25 Dekabr 2024, Çərşənbə

Şərur rayonu

Mart ayının 19-da Şərur şəhərinin Heydər Əliyev prospektindəki geniş meydanda “Xonçalı Novruz gəlir” adlı ümumrayon bayram şənliyi keçirilib. 

Yazın gəlişini, Novruzu təmsil edən müxtəlif şüar və plakatlarla bəzədilmiş meydanda rayon Mədəniyyət və Turizm Şöbəsi musiqi və teatr kollektivlərinin hazırladıqları əyləncəli, rəngarəng proqramlar bayram şənliyinə toplaşanların alqışları ilə qarşılanıb. Tonqal ətrafında rəqs edənlərin, yallı gedənlərin, halay tutanların çıxışları, əllərində Baharın rəmzi olan səməni gəzdirən qızların meydan boyu rəqsləri, Keçəl və Kosanın Novruz əhval-ruhiyyəli məzəli hərəkətləri və zarafatları hər kəsin diqqətini çəkib. Tamaşaçılar bəzədilmiş faytonla meydana daxil olan Bahar qızı alqışlarla qarşılayıblar.
“Arpaçay” instrumental ansamblının müşayiəti ilə müğənnilərdən Cabbar Əliyev, Fərman Allahverdiyev, Həqiqət Mehdiyeva, Coşqun Hüseynov, Samir Quliyev və başqaları Novruzu, baharı vəsf edən nəğmələr və xalq mahnıları ifa ediblər. Ələkli və Yuxarı Daşarx kənd­lərindəki uşaq musiqi məktəblərinin sazçalanlar ansamblları aşıq mahnıları ifa edib, qara zurnanın səsi ətrafa yayılıb. Doğma Azərbaycanımızı beynəlxalq xalq yaradıcılığı festivallarında məharətlə təmsil edən və Vətənə həmişə yüksək mükafatlarla dönən yallı kollektivlərinin birləşmiş rəqsləri şənliyi daha da rövnəqləndirib. Meydana daxil olan Bahar qız tədbir iştirakçılarını salamlayıb.

Tədbir iştirakçılarına ictimai iaşə xidməti də göstərilib.
Şənlikdə arzular, diləklər də bildirilib, el ağsaqqalı Dədə Qorqudun, xalq qəhrəmanı Babəkin igidliyə, birliyə, mərdliyə səsləyən müdrik kəlamları xatırlanıb.
Novruz şənlikləri rayonda xalqımızın birliyinin, yenilməzliyinin, əyilməzliyinin, keçmişimizə sadiqliyinin, gələcəyə böyük inamının simvolu kimi əsl bayram əhval-­ruhiyyəsi ilə qeyd edilib. Şənlik xalqımızın qədimliyini, ululuğunu, yekdilliyini bir daha nümayiş etdirib və hər bir kəsdə xoş əhval-ruhiyyə yaradıb.

Babək rayonu

Azərbaycan xalqı ta qədimdən özünün zəngin adət-ənənələrini yaradıb və dövrün, zamanın dəyişməsinə baxmayaraq, onu yaşadaraq bu günümüzə gətirib çıxarıb. Ata-babalarımızdan bizə yadigar qalan, milli ruhumuzu özündə əks etdirən Novruz bayramı da bu qəbildəndir. Bu bayram münasibətilə Babək rayonunda da şənlik keçirilib.
Tədbir aparıcıları rayon sakinlərini Novruz bayramı münasibətilə təbrik edərək bildiriblər ki, tarixi çox qədim olan Novruz bayramı hər il xalqımız tərəfindən böyük təntənə ilə qeyd olunur. Novruz bayramı təzə ili, baharın ilk gününü qarşılamaq deməkdir. Novruz bayramı həm də təbiətin canlanmasının, gecə ilə gündüzün bərabərləşdiyi günün qeyd olunmasıdır.
Bayram tədbirində mədəniyyət və incəsənət nümayəndələrinin ifalarında Novruzu, baharı vəsf edən mahnılar oxunub, xalq mahnıları, aşıq havaları səsləndirilib. Babək Rayon Mədəniyyət və Turizm Şöbəsinin hazırladığı konsert proqramı tədbir iştirakçılarında xoş ovqat yaradıb. Xalq çalğı alətləri, nağaraçalanlar və sazçalanlar ansambllarının ifaları, rayon Mədəniyyət evinin yallı qrupunun təqdim etdikləri rəqslər şənlik iştirakçıları tərəfindən alqışlarla qarşılanıb. Müxtəlif milli oyunlar, qədim məişət əşyaları, milli mətbəx nümunələri və şirniyyatlar, adət-ənənələrimiz, folklorumuz nümayiş etdirilib.

Ordubad rayonu

Xalqımızın yüzillər boyu yaşatdığı, milli ruhumuzu özündə əks etdirən Novruz bayramı muxtar respublikamızın hər yerində olduğu kimi, Ordubad rayonunda da yüksək əhval-­ruhiyyədə qeyd edilib. Rayon mərkəzində təşkil olunan bayram şənliyində çıxış edən aparıcılar bildiriblər ki, əsrlərin sınağından çıxaraq milli dəyərlərimizi özündə yaşadan Novruz qədimdən bəri insanlar arasında həmrəylik, mərhəmət və mehribanlıq duyğularının təməli olub. Azərbaycanda milli bayram kimi hər il yüksək səviyyədə qeyd olunan Novruz bayramı xalqın müqəddəs ənənələrinə söykənməklə, özündə böyük bədii-estetik, mənəvi-əxlaqi, ülvi və dünyəvi duyğuları təcəssüm etdirir.
Tədbirdə iştirak edənlərə xeyir-dua vermək üçün el ağsaqqalı Dədə Qorqud meydana gəlib. Xalqımıza əmin-amanlıq, xoş günlər arzulayıb.
Sonra bayram tonqalı yandırılıb. Tonqal ətrafında milli rəqslərimiz ifa olunub, Novruza aid şeirlər söylənilib.
Rayonun mədəniyyət evlərinin folklor qruplarının çıxışları alqışlarla qarşılanıb.
“Xanbəzəmə” oyun-tamaşası Ordubadda hər il keçirilən Novruz şənliklərində təqdim olunan əsas ənənələrdəndir. Təqdim edilən kompozisiya tədbir iştirakçılarında yüksək ovqat yaradıb.Tədbirdə rayon Mədəniyyət evinin “Dübəndi” instrumental ansamblı üzvlərinin ifasında Novruza, yazın gəlişinə həsr olunan mahnılar səsləndirilib.
Qeyd edək ki, bayram şənliyində yerli istehsal məhsullarından ibarət ictimai iaşə xidməti göstərilib, əl işlərindən ibarət sərgi təşkil edilib.

Culfa rayonu

Əsrlərin sınağından çıxmış milli dəyərlərimizi, adət-ənənələrimizi özündə yaşadan Novruz bayramı Culfa rayonunda da yüksək səviyyədə qeyd edilib.

Ulu Dədə Qorqudun müdrik kəlamları, alqış və xeyir-duası ilə başlanan şənlikdə tonqal alovlandırılıb, xalq yaradıcılığı nümunələri sərgilənib. Bahar qız, Kosa və Keçəlin iştirakı, onların duzlu-məzəli zarafatları ilə keçən bayram tədbirini mahnı və rəqs kollektivlərinin töhfələri rövnəqləndirib. Bayram şənliyində Gülüstan mədəniyyət evinin hazırladığı rəqs, Milax kənd mədəniyyət evinin folklor kollektivinin hazırladığı “Tənzərə” yallısı, Kırna mədəniyyət evinin hazırladığı “Gəlin­bacı” xalq oyunu, Naxçıvan Muxtar Respublikasının Əməkdar artisti Azər Cəfərlinin “Töhfəmiz olsun”, Culfa Şəhər Uşaq Musiqi Məktəbinin nağaraçalanlar ansamblı­nın “Azərbaycan ritmləri”, balabanda Kamil Abbasovun xalq mahnısı “Çoban Qara”, Üzeyir Hacıbəyovun“Arşın mal alan” operettasından Sahib Əliyevin və Sura Məmmədlinin təqdim etdikləri bir parça, digər mahnı və rəqslər şənlik iştirakçılarında bayram ovqatını daha da artırıb.
Tədbirin aparıcıları Novruzun əsl birlik bayramına çevrildiyini və ümumxalq bayramı kimi hər il böyük təntənə ilə qeyd olunduğunu bildiriblər.
Vurğulanıb ki, Culfa rayonunda da hər il bu bayram yüksək əhval-ruhiyyə ilə qarşılanır. Bu bölgəmiz də müstəqillik illərində müasir bir rayona çevrilib. Culfa şəhərində, kənd yaşayış məntəqələrində tikinti­-quruculuq tədbirləri geniş vüsət alıb. Bu da culfalılara böyük sevinc və fərəh bəxş edib. Bu il də Culfa rayonunun sakinləri Novruz bayramını qeyd etmək üçün bir araya gəliblər.
Şənliyə toplaşan tamaşaçıların alqışları ilə qurşaq tutub güclərini nümayiş etdirən gənc pəhləvan­lar tədbirə əsl bayram ab-havası qatıblar.

Kəngərli rayonu

Rayon mərkəzi Qıvraq qəsəbəsindəki Heydər Əliyev Mədəniyyət və İstirahət Parkında keçirilən bayram şənliyində rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Novruz bаyrаmı münаsibətilə bəzədilmiş parkda böyük qələbəlik yaşanıb. Rаyon Mədəniyyət və Turizm Şöbəsinin “Kəngər” instrumental ansamblının, uşаq musiqi məktəblərinin musiqi kollеktivlərinin, folklor qruplаrının, “Sаzçаlаn qızlаr” аnsаmblının, Bahar qızın, rayon idmançılarının çıxışlаrı, at yarışı, Kеçəl və Kosаnın nümаyiş еtdirdiyi oyunlаr tədbir iştirakçılarında yüksək əhval-ruhiyyə yaradıb. Tədbirin keçirildiyi ərazidə göstərilən ictimai iaşə xidmətinə də maraq böyük olub.
Xatırladaq ki, Novruz bаyrаmı Kəngərli rаyonunun sakinləri üçün xüsusilə əlаmətdаrdır. Çünki bu rаyon Novruz bаyrаmı ərəfəsində – 2004-cü il mаrtın 19-dа yаrаdılıb. Bu barədə bayram şənliyində ətraflı məlumat verilib.
Qeyd olunub ki, yaradıldığı gündən ötən müddət ərzində Kəngərli rayonu böyük inkişaf yolu keçib. Rayon mərkəzi də daxil olmaqla, bütün kəndlərdə infrastruktur layihələri reallaşdırılıb, yollar abadlaşdırılıb, yaşıllaşdırma tədbirləri həyata keçirilib, əhalinin rifah halı yaxşılaşıb. Son dövrlərdə isə rayon ərazisindəki tarixi mədəniyyət abidələrinin bərpası və təmiri üçün mühüm işlər görülür. Belə ki, Qarabağlar kəndindəki Qarabağlar Türbə Kompleksində bərpa işləri davam etdirilir, Şahtaxtı kəndində isə Şahtaxtinskilər Muzeyi əsaslı təmir işlərindən sonra istifadəyə verilib. Rayon mərkəzində ucaldılan 48 mənzilli yeni yaşayış binası isə yaxın gələcəkdə əhalinin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına öz töhfəsini verəcək. Sakinlər də məhz bu görülən işləri yüksək qiymətləndirir, rayon iqtisadiyyatının güclənməsinə öz töhfələrini verir, bölgədə həyata keçirilən quruculuq işlərində fəal iştirak edirlər. Ümumilikdə isə bütün sаhələrdə qаzаnılаn uğurlаr, əldə olunаn nаiliyyətlər rayon sakinlərinin əhvаl-ruhiyyəsini dаhа dа аrtırır. Novruz bаyrаmı şənliklərində hər kəsin çöhrəsində bu yüksək əhvаl-ruhiyyə, xoşbəxtlik və sеvinc hissləri aydın duyulurdu.

Şahbuz rayonu

Şahbuz rayonunda keçirilən Novruz bayramına həsr olunmuş şənliklər öz rəngarəngliyi ilə yaddaqalan olub. Rayon Mədəniyyət evinin “Batabat” instrumental ansamblı solistlərinin ifasında səslənən mahnılar alqışlarla qarşılanıb. Onların baharı, Azərbaycanı tərənnüm edən mahnıları dalğa-dalğa hər tərəfə yayılıb, şux, oynaq musiqi sədaları ətrafı bürüyüb. Qara zurnanın dağlarda əks-səda verən sədaları ilə meydanda çıxış edən rəqs və yallı kollektivlərinin, milli geyimli uşaqların çıxışları, uşaq musiqi məktəblərinin nağaraçalanlar qrupunun ifaları bayram tədbirinə xüsusi rövnəq verdi. Xalqımıza məxsus qədim Novruz adət-ənənələrinin, folklor nümunələrinin bölgədə qorunub saxlanıldığını və bu günə kimi yaşadıldığını bayramın əsas personajları olan Kosa və Keçəlin duzlu-məzəli söhbətlərində, kənd mədəniyyət evlərində fəaliyyət göstərən folklor qruplarının, “Hodu-hodu”, “Çöpüdü” kimi xalq oyunları ifaçılarının, sazçalan uşaqların çıxışlarında aydın şəkildə görmək mümkün idi.
Tədbirdə müxtəlif idman növləri üzrə nümunəvi çıxışlar, qədim xalq sənətkarlığı, milli mətbəx və əl işləri sərgiləri şənliyə yaraşıq veririb. Şahbuz şəhər parkında təşkil olunmuş rəngarəng xidmətlər, milli şirniyyatlı çay süfrəsi tədbir iştirakçılarının rahat istirahət edə bilmələri üçün gözəl ab-hava yaradıb.
Qeyd edək ki, rayonda keçirilən bayram tədbiri əhaliyə göstərilən ticarət və iaşə xidmətləri ilə gün ərzində davam etdirilib.

Sədərək rayonu

Martın 19-da Sədərək rayonunda keçirilən ümumrayon şənliyində bölgənin musiqi kollektivləri xalqımızın Novruz adət-ənənələrini, qədim el sənətkarlığından nümunələr nümayiş etdirib, Kosa, Keçəl və Bahar qız tamaşa göstərib, rəngarəng konsert proqramı ilə çıxış ediblər. Sonra tədbir iştirakçıları Novruz bayramının əsas personajları olan Kosa və Keçəlin sərgüzəştlərinə baxıblar. Ulu Dədə Qorqud xeyir-dua verərək Novruz bayramının xalqımıza ruzi-bərəkət gətirməsini arzulayıb. Mədəniyyət işçilərinin rəqsləri, baharı, Azərbaycanı, Naxçıvanı tərənnüm edən mahnılar şənlik iştirakçılarında xoş ovqat yaradıb.
Sonra xalq yaradıcılığı nümunələrindən və yerli sahibkarların istehsal etdikləri məhsullardan ibarət sərgiyə baxılıb. Sərgidə xalq sənətinin ağacişləmə, dülgərlik, toxuculuq, xalçaçılıq, dəmirçilik, daşyonma sahələrini özündə əks etdirən nümunələr şənlik iştirakçıları tərəfindən maraqla qarşılanıb.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR