2017-ci ilin yekunları və qarşıda duran vəzifələrlə bağlı “Naxçıvan Dəmir Yolları” Məhdud Məsuliyyətli Cəmiyyətində keçirilən yığıncağı cəmiyyətin direktoru Mahir Əliyev açaraq məruzə ilə çıxış edib.
Bildirilib ki, “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrası ilə əlaqədar “Naxçıvan Dəmir Yolları” MMC üzrə 2017-ci ildə dəmir yolunun ayrı-ayrı sahələrində təmir işləri aparılıb, qatarların hərəkətinin təhlükəsizliyi təmin edilib və bir sıra tədbirlər həyata keçirilib.
Ötən il cəmiyyətin Yük və Sərnişin Daşımaları İdarəsi tərəfindən muxtar respublika ərazisindəki ayrı-ayrı tikinti təşkilatlarının ünvanına 71 min 70 ton müxtəlif təyinatlı yüklər daşınıb. Türkmənistan Respublikasından muxtar respublikaya 69 vaqon, 4400,6 ton gübrə gətirilib. Naxçıvan-Məşhəd-Naxçıvan beynəlxalq sərnişin qatarı vasitəsilə 1936 nəfər sərnişinin gediş-gəlişi təmin olunub.
Qeyd edilib ki, qatarların hərəkətinin təhlükəsizliyinin təmin edilməsi və hərəkət sürətinin yüksəldilməsi məqsədilə mədaxil olunmuş təzə ağac şpallardan 1052 ədədi dəyişdirilib. Yol təsərrüfatında sağlamlaşdırma işlərinin aparılması məqsədilə 89 yararsız ağac şpal dəmir-beton şpalla əvəz olunub. Daşımaların səmərəli təşkili məqsədilə Ordubad stansiyasının 2-ci və Şərur stansiyasının 3-cü qəbul-göndərmə, eləcə də yükləmə-boşaltma yollarında aparılan əsaslı təmir işləri başa çatdırılıb. Naxçıvan Yanacaq Anbarına məxsus dalan yolda və Naxçıvan stansiyasının 11-ci yolunda aparılan təmir işləri də yekunlaşıb.
Vurğulanıb ki, ötən il ərzində Ordubad dəmiryol sərnişin vağzalı və yol sahəsinin inzibati binalarında, yolun 369-cu kilometrində yerləşən 4 saylı yol məntəqəsində, idarəetmə mərkəzində, yol sahəsinin yardımçı binalarında, yük anbarlarında, sərnişin və yük platformalarında, eləcə də onları əhatə edən ərazidə aparılan kompleks tikinti, yenidənqurma və əsaslı təmir işləri yüksək səviyyədə həyata keçirilib. Həmçinin muxtar respublikamızda dəmir yolu infrastrukturunun texniki bazasının gücləndirilməsi istiqamətində görülən işlərin davamı olaraq Culfa stansiyasında müasir tələblərə cavab verən yeni İstismar Vaqon Deposunun tikintisi aparılır.
Diqqətə çatdırılıb ki, 2017-ci ildə cəmiyyət üzrə iqtisadi göstəricilərin yerinə yetirilməsi qənaətbəxş olub. Belə ki, yerlərdə qeyri-standart qaz və elektrik qızdırıcılarından istifadənin qarşısı tamamilə alınıb. Bütün növ yanacaqlardan norma daxilində yararlanmaqla, zəruri olmayan qızdırıcı və işıqlandırıcıların istifadəsinə son qoyulub. Bu işlər cari ildə də davam etdiriləcəkdir.
Sonra məruzə ətrafında çıxışlar olub.
* * *
Naxçıvan Neft və Qaz Məhsulları Təminatı Müəssisəsində bu münasibətlə keçirilən yığıncağı müəssisənin direktoru Behruz Əzimov açaraq məruzə ilə çıxış edib.
Qeyd olunub ki, 2017-ci ildə muxtar respublika əhalisinin, təşkilat və müəssisələrin neft və maye qaz məhsullarına olan tələbatını ödəmək məqsədilə müəssisəyə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Bakı Neft Bazası ilə bağlanmış müqaviləyə əsasən 32 min 554,5 ton A-92 benzini, 107 min 821,7 ton dizel yanacağı, 9 min 125,3 ton bitum, 10 min 999,7 ton mazut, 269,2 ton müxtəlif növ yağlar, 1975 ton maye qaz gətirilib.
Alınan yanacaq muxtar respublikaya Bakı-İran İslam Respublikası və Bakı-Gürcüstan-Türkiyə marşrutları ilə daşınıb. Belə ki, Gürcüstan-Türkiyə yolu ilə 22 min 809,5 ton, İran İslam Respublikasından keçməklə 139 min 584,9 ton, ümumilikdə isə muxtar respublikaya hər iki marşrutla 162 min 394,4 ton neft məhsulları gətirilib.
Bildirilib ki, müəssisə 2017-ci ildə ümumi dövriyyəsi 103 milyon 209 min manat olan 160 min 766 ton müxtəlif neft məhsulları satıb. 2017-ci ildə müəssisə satışdan 900,6 min manat mənfəət əldə edib.
Vurğulanıb ki, Naxçıvan Muxtar Respublikasının istilik sistemi olmayan təhsil, səhiyyə və mədəniyyət müəssisələrinə 2017-2018-ci illərin payız-qış mövsümü üçün tələb olunan 226 992 litr dizel yanacağı yerlərdə təhvil verilib.
Qeyd olunub ki, nasosların, elektrik avadanlıqlarının saz vəziyyətdə olmasına daim nəzarət edilib və bu istiqamətdə lazımi tədbirlər görülüb, yanacaq ehtiyatı yaradılıb. 10 yanvar 2018-ci il tarixə müəssisənin anbarlarında 1553 ton A-92 benzini, 2303 ton dizel yanacağı, 965,2 ton mazut, 28,7 ton maye qaz ehtiyatı vardır.
Müəssisənin rəhbəri 2018-ci ildə qarşıda duran vəzifələrdən, bu vəzifələrin yerinə yetirilməsinin vacibliyindən də danışıb.
Məruzə ətrafında müzakirədə müəssisənin neft məhsulları üzrə anbar müdiri Kazım Rzayev çıxış edib.
Xəbərlər şöbəsi