11 aprel 2018-ci ildə keçiriləcək Azərbaycan Respublikası Prezidenti seçkilərinə hazırlıqla əlaqədar olaraq məntəqə seçki komissiyalarının üzvləri üçün təşkil edilən növbəti seminar-treninq 5 saylı Şahbuz-Babək Dairə Seçki Komissiyasının iclas zalında keçirilib.
Tədbiri giriş sözü ilə açan komissiyanın sədri Taməddin Hüseynov seçki məntəqələrinin səsverməyə hazırlanması barədə danışıb. O, seçki məntəqələrində səsvermə kabinələrinin təşkili, yerləşdirilməsi zəruri olan sənədlər və avadanlıqlar haqqında məlumat verib, seçki prosesinin şəffaflığını, seçicilərin səsvermədə mütəşəkkil şəkildə iştirakını təmin etmək üçün qarşıda duran vəzifələrdən bəhs edib. Çıxışda beynəlxalq müşahidəçilərin, qeydə alınmış namizədlərin, onların səlahiyyətli nümayəndələrinin və vəkil edilmiş şəxslərinin, siyasi partiyaların, siyasi partiyalar bloklarının səlahiyyətli nümayəndələrinin, vəkil edilmiş şəxslərinin və KİV nümayəndələrinin seçki prosesini müşahidə etmələrinin təmin olunacağı da vurğulanıb. Taməddin Hüseynov səsvermə günü səsvermə otağında kimlərin ola biləcəyi və zəruri hallarda seçki məntəqəsinə kimlərin dəvət oluna biləcəyi barədə də ətraflı məlumat verib.
Dairə seçki komissiyasının katibi Nazim Piriyev çıxışında səsvermə prosesindən danışaraq qeyd edib ki, məntəqə seçki komissiyasının sədri komissiya üzvləri arasında iş bölgüsü apararkən qanunvericiliyin tələblərini gözləməlidir. Səsvermə prosesinin gedişi, məntəqə seçki komissiyası üzvlərinin yerinə yetirəcəyi vəzifələr, səsvermə günü seçicidən tələb olunan sənədlər, hər bir seçicinin səsvermə hüququndan istifadə zamanı tələb olunan şəraitin yaradılması üçün zəruri prosedur qaydaları seminar-treninq iştirakçılarına izah edilib.
Seminarda çıxış edən dairə seçki komissiyasının baş məsləhətçisi Asim Quliyev səslərin sayılması və protokolların doldurulması barədə məlumat verərək bildirib ki, bu prosesdə iştirak etmək hüququ olan şəxslərdən başqa, hamının seçki məntəqəsini tərk etməsi təmin edilməli və seçki məntəqəsi bağlanmalıdır. Səslərin hesablanma prosesi, bütövlükdə, səsvermə otağında həyata keçirilməlidir. Daşınan və daşınmaz seçki qutuları, seçici siyahısı və digər seçki materialları səslərin hesablanması başa çatanadək həmin otaqda qalmalıdır.
Asim Quliyev sonda səslərin hesablanması və protokolun doldurulması mərhələlərini komissiya üzvlərinə ayrı-ayrılıqda izah edib, növbəti prezident seçkilərinin də demokratik şəkildə keçiriləcəyinə əminliyini ifadə edib.
Xəbərlər şöbəsi