23 Dekabr 2024, Bazar ertəsi

Ötən günlərdə Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsi tərəfindən 2018-ci ilin yanvar-avqust aylarında muxtar respublikanın sosial-­iqtisadi inkişafının nəticələrini özündə əks etdirən növbəti statistikası açıqlandı. Statistikaya görə, əvvəlki dövrlərdə olduğu kimi, cari ilin ilk səkkiz ayında da ümumi daxili məhsul istehsalında ilk yeri sənaye sahəsi tutur.
Belə ki, bu istehsalda sənayenin payı 726 milyon 450 min manat dəyərində olub. Kənd təsərrüfatı məhsullarının payı isə bu dövrdə 293 milyon 730 min 900 manat təşkil edib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə, əgər sənaye istehsalının həcmi 1,5 faiz çox olubsa, kənd təsərrüfatı məhsullarında bu artım daha çoxdur. Statistikaya görə, 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə aqrar məhsulların həcmi 3,8 faiz artıb.
Açıqlanan rəqəmlər Naxçıvan Muxtar Respublikasında kənd təsərrüfatının bir il ərzində ayrılıqda götürülmüş aylar üzrə dinamik inkişafını göstərir. Bu inkişafı şərtləndirən bir çox amillər var. Hər şeydən əvvəl, muxtar respublika tarixən aqrar sektora uyğunluğu ilə seçilir. Digər tərəfdən, sənaye məhsullarının istehsalında yeni infrastrukturun yaradılması və ya mövcud olanların genişləndirilməsi, eyni zamanda yeni texnoloji vasitələrdən istifadə başlanğıc üçün şərtdirsə, kənd təsərrüfatı sahəsində bunu nisbətən ardıcıl tətbiq etmək olar. Ancaq bu heç də o demək deyil ki, aqrar sektorda müasir texnoloji imkanlardan istifadə etmədən məhsul istehsalı həcmini artırmaq mümkündür. Burada əsas məsələ dövlətin kənd təsərrüfatı sahəsinə olan diqqəti, bu sahənin inkişafı üçün apardığı təşviqat tədbirləridir. İndiyədək muxtar respublikamızda kənd təsərrüfatının inkişaf etdirilməsi sahəsində görülən işlər onu sübut edir ki, aqrar sektor dövlətimizin prioritet qəbul etdiyi strateji istiqamətlərdəndir. Bu sahənin inkişafı üçün müxtəlif dövlət proqramlarının qəbul edilməsi, sahibkarlar, xüsusilə torpaq mülkiyyətçiləri ilə keçirilən görüşlər, dövlət tərəfindən bu sahə ilə məşğul olanlara hərtərəfli yardımların göstərilməsi aqrar bölmənin inkişaf perspektivlərini müəyyənləşdirməyə imkan vermişdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri də indiyədək keçirilən müşavirələrdə kənd təsərrüfatı sahəsində qarşıya qoyulan vəzifələrin icrasının vacibliyini dəfələrlə vurğulamış, bu sahənin gələcək inkişafı daha çox müzakirə predmetinə çevrilmişdir.

Muxtar respublikanın təbii şəraiti kənd təsərrüfatı məhsullarının yetişdirilməsi üçün əlverişli olsa da, ölkənin digər bölgələri ilə müqayisədə su ehtiyatlarının azlığı vaxtilə bu sahənin inkişafına öz mənfi təsirini göstərib. Ötən illər ərzində problemin həlli üçün dövlət tərəfindən mühüm layihələr həyata keçirilib. Mövcud su anbarlarının əsaslı şəkildə yenidən qurulması, yeni sututarların yaradılması, əkin sahələrini suvarmaq üçün yeni su kanallarının çəkilməsi əkinçilikdə böyük nəticələrin əldə olunmasına şərait yaradıb. Digər tərəfdən, torpaq mülkiyyətçilərinin lazımi kənd təsərrüfatı texnikaları və avadanlıqları ilə təminatı da diqqət mərkəzində saxlanılıb. Cari il avqust ayının 1-nə olan məlumata görə, 2006-cı ildən indiyədək muxtar respublikamıza 2299 kənd təsərrüfatı texnikası və avadanlığı gətirilib. “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti tərəfindən həmin texnika və avadanlıqlar güzəştli şərtlərlə sahibkarlara satılıb və ya lizinqə verilib. Bundan əlavə, tədarük edilən məhsulları birbaşa istehlakçılara satmaq üçün təşkil olunan kənd təsərrüfatı məhsulları yarmarkaları torpaq mülkiyyətçilərinin bu sahəyə marağını daha da artırmışdır.
Görülən bütün bu işlərin nəticəsidir ki, muxtar respublikada kənd təsərrüfatının inkişafı ildən-ilə daha da sürətlənir. Cari ilin yanvar-avqust aylarında muxtar respublikada diri çəkidə ət istehsalının 13 min 969 tona, süd istehsalının isə 67 min 148 tona çatması bu sahəyə göstərilən hərtərəfli qayğının ifadəsidir. Ötən ilin müvafiq dövrü ilə müqayisə etsək, ət istehsalında 5,9 faiz, süd istehsalında isə 1,7 faiz artım qeydə alınıb.
Bunu da vurğulamaq lazımdır ki, muxtar respublikada ümumi daxili məhsulun tərkibində ilk yeri sənaye sahəsi tutsa da, sənaye istehsalında kənd təsərrüfatı məhsullarının emalının mühüm paya malik olması şübhəsizdir. Çünki bu gün istehsal olunan ərzaq məhsullarının hamısı yerli kənd təsərrüfatı məhsullarına və yaxud onun xammalına əsaslanır.
Aqrar sahənin inkişafında mühüm amillərdən biri də təsərrüfat subyektlərinin kredit resurslarına çıxışıdır. Həmin subyektlərin bu resurslara çıxış imkanlarının davamlı olaraq yaxşılaşdırılması ümumi kredit verilişlərinə öz təsirini göstərib. 2018-ci ilin yanvar-avqust aylarında muxtar respublikanın bank və kredit təşkilatları tərəfindən hüquqi və fiziki şəxslərə 35 milyon 419 min 700 manat məbləğində kreditlərin verilməsi və bunun da 90 faizinə qədərini uzunmüddətli kreditlərin təşkil etməsi mülkiyyətçilər üçün əlverişli imkanlar yaradır.
Ümumilikdə isə belə nəticəyə gəlmək mümkündür ki, muxtar respublikamızda kənd təsərrüfatının inkişafı üçün atılan addımlar bu sahənin davamlı inkişafını təmin etməklə yanaşı, həm də onun yerli iqtisadiyyatda payını artırıb.

 Səbuhi HƏSƏNOV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR