Zaman-zaman əsrlərin sınağına tab gətirmiş Azərbaycan xalqı bu dəfə də sınaqdan mərd-mərdanə çıxdı. İki il bundan öncə – 2016-cı ilin bir qaranlıq yaz gecəsinin sabahı Azərbaycanın igid oğullarının Günəş kimi parlayan qəhrəmanlıqlarının şəfəqləri ilə açıldı. Həmin ilin aprelin ilk günləri Azərbaycan əsgəri dilində Vətən nəğməsi, könlündə Qarabağ yanğısı, ürəyində düşmənə nifrət hissiylə döyüşə atıldı. Həmin günlərdə işğal altındakı torpaqlarımızda 20 ildən artıq bir müddətdə qövr edən bir yaranın qaysağı qopdu. Elə həmin günlərdə qəhrəman Azərbaycan əsgəri öz şücaətini göstərdi, nəyə qadir olduğunu sübuta yetirdi. Ordumuzun qüdrəti qarşısında tab gətirməyən düşmən uzun illərdir, möhkəmləndirdiyi səngərlərini, döyüş postlarını buraxıb qaçdı, yüzlərlə erməni silahlısı məhv edildi. Bu qısamüddətli döyüş zamanı əsgərlərimiz dillərə dastan olacaq qəhrəmanlıq göstərdilər, Qarabağın heç bir zaman düşmənə güzəştə gedilməyəcəyini sübuta yetirdilər.
Ordumuzun bu döyüşlərdə qazandığı şanlı zəfərdən sonra hər şey gün kimi aydın oldu, aprel savaşında qazanılan qələbə qəhrəmanlıq tariximizə qızıl hərflərlə yazıldı. Dörd gün ərzində gedən qanlı döyüşlərdə əldə etdiyimiz qələbə xalqımızda böyük ruh yüksəkliyi yaratdı. Silahlı Qüvvələrimiz düşmənə və onun havadarlarına öz gücünü göstərdi. O gecə cəbhədən gələn Talış kəndinin və Lələtəpə yüksəkliyinin düşməndən azad edilməsi xəbəri hər bir azərbaycanlının sevincinə səbəb oldu.
Bu döyüşlərdə Naxçıvan torpağı da iki şəhid verdi. Mayor Rasim Məmmədov və leytenant Qabil Orucəliyev şəhidlik zirvəsinə yüksəldilər, Vətənin hər qarışının onlar üçün əziz və müqəddəs olduğunu bir daha sübuta yetirdilər.
...Döyüşün ilk günü Qabil və yoldaşları 15-16 kilometr məsafəyədək düşmənin içərilərinə doğru irəliləyiblər. Erməni postunu tutduqdan və oradakı erməniləri zərərsizləşdirdikdən sonra Qabil və yoldaşları Madagiz kəndində mühasirəyə düşüblər, onlar son mərmilərinədək düşmənlə vuruşub və qəhrəmancasına şəhid olublar. Döyüş zamanı Qabilgil çox sayda düşmən zabit və əsgərini zərərsizləşdiriblər. Həmin dövrdə Milli Qəhrəmanımız Mübariz İbrahimovdan sonra erməni mətbuatının ən çox Qabildən bəhs etməsi onu göstərirdi ki, o, düşmənə sarsıdıcı zərbələr vurub. Döyüş zamanı göstərdiyi qəhrəmanlığa görə Qabil Orucəliyev Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 2016-cı il 19 aprel tarixli əmri ilə “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli döş nişanı ilə təltif edilib.
...Qabil hələ üç gün bundan öncə övladının dünyaya gəlməsi xəbərini elə cəbhədə olarkən dostları ilə də paylaşmışdı. Həmin gecə hamı ona “Övladın atalı-analı böyüsün”, – deyib, gözaydınlığı vermişdi. Ancaq xain düşmənin törətdiyi bu münaqişə ucbatından körpəsinin səsini eşidə bilməyən bir çox atalar kimi, övladını qucağına almaq ona da nəsib olmadı. O, öz balasına toxuna, onun üzünü görə bilməsə də, ona əbədi bir adı miras qoyub getdi. Dünyada heç bir ləl-cavahiratla əvəz oluna bilməyəcək bir ad, şəhid övladı adı yazıldı bu körpənin taleyinə. Qabil tək bir ailənin, bir kəndin, bir elin-obanın yox, bütün Azərbaycanın fəxri oldu.
...Qabilin ölümsüzlüyünün ikinci ildönümündə məzarı üzərinə gələnlər arasında ailəsi və qan-qadanın, müharibənin nə demək olduğunu dərk edə bilməyən, igid atasının adını daşıyan ikiyaşlı Qabil də var. O, məsum, sakit baxışlarla atasının məzarının ətrafına toplaşan insanlara, başı üstündə qürurla dalğalanan Azərbaycan bayrağına baxır. İllər keçəcək, balaca Qabil böyüyüb atasına, Vətəninə layiq gənc olacaq...
Şəhid məzarları bu gün hər bir gəncimiz üçün and yerinə çevrilib. Gənclərimiz hərbi xidmətə yollanmazdan öncə bu məzarlar üzərində dualar oxuyub, müqəddəs Vətən torpaqlarının hər qarışını qorumaq üçün and içirlər. Qabil Orucəliyevin də döyüş yolu hər bir Azərbaycan gənci üçün örnəkdir. Bu gün fəxrlə deyə bilərik ki, Vətən üçün şəhidliyi könüllü qəbul edən, bununla fəxr edən gənclərimiz var. Qabil Orucəliyev kimi qəhrəmanlar yetirən xalq heç vaxt məğlub ola bilməz.
Ruhun şad olsun qəhrəman, rahat uyu, uğrunda canını verdiyin o Vətən torpağı üzərində artıq Azərbaycan əsgəri keşik çəkir. Qarabağın azad olması yolunda Cocuq Mərcanlıdan, Talış kəndindən başlayan zəfər savaşımız torpaqlarımız azad olana kimi davam edəcək. Qabil kimi Vətən təəssübkeşləri “Ən böyük sevgi Vətən sevgisidir, bu məhəbbət fövqəladə vəziyyətlərdə ölüm-dirim çağlarında daha qabarıq aşkara çıxır” fikrini döyüşlərdə şücaət göstərərək, şəhidlik zirvəsinə yüksələrək bir daha sübut etdilər.
Ramiyyə ƏKBƏROVA