25 Dekabr 2024, Çərşənbə

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2005-ci il 30 dekabr tarixli Fərmanına əsasən Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyi yaradılmışdır.

Nazirliyin maddi-texniki bazası ötən dövrdə əhəmiyyətli dərəcədə möhkəmləndirilmiş, qarşıya qoyulmuş vəzifələri peşəkarlıqla yerinə yetirən şəxsi heyət formalaşmışdır. Bu gün muxtar respublikada mülki müdafiə, əhalinin və ərazilərin fövqəladə hallardan qorunması, yanğın təhlükəsizliyinin, su hövzələrində və tikintidə insanların təhlükəsizliyinin, eləcə də sənayedə texniki təhlükəsizliyin təmin olunması sahələrində məqsədyönlü tədbirlər həyata keçirilir. Nazirliyin əməkdaş­ları fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılmasında fədakarlıq nümayiş etdirirlər.
Muxtar respublikada aparılan quruculuq işləri Fövqəladə Hallar Nazirliyini də əhatə etmiş, nazirliyin müvafiq qurumları üçün müasir iş və xidmət şəraiti yaradılmışdır. 2012-ci ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iştirakı ilə nazirliyin inzibati binasının açılışı olmuşdur. Bundan başqa, 2007-ci ildə Dövlət Yanğın Təhlükəsizliyi İdarəsi və Naxçıvan Şəhər Dövlət Yanğın Təhlükəsizliyi Şöbəsinin inzibati binası və texniki qarajları yenidən qurularaq istifadəyə verilmiş, 2009-cu ildə Kəngərli, Şahbuz, Ordubad rayon şöbələrinin, 2013-cü ildə Şərur və Babək rayon şöbələrinin, 2014-cü ildə isə Sədərək rayon şöbəsinin inzibati binaları və texniki qarajları tikilərək istifadəyə verilmişdir. Ötən dövrdə mülki müdafiə alayının maddi-tədris bazasının təkmilləşdirilməsi də diqqət mərkəzində saxlanılmış, bu məqsədlə təlim mərkəzi istifadəyə verilmişdir. Həyata keçirilən quruculuq tədbirləri çərçivəsində şəxsi heyətin yaşayış və mənzil şəraitinin yaxşılaşdırılması da diqqət mərkəzində saxlanılmış, ölkə Prezidentinin iştirakı ilə Naxçıvan şəhərində zabit-gizir ailələri üçün 48 mənzilli yaşayış binası istifadəyə verilmişdir. Həmçinin bu günə kimi mülki müdafiə alayına, Dövlət Yanğın Təhlükəsizliyi İdarəsi və onun yerli qurumlarına müxtəlif təyinatlı yanğınsöndürmə avtomobilləri və nəqliyyat vasitələri alınmışdır. 2010-cu ildə isə xidmətə vertolyot verilmiş, mülki müdafiə alayında və Batabat qoruğu ərazisində uçuş-enmə meydançaları hazırlanmışdır.

Nazirliyin mərkəzi aparatının və struktur qurumlarının ixtisaslı kadrlarla komplektləşdirilməsi və peşəkarlığının artırılması istiqamətində də mühüm tədbirlər görülmüşdür. Əməkdaşlar Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Akademiyasına, Bakı Yanğın-Texniki Kollecinə, Ukrayna Respublikasının Xarkov şəhərindəki və Belarusun Minsk şəhərindəki akademiyalara təhsil almağa göndərilmişlər. Keçirilən təlim və məşğələlər də peşə vərdişlərinin yüksəldilməsində əhəmiyyətli rol oynayır. Ötən dövrdə şəxsi heyətin iştirakı ilə komanda-qərargah, taktiki-xüsusi təlimlər, yanğın təhlükəsizliyi şöbələrinin hər birində xidmətin təşkili üzrə gecə və gündüz məşğələləri keçirilmişdir.
Bu gün Dövlət Tikintidə Təhlükəsizliyə Nəzarət İdarəsi tərəfindən tikinti materiallarının dövlət standartlarının tələblərinə cavab verməsinin yoxlanılması və həmin sahə üzrə dövlət nəzarətinin həyata keçirilməsi diqqət mərkəzində saxlanılır. Bundan başqa, əhalinin ehtimal olunan radioaktiv, kimyəvi zəhərlənmələrdən mühafizəsinin təşkilində operativliyi təmin etmək məqsədilə müvafiq tədbirlər görülmüş, bu sahədə maddi-texniki baza gücləndirilmişdir. Həmçinin muxtar respublikada taxılın saxlanma şəraiti, yanğın və texniki təhlükəsizlik məsələləri mütəmadi olaraq yoxlanılır. Ötən dövrdə əhalinin və işçilərin fövqəladə hallara hazırlığının təmin edilməsi məqsədilə mərkəzi və yerli icra hakimiyyəti, yerli özünüidarə orqanlarında və təsərrüfat obyektlərində mülki müdafiə təlimləri, təhsil, səhiyyə, mədəniyyət ocaqlarında müxtəlif səpkili konfrans və digər maarifləndirici tədbirlər keçirilmiş, kütləvi informasiya vasitələrində məlumatlar təqdim olunmuşdur.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 17 mart tarixli Sərəncamına əsasən “Naxçıvan Muxtar Respublikasının fövqəladə hallar atlası” hazırlanaraq nəşr olunmuşdur. 6 bölmədən ibarət atlasda təbii resurslardan səmərəli istifadə, əhalinin, yaşayış məntəqələrinin, sənaye və kənd təsərrüfatı müəssisələrinin, qaz kəmərlərinin, kommunikasiya xətlərinin, digər infrastruktur obyektlərinin mühafizəsi, təbii fəlakətlərin, texnogen qəzaların qarşısının alınması və nəticələrinin aradan qaldırılması üzrə tədbirlərin praktik olaraq planlaşdırılması və həyata keçirilməsi müəyyən edilmişdir. Eyni zamanda atlasda muxtar respublikanın so­sial-iqtisadi inkişafı ilə bağlı göstəricilər, infrastruktur obyektləri barədə məlumatlar, müxtəlif miqyaslı inzibati və coğrafi xəritələr verilmişdir. Bir sözlə, “Naxçıvan Muxtar Respublikasının fövqəladə hallar atlası” fövqəladə hallar orqanlarının əməkdaşlarının işinə köməklik edən və mühüm elmi əhəmiyyətə malik olan sənəddir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov demişdir: “Fövqəladə Hallar Nazirliyi öz fəaliyyətini fövqəladə hadisələrin qarşısının alınması, bu sahədə dövlət siyasətinin həyata keçirilməsi istiqamətində qurur. Ölkəmizdə, eləcə də muxtar respublikamızda nazirliyin fəaliyyəti tam təmin olunmuş, struktur qurumları üçün müasir iş və xidmət şəraiti yaradılmışdır. İnsanların həyatının, dövlət əmlakının, fərdi təsərrüfatların və sahibkarlıq subyektlərinin baş verə biləcək hadisələrdən qorunması nazirliyin və onun müvafiq qurumlarının qarşısında duran başlıca vəzifələrdir”.
Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin şəxsi heyəti bundan sonra da fəaliyyətini qarşıya qoyulan tələblər əsasında quracaq, əhalinin və ərazilərin təhlükəsizliyi naminə təxirəsalınmaz tədbirləri uğurla yerinə yetirəcəkdir.

Naxçıvan Muxtar Respublikası
Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR