni informasiya texnologiyalarının tətbiqi ilə bağlı həyata keçirilən tədbirlərin davamıdır. Stansiyanın istifadəyə verilməsi münasibətilə keçirilən açılış tədbirində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov kollektivi təbrik edərək deyib: “Muxtar respublikamızda yeni texnologiyaların tətbiqinə üstünlük verilir. Yeni texnologiyalardan istifadə insanların dünyagörüşünün artmasına, həyat səviyyəsinin rahatlanmasına xidmət edir. İbadulla Radio-Televiziya Verici Stansiyasının əvvəlki binası və avadanlıqları müasir tələblərə cavab vermirdi. Lakin bu gün yeni binada ən müasir avadanlıqlar quraşdırılıb, göstərilən xidmətin keyfiyyəti artıb”.
Bu günlərdə həmin stansiyada olduq. Stansiyanın yerləşdiyi ərazidə yaradılmış səliqə-sahman ilk baxışdan diqqətimizi cəlb etdi. Gülkarlıq, yeni əkilmiş meyvə ağacları yaxın vaxtlarda buranı ən gözəl yaşıllıq məkanına çevirəcək. Əraziyə daimi su xəttinin çəkilməsi, vaxtlı-vaxtında suvarılmanı təmin edib.
Burada səmimi bir kollektiv çalışır. Kollektiv üzvlərinin hansı ilə həmsöhbət oldumsa, onlara göstərilən qayğıdan fərəhlə danışdılar, öz işlərinə məsuliyyət hissi ilə yanaşdıqlarını da elə söhbətlərindən hiss etdim. Stansiyanın rəhbəri Vüsal Həsənov bildirdi ki, fəaliyyətimiz dövründə heç vaxt bugünkü kimi müasir şəraitlə təmin olunmamışıq. Ən müasir avadanlıqların quraşdırıldığı bu bina kollektivin məsuliyyətini daha da artırıb. O, stansiyada həyata keçirilmiş yeni işlər barədə danışaraq bildirdi ki, iki mərtəbədən ibarət binada əsas və ehtiyat magistral kabel xətlərinin və ərazi üzrə 16 avtomat telefon stansiyasının fiber-optik sonlandırma avadanlıqları, paylayıcı və çevirici qurğular, Türkiyə-Naxçıvan arası aralıq gücləndirici və radiorele linklərin modemləri quraşdırılıb. Televiziya və radio kanallarının ərazidə rəqəmsal formatda kəsintisiz və keyfiyyətli yayımına imkan verən həmin avadanlıqlar yüksək iş əmsalına malikdir.
Öyrəndik ki, efirə nəzarət otağında 2 monitor, 2 rəqəmsal teleradio və 4 FM radiovericisi qurulub. Bunlar teleradio yayımını mütəmadi izləməyə imkan verir. Eyni zamanda yaranmış hər hansı nasazlıq barədə operator dərhal məlumatlandırılır.
Bina ikitərəfli elektrik xətti ilə təchiz edilib. İki generator quraşdırılıb, 430 metr yüksəkgərginlikli kabel, 2600 metr hava elektrik xətti çəkilib, 250 və 160 kilovoltluq transformator yarımstansiyası yaradılıb. 150 metrlik qüllədə mobil rabitə baza stansiyalarının, televiziya və radiovericilərin şüalandırıcıları, anten-fider sistemləri qurulub, radio-rele avadanlıqlarının qəbuledici-verici çanaq antenləri montaj edilib.
Verilişlər Duzdağdan qəbul olunaraq rayonun Həmzəli, Axura, Köhnə Havuş, Aşağı Yaycı, Şahbulaq kəndlərindəki qəbuledicilərə ötürülür. Həmin yaşayış məntəqələrindən isə rayondakı digər kəndlərdə yayımın gücləndirilməsi təmin olunur.
Vüsal Həsənov açılış mərasimində Ali Məclis Sədrinin kollektivə tövsiyələrini xatırlatdı. Bildirdi ki, biz də bir kollektiv olaraq həmin tövsiyələri əldə rəhbər tutaraq yaradılan şəraitdən səmərəli istifadə edəcək, avadanlıqlara vaxtında texniki qulluq göstərəcək, ərazidə radio və televiziya verilişlərinin yayımının nümunəvi təşkil olunmasına çalışacağıq.
Muxtar MƏMMƏDOV