24 Dekabr 2024, Çərşənbə axşamı

Azad və demokratik seçkilərin keçirilməsinə imkan yaradan seçki qanunvericiliyinin mövcudluğu demokratik cəmiyyət quruculuğunun əsas komponentlərindən biridir. 1995-ci ildə qəbul edilmiş müstəqil dövlətimizin Konstitusiyası Azərbaycanda demokratik standartlara cavab verən seçkilərin keçirilməsi üçün əsas prioritetləri müəyyənləşdirib. Bu gün inamla deyə bilərik ki, Azərbaycan Respublikasında ədalətli və şəffaf seçkilərin keçirilməsi üçün mühüm qanunvericilik bazası formalaşıb. Ötən illərdə respublikamızda yaradılan demokratik institutlar inkişaf etdikcə seçki sisteminin təkmilləşdirilməsi prosesi uğurla həyata keçirilib. 2003-cü ildə qəbul olunmuş Seçki Məcəlləsi və məcəlləyə edilmiş əlavə və dəyişikliklər beynəlxalq miqyasda da yüksək ­dəyərləndirilir.
Azad, şəffaf və demokratik şəraitdə keçirilən növbəti prezident seçkiləri də dediklərimizi bir daha təsdiq etdi.
Seçkilərin qanunauyğun qaydada keçirilməsi, seçicilərin seçdikləri namizədə səs vermələri üçün zəruri olan bütün şərait yaradılmışdı. Azərbaycanın seçki tarixində 2008-ci ildən başlayaraq tətbiq olunan və seçki məntəqələrindən kənarda insanlara internet vasitəsilə səsvermə prosesini canlı izləmə imkanı verən veb-kameralardan istifadə təcrübəsi bu seçkilərdə də davam etdirilmişdir. Bu, seçkilərdə şəffaflığın təmin edilməsi baxımından mühüm əhəmiyyətə malik idi. Seçkilərin gedişini müşahidə edən istər beynəlxalq, istərsə də yerli müşa­hidəçilər üçün geniş imkanlar ­yaradılmışdı.

Ardını oxu...

Aprelin 11-də ölkəmizdə keçirilmiş Azərbaycan Respublikası Prezidentinin seçkiləri Naxçıvan Muxtar Respublikasında da yüksək seçici fəallığı və nümunəvi təşkilatçılıq baxımından yadda qaldı. Muxtar respublikadakı seçicilər müstəqil ölkəmizin gələcəyi naminə mütəşəkkilliklə seçki məntəqələrinə gələrək, öz namizədlərinə səs verməklə demokratik hüquqlarından istifadə etdilər. Seçki günü məntəqələrdə müşahidə aparan beynəlxalq müşahidəçilər də öz təəssüratlarını bizimlə bölüşdü, seçkilərin tam demokratik və şəffaflıq şəraitində keçdiyini bildirdilər.
Vladimir Muradov – MDB müşahidəçisi: – Azərbaycan Respublikası Prezidentinin seçkilərini izləmək üçün dünən Naxçıvana gəlmişik. Aparılmış hazırlıq işləri ilə tanış olduq. Seçkilərə hazırlıq işlərinin səviyyəsi barədə qənaətimiz yüksəkdir.
Seçki günü 4 saylı Naxçıvan Şəhər və 5 saylı Şahbuz-Babək Seçki dairələrinə aid olan səkkiz seçki məntəqəsində müşahidələr apardıq. Ümumiyyətlə, seçkinin ilk saatlarından başlayaraq yüksək fəallıq gördük. Məntəqələrdə seçicilərin zəruri informasiya ala bilmələri və sərbəst şəkildə səs vermələri üçün hər cür şərait yaradılıb. Vətəndaşlar çox asanlıqla öz adlarını seçici siyahılarında tapırdılar.
Şahbuz rayonunun ən ucqar kəndlərində də seçki prosesini izlədik. Yolboyu baş çəkdiyimiz seçki məntəqələrində əhalinin seçkiyə olan yüksək marağını müşahidə etdik. Fikrimcə, bu seçkilər Azərbaycan Respublikası vətəndaşlarının öz seçimini edə bilməsi baxımından çox yaxşı təşkil olunmuşdu. Seçki günü ərzində məntəqələrdə hər hansı bir qanun pozuntusu və ya təşkilatçılıq çatışmazlığına rast gəlmədik. Ümumiyyətlə, prezident seçkilərinin gedişi ilə bağlı müsbət qeydlərimiz çoxdur.

Ardını oxu...

Gələcəyimiz təhlükədədir

Təəssüf hissi ilə demək lazımdır ki, bu gün uşaqlara, yeniyetmə gənclərə dövlət səviyyəsində qayğı və diqqət unudulub.
Şəhər istilik sisteminin işləməməsi, elektrik enerjisinin fasilələrlə verilməsi ümumtəhsil müəssisələrində, orta ixtisas məktəblərində, texnikum və institutlarda dərslərin aylarla dayandırılmasına səbəb olur.
Ən acınacaqlı hal odur ki, uşaqlar təhsil almaq, oxumaq əvəzinə “biznes” azarına tutulublar. Doğrusu, əvvəllər yaşlılar da “alverçi” sözünü üstünə götürməyə bir növ xəcalət çəkirdilər. İndi isə leksikonumuza “alverçi” sözünü əvəz edən daha mədəni “biznesmen” sözü daxil olub. İndi çoxları 10-15 siqaret, 5-10 qutu konfeti küçədə yaşadığı evin qarşısında qabağına düzüb bizneslə məşğul olması ilə fəxr edir. Bax bizcə, bu da zamanın, dövranın ən böyük faciəsidir. Məktəblərdə dərslərin olmaması üzündən boş qalan uşaqlar mütaliə etmək, keçilmiş dərsləri təkrarlamaq əvəzinə alverlə məşğul olurlar.
20-25 ildən sonra nə bu xalqın istedadlı, bacarıqlı həkimi olacaq, nə də ki müəllimi. Bugünkü nəsil ömrünü başa vurduqdan sonra onları əvəz edə biləcək kadrlar olmayacaq. Bəlkə də, çoxları bizim bu fikrimizlə razılaşmayacaqdır. Lakin acı da olsa, bu, bir həqiqətdir. Bugünkü təhsili göz önünə gətirib sabahı düşünən hər bir kəs aydın dərk edir ki ali məktəblərdə 2-3 ay çəkən semestrdə gələcəyin mütəxəssisləri elmin sirlərinə necə yiyələnirlər. Dərsliklərin çatışmaması, müəllim və tələbələrin etinasızlığı, demək olar ki, bütün ali məktəblər üçün xarakterik bir hala çevrilmişdir.

“Şərq qapısı” qəzeti
31 mart 1994-cü il

Gənclər Paytaxtının xoşbəxt gəncləri
Ötən illərin acı xatirələrindən boylanarkən... 

Gəncliyə el arasında insanın gözünün açıldığı dövr də deyirlər. Ötən əsrin sonlarında biz gənclər gözümüzü açdığımızda mənfur qonşularımızın ölkəmizə qarşı torpaq iddiaları ilə qarşılaşdıq. Ölkədə yaranmış gərgin vəziyyət, çökməkdə olan sovet imperiyasının son özünüxilas cəhdləri, xalqımızın azadlıqsevər insanlarına qarşı təqiblər, sərhəd bölgələrimizdən gələn qara xəbərlərin acıları hopdu gəncliyimizin hər gün açılan səhifələrinə. O səhifələr ki, bir dəfə açılır və heç vaxt o günlərin bir anını belə, geri qaytara bilmirsən. O səhifələrə gəncliyimizin bahar təravətli günləri əvəzinə Naxçıvanın blokadasının ağır günləri yazıldı, gənc­liyin şux, şaqraq gülüşlərini üzümüzdən hər gün eşitdiyimiz bir acı xəbər sildi. Tələbə olduq, gəncliyə layiq gözəl geyinmək-keçinmək istədik, lakin qıtlıq imkan vermədi. Gəncliyimizi kinoteatrlarda hansısa gözəl bir filmə baxmaq, isti, rahat bir kitabxanada kitab oxumaq, yaraşıqlı bir kafedə tələbə yoldaşlarımızla çay içmək əvəzinə, səhərin sübh çağından çörək, neft növbələrində, elektrik enerjisi olmayan qaranlıq və soyuq otaqlarda, heç vaxt istədiyimiz istiliyi ala bilmədiyimiz sobaların başında keçirməli olduq. Xalq illərlə həsrətində olduğumuz müstəqilliyi əldə etmək üçün mübarizəyə qalxdı. Biz gənclər də bu mübarizəyə qoşulduq. Qürur duyduq bu hərəkatda iştirak etdiyimiz üçün. Müstəqilliyimizi əldə etdik. Lakin onlarla yaşıdlarımızı itirdik. 20 Yanvar və Xocalı faciələrində, həmin illərdə ölkəmizin, eləcə də muxtar respublikamızın ermənilərlə sərhəd rayon və kənd­lərində gedən döyüşlərdə 11 il bir partada əyləşdiyimiz sinif yoldaşlarımızı itirdik. Şəhidlər xiyabanlarımızda uyuyanların çoxu bizim gənc­liyimizin nümayəndələridir. Bəziləri isə kiçikyaşlı övladlarını ata-anasız qoydu, hətta həmin günlər doğulan uşaqlarının üzünü belə, görə bilmədilər. Onların bəzilərinin indi müstəqilliyimizlə yaşıd övladları var. Ata-ana görməyən belə şəhid övladları bu gün müstəqil ölkəmizdə öz övladlarını böyüdürlər.

Ardını oxu...

Əlahiddə Ümumqoşun Ordunun aviasiya hərbi hissəsində döyüş texnikalarının yaz-yay mövsümündə istismara hazırlığı işləri aparılıb.
Şəxsi heyətə yaz-yay mövsümünə keçidlə əlaqədar aviasiya texnikasının istismar xüsusiyyətlərinə aid məşğələlər keçirilib. Vertolyot, təyyarə, mühərrik, radioelektron avadanlığı, aviasiya avadanlığı və aviasiya silahları ixtisasları üzrə mütəxəssislər tərəfindən işlər yerinə yetirilib.
Aviasiya texnikasındakı qəza zamanı istifadə olunan paraşüt sistemlərinə baxış keçirilib, payız-qış yanacaq-sürtkü materialları yaz-yay materialları ilə əvəz edilib. Nəzarət­-yoxlama avadanlıqlarından istifadə etməklə aviasiya texnikaları yoxlanılıb, aşkar olunmuş nöqsanlar aradan qaldırılıb.
Aviasiya texnikalarının yaz-yay mövsümündə istismara hazırlığı işlərinin sonunda texniki və uçuş heyətindən məqbullar götürülüb.

Nəriman  NƏCƏFOV

Bu gün hüquqi, demokratik dövlət quruculuğunun inkişaf etdiyi ölkəmizdə böyüməkdə olan gənc nəslin hərbi-vətənpərvərlik tərbiyəsi prioritet istiqamətlərdən birinə çevrilib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamları ilə təsdiq olunan 2011-2015-ci illəri və 2016-2021-ci illəri əhatə edən dövlət proqramlarında gənclərin vətənpərvərlik tərbiyəsi ilə bağlı tədbirlərin öz əksini tapması bu sahədə həyata keçirilən siyasətin uğurla davam etdirilməsindən xəbər verir.
Vətənpərvərlik tərbiyəsi Vətənə sevgi, məhəbbət, məsuliyyət hissinin, hər an Vətəninin, xalqının müdafiəsinə qalxmağa hazırlığın formalaşdırılmasıdır. Ölkəmizin ərazisinin 20 faizinin Ermənistan tərəfindən işğal olunduğu bir vaxtda gənclərə ilkin hərbi bilik, bacarıq və vərdişlərin aşılanmasının onların hərbi-vətənpərvərlik tərbiyəsində böyük təsiri vardır. Buna görə də bu gün muxtar respublikamızın orta məktəblərində gənclərə hərbi hazırlıq dərsləri yüksək səviyyədə tədris olunur. Hər il məktəblilərin ənənəvi olaraq “Cəsurlar”, “Şahin”, “Sərhəd” hərbi-idman oyunları keçirilir. Sözsüz ki, bu dərslərdə sonradan hərbi xidmətə gedəcək gənc­lər ilkin məlumatları əldə etmiş olurlar. Eyni zamanda orta məktəb şagirdlərinin hərbi hissələrə aparılması, hərbçilərlə görüşlərinin təşkili gənclərdə vətənpərvərlik hissini daha da yüksəldir, onları Vətəni müdafiə ruhunda tərbiyə edir, hərbi xidmətə psixoloji hazırlıqlarına müsbət təsir göstərir.

Ardını oxu...

Naxçıvan Qarnizonunda tabor, diviziya komandirləri və onların müavinləri ilə komandir hazırlığı toplantısı keçirilib.
Toplantı zamanı taborun yerləşmə rayonunda mühəndis və maskalanma tədbirlərinin yerinə yetirilməsi, növbətçi güc və vasitələrin fəaliyyəti, mühafizənin, kəşfiyyatın, hava hücumundan müdafiənin, rabitənin, tibbi təminatın təşkili, artilleriya bölmələrinin, qida və sursat təminatı məntəqələrinin ərazidə yerləşməsi əyani olaraq göstərilib.
Artilleriya bölmələri praktik atışları icra ediblər. Toplantıya cəlb edilmiş şəxsi heyətdən fiziki və taktiki hazırlıq, həmçinin topoqrafiya və rəhbər sənədlərin tələblərini mənimsəmələri üzrə məqbullar götürülüb.

Nəriman NƏCƏFOV

Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədri olduğu “Caspian European Club” Azərbaycanın iqtisadi regionlarının 2017-ci il üçün illik investisiya reytinqində ən yüksək ümumi bal toplamış Naxçıvan Muxtar Respublikası lider olub. “Caspian European Club” dünyanın 70 ölkəsində investisiya reytinqini hazırlayır və hər bir ölkədə lider region seçir. Ötən il üçün investisiya reytinqində Naxçıvan Muxtar Respublikasının ölkəmizin iqtisadi regionları içərisində lider olması müxtəlif mətbuat orqanlarında geniş şərh olunur. 1999-cu ildən nəşr olunan “Caspian Energy” beynəlxalq analitik jurnalının builki yanvar-mart nömrəsi də Naxçıvana həsr olunub. 

İngilis və rus dillərində material­ların verildiyi “Caspian Energy” jurnalı nəfis şəkildə çap edilib. 155 səhifəlik jurnalda 2017-ci il üçün illik investisiya reytinqinin qalibi olmuş Naxçıvan iqtisadiyyatının ­cazibədarlığı, onun dinamik sosial-iqtisadi inkişafının əsas amilləri, sənaye, kənd təsərrüfatı, əhalinin sosial müdafiəsi, nəqliyyat və gömrük işinin təşkili, sahibkarlığın inkişafına göstərilən dövlət dəstəyi, muxtar respublika sahibkarlar konfederasiyasının fəaliyyəti barədə məlumatlar verilən jurnalda Naxçıvanın görməli yerləri haqqında maraqlı yazı və fotoşəkillərə rast gəlmək olar.

Ardını oxu...

Aprelin 7-də Naxçıvan şəhərində və muxtar respublikamızın rayonlarında iməciliklər keçirilib. İməciliklərdə yeni meyvə tingləri əkilib, yaşıllıqlara aqrotexniki qulluq göstərilib.
Naxçıvan şəhərində keçirilən iməcilikdə Naxçıvan-Sədərək, Naxçıvan-Batabat magistral avtomobil yollarının kənarlarında, Duzdağ Fizioterapiya Mərkəzinə gedən yolda, Nəzərabad və Uzunoba kəndlərinin ərazilərindəki terraslarda və digər sahələrdə yeni meyvə tingləri əkilib.
Naxçıvanlı gənclər “Gənclər bağı”nda keçirilən iməcilikdə yaxından iştirak ediblər. Ərazidə əkilən tinglərə aqrotekniki qulluq göstərilib, tinglərin dibi boşaldılıb və suvarma işləri aparılıb. Qeyd edək ki, “Gənc­lər bağı”nın sahəsi 1 hektardır. İməcilik zamanı tanıtım lövhəsi bərkidilib, ətrafda ayparaşəkilli gülkarlıq salınıb.
Şərur rayon ictimaiyyəti də iməcilikdə fəal iştirak edib, Şərur şəhərinin yol kənarlarında yeni tinglər əkib, onlara aqrotexniki qulluq göstərib. Həmçinin park və xiyabanlarda, eləcə də məktəb həyətlərində iməcilik keçirilib, yeni gül kolları əkilib. Ümumiyyətlə, iməciliklərdə 600 meyvə tingi, 30 həmişəyaşıl ağac, 2500 gül kolu əkilib.

Ardını oxu...

Aprel ayının 11-də Azərbaycan Respublikası Prezidentinin seçkiləri  keçiriləcək. Kütləvi informasiya vasitələrindən də məlum olduğu kimi, bununla əlaqədar ölkəmizdə, eləcə də muxtar respublikamızda seçkilərə ciddi hazırlıq işləri aparılıb. Naxçıvan Muxtar Respublikasında prezident seçkilərinə hazırlığın vəziyyəti ilə bağlı oxucularımızı ətraflı məlumatlandırmaq üçün Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyasının sədri Məhərrəm Qasımova müraciət etdik:

– Məhərrəm müəllim, növbəti Azərbaycan Respublikası Prezidenti seçkilərinin keçirilməsi ilə bağlı muxtar respublikada seçki kampaniyasına hazırlıq işləri hansı səviyyədə aparılıb?
– Aprelin 11-də keçiriləcək Azərbaycan Respublikası Prezidenti seçkilərinə hazırlığa seçki komissiyaları seçici siyahılarının tərtibi ilə başlamış, bu mühüm proses muxtar respublikamızda da uğurla başa çatdırılmışdır. Naxçıvan Muxtar Respublikasında yerləşən 7 dairə seçki komissiyası seçici siyahılarını dəqiqləşdirərək Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasına təqdim etmişdir. Seçici siyahılarının tərtibi və dəqiqləşdirilməsində yerli icra hakimiyyəti orqanlarının, bələdiyyə qurumlarının, Daxili İşlər Nazirliyinin pasport-qeydiyyat qurumlarının və mənzil-istismar sahələrinin təqdim etdikləri məlumatlardan istifadə olunmuşdur. Məsul şəxslərin iştirakı ilə dəqiq seçici siyahıları tərtib olunmuşdur. Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyi ilə sıx əməkdaşlıq qurulmaqla bütün rayonlarda şəxsiyyət vəsiqəsi almamış və ilk dəfə səs verəcək vətəndaşların seçki gününədək şəxsiyyət vəsiqələri ilə təmin olunmaları üçün lazımi tədbirlər görülmüşdür. Tərtib olunmuş vahid seçici siyahıları üzrə aparılmış dəqiqləşdirmələrdən sonra Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən 7 seçki dairəsi üzrə, ümumilikdə, 262 min 874 nəfər aktiv seçki hüququna malik seçici qeydə alınmışdır. Seçicilərin 1368 nəfəri 18 yaşı yeni tamam olmuş və ilk dəfə səs verən vətəndaşlardır. 2016-cı ildə keçirilmiş Referendum ilə müqayisədə muxtar respublika üzrə seçicilərin sayı 1661 nəfər, yəni 0,6 faiz artmışdır.

Ardını oxu...

Şahbuz rayonu muxtar respublikamızın ən ucqar və dilbər bölgələrindəndir. Əzəmətli dağların qoynuna sığınan bu kiçik rayon ölkəmizdə Batabat yaylağı ilə və bir də Məmməd Araz yurdu kimi hər kəs tərəfindən tanınır. Rayon mərkəzi olan Şahbuz şəhəri 88 yaşlı bu bölgənin 11 yaşlı “gənc” şəhəridir. “Naxçıvan Muxtar Respublikasının Şahbuz Rayonunun Şahbuz Qəsəbəsinə şəhər statusunun verilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev 2007-ci il 27 dekabr tarixdə Sərəncam imzalayıb. 2013-cü il fevralın 22-də isə Azərbaycan Respublikası Milli Məclisinin Qərarı və 2013-cü il mart ayının 15-də ölkə Prezidentinin imzaladığı Sərəncamla sahəsi 1454 hektar olan Qarababa kəndi bütövlükdə, Ayrınc kəndinin 92,8, Daylaqlı kəndinin isə 274,8 hektar sahəsi Şahbuz şəhərinə verilib. Bundan sonra rayon mərkəzi olan Şahbuzun ərazisi 2826,6 hektaradək genişlənib. Şəhər elə bir ərazidə yerləşir ki, buradan rayonun bütün yaşayış məntəqələrinə yollar uzanır. Sanki bir ana kimi qollarını övladlarına açır.

Quruculuq prosesinin ağuşuna aldığı muxtar respublikamızın hər bir bölgəsi, rayonu, qəsəbəsi, kəndi kimi Şahbuz şəhəri də müasir dövrün tələblərinə uyğun həyata keçirilən kompleks yeniləşmə, abadlıq tədbirləri ilə sovet dövründəki köhnə, miskin simasını tərk edib. Burada ildən-ilə ucaldılan, əsaslı təmir olunan yaraşıqlı inzibati və ictimai yaşayış binaları, salınan parklar, bağlar, abadlaşdırılan yol və küçələr kiçik şəhərə böyük dövlət qayğısının göstəricisidir. Bu şəhərdə böyüyüb yaşadığım üçün onun dünəni ilə bu gününün canlı şahidi olmuşam. Onilliklər öncə ilə bugünkü şəhərin bütün görüntülərini xatırlayıram.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikasında miqrasiya proseslərinə dövlət nəzarətinin gücləndirilməsi, o cümlədən qanunsuz miqrasiyanın qarşısının alınması məqsədilə Dövlət Miqrasiya Xidməti tərəfindən həyata keçirilən tədbirlər ötən ay da davam etdirilib.
Mart ayında Dövlət Miqrasiya Xidməti tərəfindən muxtar respublikada olma və yaşama qaydalarına əməl etmədən mövcud qanunvericiliyin tələblərini pozmuş 29 əcnəbi aşkarlanıb. Onlardan 24-ü barəsində Azərbaycan Respublikası ərazisini 48 saat ərzində tərk etmə, 5-i barəsində inzibati qaydada ölkə hüdudlarından kənara çıxarılma qərarı qəbul edilib.
Ümumilikdə, ay ərzində Dövlət Miqrasiya Xidmətinə əcnəbilər və vətəndaşlığı olmayan şəxslər, habelə Azərbaycan Respublikası vətəndaşları tərəfindən 896 müraciət daxil olub. Bu müraciətlərdən 70-i əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə müvəqqəti yaşamaq üçün icazənin, əmək fəaliyyətinin həyata keçirilməsi üçün iş icazəsinin verilməsi, eləcə də vətəndaşlıq mənsubiyyətinin müəyyənləşdirilməsi ilə bağlıdır. Müraciətlərin hər biri ayrı-­ayrılıqda Azərbaycan Respublikası qanunvericiliyinin tələblərinə uyğun olaraq araşdırılıb və müvafiq qərarlar qəbul edilib. Mart ayı ərzində olduğu yer üzrə qeydiyyatla bağlı 826 müraciət qeydə alınaraq icrası təmin olunub. Həmin müraciətlərdən 367-si elektron xidmətlər portalı və elektron poçt üzərindən qəbul edilib.
Hazırda Dövlət Miqrasiya Xidməti tərəfindən fəaliyyət istiqamətlərinə uyğun olaraq ardıcıl maarif­ləndirmə tədbirləri həyata keçirilir.

Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya
Xidmətinin Miqrasiya proseslərinin təhlili və informasiya şöbəsi

Ötən ayın nəticələri də belə deməyə əsas verir

Naxçıvan Muxtar Respublikası blokada vəziyyətində yaratdığı özünəməxsus inkişaf modelinin baza əsaslarının, eləcə də inkişaf konsepsiyasının formalaşması Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin adı ilə sıx bağlıdır.

Ardını oxu...

Bu il ölkəmizin Gənclər Paytaxtı olan Naxçıvanda təşkil ediləcək
bir sıra əhəmiyyətli tədbirlər də bunun təzahürüdür

Müstəqilliyin, dövlətçiliyin möhkəmləndirilməsi, gələcəyin etibarlı təminatı intellektual səviyyəli potensial kadrların yetişdirilməsindən, onların aparıcı qüvvəyə çevrilməsindən asılıdır. Ölkəmizdə gənclərlə bağlı görülən işlər Azərbaycan gəncliyinin inkişafına təkan verib, onların cəmiyyətdə özlərini təsdiq etməsində böyük rol oynayıb. Aparılan məqsədyönlü siyasətin nəticəsində respublikamızda yüksək intellektual səviyyəyə, ­vətənpərvərlik hissinə və milli düşüncəyə malik gənclər formalaşıb. 

Ölkə başçısı cənab İlham Əliyevin 2017-ci il sentyabr ayının 15-də “Azərbaycan gəncliyi 2016-2021-ci illərdə” Dövlət Proqramının təsdiq edilməsi haqqında imzaladığı Sərəncam gənclərə göstərilən dövlət qayğısının növbəti təzahürüdür. Dövlət proqramına uyğun olaraq 2018-ci ildə onlayn səsverməyə əsasən ölkə­mizin 23 şəhər və rayonu arasından Naxçıvan şəhərinin Gənclər Paytaxtı seçilməsi gənclər siyasətinin muxtar respublikada uğurla aparıldığının bəhrəsidir.

Ardını oxu...

Aprelin 4-də Naxçıvan Şəhər Ağsaqqallar Şurasının konfransı keçirilib.
Konfransa şuranın üzvü Qurban Nabatov sədrlik edib. Gündəlik təsdiq edildikdən sonra Naxçıvan Şəhər Ağsaqqallar Şurası İdarə Heyətinin üzvü Əziz Hacıyevin hesabat məruzəsi dinlənilib.
Qeyd olunub ki, Naxçıvan Muxtаr Respublikаsı Аli Məclisi Sədrinin diqqət və qayğısı sаyəsində bu gün Naxçıvanda bütün sаhələrdə yüksək nаiliyyətlər qаzаnılıb. Əldə edilən uğurlar Naxçıvan şəhər аğsаqqаllаrının, аhıl vətəndаşlаrın sоsiаl vəziyyətinin əhəmiyyətli dərəcədə yахşılаşmаsınа səbəb оlub.
Vurğulanıb ki, şura hesabat dövründə fəaliyyətini düzgün istiqamətdə qurmağa çalışıb, Naxçıvan şəhərində aparılan quruculuq işlərinin, əldə olunan inkişafın əsas təbliğatçısı olub, milli və mənəvi dəyərlərimizin qorunması, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunması istiqamətində bir sıra işlər görüb.
Konfransda İdarə Heyətinin 5 nəfərdən ibarət yeni tərkibi seçilib. Naxçıvan Şəhər Ağsaqqallar Şurasının üzvü Zöhrab Axundov Qadir Həsənovun şuranın sədrliyinə namizədliyini irəli sürüb. Təklif səsə qoyulub və qəbul olunub.
Qadir Həsənov göstərilən etimada görə minnətdarlığını bildirərək qeyd edib ki, şura bundan sonra da fəaliyyətini günün tələbləri səviyyəsində quracaq, gənc nəsillə bağlı işə diqqət artırılacaq, vətənpərvər gəncliyin yetişdirilməsi, milli dəyərlərimizin, adət-ənənələrimizin yaşadılması istiqamətində ardıcıl iş aparılacaqdır.

Ardını oxu...

Müstəqil Azərbaycanın iqtisadi və mədəni inkişaf sahəsində uğurları artdıqca dünyanın müxtəlif rəsmi media kanallarının, aparıcı informasiya qurumlarının da bununla bağlı müsbət reaksiyasını görməkdəyik. Məsafəcə Azərbaycandan çox uzaqlarda yerləşsə də, bir çox ölkəyə məxsus internet səhifələrində respublikamız, xüsusən də İslam Mədəniyyəti Paytaxtı kimi Naxçıvanın tarixi, mədəniyyəti, görməli yerləri haqqında informasiyaların verilməsi fərəh doğurur.

Ardını oxu...

Tarixdən məlumdur ki, güclü ordusu olan ölkələr hər zaman inkişaf edərək iqtisadi və siyasi qüdrətini artırıb, söz sahibi olub, xarici təhdidlərin qarşısını ala bilib. Yaxın və uzaq tarixi keçmişimiz də sübut edir ki, nizami orduya malik olmamağımız xalqımıza qarşı bir çox soyqırımı faciələrinin törədilməsinə və torpaqlarımızın işğalına səbəb olub. 

Tarixən Azərbaycan torpaqlarına iddialı olan ermənilər ötən əsrin əvvəllərindən başlayaraq mənfur niyyətlərini həyata keçirməyə cəhd göstərmişlər. “Böyük Ermənistan” yaratmağın əsas cinahlarından biri də qədim Naxçıvan torpaqlarını ələ keçirməklə ən böyük türk dövləti olan Türkiyə Respublikası ilə Uzaq Şərqə doğru uzanan türk torpaqları arasında on bir kilometrlik əlaqənin kəsilməsini təmin etmək idi. Ancaq bu məqsədlərinə nail ola bilmədilər. Ötən əsrin 90-cı illərində də bu qədim yurdun mərd insanlarının, xüsusilə dahi şəxsiyyət Heydər Əliyevin gərgin fəaliyyəti nəticəsində ermənilərin bu planı növbəti dəfə iflasa uğradı. Ancaq buna baxmayaraq, muxtar respublikanın böyük yaşayış məntəqələrindən biri olan Sədərək rayonunun və eyniadlı kəndinin, Şərur rayonunun Şahbulaq, Yuxarı Yaycı, ­Havuş, Babək rayonunun Yuxarı Buzqov, Gərməçataq, eləcə də Şahbuz, Culfa və Ordubad rayonlarının sərhəd kəndlərinin sakinləri mütəmadi olaraq mərmi yağışı altında yaşamağa məhkum idilər. Bu hadisələr həm də elə bir dövrdə baş verirdi ki, ozamankı respublika rəhbərliyi həm Naxçıvana kömək edə bilmirdi, həm də bu köməyin olunmasında faktiki olaraq maraqlı deyildi. Bütün bu hadisələrin fonunda Türk dünyasının böyük oğlu, ulu öndər Heydər Əliyevin Naxçıvanda olması və bu qədim Azərbaycan diyarında qətiyyətli addımlar atması gözlənilən fəlakətlərin qarşısını aldı. Görkəmli dövlət xadiminin bu istiqamətdə həyata keçirdiyi ilk tədbir Naxçıvan Muxtar Respublikasının müdafiəsinin təmin olunması ilə bağlı oldu.

Ardını oxu...

Zaman-zaman əsrlərin sınağına tab gətirmiş Azərbaycan xalqı bu dəfə də sınaqdan mərd-mərdanə çıxdı. İki il bundan öncə – 2016-cı ilin bir qaranlıq yaz gecəsinin sabahı Azərbaycanın igid oğullarının Günəş kimi parlayan qəhrəmanlıqlarının şəfəqləri ilə açıldı. Həmin ilin aprelin ilk günləri Azərbaycan əsgəri dilində Vətən nəğməsi, könlündə Qarabağ yanğısı, ürəyində düşmənə nifrət hissiylə döyüşə atıldı. Həmin günlərdə işğal altındakı torpaqlarımızda 20 ildən artıq bir müddətdə qövr edən bir yaranın qaysağı qopdu. Elə həmin günlərdə qəhrəman Azərbaycan əsgəri öz şücaətini göstərdi, nəyə qadir olduğunu sübuta yetirdi. Ordumuzun qüdrəti qarşısında tab gətirməyən düşmən uzun illərdir, möhkəmləndirdiyi səngərlərini, döyüş postlarını buraxıb qaçdı, yüzlərlə erməni silahlısı məhv edildi. Bu qısamüddətli döyüş zamanı əsgərlərimiz dillərə dastan olacaq qəhrəmanlıq göstərdilər, Qarabağın heç bir zaman düşmənə güzəştə gedilməyəcəyini sübuta yetirdilər.
Ordumuzun bu döyüşlərdə qazandığı şanlı zəfərdən sonra hər şey gün kimi aydın oldu, aprel savaşında qazanılan qələbə qəhrəmanlıq tariximizə qızıl hərflərlə yazıldı. Dörd gün ərzində gedən qanlı döyüşlərdə əldə etdiyimiz qələbə xalqımızda böyük ruh yüksəkliyi yaratdı. Silahlı Qüvvələrimiz düşmənə və onun havadarlarına öz gücünü göstərdi. O gecə cəbhədən gələn Talış kəndinin və Lələtəpə yüksəkliyinin düşməndən azad edilməsi xəbəri hər bir azərbaycanlının sevincinə səbəb oldu.
Bu döyüşlərdə Naxçıvan torpağı da iki şəhid verdi. Mayor Rasim Məmmədov və leytenant Qabil Oruc­əliyev şəhidlik zirvəsinə yüksəldilər, Vətənin hər qarışının onlar üçün əziz və müqəddəs olduğunu bir daha sübuta yetirdilər.

Ardını oxu...

Hər bir xalq öz müstəqillik arzusunu, istiqbal duyğusunu həmişə ürəyində yaşadır və nə vaxtsa onun reallığa çevrilməsi üçün əlverişli məqam gözləyir. Azərbaycanda belə bir məqam 1918-ci ildə yarandı. Şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin yarandığı illərdə mənfur, məkrli qonşumuz ermənilərin ərazi iddiaları ilə üz-üzə gələn naxçıvanlılar öz qəhrəmanlıq salnaməsində daha bir səhifə açdı. Azərbaycan Xalq Cümhuriyyəti düşdüyü çətin vəziyyətlə əlaqədar olaraq, Naxçıvana lazım olan köməkliyi göstərə bilmirdi. Naxçıvan əhalisi, yerli ziyalılar erməni daşnaklarına qarşı inadla mübarizə apardı və mənfur düşmən öz çirkin niyyətini reallaşdıra bilmədi, qədim diyar ana Vətəninə birləşmək arzusunu gerçəkləşdirdi. Cümhuriyyətin yarandığı vaxtlarda Naxçıvanda vəziyyət necə idi? Bu və ya digər suallara cavab tapmaq üçün Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyevə müraciət etdik. 

Ardını oxu...

Azәrbaycan Respublikası Prezidentinin 2018-ci il 19 mart tarixli Sәrәncamı ilə vәtәndaşlığa qәbul edilәn Qalina Mamedovanın andiçmәsinə hәsr olunmuş tədbirdə Dövlət Miqrasiya Xidmətinin rəisi, 3-cü dərəcəli dövlət miqrasiya xidməti müşaviri Şahin Nəbiyev bildirib ki, Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 6 mart tarixli Fərmanına müvafiq olaraq, Dövlət Miqrasiya Xidmətinin vətəndaşlıq məsələlərində iştirakı təmin edilib. Həmçinin dövlət başçısının 2015-ci il 11 fevral tarixli Fərmanına əsasən şəxsin Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyətini müəyyənləşdirmək də bilavasitə Dövlət Miqrasiya Xidmətinin vəzifəsi kimi müəyyən olunub.
Xidmət rəisi son illər Azərbaycanda və muxtar respublikamızda həyata keçirilən islahatlar nəticəsində əldə edilən uğurlardan, beynəlxalq birliyin bərabərhüquqlu subyekti kimi sabitliyin yüksək səviyyədə təmin edildiyi, multikultural dəyərlərin hakim olduğu, tolerantlıq nümunəsi sayılan respublikamızın dünyanın siyasi, iqtisadi və mədəni mühitinə verdiyi töhfələrdən danışıb. Azərbaycanda yaşamaq, işləmək, təhsil almaq, xüsusilə respublikamızın vətəndaşı olmaq istəyənlərin sayının ildən-ilə artdığı qeyd olunub.

Ardını oxu...

Azərbaycan nümayəndə heyəti 26-29 mart tarixlərində Avropa Şurasının Yerli və Regional Hakimiyyətlər Konqresinin 34-cü sessiyasında iştirak etmişdir.
“Yerli və regional səviyyədə hüquqlara əsaslanan idarəetmə” devizi altında keçən sessiyanın gündəliyində qitənin bir sıra üzv-dövlətlərində yerli və regional seçkilərin müşahidəsi, bəzi dövlətlərin öhdə­liklərinə əməl edilməsinə dair monitorinq missiyalarının hesabatları, regional referendumlar, demokratiyanın aləti kimi: gözləntilər və risklər, regional identiklik və milli dövlətlərin bütövlüyü, yerli və regional səviyyədə insan hüquqlarının müdafiəsi və bir sıra digər məsələlər müzakirə olunmuşdur. Sessiyanın işində Danimarkanın həmsədrliyi ilə bağlı hökumət üzvünün iştirakı ilə müzakirələr aparılmış, eyni zamanda AŞPA-nın sədri Mikele Nikoletin çıxış etmişdir.

Ardını oxu...

Dünən muxtar respublikaya gətirilmiş 1 kommunal təyinatlı avtomobilin, 60 iritutumlu və 60 kiçiktutumlu konteynerlərin təqdimatı olub.
Bu münasibətlə keçirilən tədbirdə Naxçıvan Muxtar Respublikasının maliyyə naziri Səbuhi Məmmədov çıxış edərək deyib ki, son illər muxtar respublikada həyata keçirilən tikinti-quruculuq tədbirlərinin həcmi xeyli genişləndirilib, yaşayış məntəqələri müasirliyə, gözəlliyə qovuşub. Bu gözəlliyin, abadlığın və səliqə-sahmanın qorunması qarşıda duran başlıca vəzifələrdəndir. Ona görə də muxtar respublikada kommunal xidmətlərin səviyyəsinin yaxşılaşdırılması istiqamətində ardıcıl tədbirlər görülür, yeni texnika və avtomobillər alınıb gətirilir.
Nazir kommunal xidmət müəssisələrinə yeni avtomobil və konteynerlərin təqdim olunmasını da bu istiqamətdə həyata keçirilən tədbirlərin tərkib hissəsi kimi ­dəyərləndirib, bu sahədə çalışan kollektivlərə işlərində uğurlar ­arzulayıb.
Babək rayon Nehrəm kənd bələdiyyəsinin sədri Tofiq Abutalıbov göstərilən diqqətə, yaradılan şəraitə görə minnətdarlıq edib.
Qeyd edək ki, 10 iritutumlu konteyner Naxçıvan Şəhər Sanitar-Təmizlik İdarəsinə, qalan 50 iritutumlu və 60 kiçiktutumlu konteynerlər isə digər rayonlara verilib. Əlavə olaraq 1 “Haller” markalı avtomobil Şərur Rayon Kommunal Müəssisələr Kombinatına təqdim olunub.

 Nail ƏSGƏROV

Ağac əkmək, ətraf mühitin yaşıl örtüyünü zənginləşdirmək, sağlam ekoloji mühit yaratmaq daim insanları düşündürən, onların diqqətini çəkən məsələlərdən biri olub. Bu məqsədlə martın 31-də muxtar respublikanın şəhər və rayonlarında keçirilən iməciliklər mütəşəkkilliyi ilə yadda qalıb.
Təşkilatçı qurumların əməkdaşlarının, ali və orta ixtisas məktəblərinin tələbələri, internet resursları və sosial şəbəkələr vasitəsilə könüllülük prinsipi əsasında qeydiyyatdan keçmiş gənclərin iştirakı ilə Naxçıvan şəhəri ətrafında, 1 hektarlıq ərazidə 31 mart 1918-ci il tarixdə azərbaycanlılara qarşı törədilmiş soyqırımı qurbanlarının xatirəsinə bağ salınıb. Bu məqsədlə görülən işlər çərçivəsində, bağın ərazisində 750-dək ting əkilərək suvarılıb. Bağın salınmasında 150-dək gənc iştirak edib. Bağ bundan sonra da davamlı olaraq diqqətdə saxlanılacaq və əkilmiş ağaclara müntəzəm qaydada aqrotexniki qulluq göstəriləcəkdir.
Naxçıvan şəhərinin sakinləri Dövlət Yol Polisi İdarəsinin yaxınlığındakı 3 hektar ərazidə 2200 meyvə tingi əkiblər.
Şərur rayonunda keçirilən iməciliklərdə də əhalinin mütəşəkkilliyi müşahidə edilib. Belə ki, ötən iməciliklərdə salınan “Gənclər bağı”na 80, Danyeri kəndindəki 3 hektarlıq bağa isə 1350 ədəd meyvə tingi, rayonun park və xiyabanlarına 2000 ədəd mövsümi gül kolu salınıb.

Ardını oxu...

Erməni millətçilərinin Azərbaycan xalqına qarşı ərazi iddialarının, təcavüzünün və soyqırımı siyasətinin iki yüz ildən artıq tarixi vardır. İki əsr ərzində Qafqazda azərbaycanlılara qarşı məqsədyönlü şəkildə həyata keçirilmiş etnik təmizləmə və soyqırımı siyasəti nəticəsində xalqımız ağır məhrumiyyətlərə məruz qalmışdır. Bu mənfur siyasətin məqsədi Azərbaycan torpaqlarının böyük bir qismini ələ keçirmək, azərbaycanlıları ata-baba torpaqlarından sıxışdırıb çıxarmaq, sonra həmin ərazilərdə “böyük Ermənistan” dövləti yaratmaqdı. 

Son iki əsrdə daşnakların həyata keçirdikləri soyqırımlarına ilk dəfə siyasi qiyməti ümummilli liderimiz Heydər Əliyev vermiş, 1998-ci il martın 26-da “Azərbaycanlıların soyqırımı haqqında” Fərman imzalamışdır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev isə 2018-ci il yanvarın 18-də 1918-ci ildə azərbaycanlıların məruz qaldıqları soyqırımının 100 illiyi ilə bağlı Sərəncam imzalamış, bununla bağlı tədbirlərin keçirilməsi qərara alınmışdır. Hər iki tarixi sənəd erməni millətçilərinin müxtəlif illərdə törətdikləri soyqırımların dünya ictimaiyyətinə çatdırılması baxımından mühüm əhəmiyyətə malikdir.

Ardını oxu...

Martın 30-da Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2018-ci il 31 yanvar tarixli Sərəncamı ilə təsdiq olunmuş Tədbirlər Planına əsasən “Azərbaycanlıların soyqırımı: səbəbləri, nəticələri və dərsləri” mövzusunda elmi konfrans keçirilmişdir. AMEA Naxçıvan Bölməsində keçirilən konfransı bölmənin sədri, akademik İsmayıl Hacı­yev açmışdır.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Humanitar siyasət məsələləri və ictimai təşkilatlarla iş şöbəsinin müdiri Rəhman Məmmədov çıxış edərək bildirmişdir ki, “Böyük Ermənistan” dövləti yaratmaq üçün hər cür vasitələrə əl atan erməni şovinistləri öz havadar­ları ilə birlikdə azərbaycanlılara qarşı terror, kütləvi qırğın, deportasiya və etnik təmizləmə həyata keçiriblər. 1918-ci il soyqırımı da erməni millətçilərinin və onların havadarlarının Azərbaycan xalqına qarşı apardıqları soyqırımı siyasətinin davamı, tarixdə erməni qəddarlığının daha bir təzahürüdür.
Vurğulanmışdır ki, erməni daşnaklarının soyqırımları Azərbaycan əhalisinin azadlıq əzmini və müqavimətini qıra bilməmiş, düşmənə layiqli cavab verilmişdir. Bu mübarizədə Naxçıvanın özünümüdafiə dəstələri də əsl vətənpərvər kimi döyüşmüş, Naxçıvanın işğal olunmasına imkan verməmişlər.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti 2018-ci ilin mart ayında bir sıra qərarlar qəbul etmişdir.
Belə ki, Nazirlər Kabinetinin 2018-ci il 15 mart tarixli qərarları ilə Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti, Naxçıvan Muxtar Respublikasının Həmkarlar İttifaqları Şurası və Naxçıvan Muxtar Respublikasının Sahibkarlar Konfederasiyası arasında 2018-2019-cu illər üçün Baş Kollektiv Saziş bağlanmış, Naxçıvan Muxtar Respublikasında bilik və bacarıqlarının qiymətləndirilməsi aparılmış dövlət ilk peşə-­ixtisas təhsili müəssisələrində idarəetmə, təhsil və təlim fəaliyyəti ilə məşğul olan işçilərin aylıq vəzifə maaşları sxemi və məbləğləri, “Naxçıvan Muxtar Respublikasında müəssisə və təşkilatların, habelə sahibkar­lıqla məşğul olan fiziki şəxslərin iş xüsusiyyətlərinə uyğun olaraq ciddi hesabat blanklarının tərtibi və tətbiqi Qaydaları” təsdiq edilmişdir. Müvafiq Qaydalara görə ciddi hesabat blankları təşkilati-hüquqi formasından asılı olmayaraq, təşkilatların və fərdi sahibkarların maliyyə-təsərrüfat fəaliyyətində əmtəə-pul dövriyyəsini əks etdirən, forma və rekvizitləri müəyyən olunmuş qaydada təsdiq edilən, xüsusi seriya və nömrəsi olan ilkin uçot sənədidir. Ciddi hesabat blanklarının istifadəsinə nəzarət öz səlahiyyətləri çərçivəsində Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyi və Naxçıvan Muxtar Respublikasının Vergilər Nazirliyi tərəfindən həyata keçirilir.

Ardını oxu...

Martın 30-da Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən seçki dairələrinin veb-kameralar quraşdırılmış seçki məntəqələrinin məntəqə seçki komissiyalarının sədr və katibləri, həmçinin seçkilərə 5 gün qalmış yaradılması nəzərdə tutulan qapalı seçki məntəqələrinin sədrləri ilə seminar-treninq keçirilib.
Seminarı giriş sözü ilə açan Mərkəzi Seçki Komissiyasının sədri Məhərrəm Qasımov bu il aprelin 11-də keçiriləcək Azərbaycan Respublikası Prezidentinin seçkilərinə hazırlıqla əlaqədar görülən işlərdən danışıb.
Daha sonra muxtar respublikada fəaliyyət göstərən dairə seçki komissiyalarının sədrləri seçki dairələri üzrə seçki məntəqələrinin sayı, seçicilərin ümumi sayı, mülki və qapalı seçki məntəqələrində səs verəcək hərbi qulluqçular barədə məlumat veriblər.
Məhərrəm Qasımov çıxışında bildirib ki, seçkilərin keçirilməsində şəffaflıq ən mühüm prinsiplərdən biridir. Bu məqsədlə ölkəmizdə bütün digər vasitələrlə yanaşı, informasiya-kommunikasiya texnologiyaları sahəsində əldə olunmuş nailiyyətlərdən də geniş istifadə olunur ki, bu da seçki prosesini əvvəldən axıradək izləməyə, geniş və hərtərəfli müşahidə aparmağa və beləliklə, aşkarlığın daha dolğun təminatına şərait yaradır. Səsvermə günü istənilən internet istifadəçisi Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının rəsmi saytına daxil olmaqla, səsvermənin gedişini canlı izləyə bilər. Ümumiyyətlə, seçki məntəqələrində veb-­kameraların quraşdırılması Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının “Seçki məntəqələrində veb-kameraların quraşdırılması və istifadəsinə dair Qaydalar”a uyğun olaraq təşkil edilmişdir.

Ardını oxu...

  Şahbuz rayonundakı “Araz” kinoteatrında rayon Gənclər və İdman İdarəsi, Yeni Azərbaycan Partiyası Şahbuz Rayon Təşkilatı Gənclər Birliyi, Mədəniyyət və Turizm Şöbəsinin birgə təşkilatçılığı ilə 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı tədbir keçirilib.

Gənclərin iştirakı ilə keçirilən tədbirdə rayon Gənclər və İdman İdarəsinin rəisi vəzifəsini icra edən İdris Qəhrəmanov, Yeni Azərbaycan Partiyası Şahbuz Rayon Təşkilatı Gənclər Birliyinin sədri Vüqar Muradov çıxış edərək erməni vandallarının xalqımıza qarşı törətdikləri ən dəhşətli faciələrdən olan 31 mart soyqırımı barədə danışıblar.
Çıxışlardan sonra məktəblilər soyqırımı ilə bağlı şeirlər söyləyiblər. Sonda ermənilərin Naxçıvanda törətdikləri vəhşiliklərdən bəhs edən “Soyqırımı” sənədli filmi nümayiş olunub. Tədbirdə 150 nəfərə yaxın gənc iştirak edib.

Ceyhun MƏMMƏDOV

Yeni Azərbaycan Partiyası Şərur Rayon Təşkilatının Tənənəm kəndində keçirdiyi tədbirdə əvvəlcə soyqırımı qurbanlarının xatirəsi yad edilib. Sonra təşkilatın sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Əmir Babayev məruzə edərək bildirib ki, tarixin müəyyən mərhələlərində ermənilər tərəfindən Azərbaycan xalqına qarşı soyqırımı cinayətləri törədilib. 1918-ci ilin mart soyqırımı xalqımız üçün ən faciəli səhifələrdən biri olub. Təkcə 1905-1907-ci illərdə və 1918-1920-ci illərdə bir milyondan çox azərbaycanlı qətlə yetirilib.
Vurğulanıb ki, ötən əsrin 90-cı illərində ermənilər yaranmış vəziyyətdən istifadə edərək Azərbaycana qarşı növbəti ərazi iddialarını genişləndiriblər. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalı faciəsi törədilib, Dağlıq Qarabağ və ona bitişik rayonlar işğal edilib. Bu gün ermənilər əzəli Azərbaycan torpaqlarını hələ də işğal altında saxlayırlar.
Yeni Azərbaycan Partiyası Şərur Rayon Təşkilatının sədri qeyd edib ki, bu vəhşilik və vandalizm hadisələri uzun illər hüquqi-siyasi qiymətini almayıb. Bu mənada, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 1998-ci il 26 mart tarixdə imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” Fərmanı xalqımıza qarşı erməni vandalizminin ifşa olunması, soyqırımı faktlarının dünya ictimaiyyətinə çatdırılması, 31 mart hadisələrinə siyasi-hüquqi qiymət verilməsi baxımından mühüm tarixi sənəddir.

Ardını oxu...

Yeni Azərbaycan Partiyası Naxçıvan Şəhər Təşkilatı martın 29-da “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi” mövzusunda elmi-praktik konfrans keçirib.
Yeni Azərbaycan Partiyası Naxçıvan Şəhər Təşkilatının sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı, dosent Elman Cəfərli konfransı giriş sözü ilə açaraq “Ümummilli lider Heydər Əliyevin azərbaycanlıların soyqırımı və deportasiyasına dair fərmanlarının, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” Sərəncamının tarixi-siyasi əhəmiyyəti haqqında” çıxış edib. Qeyd olunub ki, adıçəkilən fərmanlar on illər ərzində geniş xalq kütlələrindən gizli saxlanılmış soyqırımı və deportasiya həqiqətlərinin araşdırılıb üzə çıxarılmasında, xalqımıza qarşı erməni cinayətlərinin aşkarlanmasında həll­edici əhəmiyyətə malik olub. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 18 yanvar tarixli Sərəncamı ilə azərbaycanlıların soyqırımının 100 illiyinin qeyd edilməsi isə yalnız ölkə ictimaiyyətinin deyil, bütövlükdə, dünyanın diqqətinin soyqırımla bağlı əsl həqiqətlərə yönəldilməsi baxımından böyük əhəmiyyət daşıyır.

Ardını oxu...

29 mart 2018-ci il tarixdən etibarən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın Test mərkəzində Naxçıvan Muxtar Respublikasının Dövlət Gömrük xidmətində vakant vəzifələrin tutulması üçün 25 yanvar 2018-ci il tarixdə elan olunmuş müsabiqənin test imtahanları keçirilir.
Müsabiqəyə çıxarılan vakant vəzifələrin tutulması üçün 117 namizəd sənəd təqdim edib. Test imtahanlarında keçid balını toplamış şəxslər müsahibə mərhələsində iştirak etmək hüququ qazanacaqdır. İmtahanda namizədlərə qanunvericilik üzrə 80, informasiya texnologiyaları üzrə 10, məntiqi təfəkkürün yoxlanılması üzrə 10 sual olmaqla, ümumilikdə, 100 sual təqdim edilib, sualları cavablandırmaq üçün namizədlərə 2 saat vaxt verilib. Test imtahanında obyektivliyin və şəffaflığın tam təmin edilməsi məqsədilə imtahanın videoçəkilişi aparılıb. İmtahan bitdikdən sonra namizədlərə cavab kartı və test imtahanının nəticəsinə dair arayış təqdim edilib. İmtahanda Naxçıvan Muxtar Respublikasının Dövlət Gömrük Komitəsinin əməkdaşları müşahidəçi kimi iştirak ediblər.
Nəticələr komissiyanın rəsmi internet səhifəsində (www.dqmk.nmr.az) yerləşdirilib. Test imtahanları 30 mart 2018-ci il tarixədək davam edəcəkdir.

Xəbərlər şöbəsi

Qədim tarixi, zəngin mədəniyyəti və müasir inkişafı Naxçıvan Muxtar Respublikasının turizm potensialını ilbəil artırır. Hər il yüz minlərlə turist muxtar respublikaya səfər edir, bu qədim diyarın tarixi-mədəni irsi ilə tanış olurlar. Min illərlə yaşı olan tarixi abidələr – türbələr, qalalar, qədim yaşayış məskənləri turistlərdə, xüsusilə xarici ölkə vətəndaşlarında böyük maraq doğurur. Onlar ölkələrinə qayıtdıqdan sonra nüfuzlu mətbuat orqanlarında, sosial şəbəkələrdə Naxçıvanla bağlı fotoşəkillər paylaşır, öz təəssüratlarını bölüşürlər. Belə materiallardan ikisi ilə sizi tanış edirik.

Fotoqraf Sitarə İbrahimova: Gözlərinizi Azərbaycanın
“Maçu Piçu”suna yönəldin

Bu ilin yanvar ayında fotoqraf Sitarə İbrahimova Naxçıvan Muxtar Respublikasına səfər etmişdir. Naxçıvandan böyük təəssüratla qayıdan Sitarə İbrahimova Böyük Britaniyada fəaliyyət göstərən məşhur “Calvert Journal” elektron nəşrinin “İnstagram” səhifəsində Əlincə­qalanın şəklini yerləşdirərək yazmışdır: “Gözlərinizi Azərbaycanın “Maçu Piçu”suna yönəldin. Tarixi Əlincəqala Azərbaycanın ayrılmaz hissəsi olan Naxçıvan Muxtar Respublikasındakı dağın zirvəsində yerləşir. Bu ərazi Şərqdə ilk sivilizasiyanın beşiyi hesab olunur”.

Ardını oxu...

Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu hazırlığı kursunun növbəti buraxılış mərasimində əvvəlcə döyüş bayrağı sıra meydanına gətirilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Tədbirdə çıxış edənlər kursu başa vuran gənclərə xidmətlərində uğurlar arzulayıblar. Məzunlar adından söz verilib ki, ən çətin döyüş tapşırıqlarını vaxtında və dəqiq yerinə yetirəcəklər.
Sonra Əlahiddə Ümumqoşun Ordu komandanı, general-leytenant Kərəm Mustafayevin təbriki şəxsi heyətə çatdırılıb. Təbrik oxunduqdan sonra kursu bitirən məzunlara sertifikatlar təqdim edilib.
Kurs birincisi tərəfindən yaş kötüyünə buraxılış emblemi vurulub. Kursu müvəffəqiyyətlə bitirərək yeni xidmət yerlərinə yollanacaq məzunların tribunanın önündən təntənəli keçidi olub.

Nəriman NƏCƏFOV

AMЕA Naxçıvan Bölməsinin Elektron kitabxanasında 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar sərgi təşkil olunub.
Sərgidə Azərbaycan torpaqlarında əsrlər boyu ermənilər tərəfindən törədilən soyqırımlar və onun qurbanlarının faciəvi qətlini əks etdirən sənəd və materiallar, habelə ərazi bütövlüyü və müstəqilliyimiz uğrunda Vətən övladlarının göstərdikləri qəhrəmanlıqlardan bəhs edən toplu, qəzet və jurnal məqalələri nümayiş etdirilir.
Sərgilənən materiallar arasında akademiklər – Cəlal Əliyev və Budaq ­Budaqovun “Tarixi həqiqətin soyqırımı”, akademik İsmayıl Hacıyevin “Ermənilərin Azərbaycana qarşı ərazi iddiaları və qanlı cinayətləri”, Yusif Ağayev və Səbuhi Əhmədovun “İstiqlal yürüşü-1918”, Elman Cəfərlinin “Naxçıvanda erməni-Azərbaycan münaqişəsi”, Fazil Qaraoğlunun “Ermənilər və həqiqətlər: rəsmi sənədlərlə”, Mustafa Görüryılmazın “Türk Qafqaz İslam ordusu və ermənilər (1918)”, eyni zamanda “Erməni xəyanəti: terror, soyqırımı və deportasiya siyasəti”, “Erməni daşnak faşizmi və Azərbaycan”, “Qarabağ həqiqətləri”, “Dünyanın mənfur milləti: erməni”və digər bu qəbildən olan kitablar özünə yer alıb.

AMEA Naxçıvan Bölməsinin
İnformasiya şöbəsi

Məlum olduğu kimi, Naxçıvan şəhərinin ölkəmizin Gənclər Paytaxtı seçilməsi ilə bağlı hazırlanan tədbirlər planına əsasən həyata keçirilən layihələrdən biri də hər bölgədə yeni “Gənclər bağı”nın salınmasıdır. Ötən həftəsonu bu tədbir muxtar respublikanın bütün rayonlarında mütəşəkkilliklə həyata keçirilib. 

Bu xeyirxah təşəbbüsə qoşulan 200 nəfərdən çox şərurlu gəncin iştirakı ilə rayonun Aşağı Daşarx kəndinin ərazisində 0,5 hektar sahədə “Gənclər bağı” salınıb. Bağda 225 müxtəlif meyvə tingi basdırılıb.
Babək rayonunun gəncləri də bu təşəbbüsə qoşulublar. Onlar rayon mərkəzindəki 1 hektarlıq ərazidə “Gənclər bağı” salıblar. Keçirilən iməcilikdə 150-yə yaxın gənc iştirak edib. Bağda 700 müxtəlif meyvə ağacı əkilib.
Ordubad rayonunda da gənclər Əylis düzü ərazisində iməciliyə çıxaraq təbiətin zənginləşdirilməsinə töhfələrini veriblər. Onlar bir hektar sahəyə yerli sortlardan ibarət 500 ədəd ərik ağacı əkərək “Gənclər bağı”salıblar.
Culfa rayonunda bayram əhval-ruhiyyəsi ilə keçirilən iməcilikdə yüzdən çox gənc Culfa Şəhər Su Anbarının ətrafında yaşıllaşdırma tədbirləri həyata keçirib, ərazidə “Gənclər bağı” salıblar. Həmin gün ərazidə 400 meyvə ağacı, 200-dən çox qızılgül kolu əkilib.

Ardını oxu...

31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar Naxçıvan şəhərindəki “Gənclik” Mərkəzində gənclərə vətənpərvərlik mövzusunda olan “Qarabağa doğru” filmi nümayiş etdirilib.
Film aprel döyüşlərində qəhrəmancasına şəhidlik zirvəsinə ucalmış kapitan Mühüd Oru­covun, baş leytenant Elvin Namazovun və əsgər Orxan Əliyevin xatirələrinə həsr olunub. Film Qazax rayonunun Fərəhli, Yuxarı Salahlı və Aslanbəyli kəndlərində, eləcə də “N” hərbi hissədə və Daş Salahlı kəndi ərazisində yerləşən meşəlikdə çəkilib.
Ümumilikdə, filmə ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri və Heydər Əliyev adına Hərbi Liseyin kursantları da daxil olmaqla, 410 gənc baxıb.
Film Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi, Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatı Heydər Əliyev adına Gənclər Birliyinin təşkilatçılığı ilə nümayiş etdirilib.

Ceyhun Məmmədov

Şərur rayonu

Mart ayının 19-da Şərur şəhərinin Heydər Əliyev prospektindəki geniş meydanda “Xonçalı Novruz gəlir” adlı ümumrayon bayram şənliyi keçirilib. 

Yazın gəlişini, Novruzu təmsil edən müxtəlif şüar və plakatlarla bəzədilmiş meydanda rayon Mədəniyyət və Turizm Şöbəsi musiqi və teatr kollektivlərinin hazırladıqları əyləncəli, rəngarəng proqramlar bayram şənliyinə toplaşanların alqışları ilə qarşılanıb. Tonqal ətrafında rəqs edənlərin, yallı gedənlərin, halay tutanların çıxışları, əllərində Baharın rəmzi olan səməni gəzdirən qızların meydan boyu rəqsləri, Keçəl və Kosanın Novruz əhval-ruhiyyəli məzəli hərəkətləri və zarafatları hər kəsin diqqətini çəkib. Tamaşaçılar bəzədilmiş faytonla meydana daxil olan Bahar qızı alqışlarla qarşılayıblar.
“Arpaçay” instrumental ansamblının müşayiəti ilə müğənnilərdən Cabbar Əliyev, Fərman Allahverdiyev, Həqiqət Mehdiyeva, Coşqun Hüseynov, Samir Quliyev və başqaları Novruzu, baharı vəsf edən nəğmələr və xalq mahnıları ifa ediblər. Ələkli və Yuxarı Daşarx kənd­lərindəki uşaq musiqi məktəblərinin sazçalanlar ansamblları aşıq mahnıları ifa edib, qara zurnanın səsi ətrafa yayılıb. Doğma Azərbaycanımızı beynəlxalq xalq yaradıcılığı festivallarında məharətlə təmsil edən və Vətənə həmişə yüksək mükafatlarla dönən yallı kollektivlərinin birləşmiş rəqsləri şənliyi daha da rövnəqləndirib. Meydana daxil olan Bahar qız tədbir iştirakçılarını salamlayıb.

Ardını oxu...

Naxçıvan şəhərinin 2018-ci ildə ölkəmizdə Gənclər Paytaxtı seçilməsi ilə əlaqədar olaraq Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tapşırığına əsasən muxtar respublikanın Gənclər və İdman Nazirliyi, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənclər Fondunun və Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatı Heydər Əliyev ­adına Gənclər Birliyinin birgə təşkilatçılığı ilə Naxçıvan şəhəri ətrafında, 1 hektarlıq ərazidə “Gənclər bağı” salınıb. Bağın salınmasında Gənclər və İdman Nazirliyi və nazirliyin strukturuna daxil olan qurumların əməkdaşları ilə yanaşı, ali və orta ixtisas məktəblərinin tələbələri internet resursları və sosial şəbəkələr vasitəsilə könüllülük prinsipi əsasında qeydiyyatdan keçmiş 200 nəfərədək gənc də iştirak edib.
Daha sonra ekoloji aksiyaya start verilib, 750 ədəd müxtəlif meyvə növlərinə məxsus tinglər müvafiq qaydada əkilərək suvarılıb və gübrələnib. Əkilmiş ağaclara bundan sonra da müntəzəm qaydada qulluq göstəriləcəkdir.

 Ceyhun MƏMMƏDOV

(əvvəli qəzetin 16, 17 mart 2018-ci il tarixli saylarında)

Müstəqillik illərində muxtar respublikada bütün sahələr öz dinamik yüksəlişi ilə diqqəti cəlb edir. Belə sahələrdən biri də səhiyyə sistemidir. Səhiyyə sisteminin yenidən qurulmasını, əhalinin sağlamlığının daha yaxşı təşkilini, bu sahədə yeni texnologiyaların tətbiqini və kadr potensialının hazırlanmasını özündə əks etdirən dövlət proqramları muxtar respublikada uğurla həyata keçirilir. Səhiyyənin inkişafı, insanların sağlamlığının qorunması, ilk növbədə, müasir tələblərə cavab verən, lazımi maddi-texniki imkanları və ixtisaslı həkimləri olan səhiyyə müəssisələrinin olması ilə bağlıdır.

Muxtar respublikada bu istiqamətdə ardıcıl tədbirlər görülmüş, müasir tibb mərkəzləri, xəstəxanalar, ambulatoriyalar, dispanserlər, feldşer-mama məntəqələri və digər xarakterli səhiyyə müəssisələri tikilmiş, yaxud yenidən qurulmuş və təmir olunmuşdur. 1995-2017-ci illərdə muxtar respublikada 232 səhiyyə obyekti tikilərək, yaxud yenidən qurularaq istifadəyə verilmişdir. Bu illərdə Naxçıvan Muxtar Respublikasında Duzdağ Fizioterapiya Mərkəzi, Doğum Mərkəzi, Diaqnostika­-Müalicə Mərkəzi, Onkoloji Mərkəz, Əlillərin Bərpa Mərkəzi, Uşaq Bərpa Mərkəzi, Kardioloji Mərkəz, Yoluxucu Xəstəliklər Mərkəzi, Şərur, Babək, Ordubad, Culfa, Şahbuz, Kəngərli və Sədərək rayon mərkəzi xəstəxanaları, Əziz Əliyev adına Naxçıvan Muxtar Respublikası Mərkəzi Uşaq Xəstəxanası, Akademik Zərifə Əliyeva adına Naxçıvan şəhər poliklinikasının və ümumilikdə, 180 səhiyyə obyektinin tikintisi, 52 səhiyyə obyektinin isə yenidən qurulması və ya əsaslı təmiri başa çatdırılmışdır.

Ardını oxu...

Gömrük orqanları tərəfindən mart ayının 16-da növbəti məhvetmə tədbiri keçirilib. Kütləvi informasiya vasitələri nümayəndələrinin iştirakı ilə yandırılaraq məhv edilən mallar, əsasən, köhnə, işlənmiş ev əşyalarından, müxtəlif avadanlıq və ləvazimatlardan, pirotexniki vasitələrdən, saxta pullardan ibarət olub. 9 adda 17 ədəd mebel əşyası, 8 adda 15 ədəd mətbəx və kompüter avadanlığı, 6 adda 10 ədəd müxtəlif ev əşyası, 5 adda 41 ədəd təsərrüfat malı və digər avadanlıqlar, 5 ədəd qaz sobası müvafiq müşayiət sənədləri olmadığı və standartlara cavab vermədiyi üçün saxlanılıb. Xaricdən ayrı-ayrı vətəndaşlar tərəfindən gətirilən köhnə, işlənmiş mallar arasında avtomobil şinləri, ehtiyat hissələr, velosipedlər və sair də olub.
Xaricdən gətirilən mənşəyi bilinməyən, gigiyenik cəhətdən təhlükəli ola biləcək köhnə, işlənmiş əşyalar, xüsusən də geyimlər bu baxımdan xüsusi riskli mallar sırasındadır. Ayrı-ayrı şəxslərin gətirdiyi ümumi çəkisi 400 kiloqramdan artıq geyim əşyası da bu səbəbdən saxlanılıb və məhvinə qərar verilib.

Ardını oxu...

(əvvəli qəzetin 16 mart 2018-ci il tarixli sayında)

Son illərdə yeni və müasir bir Naxçıvan qurulmuş, quruculuq və abadlıq işləri muxtar respublikanın paytaxtı ilə yanaşı, ən ucqar kənd­lərini də əhatə etmişdir.

Naxçıvan Muxtar Respublikasında tikinti-quruculuq və abadlıq işləri sənaye sahəsindən sonra inkişaf proqramının əhəmiyyətini əks etdirən mühüm göstəricilərdən biridir. 2000-2005-ci illər muxtar respublikanın tikinti həyatında bənzərsiz binaların, sosial və ictimai obyektlərin, elm, təhsil və mədəniyyət müəssisələrinin tikilməsi, yenidən qurulması və təmiri kimi xarakterizə edilir. 2006-2010-cu illərdə isə muxtar respublika böyük tikinti meydanına çevrilmişdir. Belə ki, 2006-cı ildə 757 obyekt, 2007-ci ildə isə 669 müxtəlif xarakterli obyektlər tikilib, yaxud əsaslı təmir və yenidən­qurmadan sonra istifadəyə verilib. 1996-2010-cu illərdə 52 kənd, 3 qəsəbə mərkəzi tikilmişdir. Muxtar respublikada kənd və xidmət mərkəzlərinin tikintisinə diqqət artırılmış, 2011-ci ildə 15, 2012-ci ildə 14, 2013-cü ildə 20, 2014-cü ildə 8, 2015-ci ildə 9 kənd mərkəzi tikilmişdir. 2011-2015-ci illərdə 64 xidmət mərkəzi kənd və qəsəbə sakinlərinin ixtiyarına verilmişdir.

Ardını oxu...

Novruz bayramı münasibətilə Naxçıvan Muxtar Respublikasının hər yerində, eləcə də Əlahiddə Ümumqoşun Ordunun ayrı-ayrı bölmələrində silsilə tədbirlər keçirilir.
Bu tədbirlərin davamı olaraq qarlı dağların zirvəsində, düşmənlə ön xətdə yerləşən “N” hərbi hissədə Novruz şənliyi təşkil edilib.
Əvvəlcə əsgərlər bayram tonqalını alovlandırıblar. Tədbirdə Əlahiddə Ümumqoşun Ordunun zabiti, polkovnik Mirqiyas Rüstəmov çıxışında bildirib ki, Azərbaycan xalqı qədim zamanlardan yazın gəlişini, təbiətin oyanmasını bayram kimi qeyd edir. Hərbi hissənin şəxsi heyətini Novruz bayramı münasibətilə təbrik edən Mirqiyas Rüstəmov vurğulayıb ki, xalqımız Novruzu bolluq, bərəkət, firavanlıq rəmzi hesab edir. Min illər bundan əvvəl yaranmış, mənəvi dəyərlərimizin təcəssümü olan Novruz bayramı bu gün daha yüksək əhval-ruhiyyə ilə qeyd olunur.
Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrının aktyoru, Azərbaycan Respublikasının Xalq artisti Həsən Ağasoy çıxış edərək əsgərləri bayram münasibətilə təbrik edib, onlara uğurlar arzulayıb, tezliklə Novruz tonqallarının işğaldan azad edilmiş torpaqlarımızda qalanmasını diləyib.
Sonra tədbir hərbi hissənin qonaqları və əsgərlərin iştirakı ilə bayram süfrəsi arxasında davam etdirilib. Naxçıvan Dövlət Filarmoniyasının Mahnı və Rəqs Ansamblının bir-birindən maraqlı, rəngarəng musiqi və rəqs nömrələri bayram tədbirinə xüsusi ab-hava qatıb.

Muxtar RZAZADƏ

Əminliklə söyləyə bilərik ki, bu gün Azərbaycan inkişaf və tərəqqi dövrünü yaşayır, böyük uğurlara imza atır. Həyata keçirilən kompleks islahatlar, geniş quruculuq işləri və yaradılan güclü iqtisadiyyat ölkəmizin əsas göstəriciləridir. Bu barədə regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı dövlət proqramının icrasının dördüncü ilinin yekunlarına həsr olunan konfransda ölkə Prezidenti cənab İlham Əliyev demişdir: “Ölkəmiz bütün sahələrdə böyük uğurlara imza atmışdır. Bütün beynəlxalq mötəbər qurumların reytinqlərində Azərbaycan qabaqcıl yerlərdədir. Bu gün inkişaf parametrlərinə və vətəndaş həmrəyliyinə görə Azərbaycan dünyada nümunəvi ölkələrdən biridir”.

Qeyd etməliyik ki, bu möhtəşəm uğurların arxasında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin düşünülmüş siyasəti, gərgin və yorulmaz fəaliyyəti, xalq-iqtidar birliyi dayanır. Regionların sosial-iqtisadi inkişafı ilə bağlı mərhələli proqramların qəbul və icra olunması hər bir bölgənin tarazlı inkişafını təmin edib. Bölgələrin inkişafında Naxçıvan Muxtar Respublikası bütün parametrlər üzrə diqqəti cəlb edir. Naxçıvan diyarı ölkəmiz üçün həmişə strateji əhəmiyyətli bir bölgə olub. Ümummilli liderimiz Heydər Əliyevin düşünülmüş və uzaqgörən siyasətində də bu amil həmişə üstün yer tutub. Bəlkə də, bu mənada, müdrik insan, unudulmaz dahi ­rəhbər, siyasi fəaliyyətinin ayrı-ayrı dövrlərində bu diyarın möhkəmlənməsinə və inkişafına xüsusi diqqət və qayğı göstərib.

Ardını oxu...

11 aprel 2018-ci ildə keçiriləcək Azərbaycan Respublikası Prezidenti seçkilərinə hazırlıqla əlaqədar olaraq məntəqə seçki komissiyalarının üzvləri üçün təşkil edilən növbəti seminar-treninq ­ 5 saylı Şahbuz-Babək Dairə Seçki Komissiyasının iclas zalında ­keçirilib. 

Tədbiri giriş sözü ilə açan komissiyanın sədri Taməddin Hüseynov seçki məntəqələrinin səsverməyə hazırlanması barədə danışıb. O, seçki məntəqələrində səsvermə kabinələrinin təşkili, yerləşdirilməsi zəruri olan sənədlər və avadanlıqlar haqqında məlumat verib, seçki prosesinin şəffaflığını, seçicilərin səsvermədə mütəşəkkil şəkildə iştirakını təmin etmək üçün qarşıda duran vəzifələrdən bəhs edib. Çıxışda beynəlxalq müşahidəçilərin, qeydə alınmış namizədlərin, onların səlahiyyətli nümayəndələrinin və vəkil edilmiş şəxslərinin, siyasi partiyaların, siyasi partiyalar bloklarının səlahiyyətli nümayəndələrinin, vəkil edilmiş şəxslərinin və KİV nümayəndələrinin seçki prosesini müşahidə etmələrinin təmin olunacağı da vurğulanıb. Taməddin Hüseynov səsvermə günü səsvermə otağında kimlərin ola biləcəyi və zəruri hallarda seçki məntəqəsinə kimlərin dəvət oluna biləcəyi barədə də ətraflı məlumat verib.

Ardını oxu...

Azərbaycan Prezidenti cənab ­İlham Əliyevin tapşırığına əsasən respublikamızın şəhər və rayonlarının məktəbliləri üçün “Ölkəmizi tanıyaq” devizi ilə keçirilən maarif­ləndirici tur-aksiyalara martın ­ 15-də Naxçıvan şəhərində də start verilib.
Tur-aksiya çərçivəsində Naxçıvan şəhərində keçirilən sınaq imtahanlarında yüksək nəticə əldə edən 160 şagird 20 bələdçi-müəllimin müşayiəti ilə Naxçıvan Beynəlxalq Hava Limanından Bakı şəhərinə yola düşüb. Məktəblilər Bakı şəhərində Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edəcək, Heydər Əliyev Mərkəzi ilə yanaşı, əhəmiyyətli mədəni-tarixi yerlərlə də tanış olacaqlar.
Bakı şəhərinə yola düşən tur-­aksiya iştirakçısı, Naxçıvan şəhər 2 nömrəli məktəbin 11-ci sinif şagirdi Murad Quluzadə ilə söhbətimizdə bildirdi ki, bu cür tur-aksiyaların keçirilməsi, ümumilikdə, ölkəmizin tarixinin, mədəniyyətinin, adət-ənənələrinin öyrənilməsinə geniş şərait yaradır. Bakıya səfəri zamanı paytaxtımızın inkişafının canlı şahidi olacağını qeyd edən Murad Quluzadə deyib: “Dövlətimizin başçısının tövsiyəsi ilə reallaşan bu layihə sayəsində biz şagirdlər ölkəmizi daha yaxından tanıyacağıq. Bizə bu şəraiti yaratdığına görə Prezidentimizə minnətdarlığımı bildirirəm”.
Naxçıvan şəhər 12 nömrəli məktəbin 11-ci sinif şagirdi Oruc Əliyev deyib: “Ölkəmizi tanıyaq” tur-aksiyası biz məktəblilərin dünyagörüşünün zənginləşməsinə böyük təsir göstərəcək. Tur-aksiya ərzində bu günədək görmədiyimiz tarixi yerlərlə tanış olmaq imkanı qazanacaq, paytaxtımız Bakı şəhərini yaxından tanıyacaq, yeni məlumatlar əldə edəcəyik”.

Xəbərlər şöbəsi

Ötən əsrin 20-ci illərində Rusiyada siyasi hakimiyyət hələ möhkəmlənməmişdi. Ölkədə vətəndaş müharibəsi və xarici hərbi müdaxilə baş verir, imperialist dövlətləri bolşevik hakimiyyətinə qarşı müxtəlif təxribatlar törədirdi. Bu fikirləri eyni ilə Türkiyəyə də aid etmək olar. Osmanlı imperiyası süqut etmiş, Mustafa Kamal Paşa Türkiyəni xilas etmək üçün mübarizəyə başlamışdı. Belə bir şəraitdə Rusiya-Türkiyə yaxınlaşması tarixi proseslərin nəticəsi olaraq ortaya çıxdı. Sоn nəticədə, bu dövlətlər arasında müəyyən müqavilələr imzalandı. Əslində, bir sıra dövlətlər Türkiyə-Rusiya yaxınlaşmasını istəmirdilər. Çünki Birinci Dünya müharibəsində qalib gəlmiş böyük dövlətlər bir tərəfdən Türkiyəni məğlub еdib özlərindən asılı vəziyyətə salmaq, digər tərəfdən isə Rusiyada bоlşеvik hökumətini dеvirmək, Azərbaycanda hakimiyyətə gəlmiş bоlşеvik hökuməti ilə yaxınlaşmasına yоl vеrməməyə çalışırdılar.

Həmin dövrdə Rusiyanın, İngiltərənin və ABŞ-ın Cənubi Qafqazda öz geosiyasi maraqlarını həyata keçirməsində başlıca rol oynayan amillərdən biri də məhz ermənilər idi. Qeyd etmək lazımdır ki, ermənilər bu dövlətlərin geosiyasi maraqlarının icrasına çevrilsələr də, öz növbəsində, dünyanın bu böyük güclərindən gələcəkdə qurulması planlaşdırılan “Ermənistan dövləti” üçün öhdəliklər tələb etmişdilər. Yəni böyük güclərlə ermənilər arasındakı əlaqələrə bir növ “qarşılıqlı istifadə və faydalanma” münasibətləri çərçivəsində yanaşılmalıdır. Müxtəlif dövrlərdə ermənilərdən faydalanaraq qarşılıqlı əməkdaşlıq çərçivəsində formalaşan böyük güclərin siyasətləri Qafqazdakı Azərbaycan türkləri, o cümlədən naxçıvanlılar üçün fəlakət mənbəyi olaraq ortaya çıxmış və minlərlə azərbaycanlının ermənilər tərəfindən soyqırımına məruz qalmalarına səbəb olmuşdur. Hətta Naxçıvanı bu dövlətlərin təhriki və dəstəyi ilə ermənilərə peşkəş etmək istəmişlər. Lakin naxçıvanlıların inadlı müqaviməti, görkəmli siyasi xadimlərin müdrik siyasəti Naxçıvanın ermənilərə verilməsinin qarşısını almışdır.

Ardını oxu...

Martın 15-də “Ölkəmizi tanıyaq” devizi ilə keçirilən maarifləndirici tur-aksiya çərçivəsində Bakı şəhərinin Xətai, Səbail, Yasamal, Nəsimi, Binəqədi və Qaradağ rayonlarından olan 162 məktəbli 18 bələdçi-müəllimin müşayiəti ilə Naxçıvan Muxtar Respublikasına gəlib.
Məktəblilər əvvəlcə ümummilli lider Heydər Əliyevin Naxçıvan şəhərinin baş meydanında əzəmətlə ucalan abidəsini ziyarət ediblər.
Sonra şagirdlər Heydər Əliyev Muzeyinə gələrək buradakı eksponatlarla tanış olublar. Məlumat verilib ki, bu gün muzeyin fondunda ulu öndərin həyat və fəaliyyətini əks etdirən 4600-dən çox eksponat toplanıb. Muzey Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 1999-cu il fevralın 18-də imzaladığı Sərəncam əsasında yaradılıb və 1999-cu il mayın 10-da fəaliyyətə başlayıb.
Muzeydə ümummilli liderimiz Heydər Əliyevin uşaqlıq və gənclik illərinə həsr olunmuş stendlər, onun Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri işlədiyi dövrə aid (1991-1993) şəxsi sənəd və materiallar, imzaladığı sərəncamlar, qərarlar, Türkiyə Cümhuriyyəti və İran İslam Respublikası ilə əməkdaşlıq sahəsində imzaladığı müqavilələrin surətləri, həmin illərdə Azərbaycan Respublikasının müxtəlif bölgələrində yaşayan vətəndaşların müraciətləri toplanıb. Muzeyin kitabxanasında ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən jurnal, albom və kitablar saxlanılır.

Ardını oxu...

Martın 14-də İran İslam Respublikasının Azərbaycandakı səfirliyinin hərbi attaşesi Əli Seyf Naxçıvan Muxtar Respublikasına səfərə gəlmişdir. Səfər çərçivəsində qonaq martın 15-də əvvəlcə ulu öndər Heydər Əliyevin Naxçıvan şəhərinin baş meydanında əzəmətlə ucalan abidəsini ziyarət etmiş, Heydər Əliyev Muzeyində olmuşdur.
Dahi şəxsiyyətin ömür yolunu əks etdirən dəyərli ekspozisiyada ulu öndərimizin uşaqlıq və gənclik dövrü, təhsil illəri, ilk əmək fəaliyyəti, 1969-1982-ci illərdə Azərbaycana rəhbərliyinin birinci dövrü, Moskvada çalışdığı və yaşadığı dövrü, Naxçıvana qayıdışı, muxtar respublikaya rəhbərlik etdiyi illəri və həmin dövrdə Naxçıvan Muxtar Respublikası ilə İran İslam Respublikası arasındakı əməkdaşlıq əlaqələrini əks etdirən sənədlər, tarixi fotolar və digər qiymətli eksponatlar haqqında qonağa ətraflı məlumat verilmişdir.

Ardını oxu...

Martın 14-də Naxçıvan şəhərində İran İslam Respublikası Şərqi Azərbaycan Dəmir Yollarının Baş direktoru Şapur Arslaninin başçılıq etdiyi nümayəndə heyəti ilə “Naxçıvan ­Dəmir Yolları” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndə heyəti arasında ikitərəfli görüş keçirilmişdir.
Görüşdə Naxçıvan-Təbriz-Teh­ran-Məşhəd beynəlxalq sərnişin qatarının fəaliyyəti, İran İslam Respublikası üzərindən Naxçıvan Muxtar Respublikasına və əks-istiqamətdə yük daşınması ilə əlaqədar texniki məsələlər, eyni zamanda gələcək əməkdaşlığın perspektivləri geniş müzakirə edilmişdir. Görüşdən sonra Naxçıvan və Culfa stansiyalarında sərnişinlərin gömrük və sərhəd buraxılışı qeydiyyatının asanlaşdırılması məqsədilə quraşdırılmış yeni avadanlıqlara baxış keçirilmişdir.
Daha sonra nümayəndə heyəti Duzdağ Fizioterapiya Mərkəzi və ­“Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksi ilə tanış olmuşdur.

“Naxçıvan Dəmir Yolları”
Məhdud Məsuliyyətli Cəmiyyətinin mətbuat xidməti

Muxtar respublikada istehlakçıların fasiləsiz və təhlükəsiz təbii qazla təmin edilməsi diqqət mərkəzindədir. “Naxçıvanqaz” İstehsalat Birliyi ötən ay qarşıda duran vəzifələri uğurla icra edib. Belə ki, fevral ayında daxil olan müraciətlərə əsasən 68 mənzil və müxtəlif təyinatlı obyektlər qazlaşdırılıb. Bu dövrdə yeni qaz boru xətlərinin quraşdırılması, yerinin dəyişdirilməsi, korroziyaya uğramış yeraltı yol, qapı keçidlərinin yerüstü keçidlərlə əvəz edilməsi işləri görülüb, 12 min paqonometrdən artıq müxtəlif diametrli polietilen və dəmir borulardan istifadə olunub.
Birliyin şəhər və rayon qaz istismar idarələrinin qəza dispetçer xidmətlərinə əhali və qeyri-əhali təbii qaz istehlakçıları tərəfindən 1431 çağırış daxil olub. Bu çağırışlarla bağlı bütün işlər keyfiyyətlə yerinə yetirilərək təbii qazın nəqli bərpa olunub. Həmçinin fevral ayında muxtar respublikanın qaz şəbəkəsində aşkarlanan 1400 qaz sızmasının da qarşısı alınıb.

“Naxçıvanqaz” İstehsalat Birliyinin
mətbuat xidməti

11 aprel 2018-ci ildə keçiriləcək Azərbaycan Respublikası Prezidenti seçkilərinə hazırlıqla əlaqədar olaraq muxtar respublikada fəaliyyət göstərən seçki dairələrinin dairə seçki komissiyalarında məntəqə seçki komissiyalarının üzvləri üçün təşkil olunmuş seminar-treninqlər davam etdirilir.
3 saylı Babək-Kəngərli-Naxçıvan Dairə Seçki Komissiyasının iclas zalında keçirilmiş seminar-treninqi giriş sözü ilə açan komissiyanın sədri Zahid Ələkbərov seçki məntəqələrinin səsverməyə hazırlanması barədə məlumat verib. Bildirib ki, seçki məntəqələrində səsvermə kabinələri və müvafiq məlumat lövhələri düzəldilməli, səsvermə qaydasına dair təlimat plakatları divara vurulmalı, səsvermə üçün zəruri olan material və avadanlıqlar yerləşdirilməlidir.
Dairə seçki komissiyasının sədri çıxışında vurğulayıb ki, səsvermə başlanmazdan əvvəl məntəqə seçki komissiyasının üzvləri seçki bülletenlərini saymalı, onların hər birinin möhürləndiyini yoxlamalıdır. Səsvermə günü səhər saat 750-də məntəqə seçki komissiyasının sədri seçki məntəqəsini açıq elan etməli, boş seçki qutularını seçki komissiyasının üzvlərinə, seçki məntəqəsində olan müşahidəçilərə göstərməli, onları bağlamalı, fərdi nömrələnmiş və təhlükəsizlik üçün nəzərdə tutulmuş birdəfəlik plastik kilidlərlə kilidləməlidir. Bu nömrələr müvafiq aktda qeyd olunmalıdır.

Ardını oxu...

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR