23 Dekabr 2024, Bazar ertəsi

Yer üzündəki ən işgüzar canlılardan olan arılar Tanrının təbiətə bəxş etdiyi möcüzələrdən biridir. Bir arı ailəsində hər arının gündəlik özünəməxsus işi var. Gözətçi, kəşfiyyatçı, döyüşçü, ana, hətta hava haqqında məlumat verən arılar...

Bu ailədə ən mühüm rolu olanlardan biri ana arıdır ki, o, gün ərzində pətəklərə öz çəkisindən dəfələrlə çox sürfə qoyur və həmin sürfələrdən beçə arılar əmələ gəlir, – deyən Ordubad rayonunun Bist kənd sakini, 62 yaşlı arıçı Tahir Tahirov uzun illərdir ki, bu sahə ilə məşğuldur. Həmişə bağçamızda arı pətəkləri görmüşəm. Keyfiyyətli və bol məhsulun ərsəyə gəlməsi üçün atamla birlikdə yayı Göygöl yaylağında, qışı aranda bu pətəklərin qayğısını az çəkməmişik. Atam elə böyük həvəslə arılara nəzarət edər, onlara qulluq göstərərdi ki, sanki öz övladlarıymış kimi... Gördüyüm həmin mənzərə mənim lap kiçik yaşlarımdan bu peşəyə marağımı artırdı. Sıra ilə düzdüyü yeşikləri göstərən müsahibimiz deyir ki, bir zamanlar atamın evinin ruzi-bərəkət ağacı olan bu pətəklər ondan mənə qalan ən dəyərli mirasdır:
– Atam gözəl müəllim olmaqla yanaşı, həm də arıçılıq sahəsində əsl mütəxəssisdir. Bistdə arıçılıq qədim təsərrüfat sahələrindən biri olduğundan, demək olar ki, hər kəsin bağçasında, heç olmasa, qışa özü üçün 5-10 kiloqram bal tədarük etsin deyə, 3-5 arı pətəyi olardı. Bu gün isə kənd adamları bala yalnız qış azuqəsi deyil, həm də çörək ağacı kimi baxır, dolanışıqlarını bu yolla təmin edirlər. Yadımdadır, hələ mən uşaqkən arıçılıqda təcrübəsi az olanlar atamdan bu sahə ilə bağlı məsləhətlər alar, onu saxlamağın sirlərini öyrənərdilər. Belə söhbətlərin çox şahidi olmuşam. Həmin məsləhətlər məni bu peşədə atam qədər də olmasa, yaxşı arıçı olmağa sövq edib. İndi atamın 94 yaşı var. Şükür Allaha, səhhəti ilə bağlı heç bir şikayəti yoxdur. O, həmişə deyir ki, məni belə gümrah saxlayan hər səhər acqarına yediyim bir qaşıq baldır. Bu nemət min bir dərdin dərmanıdır. Biz tərəflərdə kiminsə bir yeri çapılsa, yaralansa, yansa tez üstünə bal qoyarlar. Sizi inandırım, bu məlhəm bir çox dərmandan təsirlidir.
Hələ bu harasıdır? Bal haqqında bilmədiyimiz nə qədər sirlər varmış... Baxın, Tahir Tahirov bal haqqında daha nələr danışdı? – Bu möcüzəvi canlıların ərsəyə gətirdiyi arı südü, çiçək tozu, mum, bərəmum məhsulları ilə yanaşı, əsas məhsul sayılan bal toplandığı çiçəklərin rənginə uyğun olaraq qonura çalan, şəffaf, ətirli, şirinliyi boğaz yandıran, süzüləndə tük qədər nazilsə də, qırılmayan, məişətdə hər kəsin ehtiyac duyduğu nemətdir. Əgər nəzərə alsaq ki, 1 kiloqram bal üçün arılar 20 milyona qədər çiçəyə qonub şirə toplayır, onda balın tərkibinin 4 min ildir, tam öyrənilib başa çatmadığının bir daha öz təsdiqini tapdığını görərik. Təsərrüfatçı deyir ki, arılar yalnız çiçəklərdən nektar çəkmir, yarpaqlardan, tumurcuqlardan, meyvə səthinin örtüyündən, faydalı olan növbənöv bitkilərin yerüstü hissələrindən, müxtəlif palçıqlardan, şirin, cod və mineral sulardan belə, pətəklərinə təbii maddələr daşıyırlar. Burada isə müxtəlif işçi qrup arılar ağzında su daşıyaraq bu maddələri həll edir, üsküklərdə balyığan arılara ötürürlər. Mürəkkəb tərkibli bu maddələr ana arının gündəlik qidalandırdığı üç minədək yeni sürfələrə, şan çəkilişinə, üskük hazırlığına, arı südünə, çiçək tozuna, muma, bərəmuma sərf edilir. Hazır olan balın üskükləri dolduqca, bir-bir “möhürlənir” və onun səthindəki təbəqəyə balın “qaymağı” deyilir. Balsüzmə əməliyyatında xüsusi alət olan ərsinlə həmin qaymaqlar sivrilib bir qaba yığılır ki, balsüzən maşından ağzı açılmış üsküklərdən balın hamısı süzülə bilsin. Balın qaymağı süzmə baldan qiymət baxımından daha baha olur. Çünki 100 kiloqram süzmə baldan vur-tut 1-2 kiloqram bal qaymağı çıxır. Bir çox xəstəliyin müalicəsində balın qaymağı qədər dünyada ikinci bir dərman yoxdur. Çünki arı min bir zəhmətlə hasilə gətirdiyi balı üsküklərə yığandan sonra ona vurduğu möhürə heç bir virus, infeksiya yol tapa bilməz.
Qocaman arıçının balın tarixi ilə bağlı verdiyi məlumat da maraqlıdır: Müqəddəs kitabımız olan “Qurani-Kərim”in “Ən-Nəhl” surəsinin 68-69-cu ayələrində deyilir: “Rəbbin bal arısına vəhy etdi: Dağlarda, ağaclarda və (insanların) qurduqları çardaqlarda (evlərin damında, üzümlüklərdə) özünə evlər tik (pətəklər sal); Sonra bütün meyvələrdən ye və Rəbbinin sənə göstərdiyi yolla rahat (asanlıqla) get! (Və ya Rəbbinin yollarını itaətlə tut!) (O arıların) qarınlarından insanlar üçün şəfa olan müxtəlif rəngli (ağ, sarı, qırmızı) bal çıxar...” İlahi tərəfindən insanlar üçün şəfa mənbəyi olaraq yaradılmış balda, həqiqətən də, elə müalicəvi güc var ki, bunun insan sağlamlığına müsbət təsirləri dəfələrlə sübuta yetirilib. Bu nemət təkcə şirin dadı olan adi maye və ya vaxtaşırı ağzımızı şirin etmək üçün bir-iki qaşıq daddığımız bir qida deyil. Arıçının dediyi kimi, o həm də bir çox müxtəlif xəstəliklərin müalicə açarıdır. Aparılan çoxsaylı təcrübələr bir daha sübut edir ki, balın sağalmaz yaraların, ümumi xəstəliklərin müalicəsindəki rolu danılmazdır. Bal xərçəng, ürək çatışmazlıqları, xolesterin, soyuqdəymə, dəri infeksiyaları kimi xəstəlikləri müalicə edən təbii dərmandır. Şirin olmasına baxmayaraq, miqdarını düzgün tənzimlədikdə şəkərli diabet xəstələri üçün də xeyirlidir. Alimlərin araşdırmalarına görə, bal infarktın qarşısını alır, ondan mütəmadi olaraq istifadə etdikdə ürək döyüntüləri normallaşır.
Tahir Tahirov deyir ki, əvvəllər arıçılıqda istifadə edilən dərmanları qonşu ölkələrdən çətinliklə əldə edərdik, lakin bu gün muxtar respublikamızda biz arıçılar üçün yaradılan şərait keyfiyyətli məhsul istehsalı ilə yanaşı, arı ailələrinin sayının artmasına da səbəb olub.
Arıçı onu da vurğulayır ki, son dövrlərdə Naxçıvan şəhərindəki “Naxçıvanqala” Tarix-Memarlıq ­Muzey Kompleksində təşkil olunan “Arıçılıq məhsulları – bal” festivalında da iştirak edirəm. Yaradılan şərait mənim kimi bir çox arıçıya bazara rahat çıxış imkanı qazandırıb.
Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 18 noyabr tarixli Sərəncamı ilə təsdiq olunmuş “2017-2022-ci illərdə Naxçıvan Muxtar Respublikasında arıçılığın inkişafı üzrə Dövlət Proqramı” Tahir Tahirovun timsalında bu sahə ilə məşğul olan sahibkarlara göstərilən dövlət qayğısının bariz nümunəsidir. Pro­qramdan irəli gələn vəzifələrin vaxtında yerinə yetirilməsi istiqamətində məqsədyönlü tədbirlərin həyata keçirilməsini isə muxtar respublikada ərzaq təhlükəsizliyinin təmin olunmasına töhfə kimi dəyərləndirmək olar.
Arıçılıq təsərrüfatlarında elmi nailiyyətlərin və qabaqcıl təcrübənin tətbiqi üçün sahibkarlar arasında maarifləndirmə işlərinin aparılması, bal və digər arıçılıq məhsullarının emalı və qablaşdırılması müəssisələrinin yaradılması, şan vərəqi ­hazırlayan və arıçılıq avadanlıqları istehsal edən yeni müəssisələrin fəaliyyətə başlamasının dəstəklənməsi, tələbatdan artıq istehsal edilən arıçılıq məhsullarının ixracının stimullaşdırılması, arı xəstəliklərinin qarşısının alınması üçün zoobaytar tədbirlərin genişləndirilməsi, heyvandarlıq-arıçılıq sahələri üzrə əczaxanaların yaradılması arıçılığın inkişafına nail olunmasında başlıca vəzifələrdir.

 Gülcamal TAHİROVA

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR