Dünən Naxçıvan Dövlət Universitetində muxtar respublikanın ali təhsil ocaqlarında təhsil alan tələbələrin iştirakı ilə “İdeyadan Biznesə” layihəsi çərçivəsində startap turu keçirilib.
Tədbirdə universitetin İqtisadiyyat fakültəsinin dekanı Əşrəf Ələkbərov çıxış edərək bildirib ki, muxtar respublikada fəaliyyət göstərən ali təhsil ocaqlarının maddi-texniki bazasının möhkəmləndirilməsi, tədris prosesində innovativ texnologiyalardan geniş istifadə uğurlara yol açıb.
Azərbaycan Respublikası nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müşaviri Tahir Məmmədov çıxışında innovasiyalar, informasiya-kommunikasiya texnologiyaları sahəsində ölkəmizdə aparılan dövlət siyasətindən, bu sahəyə cavabdeh qurum kimi nazirliyin həmin sektorun inkişafı istiqamətində həyata keçirdiyi layihələrdən danışıb.
Çıxışlardan sonra layihənin qaydaları və formatı barədə məlumat verilib. Təqdim olunan layihələrin münsiflər heyəti və komandalar arasında birgə müzakirəsi aparılıb, komanda üzvlərinə hədiyyələr verilib.
Tədbirin sonunda qalib gələn layihələrin adları açıqlanıb. “Nouhland” və “Compex” layihələri I, “Naxçıvan məhsullarının onlayn satışı” və “Nads” layihələri II və “Naxçıvan Book House” layihəsi III yerlərə layiq görülüblər.
Qeyd edək ki, layihə Heydər Əliyev Fondunun, Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin, həmin nazirliyin tabeliyində İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun və Yüksək Texnologiyalar Parkının, Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının, “Regional İnkişaf” İctimai Birliyinin, Azərbaycan Respublikasının Gənclər Fondunun, “Azercell” və “Microsoft” şirkətlərinin təşkilatçılığı ilə təşkil olunub.
Nail ƏSGƏROV