25 Dekabr 2024, Çərşənbə

Erməni millətçilərinin Azərbaycan xalqına qarşı ərazi iddialarının, təcavüzünün və soyqırımı siyasətinin iki yüz ildən artıq tarixi vardır. İki əsr ərzində Qafqazda azərbaycanlılara qarşı məqsədyönlü şəkildə həyata keçirilmiş etnik təmizləmə və soyqırımı siyasəti nəticəsində xalqımız ağır məhrumiyyətlərə məruz qalmışdır. Bu mənfur siyasətin məqsədi Azərbaycan torpaqlarının böyük bir qismini ələ keçirmək, azərbaycanlıları ata-baba torpaqlarından sıxışdırıb çıxarmaq, sonra həmin ərazilərdə “böyük Ermənistan” dövləti yaratmaqdı. 

Son iki əsrdə daşnakların həyata keçirdikləri soyqırımlarına ilk dəfə siyasi qiyməti ümummilli liderimiz Heydər Əliyev vermiş, 1998-ci il martın 26-da “Azərbaycanlıların soyqırımı haqqında” Fərman imzalamışdır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev isə 2018-ci il yanvarın 18-də 1918-ci ildə azərbaycanlıların məruz qaldıqları soyqırımının 100 illiyi ilə bağlı Sərəncam imzalamış, bununla bağlı tədbirlərin keçirilməsi qərara alınmışdır. Hər iki tarixi sənəd erməni millətçilərinin müxtəlif illərdə törətdikləri soyqırımların dünya ictimaiyyətinə çatdırılması baxımından mühüm əhəmiyyətə malikdir.

