25 Dekabr 2024, Çərşənbə

Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyində keçirilən kollegiya iclasında “2017-ci ildə Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin cinayətkarlığa qarşı mübarizə və ictimai təhlükəsizliyin təmin edilməsi üzrə fəaliyyətinin nəticələri və beşinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin yeddinci sessiyasında qarşıya qoyulan vəzifələr” mövzusunda daxili işlər naziri, general-mayor Fazil Ələkbərov məruzə edib. Bildirilib ki, ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi, ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən həyata keçirilən uğurlu siyasət nəticəsində ölkəmizdə, onun ayrılmaz tərkib hissəsi olan muxtar respublikamızda sabitlik tam təmin olunub, ictimai-siyasi asayiş və təhlükəsizlik nəzarətdə saxlanılıb.
Vurğulanıb ki, hesabat dövründə muxtar respublikada 24 cinayət faktı qeydə alınıb. Bu da 2016-cı illə müqayisədə 5 fakt azalmaqla 17,3 faiz olub, cinayətlərin açılması isə 100 faiz təşkil edib. Regionda təqsirləndirilən şəxslərin axtarışı istiqamətində aparılmış əməliyyat-axtarış tədbirləri nəticəsində istintaq və məhkəmədən yayınan səkkiz nəfərdən altısının yeri müəyyənləşdirilərək tutulub, axtarış işinin göstəriciləri 75 faiz təşkil edib. Haliyədə 2 nəfər təqsirləndirilən, 1 nəfər isə xəbərsiz itkin düşmüş şəxs kimi axtarılır.

Qeyd olunub ki, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi sahəsində hadisələrin qarşısının alınması məqsədilə texniki sistemlərin tətbiqinə geniş yer verilərək davamlı şəkildə profilaktik tədbirlər həyata keçirilib. Müvafiq dövrdə 13 yol-nəqliyyat hadisəsi baş verib, qəzalar nəticəsində 12 nəfər ölüb, 7 nəfər isə yaralanıb. 2016-cı illə müqayisədə qəzaların sayı 7 fakt, ölənlərin sayı isə 8 nəfər azalıb.
Elektrik enerjisindən və təbii qazdan qanunsuz istifadənin qarşısının alınması, həmçinin təbiəti mühafizə istiqamətində də tədbirlər davam etdirilib. Həyata keçirilən tədbirlər nəticəsində 229 fakt aşkar­lanıb və həmin faktlar üzrə 16 min 300 manat məbləğində cərimə tətbiq olunub.
Diqqətə çatdırılıb ki, vətəndaşların şəxsiyyəti təsdiq edən sənədlərlə təmin edilməsi üzrə fəaliyyət də qənaətbəxş olub. Pasport-qeydiyyat və miqrasiya şöbəsi tərəfindən 22 min 425 nəfərə ümumvətəndaş pasportu, 33 min 908 nəfər vətəndaşa, o cümlədən cəzaçəkmə müəssisələrindən azadlığa buraxılan 35 nəfərə şəxsiyyət vəsiqəsi verilib. Vətəndaş məmnunluğunun təmin edilməsi çərçivəsində bu iş əməkdaşlar tərəfindən, eyni zamanda “Səyyari xidmət” vasitəsilə də davam etdirilərək 3955 nəfərə şəxsiyyət, 1418 nəfərə sürücülük vəsiqəsi verilib və digər xidmətlər göstərilib. Hesabat dövründə 5400 nəfərdən artıq vətəndaş bu xidmətdən yararlanıb.
Yeni informasiya texnologiyasının tətbiqi sahəsində bir sıra işlər görülərək yerli polis orqanlarının Elektron Sənəd Dövriyyəsinə qoşulması başa çatdırılıb.
Məruzə ətrafında müzakirələrdə nazirliyin katibliyinin rəisi, polis polkovniki Yusif Həsənov, Culfa, Babək, Şərur rayonları polis şöbələrinin rəisləri, polis mayoru Nəriman İbrahimov, polis polkovnik-leytenantı Teymur Quliyev, polis mayoru Şahmar Abdullayev, nazirliyin İctimai Təhlükəsizlik İdarəsinin rəisi səlahiyyətlərini müvəqqəti icra edən polis kapitanı Elvin Səfərli, kadrlar şöbəsinin rəisi, polis polkovnik-leytenantı Rəşad Seyidov çıxış ediblər.
Kollegiyada nazirliyin 2018-ci il üçün Əsas Təşkilat Tədbirlər Planının təsdiq edilməsi barədə məlumat verilib.

*  *  *

Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatında keçirilən yığıncaqda Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Ülkər Bayramovanın 2017-ci ildə görülən işlər barədə geniş məruzəsi dinlənilib.
Bildirilib ki, 2017-ci ildə Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) təsisatı fəaliyyətini, əsasən, insan hüquqlarının müdafiəsi və pozulmasının qarşısının alınması, daxil olan müraciətlərin araşdırılması, müvafiq tədbirlərin görülməsi, elmi-analitik fəaliyyətin, əhalinin müxtəlif sosial qruplarına ünvanlanan və insan hüquqlarının müxtəlif istiqamətlərini əks etdirən hüquqi maarifləndirici tədbirlərin həyata keçirilməsi dövlət və yerli özünüidarəetmə orqanları ilə əməkdaşlığın daha da inkişaf etdirilməsi istiqamətində davam etdirib.
Vurğulanıb ki, 2017-ci ildə əhalinin müxtəlif sosial qruplarının hüquqlarının müdafiəsi və bu sahədə hüquqi maarifləndirmə diqqət mərkəzində saxlanılıb, bu səpkidə 71 tədbir keçirilib, ümumilikdə isə bu tədbirlərdə 1870 nəfər iştirak edib.
Diqqətə çatdırılıb ki, Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 27 dekabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Pro­qramı”nda nəzərdə tutulmuş tədbirlərin muxtar respublikada təbliği və öyrənilməsi məqsədilə müvafiq tədbirlər keçirilib.
Eyni zamanda ötən ildə Müvəkkilin preventiv mexanizm yurisdiksiyasının şamil olunduğu orqanlar üzrə, ümumilikdə, 31 müəssisədə mütəmadi olaraq və əvvəlcədən xəbərdarlıq edilmədən 107 başçəkmə həyata keçirilib.
Məruzəçi qeyd edib ki, ötən ildə də informasiya və ictimaiyyətlə əlaqələrin təşkili istiqamətində işlər davam etdirilib. Belə ki, Müvəkkilin rəsmi internet səhifəsində informasiyaların mütəmadi olaraq yenilənməsi, elektron kitabxana bazasının daha da zənginləşdirilməsi, muxtar respublikada insan hüquqları ilə bağlı həyata keçirilən tədbirlərin, o cümlədən Müvəkkil və təsisatın fəaliyyətinin işıqlandırılması, elektron müraciət səhifəsinin fəaliyyəti daim diqqət mərkəzində saxlanılıb.
Sonra Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) 2018-ci il üçün iş planı təsdiq edilib.

*  *  *

Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsində keçirilən kollegiya iclasını giriş sözü ilə açan komitə sədri, gömrük xidməti general-leytenantı Asəf Məmmədov qeyd edib ki, büdcənin formalaşdırılması istiqamətində 2017-ci il üçün müəyyən olunmuş 7 milyon 500 min manatlıq proqnoz-tapşırığa 101,07 faiz əməl olunub. Gömrük orqanları tərəfindən hesabat dövrü ərzində büdcəyə köçürülmüş vergi və rüsumlar Naxçıvan Muxtar Respublikasının büdcə gəlirlərinin 8,37 faizini təşkil edib.
Muxtar respublikamızın dünya iqtisadiyyatına inteqrasiyasının mühüm göstəricisi olan xarici ticarət dövriyyəsinin vəziyyətini təhlil edən komitə sədri xarici ticarət əlaqələrinin genişləndiyini, ixrac potensialının gücləndiyini önə çəkib. Qeyd olunub ki, hesabat dövründə 63 ölkə ilə ticarət əməliyyatları aparılıb, ixracın həcmi 1 faiz artıb.
2017-ci ildə gömrük orqanları tərəfindən qaçaqmalçılığa qarşı mübarizə istiqamətində də səylər artırılıb, əməliyyat-axtarış fəaliyyəti genişləndirilib. Hüquqpozma hallarının qarşısının alınması istiqamətində il ərzində aşkarlanmış dörd cinayət faktının üçü narkotik qaçaqmalçılığı ilə bağlı olub. Şahtaxtı gömrük sərhəd-buraxılış məntəqəsində X-Ray tipli rentgen-nəzarət qurğusunun təsvirləri əsasında muxtar respublikadan tranzit hərəkət edən Türkiyə Respublikasına məxsus nəqliyyatda külli miqdarda narkotik vasitə – heroin qaçaqmalçılığı faktının aşkarlanması Naxçıvan gömrüyünün bu sahədə ən böyük nailiyyəti olub.
Diqqətə çatdırılıb ki, ötən il gömrük orqanları tərəfindən psixotrop tərkibli dərmanların dövriyyəsinə tam nəzarət olunması üçün xüsusi proqram təminatı hazırlanıb. Muxtar respublika ərazisinə gətirilməsinə dair müvafiq icazə sənədi olmadığından vətəndaşlardan 76 min tabletkadan çox müxtəlif adda dərman vasitələri saxlanılıb ki, onların da 50 mindən çoxu psixotrop tərkibli olub.
İl ərzində gömrük qaydalarının pozulmasına görə inzibati qaydada 778 icraat aparılıb və 50 min 502 manat cərimə ödənişi təmin olunub.
Komitə sədrinin müavini, gömrük xidməti general-mayoru Səhət Həbibbəyli daxili bazarın qorunması istiqamətində görülmüş işlər və gömrük sistemində informasiya-kommunikasiya texnologiyalarının tətbiqi mövzusunda çıxış edib.
Kollegiya iclasında gömrük orqanlarında həyata keçirilən audit yoxlamalarının nəticələri müzakirə olunub və Naxçıvan Gömrük Ekspertizası İdarəsinin illik fəaliyyətinə dair hesabat dinlənilib.

*  *  *

Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətində keçirilən müşavirədə xidmətin rəisi, baş miqrasiya xidməti müşaviri Şahin Nəbiyev məruzə edərək bildirib ki, 2017-ci il ərzində Dövlət Miqrasiya Xidməti tərəfindən qanunsuz əmək miqrasiyasının qarşısının alınması və iş icazələrinin qüvvədəolma qaydalarına nəzarət etmək məqsədilə müvafiq tədbirlər görülüb. Görülən işlərin nəticəsi olaraq ötən il ərzində muxtar respublika ərazisində qanunsuz və qeydiyyatsız yaşayan, habelə qanunsuz əmək fəaliyyəti ilə məşğul olan 346 əcnəbi aşkarlanıb. Onlar haqqında qanunamüvafiq tədbirlər görülüb.
Bildirilib ki, hesabat dövründə əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə ölkə ərazisində müvəqqəti yaşamaq üçün icazənin verilməsi ilə bağlı xidmətə 626, daimi yaşamaq üçün icazənin verilməsi ilə bağlı 7, müvəqqəti yaşama icazəsinin yenidən rəsmiləşdirilməsi ilə bağlı 6, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Naxçıvan Muxtar Respublikasında haqqıödənilən əmək fəaliyyəti ilə məşğul olması üçün iş icazəsinin verilməsi ilə bağlı 37, Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyətin müəyyənləşdirilməsi ilə əlaqədar isə 337 müraciət daxil olub. Həmin müraciətlərin icrası mövcud qanunvericiliyə uyğun olaraq həyata keçirilib.
Vurğulanıb ki, başa vurduğumuz il həm də əməkdaşlar üçün əlamətdar olub. Belə ki, 2017-ci il ərzində miqrasiya orqanları işçilərinin peşə bayramı münasibətilə xidmətin 3 əməkdaşı Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Miqrasiya orqanlarında qulluqda fərqlənməyə görə” medalı ilə təltif edilib. Bir qrup əməkdaş xidmətin yaradılmasının 7-ci ildönümü ilə əlaqədar mükafatlandırılıb. Belə ki, xidmət rəisinə növbədənkənar, 3 əməkdaşa isə növbəti xüsusi rütbə verilib, 6 əməkdaş fəxri fərmanla təltif edilib, 2 əməkdaş qiymətli hədiyyə ilə mükafatlandırılıb, 3 əməkdaşa təşəkkür elan edilib.
Sonra məruzə ətrafında çıxışlar olub. Xidmətin 2018-ci il üçün iş planı təsdiq edilib və qarşıda duran vəzifələrlə bağlı struktur bölmələrə müvafiq tapşırıqlar verilib.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR