Martın 15-də “Ölkəmizi tanıyaq” devizi ilə keçirilən maarifləndirici tur-aksiya çərçivəsində Bakı şəhərinin Xətai, Səbail, Yasamal, Nəsimi, Binəqədi və Qaradağ rayonlarından olan 162 məktəbli 18 bələdçi-müəllimin müşayiəti ilə Naxçıvan Muxtar Respublikasına gəlib.
Məktəblilər əvvəlcə ümummilli lider Heydər Əliyevin Naxçıvan şəhərinin baş meydanında əzəmətlə ucalan abidəsini ziyarət ediblər.
Sonra şagirdlər Heydər Əliyev Muzeyinə gələrək buradakı eksponatlarla tanış olublar. Məlumat verilib ki, bu gün muzeyin fondunda ulu öndərin həyat və fəaliyyətini əks etdirən 4600-dən çox eksponat toplanıb. Muzey Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 1999-cu il fevralın 18-də imzaladığı Sərəncam əsasında yaradılıb və 1999-cu il mayın 10-da fəaliyyətə başlayıb.
Muzeydə ümummilli liderimiz Heydər Əliyevin uşaqlıq və gənclik illərinə həsr olunmuş stendlər, onun Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri işlədiyi dövrə aid (1991-1993) şəxsi sənəd və materiallar, imzaladığı sərəncamlar, qərarlar, Türkiyə Cümhuriyyəti və İran İslam Respublikası ilə əməkdaşlıq sahəsində imzaladığı müqavilələrin surətləri, həmin illərdə Azərbaycan Respublikasının müxtəlif bölgələrində yaşayan vətəndaşların müraciətləri toplanıb. Muzeyin kitabxanasında ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən jurnal, albom və kitablar saxlanılır.
Naxçıvan Dövlət Xalça Muzeyində olan şagirdlərə bildirilib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Sərəncamı ilə 1998-ci ildə fəaliyyətə başlayan muzey 2010-cu ildə yeni bina ilə təmin olunub. 2013-cü ildə isə muzeyin ekspozisiyası yenidən qurulub. Hazırda burada 3 mindən çox eksponat var. Naxçıvan Dövlət Xalça Muzeyinin daimi ekspozisiyası içərisində xovlu və xovsuz xalçalar, müxtəlif əl işləri, tikmələr, toxuculuq alətləri, mis və saxsı qablar nümayiş etdirilir.
Məktəblilər “Xan Sarayı” Dövlət Tarix-Memarlıq, Möminə Xatın və Açıq Səma Altında Muzey Kompleksi ilə də tanış olub, bu tarixi abidələr haqqında ətraflı məlumat alıblar.
Şagirdlər regionun nüfuzlu ali təhsil ocaqlarından olan “Naxçıvan” Universitetində də olublar. Burada şagirdlərə məlumat verilib ki, 1999-cu ildən fəaliyyət göstərən universitetdə hazırda 4 fakültə, 10 kafedra, 5 şöbə var. 2015-ci ildə “Naxçıvan” Universiteti üçün istifadəyə verilən yeni universitet şəhərciyinə rektorluq binası, iki tədris korpusu, kitabxana, sosial xidmət mərkəzi, yataqxana, idman və konfrans zalları daxildir.
Qeyd olunub ki, yaradılmış hərtərəfli şərait nəticəsində ali təhsil ocağının tələbələrinin sayı hər il artır. 2017-2018-ci tədris ilində universitetdə 1000-ə yaxın tələbə təhsil alır. Bu tədris ilində universitetdə 16 ixtisas üzrə mütəxəssis hazırlığı aparılır. Ali təhsil ocağında təhsilin keyfiyyəti yüksəldilir, ixtisas fənləri üzrə elmi dərəcəsi olan müəllimlərə üstünlük verilir, tədris zamanı müasir təlim texnologiyalarından istifadə diqqətdə saxlanılır.
Xəbərlər şöbəsi