23 Dekabr 2024, Bazar ertəsi

Cəmiyyətin hərtərəfli inkişafı üçün biliyin əsas şərt olduğu dövrümüzdə bilikli gənclərin yetişdirilməsi üçün müasir təhsil sisteminin yaradılması günümüzün əsas məsələlərindəndir. Bacarığı ilə ölkəmizin sərvətlərinə sahib çıxa bilən, əməyi ilə daha çox dəyər yaradan savadlı gənclər məhz mütərəqqi təhsillə ərsəyə gələn potensial kimi artıq iqtisadi-mədəni həyatımızın hər sahəsində qabiliyyətlərini ortaya qoymaqdadır. Müasir təhsil qurucu­luğunda etibarlı kadr təminatı və müasir infrastruktur yaradılması isə bu gün prioritet məsələlərdən biri­dir. Ölkəmizdə müəyyənləşdirilmiş “Maddi dəyərlərin, iqtisadi potensialın insan kapitalına çevrilməsi” prinsipi üzrə muxtar respublikamızda həyata keçirilən təhsil quruculuğu tədbirləri də məhz bu istiqamətdə davam etdirilməkdədir.
Naxçıvan Muxtar Respublikası bütün sahələrdə olduğu kimi, təhsildəki uğurları ilə də ölkəmizdə liderliyini qoruyur. İldən-ilə artan dövlət qayğısı nəticəsində yeni təhsil obyektlərinin istifadəyə verilməsi, maddi-texniki bazanın yenilənməsi və pedaqoji kadrların yeni təhsil üsullarını və informasiya-kommunikasiya texnologiyalarını mənimsəməsi bu sahədəki nailiyyətləri artıran əsas amillərdəndir. Artıq Naxçıvanda təhsilin bütün pillələri üzrə əldə olunan nəticələr iyirmi il əvvəlki göstəricilərdən on dəfələrlə artıq səviyyədədir. Orta məktəbi əla qiymətlərlə bitirib, ali məktəblərə qəbul imtahanlarında daha yüksək nəticələrlə müəllimlərini və ailələrini qürurlandıran gənclərin sayı çoxaldıqca hər birimiz ürəkdən sevinirik. Çünki gələcək həyatımız məhz onlara bağlıdır. Bu il avqust ayının 20-də Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin muxtar respublikanın ümumtəhsil məktəblərini bitirərək ali məktəblərə qəbul imtahanlarında yüksək bal toplamış tələbələrlə görüşü zamanı dediyi kimi: “Yalnız hərtərəfli təhsil alan, peşə öyrənən, özünü ölkəsinin gələcəyinə hazırlayan gənclər dövlətçiliyimizin və müstəqilliyimizin dayağı ola bilərlər”.

Naxçıvan Muxtar Respublikasında yenilənən təhsil infrastrukturunun coğrafiyası çox genişdir. Təkcə cari ildə görülən işlərə nəzər saldıqda, belə tədbirləri Naxçıvan şəhərindəki ali və orta məktəblərdən tutmuş, muxtar respublikanın rayonlarındakı ən ucqar kənd məktəblərində də görmək olar. Bundan əlavə, Naxçıvanın ən ucqar dağ və sərhəd kənd­lərində inşa olunan məktəb binaları nə memarlıq üslubundakı quruluşuna, nə də maddi-texniki təchizatına görə şəhər məktəblərindən fərqlənmir. Təkcə son 5 ilin statistikasına nəzər saldıqda, bu sahədə nə qədər nəhəng işlər görüldüyünün şahidi oluruq. Belə ki, bu dövrdə muxtar respublikamızda 63 məktəb, məktəbdənkənar müəssisə, kollec, texniki-peşə məktəbi və rayon təhsil şöbələri üçün binalar tikilib və ya əsaslı təmir olunaraq istifadəyə verilib. Bu quruculuq ərməğanları Naxçıvan şəhəri ilə yanaşı, Şərurun Yuxarı Yaycı, Babəkin Gərməçataq, Ordubadın Tivi, Culfanın Gal, Şahbuzun Gömür kəndlərinədək geniş bir ərazidəki yaşayış məntəqələrini bəzəyir. Cari ildə tikintisi davam etdirilən 10 təhsil müəssisəsi üçün yeni binalar da istifadəyə verildikdən sonra minlərlə şagirdin daha müasir şəraitdə təlim-tərbiyə almasına imkan yaranacaq. Bu və bunlardan əvvəl tikilmiş binalar isə perspektivə hesablanmış tutumları ilə də diqqəti cəlb edir. İstifadəyə verilmiş bu təhsil müəssisələrində yeni tədris metodları tətbiq olunur, müəllim və şagirdlər müasir kompüter və sürətli internetdən istifadə edirlər. Bunun üçün hazırda muxtar respublikanın ümumtəhsil məktəblərində sürətli internetə çıxışı olan 5337 kompüter və 600-dən artıq elektron lövhə, habelə zəngin fonda malik kitabxanalar, laboratoriyalar və fənn kabinələri vardır. Əldə olunmuş nəticələr isə göz qabağındadır. Belə ki, təkcə bu il muxtar respublikanın orta məktəblərinin 331 məzunu qəbul imtahanlarında 500-700 arası bal toplayıb ki, bu da ötən illə müqayisədə 42 nəfər, yaxud 15 faiz çoxdur. Müsabiqədən uğurla keçərək ölkəmizin və muxtar respublikamızın ali məktəblərinin tələbəsi adını qazanmış bu gənclərlə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin artıq ənənə halını almış görüşləri, bu görüşlər zamanı onların gələcək təhsil və həyat fəaliyyətini mühüm dərəcədə motivasiya edən çıxışlar, hədiyyə edilən pul mükafatı və dəyərli nəşrlər təkcə təhsil ictimaiyyəti üçün deyil, bütün naxçıvanlılar üçün yaddaqalan hadisələrdəndir.
Müasir təhsil sistemi üçün yaradılan şəraitin nəticəsidir ki, muxtar respublikanın tam orta məktəblərindən məzun olan gənclər ali məktəblərə ixtisas seçimi zamanı Naxçıvanda fəaliyyət göstərən ali təhsil müəssisələrinə daha çox üstünlük verirlər. 2018-ci ildə 1170 nəfər, yaxud qəbul olanların 76 faizi ixtisas seçimi zamanı muxtar respublikada fəaliyyət göstərən ali təhsil müəssisələrini seçiblər. Başqa sözlə, Naxçıvanda yaşayıb, işləmək və təhsil almaq artıq burada yaşayan bütün insanların zəruri tələbatlarını ödəyən həyat standartı halına gəlib.
Təhsildə yeni tələblərə uyğunlaşmaqda kadr hazırlığı da müasir infrastrukturun yaradılması qədər vacib və həssas məsələdir. Xüsusən məktəb, ailə və şagird üçbucağında təhsillə məşğul olan müəllimlərin üzərinə düşən məsuliyyətin artdığı bir zamanda vəzifəsini daha yaxşı yerinə yetirən, daim öz üzərində çalışmaqla dinamik gəncliyin inkişaf tələbinə cavab verə bilən, informasiya-kommunikasiya texnologiyalarından lazımınca istifadə edib hər gün, hər saat artan yeniliklərə hazır olan kadrlara daha çox ehtiyac duyulur. Bu mənada, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin sərəncamı ilə bilik və bacarıqları qiymətləndirilmiş müəllimlərin əməkhaqlarının artırılması təhsilə, təhsil işçilərinə göstərilən qayğının bariz nümunəsi olmaqla, pedaqoqların bu vacib işdəki daşıdığı məsuliyyəti də müəyyən edir. Bu ildən başlayaraq pedaqoji kadrların işə qəbulunun Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən həyata keçirilməsi də ümumtəhsil məktəblərinin pedaqoji kadrlarla təminatının şəffaflığına zəmanət verir.

Sağlam və savadlı insan hər bir cəmiyyətin ən dəyərli sərvətidir. Belə bir sərvəti əldə edə bilmək üçün onu uzun illər boyu zəhmət çəkib qazanmaq tələb olunur. Allahın şirin payı olan övladlarımızı vətənpərvər, universal biliklərə, dərin dünyagörüşə və mədəniyyətə sahib bir şəxs kimi formalaşdırmaq üçün təhsilə özəl münasibət göstərmək uğurlarımızın açarıdır. Bu uğurlar isə xalqımıza və dövlətimizə hər şeydən daha çox lazımdır.

 Əli CABBAROV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR