Gələcəyimiz təhlükədədir
Təəssüf hissi ilə demək lazımdır ki, bu gün uşaqlara, yeniyetmə gənclərə dövlət səviyyəsində qayğı və diqqət unudulub.
Şəhər istilik sisteminin işləməməsi, elektrik enerjisinin fasilələrlə verilməsi ümumtəhsil müəssisələrində, orta ixtisas məktəblərində, texnikum və institutlarda dərslərin aylarla dayandırılmasına səbəb olur.
Ən acınacaqlı hal odur ki, uşaqlar təhsil almaq, oxumaq əvəzinə “biznes” azarına tutulublar. Doğrusu, əvvəllər yaşlılar da “alverçi” sözünü üstünə götürməyə bir növ xəcalət çəkirdilər. İndi isə leksikonumuza “alverçi” sözünü əvəz edən daha mədəni “biznesmen” sözü daxil olub. İndi çoxları 10-15 siqaret, 5-10 qutu konfeti küçədə yaşadığı evin qarşısında qabağına düzüb bizneslə məşğul olması ilə fəxr edir. Bax bizcə, bu da zamanın, dövranın ən böyük faciəsidir. Məktəblərdə dərslərin olmaması üzündən boş qalan uşaqlar mütaliə etmək, keçilmiş dərsləri təkrarlamaq əvəzinə alverlə məşğul olurlar.
20-25 ildən sonra nə bu xalqın istedadlı, bacarıqlı həkimi olacaq, nə də ki müəllimi. Bugünkü nəsil ömrünü başa vurduqdan sonra onları əvəz edə biləcək kadrlar olmayacaq. Bəlkə də, çoxları bizim bu fikrimizlə razılaşmayacaqdır. Lakin acı da olsa, bu, bir həqiqətdir. Bugünkü təhsili göz önünə gətirib sabahı düşünən hər bir kəs aydın dərk edir ki ali məktəblərdə 2-3 ay çəkən semestrdə gələcəyin mütəxəssisləri elmin sirlərinə necə yiyələnirlər. Dərsliklərin çatışmaması, müəllim və tələbələrin etinasızlığı, demək olar ki, bütün ali məktəblər üçün xarakterik bir hala çevrilmişdir.
“Şərq qapısı” qəzeti
31 mart 1994-cü il
Gənclər Paytaxtının xoşbəxt gəncləri
Ötən illərin acı xatirələrindən boylanarkən...
Gəncliyə el arasında insanın gözünün açıldığı dövr də deyirlər. Ötən əsrin sonlarında biz gənclər gözümüzü açdığımızda mənfur qonşularımızın ölkəmizə qarşı torpaq iddiaları ilə qarşılaşdıq. Ölkədə yaranmış gərgin vəziyyət, çökməkdə olan sovet imperiyasının son özünüxilas cəhdləri, xalqımızın azadlıqsevər insanlarına qarşı təqiblər, sərhəd bölgələrimizdən gələn qara xəbərlərin acıları hopdu gəncliyimizin hər gün açılan səhifələrinə. O səhifələr ki, bir dəfə açılır və heç vaxt o günlərin bir anını belə, geri qaytara bilmirsən. O səhifələrə gəncliyimizin bahar təravətli günləri əvəzinə Naxçıvanın blokadasının ağır günləri yazıldı, gəncliyin şux, şaqraq gülüşlərini üzümüzdən hər gün eşitdiyimiz bir acı xəbər sildi. Tələbə olduq, gəncliyə layiq gözəl geyinmək-keçinmək istədik, lakin qıtlıq imkan vermədi. Gəncliyimizi kinoteatrlarda hansısa gözəl bir filmə baxmaq, isti, rahat bir kitabxanada kitab oxumaq, yaraşıqlı bir kafedə tələbə yoldaşlarımızla çay içmək əvəzinə, səhərin sübh çağından çörək, neft növbələrində, elektrik enerjisi olmayan qaranlıq və soyuq otaqlarda, heç vaxt istədiyimiz istiliyi ala bilmədiyimiz sobaların başında keçirməli olduq. Xalq illərlə həsrətində olduğumuz müstəqilliyi əldə etmək üçün mübarizəyə qalxdı. Biz gənclər də bu mübarizəyə qoşulduq. Qürur duyduq bu hərəkatda iştirak etdiyimiz üçün. Müstəqilliyimizi əldə etdik. Lakin onlarla yaşıdlarımızı itirdik. 20 Yanvar və Xocalı faciələrində, həmin illərdə ölkəmizin, eləcə də muxtar respublikamızın ermənilərlə sərhəd rayon və kəndlərində gedən döyüşlərdə 11 il bir partada əyləşdiyimiz sinif yoldaşlarımızı itirdik. Şəhidlər xiyabanlarımızda uyuyanların çoxu bizim gəncliyimizin nümayəndələridir. Bəziləri isə kiçikyaşlı övladlarını ata-anasız qoydu, hətta həmin günlər doğulan uşaqlarının üzünü belə, görə bilmədilər. Onların bəzilərinin indi müstəqilliyimizlə yaşıd övladları var. Ata-ana görməyən belə şəhid övladları bu gün müstəqil ölkəmizdə öz övladlarını böyüdürlər.
Şahidi olduğumuz, gündəlik həyatımızda yaşadığımız hadisələri bügünkü gənclik biz valideynlərindən, yaxınlarından, televiziya və mətbuatdan öyrənir. Onlara həmin illərin acı xatirələrindən danışanda bu qədər çətinlikləri, acıları təəccüblə qarşılayır, o illəri öyrənməyə çalışırlar. Haqlıdırlar, o illərin ağırlığının nə dərəcədə olduğunu yalnız bunu yaşayanlar bilər.
1993-cü ildə – ölkə çalxantılar içərisində olduğu vaxt ümummilli liderimiz Heydər Əliyev Azərbaycanda yenidən hakimiyyətə gəldi. İtirilmək təhlükəsi qarşısında olan müstəqilliyimiz qorundu, şəhidlərimizin qanı yerdə qalmadı, olmazın əzab-əziyyətini çəkən insanların zəhməti hədər getmədi. O illərin gəncliyi çətin, əzablı yollar keçsə də, ulu öndər tərəfindən yetişməkdə olan yeni gəncliyin inkişafı, dünya birliyinə inteqrasiyası Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətini təşkil etdi. Çünki ümummilli liderimiz ölkəmizə rəhbərlik etdiyi bütün dövrlərdə sağlamdüşüncəli gənc nəslin yetişdirilməsini, gənclərin ölkənin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında iştirakının təmin edilməsini diqqət mərkəzində saxlamışdır. Ötən əsrin 70-ci illərində də belə olmuşdur. Ulu öndərin diqqət və qayğısı nəticəsində yetişən gənclik ölkəmizin müstəqilliyinin qorunmasında və inkişafında yaxından iştirak etmişdir.
“Biz dövlətin və cəmiyyətin idarə edilməsində gənc nəslin qüvvəsinə arxalanacaq, onların imkanlarından maksimum istifadə edəcəyik”, – deyən dahi şəxsiyyətin ölkəyə rəhbərlik etdiyi 1993-2003-cü illərdə də gənclər siyasəti ən çox diqqət göstərilən sahə oldu. Ayrı-ayrı dövlət təşkilatlarının gənclərlə iş sahəsindəki fəaliyyətini əlaqələndirmək üçün 1994-cü ildə Gənclər və İdman Nazirliyi yaradıldı. Ulu öndərin 1997-ci il fevralın 1-də imzaladığı Sərəncamla Gənclərin I Forumunun keçirildiyi gün – fevralın 2-si Azərbaycanda Gənclər Günü elan edildi. Görkəmli dövlət xadiminin rəhbərliyi ilə mühüm qanunlar qəbul olundu, bir sıra fərman və sərəncamlar imzalandı. Sonrakı illərdə ölkə Prezidentinin bu sahəyə göstərdiyi qayğının nəticəsidir ki, bu gün Azərbaycan gəncləri öz intellektual səviyyələri, bilik və bacarıqları ilə dünyada tanınır və qəbul olunurlar. Bütün bunlar gənclərdə vətənpərvərlik ruhunu formalaşdırdı. İndi gəncliyimizin ən dəyərli xüsusiyyətlərindən biri onlarda hərbi-vətənpərvərlik ruhunun yüksək səviyyədə olmasıdır. Əminliklə demək olar ki, Azərbaycan gəncliyi özünün böyük qüvvə olduğunu artıq sübut edib. Prezident cənab İlham Əliyev gənclər qarşısında mühüm vəzifələr durduğunu bildirərək demişdir: “Dayanıqlı inkişaf üçün gərək gələcəkdə ölkəmizi idarə edəcək insanlar da daim dövlətçiliyə, inkişafa töhfə versinlər. Siz gənclər gələcəkdə ölkəmizi idarə edəcəksiniz. Ölkəmizin taleyi sizdən asılı olacaqdır. Ona görə sizin fəaliyyətiniz, baxışlarınız və fikirləriniz gələcəkdə ölkəmiz üçün həlledici olacaq”.
Bu gün muxtar respublikada da dövlət-gənclər siyasəti uğurla həyata keçirilir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin gənclərlə bağlı imzaladığı bir sıra fərman və sərəncamlar muxtar respublikada gənclərə göstərilən diqqət və qayğının bariz nümunəsidir. Naxçıvan Muxtar Respublikası Gənc İstedadlarının “Qızıl kitabı” təsis edilmişdir. Naxçıvan şəhərində Gənclər Mərkəzinin istifadəyə verilməsi gənclərin xüsusi layihələr vasitəsilə vahid bir məkanda toplanması, gənclərin inkişafı, onların asudə vaxtlarının səmərəli təşkili baxımından xüsusi əhəmiyyətə malikdir. Gənc nəslin sağlam, bilikli və vətənpərvər ruhda böyüməsi diqqət mərkəzində saxlanılır, onların cəmiyyətin bütün sahələrində fəal iştirakı təmin olunur.
Muxtar respublikada həyata keçirilən dövlət-gənclər siyasətinin mühüm istiqamətlərindən birini də gənclərin sosial problemlərinin həlli, xüsusilə də mənzil-məişət şəraitinin yaxşılaşdırılması təşkil edir. Gənclərin güzəştli şərtlərlə mənzil sahibi olması yönündə işlər bu gün də uğurla davam etdirilir. Bu günlərdə Naxçıvan şəhərində yeni yaşayış kompleksi – “Gənclər şəhərciyi”nin istifadəyə verilməsi də bunun əyani ifadəsidir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov demişdir: “Bu gün bizim qarşımızda bir vəzifə durur: mənəviyyatca təmiz, intellektli və vətənpərvər gənclər yetişdirmək. Gənclərin bir yolu var. Bu yol ölkə Prezidenti tərəfindən uğurla davam etdirilən Heydər Əliyev yoludur. Hər bir gənc yaradılan yüksək şəraitdən və göstərilən dövlət qayğısından bəhrələnərək Vətəni və xalqı üçün layiqli vətəndaş olmağa çalışmalı, üzərinə düşən vəzifələri layiqincə yerinə yetirməli və ona göstərilən etimadı doğrultmalıdır”.
Bu gün üzlərindən xoşbəxtlik yağan gənclərimizlə kitabxanalarda, idman komplekslərində, kinoteatrlarda, müasir şəraitli orta və ali təhsil ocaqlarında rastlaşdıqda hər an insanın gözləri önündə dünənki gəncliklə bugünkü gəncliyin müqayisəsi canlanır və onlara həsəd aparmaya bilmirsən. Ancaq düşünəndə ki, müasir gəncliyin nümayəndələri bizim övladlarımızdır, nə yaxşı ki onlar bu cür şəraitdə yaşayırlar, – deyə təsəlli tapırsan.
Budur, Naxçıvan şəhəri ölkəmizdə 2018-ci ilin Gənclər Paytaxtıdır. Bu şəhəri gənclərə paytaxt edən amillər var. Bunlardan ən başlıcası illərdən bəri həyata keçirilən gənclər siyasətinin uğurlu nəticələri, gənclərin dövlət idarəçiliyi və digər sahələrdə irəli çəkilmələri, xidmətlərinin yüksək qiymətləndirilməsidir. Digər amil isə gənclərin onlara verilən dəyəri hiss etmələri, göstərilən etimadı layiqincə doğrultmalarıdır. Ümumi işin nəticəsi isə yaşı minilliklərə söykənən qədim Naxçıvanın gəncləşərək Gənclər Paytaxtı statusunu alması oldu. Qürur duyuruq, ona görə ki, o gəncliklə bu gənclik cəmi 23 illik zaman kəsiyində müqayisə olunmayacaq səviyyəyə gəlib çatıb.
Mətanət MƏMMƏDOVA