25 Dekabr 2024, Çərşənbə

Aprel ayının 11-də Azərbaycan Respublikası Prezidentinin seçkiləri  keçiriləcək. Kütləvi informasiya vasitələrindən də məlum olduğu kimi, bununla əlaqədar ölkəmizdə, eləcə də muxtar respublikamızda seçkilərə ciddi hazırlıq işləri aparılıb. Naxçıvan Muxtar Respublikasında prezident seçkilərinə hazırlığın vəziyyəti ilə bağlı oxucularımızı ətraflı məlumatlandırmaq üçün Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyasının sədri Məhərrəm Qasımova müraciət etdik:

– Məhərrəm müəllim, növbəti Azərbaycan Respublikası Prezidenti seçkilərinin keçirilməsi ilə bağlı muxtar respublikada seçki kampaniyasına hazırlıq işləri hansı səviyyədə aparılıb?
– Aprelin 11-də keçiriləcək Azərbaycan Respublikası Prezidenti seçkilərinə hazırlığa seçki komissiyaları seçici siyahılarının tərtibi ilə başlamış, bu mühüm proses muxtar respublikamızda da uğurla başa çatdırılmışdır. Naxçıvan Muxtar Respublikasında yerləşən 7 dairə seçki komissiyası seçici siyahılarını dəqiqləşdirərək Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasına təqdim etmişdir. Seçici siyahılarının tərtibi və dəqiqləşdirilməsində yerli icra hakimiyyəti orqanlarının, bələdiyyə qurumlarının, Daxili İşlər Nazirliyinin pasport-qeydiyyat qurumlarının və mənzil-istismar sahələrinin təqdim etdikləri məlumatlardan istifadə olunmuşdur. Məsul şəxslərin iştirakı ilə dəqiq seçici siyahıları tərtib olunmuşdur. Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyi ilə sıx əməkdaşlıq qurulmaqla bütün rayonlarda şəxsiyyət vəsiqəsi almamış və ilk dəfə səs verəcək vətəndaşların seçki gününədək şəxsiyyət vəsiqələri ilə təmin olunmaları üçün lazımi tədbirlər görülmüşdür. Tərtib olunmuş vahid seçici siyahıları üzrə aparılmış dəqiqləşdirmələrdən sonra Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən 7 seçki dairəsi üzrə, ümumilikdə, 262 min 874 nəfər aktiv seçki hüququna malik seçici qeydə alınmışdır. Seçicilərin 1368 nəfəri 18 yaşı yeni tamam olmuş və ilk dəfə səs verən vətəndaşlardır. 2016-cı ildə keçirilmiş Referendum ilə müqayisədə muxtar respublika üzrə seçicilərin sayı 1661 nəfər, yəni 0,6 faiz artmışdır.

Muxtar respublikada fəaliyyət göstərən hərbi qulluqçuların və cəza­çəkmə müəssisələrində cəzaçəkən məhkumların da seçki hüquqlarının təmin edilməsi ilə bağlı müvafiq tədbirlər görülmüşdür. Belə ki, Əlahiddə Ümumqoşun Orduda xidmət edən hərbi qulluqçular seçkilərə 5 gün qalmış yaradılacaq 21 qapalı və 3 ümumi seçki məntəqəsində, Sərhəd Qoşunlarının hərbi qulluqçuları 1 qapalı və 19 ümumi seçki məntəqəsində, Daxili Qoşunlarda qulluq edən hərbi qulluqçular 1 qapalı seçki məntəqəsində və Ədliyyə Nazirliyinin Penitensiar Xidmətində cəzaçəkən məhkumlar 1 qapalı seçki məntəqəsində səs verəcəklər.
Xüsusilə qeyd etmək istəyirəm ki, seçki gününədək adı seçici siyahısına düşməyən seçicilər müvafiq məntəqə seçki komissiyasına müraciət edərək seçici siyahısına daxil edilə bilərlər. Hətta seçki günü də seçicilər əlavə seçici siyahıları ilə səs verə biləcəklər. Məhz buna görə də seçici siyahılarının dəqiqləşdirilməsi prosesi seçki gününədək davam edəcəkdir. Naxçıvan Muxtar Respublikasından kənarda təhsil alan tələbələr, eyni zamanda seçki günü yaşadığı ərazidə olmayan seçicilər qeydiyyatdançıxma vəsiqəsi ilə olduqları yerdə səs verə biləcəklər.
– Bəs muxtar respublikamızda fəaliyyət göstərən seçki komissiyalarının seçkiyə hazırlığı necə aparılıb?
– Dairə seçki komissiyaları öz fəaliyyətlərini Təqvim Planına əsasən təşkil etmişdir. Muxtar respublikada fəaliyyət göstərən 7 seçki dairəsi və 316 seçki məntəqəsi aprel ayının 11-də keçiriləcək prezident seçkilərinə tam hazırdır. Belə ki, həm seçki dairələri, həm də seçki məntəqələri tələb olunan bütün inventar və avadanlıqlarla təmin olunmuşlar.
Muxtar respublika üzrə 316 seçki məntəqəsi fəaliyyət göstərir ki, bunun 292-si mülki, 24-ü isə hərbi məntəqələrdir. Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyi tərəfindən seçkilərə hazırlıqla bağlı müəyyən tədbirlər həyata keçirilmişdir. Belə ki, seçki dairələri internet xətti ilə təmin olunmuş, seçki məntəqələrinin rabitə xətləri yoxlanılmış və çatışmazlıqlar aradan qaldırılmış, səsvermə prosesinin internet vasitəsilə canlı olaraq izlənə bilməsi üçün bütün seçki dairələrini əhatə etməklə muxtar respublikada fəaliyyət göstərən 35 seçki məntəqəsində veb-kameralar quraşdırılmışdır. Muxtar respublikamızda fəaliyyət göstərəcək bütün seçki məntəqələrinin yerləşdikləri binalar ən yüksək səviyyədə olmaqla, lazımi inventarla təchiz edilərək komissiya üzvlərinin istifadəsinə verilmişdir. Seçicilərin rahat və demokratik prinsiplər çərçivəsində səsvermədə iştirakları, eyni zamanda yerli və xarici müşahidəçilərin, qeydə alınmış namizədlərin vəkilləri və səlahiyyətli nümayəndələrinin seçkilərin gedişini rahat şəkildə müşahidə edə bilmələri üçün hər cür şərait yaradılmışdır.
– Seçki komissiyaları üzvlərinin seçki prosesi ilə əlaqədar nəzəri və praktik baxımdan maarifləndirilməsi istiqamətində nə kimi işlər görülüb?
– Seçkilərə hazırlıq dövründə komissiya üzvlərinin maarifləndirilməsi işi də kənarda qalmamış, 15 fevralda dairə seçki komissiyası sədrlərinin iştirakı ilə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasında ­seminar-müşavirə keçirilmişdir. Muxtar respublikamızda fəaliyyət göstərən 7 dairə seçki komissiyasının sədrləri də bu seminar-müşavirədə iştirak etmişdir. Muxtar respublikada fəaliyyət göstərən bütün dairələr üzrə məntəqə seçki komissiyalarının sədr və katibləri üçün 2018-ci il 20-22 fevral tarixlərdə seminarlar təşkil olunmuşdur. Əlavə olaraq dairə seçki komissiyalarında fəaliyyət göstərən ekspert və treninq qruplarının üzvləri, kompüter operatorları müxtəlif vaxtlarda Bakı şəhərində keçirilmiş seminarlarda iştirak etmişlər. Məntəqə seçki komissiyaları üzvlərinin maarifləndirilməsi işi də mütəmadi olaraq davam etdirilib. Belə ki, 12-16 mart tarixlərdə muxtar respublikada fəaliyyət göstərən dairə seçki komissiyaları məntəqə seçki komissiyalarının üzvləri üçün seçki məntəqələrinin səsverməyə hazırlanması, səsvermə prosesi, səslərin sayılması və protokolların doldurulması da daxil olmaqla, bütün səsvermə günü prosedurlarının izahı ilə əlaqədar seminarlar keçirmişlər. Bu seminarlar yerli kütləvi informasiya vasitələrində işıqlandırılmışdır. Bu proses, xüsusilə də yekun protokolların doldurulması qaydalarının izahı seçki gününədək davam ediriləcəkdir.
– 11 apreldə səsvermə nə vaxt başlayıb nə vaxt bitəcək?
– Seçkilər günü səsvermə saat 8-dən 19-a kimi keçirilir. Seçicilər səhər saat 8-dən etibarən şəxsiyyət vəsiqələri və ya şəxsiyyəti təsdiq edən digər sənədlərlə seçki məntəqələrinə gəlib səs verə bilərlər.
– Seçki günü seçki məntəqələrində kimlər ola bilər?
– Seçkilər günü seçki məntəqəsində məntəqə seçki komissiyasının, Mərkəzi Seçki Komissiyası və dairə seçki komissiyasının üzvləri, qeydə alınmış namizədlərin səlahiyyətli nümayəndələri və vəkil edilmiş şəxsləri, akkreditasiyadan keçmiş beynəlxalq və yerli müşahidəçilər, kütləvi informasiya vasitələrinin nümayəndələri, seçicilər (o cümlədən səsvermənin həyata keçirilməsi zamanı yardıma ehtiyacı olan seçicilərə kömək edən şəxslər) ola bilərlər. Yalnız səsvermə hüququnu həyata keçirən zaman və ya məntəqə seçki komissiyası sədrinin dəvəti ilə ictimai asayişi bərpa etmək üçün xidməti geyim formasında olan polis işçiləri, yaxud texniki problemləri həll etmək üçün müvafiq mütəxəssislər, zəruri yardıma ehtiyac olan hallarda isə kömək üçün dəvət edilən mütəxəssislər (təcili tibbi yardım, yanğınsöndürmə və sair üzrə mütəxəssislər) seçki məntəqəsində ola bilərlər. Lakin onlar vəzifələrini icra edən kimi seçki məntəqəsini tərk etməlidirlər.
– Seçici adını seçicilər siyahısında tapmadığı təqdirdə nə etməlidir?
– Bu zaman seçici onun səsvermə hüququnu yoxlayan məntəqə seçki komissiyasının üzvünə yaxınlaşaraq adının siyahıya salınması üçün həmin komissiyanın sədrinə müraciət etməsini xahiş edir. Seçicinin adının əlavə seçici siyahısına salınması və ya salınmaması yalnız məntəqə seçki komissiyasının qərarı əsasında olur. Bunun üçün əsas kimi həmin seçki məntəqəsinin ərazisində müvafiq polis orqanları tərəfindən verilmiş daimi və ya müvəqqəti qeydiyyatda olmasını təsdiqləyən və sair bu kimi sənədlər əsas götürülə bilər.
– Seçici səs vermək üçün hansı sənədləri təqdim etməlidir?
– Seçici səs vermək üçün aşağıdakı sənədlərdən birini təqdim etməlidir: Azərbaycan Respublikasının vətəndaşları şəxsiyyət vəsiqəsini, qaçqın və məcburi köçkün vətəndaşlar şəxsiyyət vəsiqəsi yoxdursa, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən müəyyənləşdirilmiş formalı vəsiqəni, həqiqi və ya müddətli hərbi xidmətdə olan hərbi qulluqçular zabitin şəxsi vəsiqəsi və ya hərbi biletini, barələrində həbs qətimkan tədbiri seçilərək istintaq təcridxanalarında saxlanılan təqsirləndirilən şəxslər Ədliyyə Nazirliyinin Penitensiar Xidməti tərəfindən verilmiş təqsirləndirilən şəxsin şəxsiyyətini təsdiq edən sənədi, azadlıqdan məhrumetmə yerlərində və xüsusi müəssisələrdə cəza çəkən məhkumlar Ədliyyə Nazirliyinin Penitensiar Xidməti tərəfindən verilmiş məhkumun şəxsiyyətini təsdiq edən sənədi. Əks-təqdirdə məntəqə seçki komissiyasının seçicini qarşılayan və barmağının mürəkkəblə işarələnməsini yoxlayan üzvü həmin seçiciyə bu halda səs verməsinin qeyri-mümkünlüyünü və tələb olunan şəxsiyyəti təsdiqləyən sənədlə gəlməsini izah edir.
– Seçiciyə hansı halda seçki bülleteni verilməyə bilər?
– Seçici tələb olunan şəxsiyyəti təsdiqləyən sənədlə gəlmədiyi, sol əlinin baş barmağının gözəgörünməyən mürəkkəblə işarələnməsi təklifi ilə razılaşmadığı və ya seçicinin barmağı artıq mürəkkəblə işarələndiyi kimi hallara təsadüf edildikdə seçiciyə seçki bülleteni verilməyə bilər.
– Əgər seçici səsvermə bülletenini korlayarsa, onun səsvermədə təkrar iştirakı necə təmin edilməlidir?
– Bu halda seçici korlanmış səsvermə bülletenini ona bülleten vermiş məntəqə seçki komissiyasının üzvünə qaytarmalıdır. Məntəqə seçki komissiyasının məsul üzvü korlanmış səsvermə bülletenini seçicidən alır, onu yarıdan kəsməklə ləğv edir və korlanmış səsvermə bülletenləri üçün nəzərdə tutulmuş ayrıca zərfə qoyur. Bundan sonra seçiciyə yeni səsvermə bülleteni verilir. Seçicinin səsvermə bülletenini korlaması və ona yenisinin verilməsi barədə seçicilər siyahısında seçicinin soyadından sağda müvafiq qeyd edilərək seçiciyə dərhal boş səsvermə kabinəsinə keçməsi, yenidən səs verməsi və seçki məntəqəsini tərk etməsi barədə təlimat verilir. Hər bir korlanmış səsvermə bülleteni barədə ayrıca akt tərtib edilir.
– Bəs səsvermə bülletenini doldurmaqda çətinlik çəkən seçicilərə necə kömək etmək olar?
– Bildiyiniz kimi, səsvermə kabinəsində seçici səs verərkən digər seçicinin kabinəyə daxil olması qadağandır. Lakin səsvermə bülletenini almaqda və ya doldurmaqda köməyə ehtiyacı olan seçici məntəqə seçki komissiyasının üzvləri və müşahidəçilər istisna olmaqla, aktiv seçki hüququ olan istənilən başqa şəxsə müraciət edə bilər. Seçiciyə səsvermə bülletenini almaqda və ya doldurmaqda kömək edən şəxs öz adını və soyadını göstərməklə, seçici siyahısının “seçicinin səsvermə bülletenini alması haqqında imza” qrafasında imza etməlidir. Bülleteni doldurmaq üçün seçici və ona kömək edən şəxs dərhal boş səsvermə kabinəsinə daxil olur. Səsvermədən sonra seçicidən və ona kömək edən şəxsdən seçki məntəqəsini tərk etmələri tələb edilir.
– Səsvermə günü müxtəlif səbəblərdən muxtar respublika ərazisində olmayan seçicilər necə səs verə bilərlər?
– Seçicilər siyahısına daxil edilmiş, lakin hər hansı səbəbə görə səsvermə günü seçki məntəqəsində səs vermək imkanı olmayan seçici səsvermə gününə 3 gün qalanadək müvafiq məntəqə seçki komissiyasında qeydiyyatdançıxma (səsvermə) vəsiqəsini ala və həmin vəsiqə əsasında səsvermə günü olduğu ərazidəki seçki məntəqəsində səs verə bilər. Səsvermə vəsiqəsi müvafiq seçki komissiyası tərəfindən seçicinin ərizəsi əsasında seçiciyə və ya notariat qaydasında təsdiq edilmiş vəkalətnamə əsasında onun nümayəndəsinə verilir. Ərizədə seçicinin səsvermə vəsiqəsi almasının səbəbləri göstərilməlidir. Ərizə verildiyi gündən başlayaraq iki gün müddətində məntəqə seçki komissiyası dairə seçki komissiyasına müraciət edərək, seçicinin əvvəl səsvermə vəsiqəsini alıb-almaması faktını araşdırmalıdır. Bir seçiciyə bir neçə səsvermə vəsiqəsinin verilməsi qadağandır.
– Səsvermə günü səhhətinə və ya digər üzrlü səbəblərə görə seçki məntəqəsinə gələ bilməyən seçicilərin səsvermədə iştirakı üçün hansı şərait yaradılıb?
– Səsvermə günü səhhətinə görə və ya digər üzrlü səbəblərdən seçki məntəqəsinə gələ bilməyən vətəndaşların daşınan səsvermə qutusu ilə səsvermə otağından kənarda səs vermək hüququ vardır. Bu şəxslər səsvermə gününə qədər bu barədə məntəqə seçki komissiyasına yazılı və ya şifahi müraciət etməlidirlər. Bu halda onlara məntəqə seçki komissiyası tərəfindən səsvermədə iştirak etmək imkanı yaradılır. Dairə seçki komissiyası səsvermə otağından kənarda səs vermək üçün məntəqə seçki komissiyasına edilmiş müraciətləri səsvermə gününə azı 12 saat qalmışadək təsdiq edir. Əgər seçici səsvermə otağından kənarda səs vermək üçün əvvəlcədən ərizə yazmayıbsa və yalnız şifahi müraciət edibsə, ərizəni onlara gəlmiş məntəqə seçki komissiyası üzvlərinin yanında yazmalıdır.
– Qeyd etdiklərinizdən belə qənaətə gəlmək olar ki, növbəti prezident seçkiləri də mütəşəkkil, demokratik və şəffaf şəkildə ­keçiriləcəkdir...
– Azərbaycan Respublikasında xalqın müqəddəratını həll edəcək qədər çox məsuliyyətli bir siyasi prosesin – seçki prosesinin müvəffəqiyyətlə həyata keçirilməsi üçün fundamental qanunvericilik bazası yaradılmışdır. Ümummilli liderimiz Heydər Əliyevin tövsiyə və tapşırıqları əsasında keçirilmiş seçkilərdə əldə olunan praktik təcrübədən bəhrələnərək ən mükəmməl Seçki Məcəlləsi hazırlanmışdır. Bu da seçki komissiyalarının iş fəaliyyətlərinin düzgün qurulmasında başlıca amil rolunu oynayır. Komissiya üzvləri bu mükəmməl Seçki Məcəlləsinin müddəalarına əməl etməklə öz üzərlərinə düşən məsul vəzifənin öhdəsindən layiqincə gələcək, əvvəlki seçkilərdə olduğu kimi, növbəti seçkinin də şəffaf, demokratik, dünya standartlarına uyğun keçirilməsi üçün bilik və bacarıqlarını əsirgəməyəcək, seçki komissiyalarına göstərilən etimadı ən yüksək səviyyədə doğruldacaqlar.
Sonda onu da qeyd etmək istərdim ki, muxtar respublikadakı seçki məntəqələrinin həm maddi-texniki bazası, həm də komissiya üzvlərinin peşəkarlığı imkan verir ki, seçkilər azad və demokratik şəraitdə keçirilsin. Seçicilərdən isə xahişimiz budur ki, seçkilər günü seçki məntəqələrinə gələrək seçki hüquqlarından azad və demokratik şəraitdə istifadə etsinlər.
– Maraqlı müsahibə üçün sağ olun!

 Mehriban SULTAN

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR