Naxçıvan Muxtar Respublikası Vergilər Nazirliyində idarə, müəssisə və təşkilatların nümayəndələrinin iştirakı ilə “http://vergi.nakhchivan.az rəsmi internet səhifəsi və elektron xidmətlər” mövzusunda keçirilən təqdimat tədbirini giriş sözü ilə Naxçıvan Muxtar Respublikası vergilər nazirinin müavini, baş vergi xidməti müşaviri Fərrux Əkbərov açıb.
Bildirilib ki, muxtar respublikamızda ərzaq və qeyri-ərzaq məhsullarına olan tələbatın daxili imkanlar hesabına ödənilməsi üçün idxaldan asılılığın aradan qaldırılması istiqamətində görülən tədbirlər, iqtisadi inkişafın yeni keyfiyyət mərhələsinə daxil olması və sosial infrastruktur təminatının yaxşılaşdırılması nəticəsində makroiqtisadi göstəricilərin artımına nail olunub, sahibkarlığa dövlət himayəsinin həyata keçirilməsi nəticəsində əlverişli biznes və investisiya mühiti yaradılıb.
Qeyd olunub ki, muxtar respublikamızda sahibkarlığa qanunsuz müdaxilələrin qarşısının alınması, operativ vergi nəzarəti tədbirlərinin və səyyar vergi yoxlamalarının sayının kəskin surətdə azaldılması sahibkarlığa dövlət dəstəyinin bariz nümunəsidir.
Vurğulanıb ki, vergi sistemində son dövrlərdə həyata keçirilən uğurlu tədbirlərdən biri də Naxçıvan Muxtar Respublikası Vergilər Nazirliyinin rəsmi internet səhifəsinin yenilənməsidir. Həmin internet səhifəsinin köməyi ilə artıq sahibkarlar bir çox xidmətlərdən rahat şəkildə istifadə edə bilərlər. İnformasiya cəmiyyətinin inkişaf etdiyi bir mərhələdə, təbii ki, sahibkarlar üçün internet səhifəsi ən sürətli formada elektron xidmətlərdən yararlanmaq imkanı yaradır.
Tədbirdə Naxçıvan Muxtar Respublikası Vergilər Nazirliyinin Vergiödəyicilərinə xidmət şöbəsinin rəisi Zahid Qənbərov “Vergi qanunvericiliyinin praktik tətbiqində internet resurslarının rolu”, İnformasiya texnologiyaları və proqram təminatı bölməsinin rəisi Ülvi Qurbanov “Naxçıvan Muxtar Respublikası Vergilər Nazirliyinin rəsmi internet səhifəsi və elektron xidmətlər”, mətbuat və ictimaiyyətlə əlaqələr üzrə baş məsləhətçi Qəzənfər Bayramov “Naxçıvan Muxtar Respublikası Vergilər Nazirliyinin mətbuat xidməti və fəaliyyəti haqqında” mövzularında tədbir iştirakçılarına ətraflı məlumat veriblər.
Sonra mövzu ilə bağlı suallar cavablandırılıb, iştirakçılara bukletlər paylanılıb.
Naxçıvan Muxtar Respublikası
Vergilər Nazirliyinin mətbuat xidməti