Naxçıvan Muxtar Respublikası Dövlət Baytarlıq Xidmətində Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə “Ulu öndər Heydər Əliyev milli həmrəyliyimizin banisidir” mövzusunda tədbir keçirilib. Tədbiri giriş sözü ilə Dövlət Baytarlıq Xidmətinin rəisi Əbil Əbilov açıb.
Mövzu ilə bağlı AMEA Naxçıvan Bölməsi Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun Etnoqrafiya şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Asəf Orucovun, Heydər Əliyev Muzeyinin direktoru Ramil Orucəliyevin məruzələri dinlənilib.
Məruzələrdə bildirilib ki, xaricdə yaşayan soydaşlarımızın təşkilatlanması, dünyanın müxtəlif ölkələrində Azərbaycan diasporlarının fəaliyyətə başlaması ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi siyasətin bəhrəsidir. Belə ki, 1991-ci il dekabrın 16-da ümummilli liderin təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikasının Ali Məclisi dekabrın 31-ni Dünya Azərbaycanlılarının Həmrəylik Günü elan edib.
Vurğulanıb ki, 1993-cü ildən başlayaraq dünyanın ayrı-ayrı ölkələrində Azərbaycan diasporunun formalaşdırılmasına nail olunub. Ulu öndərimizin xaricdə yaşayan soydaşlarımızla görüşləri zamanı verdiyi dəyərli məsləhətlər Azərbaycan diasporunun fəaliyyətinin canlanmasına və vahid məqsəd naminə birləşməsinə stimul verib.
Qeyd olunub ki, bu səylərin nəticəsi olaraq 9-10 noyabr 2001-ci il tarixdə Bakıda Dünya Azərbaycanlılarının I Qurultayı keçirilib. Qurultayda dahi şəxsiyyət Heydər Əliyev çox böyük tarixi əhəmiyyət kəsb edən geniş nitq söyləyib. Ulu öndər xaricdə yaşayan azərbaycanlılara tövsiyə edərək deyirdi ki, dünyada yaşayan bütün azərbaycanlılar Azərbaycançılıq ideologiyası, müstəqil Azərbaycan dövlətinin üçrəngli bayrağı ətrafında sıx birləşməli, bu ideologiyaya öz əməli fəaliyyətləri ilə töhfə verməlidirlər. Həmin qurultaydan sonra dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızı öz ətrafında birləşdirən icmaların mütəşəkkilliyi və fəallığı daha da artıb.
Diqqətə çatdırılıb ki, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş bu siyasət hazırda dövlət başçısı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ötən müddətdə keçirilən dünya azərbaycanlılarının sonrakı qurultaylarında xarici ölkələrdə yaşayan soydaşlarımızın təşkilatlanması istiqamətində geniş fikir mübadiləsi aparılıb, əhəmiyyətli nəticələr əldə olunub, qarşıda duran vəzifələr müzakirə edilib. Həmin qurultaylar zəngin mədəni irsimizin təbliği, təcavüzkar erməni təxribatlarının qarşısının alınması istiqamətində mühüm rol oynayıb, dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlıların birlik və həmrəylik bayramına çevrilib.
Bildirilib ki, hazırda dünyanın müxtəlif ölkələrində Azərbaycan diasporunun 400-dən artıq təşkilatı fəaliyyət göstərir və onların hər biri Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması işinə öz töhfəsini verir. Bu da əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş ideologiyanın təntənəsidir.
Sonra məruzələr ətrafında çıxışlar olub.
Xəbərlər şöbəsi