Hərtərəfli inkişafın əsas göstəricilərindən biri güclü iqtisadiyyata sahib olmaqdır. Bu mənada, ölkəmizin ümumi inkişaf mənzərəsində mühüm yer tutan Naxçıvan Muxtar Respublikasında bütün sahələrdə əldə olunan uğurlar öz davamlılığı ilə seçilir. Muxtar respublika iqtisadiyyatı, onun insan rifahına xidmət edən stabil artım dinamikası davam etdirilməkdə və güclü iradə hesabına sürətlənməkdədir.
Əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən müəyyən olunmuş iqtisadi inkişaf strategiyası müasir uğurlarımızın əsasını təşkil edir. Ölkəmizdə regionların inkişafının diqqət mərkəzində saxlanılması istiqamətində qəbul edilmiş mühüm dövlət qərarlarının icrası Naxçıvan Muxtar Respublikasının da hərtərəfli inkişaf etməsinə zəmin yaradıb. Qədim diyarın zəngin yeraltı, yerüstü təbii sərvətlərinin, əmək ehtiyatları və turizm potensialının fəal olaraq iqtisadi dövriyyəyə cəlb olunması bir zamanlar burada möcüzəvi görünən iqtisadi layihələri artıq reallığa çevirib. Naxçıvanda həyata keçirilən iqtisadi layihələr, irimiqyaslı infrastruktur quruculuğu tədbirləri bu diyarın investisiya cazibədarlığını da artırıb. Nəticədə, Naxçıvan bir çox göstəricilər üzrə investisiya cazibədarlığı reytinqində ölkəmizin regionları arasında lider mövqeyinə çatıb.
İqtisadi inkişaf insan amilindən asılı olduğu kimi, onun nəticələri də insan kapitalının formalaşmasına xidmət edir. Bu strateji xəttə dönmədən əməl edilməsi muxtar respublikamızın sosial-iqtisadi həyatının bütün sahələrində öz bəhrəsini verməkdədir. Bu mənada, sosial infrastruktur sahələrinin inkişaf etdirilməsi muxtar respublikada iqtisadiyyatın dinamik inkişafının və investisiya cazibədarlığının mühüm göstəricilərindən biridir. Belə layihələr kimi təhsil, səhiyyə obyektlərinin tikilişini, turizm və rekreasiya komplekslərinin yaradılması ilə yanaşı, alternativ enerji, rabitə və yüksək texnologiyalar sahəsində görülmüş işləri, müasir standartlara cavab verən yolların çəkilişini misal göstərmək olar. Bu da öz nəticəsini real sektora qoyulan sərmayədə göstərir.
Çoxlarına təəccüblü görünsə də, indi Naxçıvan minik avtomobillərinin istehsal olunduğu, demək olar ki, bütün ərazisində 4G mobil rabitə şəbəkəsinin xidmətlərindən istifadə edildiyi, yaxın regionda ən güclü Günəş Elektrik Stansiyasının işə salındığı, ildə 450 minə yaxın turistin səfər etdiyi bir məkana çevrilib.
Naxçıvanda əhalinin həyat səviyyəsinin yüksəlməsi və eyni zamanda su ehtiyatlarının qeyri-bərabər paylanması bu diyarda içməli su təminatını da həmişə ön plana çəkən səbəblərdəndir. Bu baxımdan Azərbaycan Respublikası Hökuməti və Asiya İnkişaf Bankı arasında bağlanmış kredit sazişinə əsasən “Su Təchizatı və Kanalizasiya İnvestisiya Proqramı” layihəsinin həyata keçirilməsi nəticəsində muxtar respublikada 135 min sakinin fasiləsiz olaraq Beynəlxalq Səhiyyə Təşkilatının tələblərinə cavab verən içməli su ilə təmin edilməsi də əhalinin həyat səviyyəsini kökündən dəyişdirən amillərdəndir. Bu göstəricilər baxımından şəhərlə kəndin bir-birinə yaxınlaşması, əhali gəlirlərinin artırılması, məşğulluq və məskunlaşma məsələləri dövlətin daimi qayğısına çevrilib.
Muxtar respublikada mövcud olan bütün iqtisadi resurslardan səmərəli istifadə sahəsində geniş təcrübə formalaşıb. Bu təcrübənin müxtəlif sahələr üzrə uğurla tətbiq olunması iqtisadiyyatın şaxələndirilməsi kimi günün tələblərinin yerinə yetirilməsinə imkan yaradır. Bu baxımdan muxtar respublikada kəndliyə hər cür köməklik göstərilməsi, əl əməyinin yüngülləşdirilməsinə imkan verən ən müasir texnikaların gətirilməsi, emal müəssisələri, anbar və istixana şəbəkəsinin genişləndirilməsi bu sahədə yüksək nəticələr əldə etməyə imkan verib. Nəticədə, regionda taxıl, ət, süd, kartof, meyvə-tərəvəz məhsullarının, habelə yüksəkkeyfiyyətli Naxçıvan balının istehsalında yüksək nəticələr əldə olunmaqdadır.
Yaşadığımız torpağın tərəqqisi üçün yorulmadan çalışan fədakar insanlar gələcəkdə də bu yolu davam etdirərək, Naxçıvan iqtisadiyyatının dinamik inkişafını təmin edəcəklər.
Əli CABBAROV