Muxtar respublikada quruculuq tədbirlərinə start veriləndən qədim diyarımızın kənd yaşayış məntəqələri öz simasını əsaslı surətdə dəyişib. Belə tədbirlər ən böyük bölgələrimizdən biri olan Şərur rayonunu da əhatə edir. Qürurverici haldır ki, bu gün bölgənin əksər kəndləri müasirlik donundadır və belə ünvanlarda kompleks quruculuq işləri həyata keçirilib.
Kosacan kəndi rayonun iqtisadiyyatının gücləndirilməsində mühüm rolu olan yaşayış məntəqələrindən biridir. Burada kənd təsərrüfatının müxtəlif sahələri inkişaf etdirilir. Artıq bu yaşayış məntəqəsinə də kompleks quruculuq tədbirlərindən pay düşüb. Bir neçə aydır ki, kənddə məktəb, kənd və xidmət mərkəzləri üçün yeni binalar inşa edilir. Bu tədbirlər Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Şərur Rayon İdarəsinin inşaatçılarına həvalə olunub. Qısa müddət ərzində 222 şagird yerlik, 3 mərtəbədən ibarət olan məktəb binasında tikinti işləri başa çatdırılıb, çardaq hissə vurulub, pəncərələr salınıb, fasad suvanıb, rabitə və elektrik xətləri çəkilib. Hazırda binadaxili tikinti işləri aparılır.
Məktəb binasında müəllim və şagirdlərin ixtiyarına işıqlı və geniş sinif otaqları, elektron lövhəli, kompüter, şahmat sinifləri, hərbi kabinə, idman zalı, zəngin kitab fondu olan kitabxana, kimya, biologiya, fizika laboratoriyaları veriləcək.
İki mərtəbədən ibarət kənd mərkəzində yaşayış məntəqəsində fəaliyyət göstərən qurumlar üçün normal iş şəraiti yaradılacaq. Bu obyektdə də hörgü işləri tamamlanıb.
Bir mərtəbədən ibarət xidmət mərkəzində sakinlərə ticarət və müxtəlif sahələr üzrə xidmətlər göstəriləcək.
Kompleks quruculuq tədbirləri çərçivəsində kəndə gedən yolda yenidənqurma işləri aparılır.
Beləcə, muxtar respublikanın daha bir yaşayış məntəqəsi də müasirlik donuna qədəm qoymaqdadır. İnşaatçılar onlara tapşırılan işin keyfiyyətlə və vaxtında yerinə yetirilməsi üçün yaradılmış şəraitdən səmərəli istifadə etməyə səy göstərirlər.
Xəbərlər şöbəsi