23 Dekabr 2024, Bazar ertəsi

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2004-cü il 13 oktyabr tarixli Sərəncamına əsasən hər il oktyabrın 20-si ölkəmizdə “Energetiklər Günü” kimi qeyd edilir.
Azərbaycanda elektroenergetikanın inkişafına ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə ötən əsrin 70-ci illərindən başlanılmış, enerji sisteminin sürətli inkişafını təmin etmək məqsədilə mühüm tədbirlər görülmüşdür. Müstəqillik illərində də ölkəmizdə ulu öndərin rəhbərliyi ilə enerji təhlükəsizliyinin təmin olunması istiqamətində ardıcıl tədbirlər görülmüşdür.
Ulu öndərin siyasi kursunu layiqincə davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda enerji sektorunun inkişafı yeni mərhələyə qədəm qoymuşdur. Bu sahədə həyata keçirilən tədbirlər blokada şəraitində yaşayan Naxçıvan Muxtar Respublikasında da enerji təhlükəsizliyini təmin etmişdir. Xüsusilə son illər istifadəyə verilən yeni su elektrik stansiyaları tələbatın dayanıqlı şəkildə ödənilməsində və ixrac imkanlarının yaranmasında mühüm əhəmiyyətə malikdir. Belə ki, ölkə Prezidentinin iştirakı ilə Heydər Əliyev Su Anbarı üzərində gücü 4,5 meqavat olan yeni su elektrik stansiyası, ümumi gücü 87 meqavat olan Naxçıvan Modul Elektrik Stansiyası, Azərbaycanda ilk derivasiyatipli 22 meqavat güclü Biləv Su Elektrik Stansiyası, 20,5 meqavat güclü “Arpaçay-1” və 1,4 meqavat güclü “Arpaçay-2” Su Elektrik stansiyaları, 20 meqavat gücündə Günəş Elektrik Stansiyasının tikilib istifadəyə verilməsi və 2017-ci ildə stansiyanın gücünün daha 2 meqavat artırılması Naxçıvanın etibarlı enerji təminatına səbəb olmuşdur. Hazırda muxtar respublikadakı 8 elektrik stansiyasının ümumi gücü 239,4 meqavatdır.

2000-ci ildən başlayaraq muxtar respublikanın elektrik şəbəkələrinin dayanıqlığının yüksəldilməsi, əhalinin etibarlı və keyfiyyətli elektrik enerjisi təchizatı üçün yeni yüksəkgərginlikli transformator yarım­stansiyalarının tikilməsi, mövcud yarımstansiyaların yenidən qurulması işləri həyata keçirilir. Culfa rayonunda 50 meqavoltamper güclü 132/110/10 kilovoltluq “Culfa” yarımstansiyası, Babək rayonunda Araz Su Elektrik Stansiyasında 50 meqavoltamper güclü 132/110/10 kilovoltluq “Araz” yarımstansiyası, Şərur rayonu ərazisində 80 meqavoltamper güclü 154/110/35 kilovoltluq “Arpaçay” transformator yarımstansiyası tikilib istismara verilmişdir. Bundan əlavə, müxtəlif güclü yeni 110 kilovoltluq “Sədərək”, “Çeşməbasar”, “Xal-xal”, “Sement zavodu” transformator yarımstansiyaları tikilmiş, 110 kilovoltluq “Naxçıvan”, “Şərur”, “Ordubad”, “Koroğlu”, “Xalçaçılıq”, “Qıvraq” yarımstansiyaları ən müasir avadanlıqlar qoyularaq yeni ərazidə quraşdırılmış, beləliklə, xidmətin balansında olan 110 kilovolt və yuxarıgərginlikli transformator yarımstansiyalarının hamısının müasir şəkildə yenidən qurulması təmin edilmişdir. 35 kilovoltluq “Xətai”, “Sənaye qovşağı”, “Xanlıqlar”, “Kərimbəyli”, “Nehrəm”, “Şahbuz” yarımstansiyaları da müasir avadanlıqlarla təchiz olunmuşdur. Son illər ərzində Şərur, Ordubad, Kəngərli, Şahbuz və Naxçıvan şəhər elektrik şəbəkələri üçün yeni inzibati binalar tikilmişdir. Hazırda Babək Rayon Elektrik Şəbəkəsi üçün yeni inzibati idarə binası və 35/10 kilovoltluq transformator yarımstansiyasının tikintisi aparılır.

Bu gün muxtar respublikanın əlverişli iqlim şəraiti və coğrafi mövqeyi ekoloji cəhətdən təmiz, alternativ və bərpaolunan enerji mənbələrindən istifadəyə geniş imkanlar açmışdır. Enerji təhlükəsizliyinin təmin olunmasında, alternativ və bərpaolunan enerji mənbələrindən istifadə energetika sektorunda davamlı inkişafı təmin etmiş, alternativ və bərpaolunan enerji mənbələrindən istifadə sahəsində müasir infra­struktur yaradılmışdır. Hazırda muxtar respublikada günəş və su elektrik stansiyalarında istehsal olunan elektrik enerjisi ümumi istehsalın 70 faizindən çoxunu təşkil edir.
Muxtar respublikada yeni elektrik stansiyalarının tikintisi və layihələndirilməsi işləri davam etdirilir. 36 meqavatlıq derivasiyatipli Ordubad Su Elektrik Stansiyasında tikinti işləri davam etdirilir. Gücü 14 meqavat olan Tivi Su Elektrik Stansiyası və 3,5 meqavat olan Qazançı Su Elektrik Stansiyasının tikintisinin texniki-iqtisadi əsaslandırılması, Naxçıvan Günəş Elektrik Stansiyasının genişləndirilərək gücünün 30 meqavata qədər artırılması üçün layihə işləri hazırlanır. Culfa rayonunda gələcəkdə külək elektrik stansiyası tikintisinin texniki iqtisadi əsaslandırılması üçün də ölçü qurğuları quraşdırılmışdır.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Naxçıvanda enerji təhlükəsizliyinin təmin olunması sahəsində görülən işlər barədə demişdir: “Naxçıvan Muxtar Respublikasında elektrik enerjisi ilə bağlı məsələlər öz həllini tapıb... Son illərdə 8 elektrik stansiyası tikilib. Hazırda tikilməkdə olan 36 meqavat gücündə Ordubad Su Elektrik Stansiyası işə düşəndən sonra Naxçıvan Muxtar Respublikası öz enerji tələbatının 100 faizini bərpaolunan enerji hesabına təmin edəcək. Bu, dünya miqyasında bəlkə də yeganə belə bir hal olacaqdır. Şadam ki, o cümlədən günəş elektrik stansiyası tikilib, su elektrik stansiyaları tikilir və Naxçıvanın artan sənaye potensialını təmin edəcək güclü elektrik təsərrüfatı yaradılır”.
Elektroenergetika sahəsində ixtisaslı kadr hazırlığına da xüsusi diqqət yetirilir. Bu sahədə həyata keçirilən tədbirlərin nəticəsidir ki, muxtar respublikada elektrik stansiyalarının tikintisi və yenidən qurulması, elektrik təchizatı avadanlıqlarının quraşdırılması, bütövlükdə, yerli mütəxəssislər tərəfindən həyata keçirilir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2015-ci il 27 iyul tarixli “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi haqqında” Sərəncamı bu sahədə mühüm nailiyyətlərin əldə olunmasına şərait yaradır.
Muxtar respublikada bütün istehlakçıların istifadə etdiyi elektrik enerjisinin dəqiq qeydiyyatını aparmaq üçün rəqəmsal elektron sayğaclar qoyulmuş, istifadə olunmuş enerji haqqının sayğacların göstərişləri əsasında ödənilməsi təmin edilmişdir. Naxçıvan şəhərində və Babək qəsəbəsində mənzillərə ön ödənişli smartkarttipli sayğacların qoyulması işləri davam etdirilir. İndiyədək 22 min 277 belə sayğac quraşdırılmışdır. Həmçinin əməkdaşlar tərəfindən elektrik enerjisindən səmərəli istifadə edilməsi, israfçılığın, elektrik enerjisindən qanunsuz və sayğacdankənar istifadə edilməsinin qarşısının alınması məqsədilə mütəmadi reydlər keçirilir.
Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Xidmətinin kollektivi yaşayış məntəqələrinin, istehsal və xidmət sahələrinin dayanıqlı və fasiləsiz elektrik enerjisi ilə təchizatını daim diqqət mərkəzində saxlayır. Energetika xidməti işçiləri bundan sonra da muxtar respublika iqtisadiyyatının inkişafına öz töhfələrini verəcəklər.

Naxçıvan Muxtar Respublikası
Dövlət Energetika Xidmətinin mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR