Bəzən gözəl bir mebel evlərimizin interyerini o qədər tamamlayır ki, onu istehsal edənləri alqışlayır, işlərini təqdir edirik. Əvvəlki illərdən fərqli olaraq indi muxtar respublikamızda fəaliyyət göstərən mebel mağazalarında müxtəlif çeşid, keyfiyyət və rənglərdə gördüyümüz, zövqlərimizi oxşayan, seçimimiz üçün bizə geniş imkanlar yaradan saysız-hesabsız mebel dəstlərinin necə hazırlanması haqqında məlumatımız varmı? Bəs bir-birindən yaraşıqlı həmin mebellərin materiallarını istehsal edənlər barəsində necə, nələrisə bilirikmi? Bu kimi suallara cavab tapmaq üçün gözəlliyi ilə zövqümüzü oxşayan həmin mebellərin materiallarını istehsal edən bir müəssisə – “Dekor Qrup” Məhdud Məsuliyyətli Cəmiyyəti haqqında söhbət açmaq istəyirik.
Sahibkarlıq fəaliyyətinə göstərilən dövlət qayğısı sayəsində adıçəkilən müəssisə 2013-cü ildə qurulub, 2014-cü ildən fəaliyyətə başlayıb. Ərazisi 15 min kvadratmetrdən artıq sahəni əhatə edən müəssisədə 4 istehsal sexi, sərgi-satış salonu olan inzibati bina, iş otaqları, yeməkxana, hazır məhsulları yığmaq üçün anbar var. Müəssisəni gəzib istehsal prosesi və hazır məhsullarla tanış olduq. Burada diqqətimizi ən çox çəkən mətbəx avadanlıqları istehsalı üçün hazırlanan materiallar oldu. Müəssisənin direktor müavini Ramazan Allahverdiyev də qeyd etdi ki, hər kəsin evində zövqünə, evinin interyerinə uyğun yığdırdığı mətbəx avadanlıqları burada istehsal edilən müxtəlifölçülü laminat lövhələrdən hazırlanır. O bildirdi ki, laminatlı lövhənin yüksək istehlak xüsusiyyətləri vardır. Belə ki, termodayanıqlıdır, nəmə, ləkəyə, cızılmaya və digər zədələrə qarşı davamlıdır. Hazırda mətbəx avadanlıqları materialları istehsal olunan seximizdə mat, parlaq və daha parlaq olmaqla, 70 rəngdə laminat örtüklü mətbəx avadanlıqları hazırlanır.
Müəssisənin digər sexlərində isə 80-dək rəngdə PVC akrilik parlaq panellər istehsal olunur və boya işləri görülür. Yeni fəaliyyətə başlayan sexdə isə melamin örtüklü DSP (suntalam) və MDF ( mdflam) lövhələr istehsal olunur. Mebel materialları arasında ən çox istifadə olunan suntalam və mdflamdır. Onlardan mətbəx, yataq, uşaq, qonaq otaqları üçün mebellər hazırlanır. Bu lövhələrdən istənilən formanı kəsmək olar. Düzgün istifadə edildikdə həmin materiallardan hazırlanan mebel kifayət qədər uzunömürlü olur. Müsahibimiz onu da bildirdi ki, DSP və melamin qabıq suntalamın xammalı sayılır, yüksək istehlak xüsusiyyətləri vardır. Belə ki, o, isti preslə preslənmiş ağac hissəciklərindən ibarət çoxlaylı materialdır, daxili boşluqları və çatları olmadığından bərkdir və yüksək keyfiyyətlərə malikdir.
MDF lövhələr isə ağac liflərindən hazırlanır. Bu da onu ekoloji baxımdan qiymətli edir. Həmin lövhələr çox möhkəm və sıx olur, rənglənmək və ya laminə edilmək üçün idealdır. DSP ilə müqayisə etdikdə MDF bir qədər keyfiyyətli və bahalı materialdır. DSP-dən hazırlanacaq istənilən mebeli MDF-dən də hazırlamaq mümkündür. Bu lövhələr daha çox boya, parlaq və ya mat melamin, membran, akrilik, təbii taxta (şpon) və sair ilə üzlənir. Müəssisəyə xammal Türkiyə, Almaniya və Koreyadan gətirilir. Burada, həmçinin bu sahədə qabaqcıl təcrübəyə malik olan ölkələrdən müasir texnoloji avadanlıqlar alınaraq quraşdırılıb, istehsal prosesi avtomatlaşdırılıb. Rəng müxtəlifliyinə görə 200-dən artıq çeşiddə mebel materialları istehsal olunur. Bu barədə də Ramazan Allahverdiyev ətraflı məlumat verdi: – Müəssisəmiz muxtar respublikada mebel materialları istehsal edən yeganə müəssisədir. İşə cəmi 18 rənglə başlamışdıq. Bu gün onun 200-ü ötəcəyini, məhsullarımıza tələbatın bu səviyyədə artacağını təsəvvür edə bilməzdik. Bunun səbəbi, təbii ki, keyfiyyət amilidir. Sifarişçilərimizin tələblərini lazımi səviyyədə yerinə yetirməklə buna nail olmuşuq.
İstehsal prosesinin səmərəliliyini təmin etmək üçün müəssisədə çalışan işçilərdən bir neçəsi Türkiyə Respublikasında ixtisasartırma kurslarında da iştirak edib. Müəssisədə çalışan 60-dan artıq işçi üçün burada hərtərəfli şərait yaradılıb. Onlar xüsusi geyimlə təmin olunublar. Nahar yeməyi müəssisə tərəfindən verilir.
Bu günlərdə şəhərimizin “Təbriz” küçəsində yerləşən mebel salonlarının birində “Dekor Qrup” Məhdud Məsuliyyətli Cəmiyyətində istehsal edilən materiallardan mebel sifarişi verən Babək rayon sakini Rəhim Fərəcovla tanış olduq. O, həyat yoldaşı və bacısı ilə birlikdə bir-birindən gözəl nümunələrdən hansını seçəcəkləri barədə fikir mübadiləsi aparırdı. Rəhimlə bu barədə söhbətləşərkən dedi ki, indiyədək bir neçə dəfə müxtəlif mebellər hazırlamaq üçün onların materiallarından sifariş verib. Çox keyfiyyətli olduğuna görə yeni sifariş üçün buraya üz tutub.
Məlumat üçün bildirək ki, hazırda bu müəssisə muxtar respublikamızda fəaliyyət göstərən 60-dan çox mebel sexini materialla təmin edir. Evlərimizin, iş yerlərimizin, digər obyektlərin interyerinə rəng qatan “Dekor Qrup” Məhdud Məsuliyyətli Cəmiyyətinin məhsullarının həm də Bakıda və Azərbaycanın rayonlarında alıcıları vardır. Ümidvarıq ki, burada istehsal olunan keyfiyyətli və çeşidli mebel materialları da bir gün xarici bazarlara çıxardığımız Naxçıvan məhsulları arasında olacaqdır.
Mətanət MƏMMƏDOVA