1918-ci ildə Bakı şəhərində törədilən mart soyqırımı son iki əsrdə xalqımıza qarşı erməni millətçiləri tərəfindən məqsədyönlü şəkildə həyata keçirilən etnik təmizləmə, soyqırımı və təcavüzkarlıq siyasətinin ən qanlı nümunələrindən biridir. Bu millətçi-şovinist siyasətin əsas məqsədi azərbaycanlıları öz tarixi torpaqlarından qovmaqla əzəli Azərbaycan ərazilərində ermənilərin uydurduqları “Böyük Ermənistan” dövləti yaratmaq olub. 1905-1907-ci il qırğınları ilə məqsədlərinə nail ola bilməyən erməni daşnakları Birinci Dünya müharibəsinin yaratdığı imkanlardan, böyük dövlətlərin himayəsindən və köməyindən istifadə edərək 1918-1920-ci illərdə məqsədlərinə nail olmağa çalışırdılar. Bunun üçünsə hər cür vasitələrdən – vəhşiliklərdən belə, çəkinmirdilər.
Ermənilərin azərbaycanlılara qarşı törətdikləri 1918-ci il soyqırımı əvvəlki illərdən fərqli olaraq daha geniş miqyas almışdır. Özlərini dünya ictimaiyyətinə “yazıq millət”, “əzabkeş xalq” kimi qələmə verən ermənilər Bakıda, Qubada, Şamaxıda, Lənkəranda, Salyanda, Göyçayda və başqa yerlərdə Azərbaycanlılara qarşı soyqırımı həyata keçirirdilər. Bakı soyqırımında azərbaycanlı qanına susamış A.Mikoyanın, Hamazaspın, Avetisyanın, Lalayanın quldur dəstələri xüsusi fəallıq göstərmişlər. Erməni daşnakları dinc əhaliyə üç gün divan tutmuş, 12 min azərbaycanlını qətlə yetirmiş, müsəlman məhəllələrini talayıb-çapmış, “İsmailiyyə” binasını yandırmış, bir neçə qəzet və jurnal redaksiyalarını, “Tağıyev teatrı”nı, “Təzə pir” məscidini dağıtmışlar. A.Mikoyanın “Qızıl Qvardiya”sı İçərişəhərdə yaralılar yatan xəstəxanaya od vurmuş, xəstələr yandırılmış, qaçanlar isə güllələnmişdir.
S.Şaumyan bolşevizm bayrağı altında qırğınlar törətsə də, baş vermiş qanlı faciələrdən vəcdə gələrək öz daşnak simasını gizlədə bilməyib yazırdı: “Şəhərlərimizin milli tərkibi bizi narahat edirdi. Biz mübarizənin arzuolunmaz xarakter alacağından qorxurduq. Biz hətta erməni polkunun yardımına belə əl atmalı olduq. Biz hətta onun köməyindən imtina etməyi mümkün hesab etmədik. Qələbə isə o qədər böyükdür ki, bu gerçəkliyə az kədər gətirir”.
S.Şaumyanın başçılıq etdiyi ­erməni-daşnak qüvvələrinin soyqırımı törətməkdə əsas məqsədlərindən biri də sözsüz ki, müsəlman əhalinin var-dövlətini qarət etməkdən ibarət idi. Mart soyqırımı zamanı Bakı əhalisindən 400 milyon manatlıq daş-qaş və əmlak götürülmüşdü. Heç də təsadüfi deyil ki, Bakı Xalq Komissarları Soveti yıxılandan sonra Bakıdan gəmi ilə qaçarkən həbs olunan S.Şaumyana məxsus yüklərin içindən 80 milyon manata yaxın qızıl pul tapılmışdı.
Bakı ilə yanaşı, ermənilərin Azərbaycanın digər ərazilərində – Qərbi Azərbaycanda, Naxçıvanda, Zəngəzurda, azərbaycanlılar yaşayan başqa bölgələrdə onlara qarşı tarixdə görünməmiş qəddarlıq etmiş, azərbaycanlılara divan tutmuşlar. 1918-1920-ci illərdə azərbaycanlılara qarşı soyqırımı həm miqyas etibarilə, həm də vəhşiliyi ilə heyrət doğurur.
Erməni quldurları Bakıdakı milli qırğınla kifayətlənməyib, 1918-ci ilin yazında Şamaxıda, Quba-­Xaçmaz bölgəsində, Salyanda, Lənkəranda və başqa yerlərdə də azərbaycanlılara qarşı soyqırımı törətdilər. 1918-ci ilin mart-aprel aylarında Bakı, Şamaxı, Quba, Muğan və Lənkəranda ermənilər 50 min nəfərdən çox azərbaycanlını qətlə yetirmiş, on minlərlə insanı isə öz torpaqlarından didərgin salmışlar. Daşnaklar həmin illərdə indiki Ermənistanda – qədim ata-baba yurdlarında yaşayan 565 min azərbaycanlının çoxunu məhv etmiş, qalanları isə ərazidən qaçmış, didərgin həyatı yaşamışlar.
Bu illərdə Azərbaycandan ayrı düşmüş Naxçıvana yiyələnmək üçün daşnaklar yerli əhaliyə qarşı vəhşiliklər törədir, onları öldürür, yaşayış məntəqələrini yandırır və ərazini azərbaycanlılardan boşaltmağa çalışırdılar. 1918-ci ildə Naxçıvanda ən dəhşətli vəhşiliklər törədənlər içərisində Andranik Ozanyan xüsusi yer tutur. Bu qaniçən cəllad təkcə Gilançay və Əlincəçay vadilərində 62 kəndi viran qoymuş, əhalisini isə amansızlıqla qətlə yetirmişdir. Bu gün “milli qəhrəman” kimi İrəvanda heykəli ucaldılan Qaragin Njde Ərəzin, Camaldın, Yaycı, Aşağı Aza, Sabir Dizə, Düylün, Vənənd, Dəstə və Kotam kənd­lərini dağıdıb, əhaliyə divan tutmuşdur. Həmin dövrdə Naxçıvanda fəaliyyət göstərmiş Müsəlman Milli Komitəsinin katibi işləmiş Mirzə Bağır Əliyev hadisələrin, erməni vəhşiliklərinin bilavasitə şahidi olmuş və onları qələmə almışdır. Onun “Qanlı günlərimiz” əsərindən – gündəlik qeydlərindən aydın olur ki, 1918-1921-ci illərdə Naxçıvanda ermənilər tərəfindən 74 min azərbaycanlı ən vəhşi üsullarla ­öldürülmüşdür.
Araşdırmalar nəticəsində aydın olmuşdur ki, erməni hərbi birləşmələri 1914-1916-cı illərdə Azərbaycanın cənubunda 150 min, Şərqi Anadoluda, Azərbaycan türklərinin yaşadıqları bölgədə 200 min, 1918-1920-ci illərdə Azərbaycanda 250 min, Qərbi Azərbaycanda 132 min azərbaycanlını vəhşicəsinə qətlə yetirmişlər. Bütün bunlarla yanaşı, naxçıvanlılar mərdliklə döyüşmüş, Naxçıvanın erməni işğalına düşməsinə yol verməmişlər. Bununla əlaqədar 20 tabor yaradılmış, onlar silahlandırılmış, III Kalbalıxanın başçılığı ilə 500 nəfərdən ibarət süvari dəstə böyük rəşadət göstərmişdir. Onlar erməni daşnaklarına dəfələrlə layiqli cavab vermiş, ərazidən qovmuşlar. Naxçıvan əhalisinin qəhrəmanlığını Azərbaycan Xalq Cümhuriyyətinin rəhbərləri ilə yanaşı, düşmən mövqedə dayanan, ərazini işğal etməyə cəhd göstərən erməni rəhbərləri də etiraf etməyə məcbur olmuşlar. Azərbaycan Xalq Cümhuriyyətinin Baş naziri Fətəli xan Xoyski parlamentin iclasında Naxçıvanın qəhrəman əhalisinin Vətənə qovuşmaq üçün mübarizəyə qalxıb azadlığa çıxdıqlarını söyləmişdi. Nəsib bəy Yusifbəyli 1919-cu il avqustun 18-də parlamentdəki çıxışında qeyd etmişdir ki, Naxçıvan öz qüvvələri ilə istilaçıları devirərək Azərbaycanla birləşməyə hazır olduğunu bildirmişdi. 1919-cu il dekabrın 22-də Nəsib bəy Yusifbəyli parlamentdəki çıxışında yenidən bu məsələyə qayıdaraq demişdir: “İgid naxçıvanlılar, şərurlular və vedibasarlılar bu məsələni özləri həll etdilər, onlar həyatlarını, ailələrinin şərəfini və var-dövlətlərini riskə qoyaraq doğma torpağa – vətənə qovuşmaq üçün ayağa qalxıb azad oldular və bununla da hökumətin işini asanlaşdırdılar. Güman edirəm ki, haqq və ədalət tərəfdarları bu qətiyyəti, fədakarlığı və vətənpərvərliyi görəndən sonra onların qanuni hüquqlarını danmayacaqlar...”
Arxiv sənədlərindən məlum olur ki, o dövrdə Naxçıvanda 6 minədək üzvdən ibarət silahlı dəstə olmuşdur. Onlar döyüş keyfiyyətlərinə görə, ingilislərin də təsdiq etdiyi kimi, erməni qoşun hissələrindən heç də geri qalmırdı. Ermənistanın birinci baş naziri Ovanes Kaçaznuni 1923-cü ildə etiraf etmişdi ki, “... inzibati tədbirlərlə müsəlman rayonlarında qayda­-qanun yarada bilmədik, silaha əl atmağa, qoşun yeritməyə, dağıtmağa və qırğın salmağa məcbur olduq və hətta uğursuzluğa uğradıq. Vedibasar, Şərur, Naxçıvan kimi mühüm yerlərdə öz hakimiyyətimizi hətta silah gücünə qura bilmədik, məğlub ­olduq və geri çəkildik”.
Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra da ermənilər azərbaycanlılara qarşı soyqırımı siyasətini davam etdirmişlər. XX əsrin 20-30-cu illərində, eləcə də müharibədən sonrakı dövrdə ermənilər azərbaycanlıların həbs edilərək Sibirə göndərilməsində, xalq düşməni adı altında güllələnməsində, din xadimlərinin və görkəmli ziyalı­ların məhv edilməsində, əsassız repressiyaların günahsız insanlara qarşı tətbiq olunmasında çox böyük rol oynamışdır. Azərbaycan xalqının qatı düşmənləri tərəfindən onun ən yaxşı övladlarının siyasi qərəzçiliklə məhv edilməsi belə bir kədərli faktla sübut olunur ki, Azərbaycandakı 51 rayondan 31-də Xalq Daxili İşlər Komissarlığı rayon bölməsinin başında ermənilər dururdular.
Rəsmi məlumatlara görə, 1937-ci ildə Azərbaycanda 100 min nəfərdən artıq insan sürgün edilmiş, 3 min kəndli məhv edilmiş, “xalq düşməni” kimi 29 min nəfər güllə­lənmiş və ya Sibirə sürgün edilmişdir. Hüquq­-mühafizə orqanları sistemində ermənilərin çoxluq təşkil etməsi repressiyanın azərbaycanlılara qarşı daha dəhşətli formada həyata keçirilməsi ilə nəticələnmişdi.
Müharibə illərində A.Mikoyan İ.Stalini azərbaycanlıların guya xəyanət edə biləcəklərinə inandıra bilmiş və 1942-ci il dekabrın 7-də Azərbaycan əhalisinin hamılıqla Orta Asiya və Qazaxıstana sürgün edilməsi haqqında məxfi qərar verilməsinə nail olmuşdular. Lakin respublika rəhbərliyinin göstərdiyi səylər İ.Stalini fikrindən daşındırmış, cinayətin həyata keçirilməsinə imkan verməmişdir.
Xəbis niyyətlərindən əl çəkməyən erməni daşnakları müharibədən sonrakı mərhələlərdə Qərbi Azərbaycan ərazisindən azərbaycanlıların deportasiyasına nail olmuşlar. 1948-1953-cü illərdə 144 min 654, 1988-1992-ci illərdə isə 250 min soydaşımız indiki Ermənistan ərazisindən, azərbaycanlıların tarixən yaşadıqları ata-baba yurdlarından zorla çıxarılmışdır.
Azərbaycanın XIX-XX əsrlərdə baş verən bütün faciələri torpaqlarının zəbti ilə müşayiət olunaraq ermənilərin azərbaycanlılara qarşı düşünülmüş, planlı surətdə keçirdiyi soyqırımı siyasətinin ayrı-ayrı mərhələlərini təşkil etmişdir. Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi Azərbaycan Respublikası bu gün onun axıra qədər həyata keçirə bilmədiyi qərarların məntiqi davamı olaraq, soyqırımı hadisələrinə siyasi qiymət vermək borcunu tarixin hökmü kimi qəbul edir və bu istiqamətdə ardıcıl tədbirlər həyata keçirilir.

İsmayıl Hacıyev
AMEA Naxçıvan Bölməsinin sədri, akademik

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR