Tarixdən məlumdur ki, güclü ordusu olan ölkələr hər zaman inkişaf edərək iqtisadi və siyasi qüdrətini artırıb, söz sahibi olub, xarici təhdidlərin qarşısını ala bilib. Yaxın və uzaq tarixi keçmişimiz də sübut edir ki, nizami orduya malik olmamağımız xalqımıza qarşı bir çox soyqırımı faciələrinin törədilməsinə və torpaqlarımızın işğalına səbəb olub.
Tarixən Azərbaycan torpaqlarına iddialı olan ermənilər ötən əsrin əvvəllərindən başlayaraq mənfur niyyətlərini həyata keçirməyə cəhd göstərmişlər. “Böyük Ermənistan” yaratmağın əsas cinahlarından biri də qədim Naxçıvan torpaqlarını ələ keçirməklə ən böyük türk dövləti olan Türkiyə Respublikası ilə Uzaq Şərqə doğru uzanan türk torpaqları arasında on bir kilometrlik əlaqənin kəsilməsini təmin etmək idi. Ancaq bu məqsədlərinə nail ola bilmədilər. Ötən əsrin 90-cı illərində də bu qədim yurdun mərd insanlarının, xüsusilə dahi şəxsiyyət Heydər Əliyevin gərgin fəaliyyəti nəticəsində ermənilərin bu planı növbəti dəfə iflasa uğradı. Ancaq buna baxmayaraq, muxtar respublikanın böyük yaşayış məntəqələrindən biri olan Sədərək rayonunun və eyniadlı kəndinin, Şərur rayonunun Şahbulaq, Yuxarı Yaycı, Havuş, Babək rayonunun Yuxarı Buzqov, Gərməçataq, eləcə də Şahbuz, Culfa və Ordubad rayonlarının sərhəd kəndlərinin sakinləri mütəmadi olaraq mərmi yağışı altında yaşamağa məhkum idilər. Bu hadisələr həm də elə bir dövrdə baş verirdi ki, ozamankı respublika rəhbərliyi həm Naxçıvana kömək edə bilmirdi, həm də bu köməyin olunmasında faktiki olaraq maraqlı deyildi. Bütün bu hadisələrin fonunda Türk dünyasının böyük oğlu, ulu öndər Heydər Əliyevin Naxçıvanda olması və bu qədim Azərbaycan diyarında qətiyyətli addımlar atması gözlənilən fəlakətlərin qarşısını aldı. Görkəmli dövlət xadiminin bu istiqamətdə həyata keçirdiyi ilk tədbir Naxçıvan Muxtar Respublikasının müdafiəsinin təmin olunması ilə bağlı oldu.
Belə ki, ümummilli liderimiz Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri seçiləndən cəmi 4 gün sonra – 1991-ci il sentyabrın 7-də muxtar respublikanın müdafiəsinin təşkili ilə bağlı mühüm qərarlar qəbul etmiş, mövcud hərbi dəstə və hissələrə vahid rəhbərliyi həyata keçirən müvafiq dövlət qurumu yaratmışdır. 1992-ci il sentyabrın 15-də isə Naxçıvan Muxtar Respublikası ərazisində ilk milli ordu qurumlarından biri olan 705 saylı əlahiddə gücləndirilmiş motoatıcı briqada təşkil edilmiş, bununla da, Azərbaycanın nizami ordusunun yaradılmasına başlanmışdır. Sonralar ulu öndərin qayğısı ilə 705 saylı motoatıcı briqada 1995-ci ildə motoatıcı diviziyaya çevrilmiş, 1998-ci ildə isə 705 saylı diviziyanın bazasında ordu korpusu yaradılmışdır. Sonrakı dövrlərdə isə ordu quruculuğu prosesi ölkəmizdə prioritet istiqamətlərdən biri seçilərək müasir dövrümüzədək qısa tarixdə böyük yol keçmişdir. Bu sahədə ən böyük dönüş isə 2013-cü ilin dekabrında muxtar respublikada 5-ci Ordu Korpusunun bazasında Əlahiddə Ümumqoşun Ordunun yaradılması olmuşdur. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən atılan bu tarixi addım Naxçıvanın hərbi gücünün artırılmasında yeni bir mərhələyə çevrilmişdir. Qısa müddət ərzində Əlahiddə Ümumqoşun Ordu müxtəlif təyinatlı müasir döyüş texnikaları ilə təmin olunmuş, şəxsi heyətin sayı dəfələrlə artırılmışdır. Bu texnikalara piyada döyüş vasitələrindən tutmuş müasir artilleriya qurğuları və hava hücumundan müdafiə sistemlərinədək müxtəlif növlərdə silahlar daxildir.
Güclü maddi-texniki baza muxtar respublikamızın quru sərhədləri ilə bərabər, hava məkanının da mükəmməl mühafizəsinin təmin edilməsinə şərait yaratmışdır. Eyni zamanda mövcud hərbi hazırlıqlar Əlahiddə Ümumqoşun Ordunun regiondankənar digər hərbi birləşmələrin köməyi olmadan müstəqil şəkildə istənilən döyüş əməliyyatlarının koordinasiyasını həyata keçirməyə imkan vermişdir. Ali Baş Komandan cənab İlham Əliyevin və Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin hərtərəfli qayğısı sayəsində hər il buradakı hərbi hissələrdə böyük quruculuq tədbirləri həyata keçirilir, zabit və əsgərlər üçün lazımi xidmət şəraiti yaradılır, yeni əsgər yataqxanaları, əsgəri-məişət kompleksləri istifadəyə verilir. Bundan əlavə, hərbi qulluqçuların mənzil-məişət şəraiti yaxşılaşdırılır, onlar yeni mənzillərlə təmin olunurlar. Xidmətdə fərqlənənlərin isə əməyi layiqincə qiymətləndirilərək mükafatlandırılır. Həyata keçirilən tədbirlər sayəsində muxtar respublikada birləşmə və hissələrin döyüş qabiliyyəti və peşəkarlığı artırılmış, şəxsi heyətin mənəvi-psixoloji hazırlığı xeyli yüksəldilmişdir. Ali Məclis Sədrinin mütəmadi olaraq hərbi hissələrə səfər etməsi, şəxsi heyətlə təmasları hərbçilərimizi ruhlandırmaqla yanaşı, xalq-ordu birliyinin nümunəvi gücünü də ortaya qoyur.
Naxçıvanın hərbi gücünün artırılmasının prioritet istiqamət olduğunu bildirən Ali Baş Komandan bu haqda demişdir: “Naxçıvanın hərbi potensialı böyük dərəcədə möhkəmlənmişdir. Naxçıvan ordusu bu gün güclü ordudur. Naxçıvan ordusunun hərbi texnika ilə təminatı ən yüksək səviyyədə təşkil edilir. Bu da təbiidir, çünki Naxçıvan strateji yerdə yerləşir. Naxçıvan blokada şəraitində yaşayır və belə olan halda Naxçıvanın döyüş potensialı ən yüksək səviyyədə olmalıdır. Bu gün bu, belədir. Gələcəkdə Naxçıvanın hərbi potensialının gücləndirilməsi üçün əlavə tədbirlər görüləcəkdir. Naxçıvanın hərbi potensialı elə olmalıdır ki, istənilən təcavüzə tutarlı, layiqli cavab verə bilsin. Bu gün bu artıq reallıqdır. Gələcək illərdə görüləcək əlavə tədbirlər hesabına biz Naxçıvanda daha da böyük hərbi potensial yaradacağıq. Buna imkan vardır”.
