Naxçıvan şəhərinin 2018-ci ildə ölkəmizdə Gənclər Paytaxtı seçilməsi ilə əlaqədar olaraq Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tapşırığına əsasən muxtar respublikanın Gənclər və İdman Nazirliyi, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənclər Fondunun və Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatı Heydər Əliyev adına Gənclər Birliyinin birgə təşkilatçılığı ilə Naxçıvan şəhəri ətrafında, 1 hektarlıq ərazidə “Gənclər bağı” salınıb. Bağın salınmasında Gənclər və İdman Nazirliyi və nazirliyin strukturuna daxil olan qurumların əməkdaşları ilə yanaşı, ali və orta ixtisas məktəblərinin tələbələri internet resursları və sosial şəbəkələr vasitəsilə könüllülük prinsipi əsasında qeydiyyatdan keçmiş 200 nəfərədək gənc də iştirak edib.
Daha sonra ekoloji aksiyaya start verilib, 750 ədəd müxtəlif meyvə növlərinə məxsus tinglər müvafiq qaydada əkilərək suvarılıb və gübrələnib. Əkilmiş ağaclara bundan sonra da müntəzəm qaydada qulluq göstəriləcəkdir.
Ceyhun MƏMMƏDOV