25 Dekabr 2024, Çərşənbə

Martın 30-da Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən seçki dairələrinin veb-kameralar quraşdırılmış seçki məntəqələrinin məntəqə seçki komissiyalarının sədr və katibləri, həmçinin seçkilərə 5 gün qalmış yaradılması nəzərdə tutulan qapalı seçki məntəqələrinin sədrləri ilə seminar-treninq keçirilib.
Seminarı giriş sözü ilə açan Mərkəzi Seçki Komissiyasının sədri Məhərrəm Qasımov bu il aprelin 11-də keçiriləcək Azərbaycan Respublikası Prezidentinin seçkilərinə hazırlıqla əlaqədar görülən işlərdən danışıb.
Daha sonra muxtar respublikada fəaliyyət göstərən dairə seçki komissiyalarının sədrləri seçki dairələri üzrə seçki məntəqələrinin sayı, seçicilərin ümumi sayı, mülki və qapalı seçki məntəqələrində səs verəcək hərbi qulluqçular barədə məlumat veriblər.
Məhərrəm Qasımov çıxışında bildirib ki, seçkilərin keçirilməsində şəffaflıq ən mühüm prinsiplərdən biridir. Bu məqsədlə ölkəmizdə bütün digər vasitələrlə yanaşı, informasiya-kommunikasiya texnologiyaları sahəsində əldə olunmuş nailiyyətlərdən də geniş istifadə olunur ki, bu da seçki prosesini əvvəldən axıradək izləməyə, geniş və hərtərəfli müşahidə aparmağa və beləliklə, aşkarlığın daha dolğun təminatına şərait yaradır. Səsvermə günü istənilən internet istifadəçisi Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının rəsmi saytına daxil olmaqla, səsvermənin gedişini canlı izləyə bilər. Ümumiyyətlə, seçki məntəqələrində veb-­kameraların quraşdırılması Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının “Seçki məntəqələrində veb-kameraların quraşdırılması və istifadəsinə dair Qaydalar”a uyğun olaraq təşkil edilmişdir.

Daha sonra Mərkəzi Seçki Komissiyasının sədri seçki günü məntəqə seçki komissiyaları üzvlərinin vəzifələri barədə məlumat verərək bildirib ki, bu vəzifələrin düzgün icra edilməsi və səsvermə protokollarının qanunauyğun doldurulması, səsvermənin nəticələrinin müəyyən olunması baxımından çox vacibdir. Məhərrəm Qasımov çıxışında vətəndaşların səsvermə hüququndan istifadə edə bilməsi, seçkilərin mütəşəkkil və demokratik şəkildə keçirilməsi, səsvermə kabinələrinin təşkili, təkrar səsvermə və başqa seçici əvəzindən seçki bülleteni doldurmaq cəhdlərinin qarşısının alınması, seçki bülletenini müstəqil doldurmaq imkanı olmayan bəzi vətəndaşların digər şəxsin köməyindən istifadə etməsi üçün şərait yaradılması ilə bağlı məntəqə seçki komissiyası üzvlərinin qarşısında duran vəzifələrdən danışıb.
Seminarda seçki məntəqəsində səslərin hesablanması barədə məlumat verən Mərkəzi Seçki Komissiyasının katibi Elnur Eyvazov bildirib ki, səsvermə müddəti başa çatdıqda seçki məntəqəsində yalnız səslərin hesablanmasını izləmək səlahiyyəti olan şəxslər qala bilər.
Çıxışda istifadə edilməmiş seçki bülletenlərinin ləğvi, seçki qutularının açılması, daşınan və daşınmaz seçki qutuları üzrə səslərin hesablanma qaydaları, səsin hansı halda etibarsız hesab edilməsi, qanuniləşdirilməsi, etibarsız səslərin ayrıca yığılıb bağlanması qaydaları barədə ətraflı məlumat verilib.
6 saylı Culfa-Babək Dairə Seçki Komissiyasının üzvü Babək Məmmədov səsvermənin nəticələrinə dair yekun protokolunun doldurulması qaydalarını izah edərək diqqətə çatdırıb ki, məntəqə seçki komissiyasının protokolu Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyası tərəfindən hazırlanmış üç nüsxədən ibarət xüsusi dövlət sənədidir. Nüsxələrdən birincisi Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasına, ikincisi müvafiq dairə seçki komissiyasına təhvil verilir. Üçüncüsü isə məntəqədə məlumat lövhəsindən asılır. Sonra məntəqə seçki komissiyası protokolunun doldurulma qaydası slaydlarla bəndlər üzrə ətraflı izah edilib. Protokolun doldurulma qaydasının komissiya üzvləri tərəfindən tam mənimsənilməsi üçün hər bir bənd üzrə izahlar verilib, seçki komissiyaları üzvlərinin sualları cavablandırılıb.

Naxçıvan Muxtar Respublikası
Mərkəzi Seçki Komissiyası

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR