Son illər muxtar respublikamızda həyatın bütün sahələrində genişmiqyaslı quruculuq işləri görülür, insanların firavan yaşayışı, səmərəli iş fəaliyyəti təmin olunur. Tarixi keçmişimizə işıq salan binaların yenidən qurulması da mühüm əhəmiyyətli məsələ kimi diqqətdə saxlanılır. Cari ilin iyun ayının əvvəllərindən etibarən Naxçıvan şəhərinin Atatürk küçəsindəki 6 nömrəli binada da yenidənqurma işləri aparılır. Görülən işlərdə binanın tarixi görkəminin və memarlıq quruluşunun saxlanılmasına xüsusi diqqət yetirilir. Naxçıvan Şəhər Abadlıq və Təmir-Tikinti İdarəsinin inşaatçılarının çalışdığı obyektdə texniki təhlükəsizlik qaydalarına ciddi əməl olunur. İş icraçısı Qabil Yusifovdan aldığımız məlumata görə, hazırda binada söküntü işləri yekunlaşıb, daxildə arakəsmələr hörülür, fasad hissədə isə beton-bərkitmə işləri aparılır.
Qeyd edək ki, tikinti işləri başa çatdıqdan sonra binada Naxçıvan Muxtar Respublikasının Turizm Departamenti və Cəmşid Naxçıvanskinin ev-muzeyi yerləşəcək. Binanın ətrafında da abadlıq işləri aparılacaq, yeni park salınacaq. Parkda Naxçıvan Muxtar Respublikasının turizm marşrutlarının xəritəsini və tarixi abidələrinin görüntülərini əks etdirən stendlər qoyulacaq.
Doğma Naxçıvanımızda aparılan uğurlu siyasətin bəhrələri günü-gündən özünü daha qabarıq şəkildə büruzə verir. Görülən işlər isə birmənalı olaraq bu yurdun insanlarının rahatlığına, firavanlığına, parlaq gələcəyinə hesablanıb. Əminliklə demək olar ki, gələcək illərdə Oğuz yurdu nəinki Avropa məkanında, hətta dünya miqyasında özünəməxsusluğu ilə seçilən diyara çevriləcək.
Xəbərlər şöbəsi