Novruz bayramı münasibətilə Naxçıvan Muxtar Respublikasının hər yerində, eləcə də Əlahiddə Ümumqoşun Ordunun ayrı-ayrı bölmələrində silsilə tədbirlər keçirilir.
Bu tədbirlərin davamı olaraq qarlı dağların zirvəsində, düşmənlə ön xətdə yerləşən “N” hərbi hissədə Novruz şənliyi təşkil edilib.
Əvvəlcə əsgərlər bayram tonqalını alovlandırıblar. Tədbirdə Əlahiddə Ümumqoşun Ordunun zabiti, polkovnik Mirqiyas Rüstəmov çıxışında bildirib ki, Azərbaycan xalqı qədim zamanlardan yazın gəlişini, təbiətin oyanmasını bayram kimi qeyd edir. Hərbi hissənin şəxsi heyətini Novruz bayramı münasibətilə təbrik edən Mirqiyas Rüstəmov vurğulayıb ki, xalqımız Novruzu bolluq, bərəkət, firavanlıq rəmzi hesab edir. Min illər bundan əvvəl yaranmış, mənəvi dəyərlərimizin təcəssümü olan Novruz bayramı bu gün daha yüksək əhval-ruhiyyə ilə qeyd olunur.
Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrının aktyoru, Azərbaycan Respublikasının Xalq artisti Həsən Ağasoy çıxış edərək əsgərləri bayram münasibətilə təbrik edib, onlara uğurlar arzulayıb, tezliklə Novruz tonqallarının işğaldan azad edilmiş torpaqlarımızda qalanmasını diləyib.
Sonra tədbir hərbi hissənin qonaqları və əsgərlərin iştirakı ilə bayram süfrəsi arxasında davam etdirilib. Naxçıvan Dövlət Filarmoniyasının Mahnı və Rəqs Ansamblının bir-birindən maraqlı, rəngarəng musiqi və rəqs nömrələri bayram tədbirinə xüsusi ab-hava qatıb.
Muxtar RZAZADƏ