Qeyd edək ki, ötən 5 il ərzində Əlahiddə Ümumqoşun Ordunun hərbi potensialı daha da gücləndirilmiş, hərbi birləşmələrimiz xarici və yerli müdafiə sənayesinin ən müasir hərbi texnikaları ilə təmin edilmişdir. Son dövrlərdə Silahlı Qüvvələrimizin muxtar respublikadakı hərbi hissələrinin Türkiyə Silahlı Qüvvələrinin müxtəlif qoşun növləri ilə birgə təlimlərə cəlb olunması, təlimlər zamanı birləşmələrin yüksək döyüş qabiliyyəti nümayiş etdirməsi, eyni zamanda iki qardaş dövlətin hərbi birliklərinin döyüşdə birgə koordinasiyasını təşkil etmək baxımından əhəmiyyətli rol oynamışdır.
Əlahiddə Ümumqoşun Ordu 2017-ci ildə hazırlıq planına əsasən görülən işlərin nəticələrinə, döyüş və ictimai-siyasi hazırlıqda əldə olunmuş nailiyyətlərə görə Azərbaycan Respublikası Silahlı Qüvvələri üzrə birinci yerə layiq görülmüşdür. Bunu da xatırladaq ki, ötən il oktyabrın 18-də muxtar respublikada ilk milli hərbi hissənin yaradılmasının 25-ci ildönümü münasibətilə keçirilən hərbi parad da ordumuzun gücünü hər kəsə nümayiş etdirmişdir. Həmin ərəfədə xarici media orqanlarının Naxçıvandakı hərbi parad haqqında xəbərlərə böyük yer verməsi də ordunun qazandığı nüfuzdan xəbər verirdi.
Ümumiyyətlə, Azərbaycan Silahlı Qüvvələrinin, eləcə də muxtar respublikada yerləşən hərbi birliklərin döyüş arsenalının gücləndirilməsi, orduda şəxsi heyətin vətənpərvərlik ruhunun yüksək səviyyədə olması ən çox diqqət mərkəzində olan məsələlərdəndir. İki il bundan əvvəl – 2016-cı ilin aprel ayında baş vermiş döyüşlərdə ordumuzun cəmi 4 gündə qazandığı nailiyyətlər xalqımızın orduya və işğal altında olan torpaqlarımızın qısa bir müddətdə azad olunmasına inamı daha da artırıb. Qeyd edək ki, tarixə dördgünlük müharibə kimi düşən həmin aprel döyüşləri ordumuza öz gücünü göstərməyə şərait yaradıb. Halbuki həmin döyüşlərə hərbi birləşmələrimizin çox az bir hissəsi cəlb olunmuşdu. Nəticədə, döyüşçülərimizin gücü qarşısında aciz qalan düşmən sürətlə geri çəkilib və məcburiyyət qarşısında qalan erməni rəhbərliyi acizanə şəkildə atəşkəsin təmin edilməsi üçün müxtəlif qurumlara müraciət etməyə məcbur olmuşdu. Dörd gün ərzində əsgərlərimiz 2000 hektar ərazini, strateji əhəmiyyət kəsb edən yüksəklikləri geri alıb və cəbhəboyu ərazilərə nəzarət etmək imkanı qazanıb. Bu döyüş ermənilərin indiyədək “yenilməz erməni ordusu” haqqında yaratdıqları 20 illik mifi darmadağın etdi.
Bu gün ölkəmizin və muxtar respublikamızın müdafiəsinin daha da gücləndirilməsində, təhlükəsizliyimizin yüksək səviyyədə qorunmasında yeni bir tarixi dövrə qədəm qoyulub. Ordu quruculuğu sahəsində həyata keçirilən tədbirlər onu göstərir ki, Əlahiddə Ümumqoşun Ordu bu gün qədim Naxçıvanın keşiyində inamla dayanır, muxtar respublikamızın müdafiəsində ona həvalə edilmiş missiyanı şərəflə yerinə yetirir.
Səbuhi HƏSƏNOV