Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyində 2017-ci ilin yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş kollegiya iclası keçirilib.
İclası Naxçıvan Muxtar Respublikasının ədliyyə naziri, II dərəcəli dövlət ədliyyə müşaviri Suliddin Əliyev açaraq məruzə ilə çıxış edib. Bildirilib ki, müasir cəmiyyətdə elektron vasitələrdən istifadə günbəgün genişlənir. İnsanlar internet resurslarından istifadə yolu ilə geniş məlumat əldə edirlər. Bunun nəticəsidir ki, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin apardığı Hüquqi Aktların Dövlət Reyestrindən istifadə edənlərin sayı artır. Ötən il reyestrə 154 hüquqi akt daxil edilib. Daxil edilən hüquqi aktların 78-i normativ-hüquqi, 75-i qeyri-normativ-hüquqi, 1-i isə normativ xarakterli aktlardır.
Qeyd olunub ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2015-ci il 27 iyul tarixli “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi haqqında” Sərəncamından irəli gələn vəzifələrə uyğun olaraq 2017-ci ilin may və noyabr aylarında Naxçıvan Dövlət Universiteti Dövlət və bələdiyyə idarəetməsi ixtisasının tələbələri nazirliyin aparatında, Penitensiar Xidmətdə, Məhkəmə Ekspertizası Mərkəzində, Naxçıvan bələdiyyəsində olublar.