25 Dekabr 2024, Çərşənbə

Martın 30-da Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2018-ci il 31 yanvar tarixli Sərəncamı ilə təsdiq olunmuş Tədbirlər Planına əsasən “Azərbaycanlıların soyqırımı: səbəbləri, nəticələri və dərsləri” mövzusunda elmi konfrans keçirilmişdir. AMEA Naxçıvan Bölməsində keçirilən konfransı bölmənin sədri, akademik İsmayıl Hacı­yev açmışdır.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Humanitar siyasət məsələləri və ictimai təşkilatlarla iş şöbəsinin müdiri Rəhman Məmmədov çıxış edərək bildirmişdir ki, “Böyük Ermənistan” dövləti yaratmaq üçün hər cür vasitələrə əl atan erməni şovinistləri öz havadar­ları ilə birlikdə azərbaycanlılara qarşı terror, kütləvi qırğın, deportasiya və etnik təmizləmə həyata keçiriblər. 1918-ci il soyqırımı da erməni millətçilərinin və onların havadarlarının Azərbaycan xalqına qarşı apardıqları soyqırımı siyasətinin davamı, tarixdə erməni qəddarlığının daha bir təzahürüdür.
Vurğulanmışdır ki, erməni daşnaklarının soyqırımları Azərbaycan əhalisinin azadlıq əzmini və müqavimətini qıra bilməmiş, düşmənə layiqli cavab verilmişdir. Bu mübarizədə Naxçıvanın özünümüdafiə dəstələri də əsl vətənpərvər kimi döyüşmüş, Naxçıvanın işğal olunmasına imkan verməmişlər.

Diqqətə çatdırılmışdır ki, erməni vəhşiliklərinə əsl siyasi qiymət ulu öndərimiz Heydər Əliyevin “Azərbaycanlıların soyqırımı haqqında” 1998-ci il 26 mart tarixli Fərmanında verilmişdir. Həmin fərmana uyğun olaraq hər il ölkəmizdə 31 mart Azərbaycanlıların Soyqırımı Günü kimi yad edilir. Bu tarix həm də xalqımızın əsarətə qarşı mübarizə, Vətənin müdafiəsi, ərazi bütövlüyümüz uğrunda qəhrəmanlıq tariximiz kimi xatırlanır.
“Muxtar respublikada soyqırımı qurbanlarının əziz xatirəsi əbədiləşdirilmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı sayəsində Naxçıvan şəhərində Xatirə Muzeyi və Bayraq Meydanında Xatirə kompleksi yaradılmışdır”, – deyən Rəhman Məmmədov qeyd etmişdir ki, bununla yanaşı, muxtar respublikanın tarix-diyarşünaslıq muzeylərində də azərbaycanlıların soyqırımlarına həsr olunmuş guşələr təşkil edilmişdir.
Bildirilmişdir ki, 1918-ci il azərbaycanlıların soyqırımından 100 il ötür. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2018-ci il 18 yanvar tarixli Sərəncamına əsasən ölkəmizin hər yerində 1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi ilə bağlı tədbirlər keçirilir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2018-ci il 31 yanvar tarixli Sərəncamı ilə təsdiq edilən “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyinin Naxçıvan Muxtar Respublikasında keçirilməsinə dair Tədbirlər Planı”na uyğun olaraq muxtar respublikada da bir sıra tədbirlər keçirilmişdir. Belə ki, martın 30-da Xatirə kompleksində soyqırımı qurbanlarının əziz xatirəsi yad edilmiş, ümumtəhsil məktəbləri və Heydər Əliyev adına Hərbi Lisey üçün Akademiyanın Naxçıvan Bölməsində “31 Mart Azərbaycanlıların Soyqırımı Günüdür” mövzusunda interaktiv dərs keçilmişdir. Bununla yanaşı, gənclərin Xatirə Muzeyinə ekskursiyaları təşkil edilir, “Gənclik” Mərkəzində azərbaycanlıların soyqırımı mövzusunda sənədli filmlər nümayiş olunur, “Naxçıvan” ictimai-siyasi, ədəbi-bədii, elmi-publisistik jurnalının azərbaycanlıların soyqırımına həsr olunmuş nömrəsinin hazır­lanması üzərində iş aparılır.
Konfransda AMEA Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun şöbə müdirləri – tarix üzrə fəlsəfə doktoru Emin Şıxəliyevin “Azərbaycanlıların soyqırımı”, tarix üzrə fəlsəfə doktoru İlhami Əliyevin “Ümummilli lider Heydər Əliyev və azərbaycanlıların soyqırımı və deportasiya məsələsi”, tarix üzrə fəlsəfə doktoru Asəf Orucovun “1905-1907-ci illərdə ermənilərin azərbaycanlılara qarşı törətdiyi qırğınlar”, tarix üzrə fəlsəfə doktoru Toğrul Xəlilovun “1948-1953-cü illərdə azərbaycanlıların deportasiyası və onun ağır nəticələri”, aparıcı elmi işçi, tarix üzrə fəlsəfə doktoru Musa Quliyevin “1918-1920-ci illərdə ermənilərin Naxçıvanda törətdiyi soyqırımlar”, İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun şöbə müdiri, filologiya üzrə fəlsəfə doktoru Elxan Məmmədovun “XX əsrin əvvəllərində ermənilərin törətdiyi qırğın və soyqırımlar bədii ədəbiyyatda” mövzularında çıxışları dinlənilmişdir.
Vurğulanmışdır ki, bu gün müstəqil Azərbaycan dövlətinin gündən-günə inkişaf edib möhkəmlənməsi və hərbi qüdrətini artırması 31 mart soyqırımı kimi faciələrin bir daha baş verməməsi üçün ən etibarlı təminatdır. Ölkəmizin ərazi bütövlüyünü təmin etmək, Ermənistanın işğalçılıq siyasətinə birdəfəlik son qoymaq üçün dövlətimizin bütün imkanları vardır. 2017-ci il oktyabrın 18-də Naxçıvan Muxtar Respublikasında keçirilən hərbi parad da ordumuzun qüdrətini bir daha nümayiş etdirdi. Güclü ordumuz Azərbaycan dövlətinin və xalqının gələcəkdə öz hərbi-siyasi tarixinə yalnız möhtəşəm zəfərlər yazacağına zəmanət verir.

 Səbuhi HƏSƏNOV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR