Gömrük orqanları tərəfindən mart ayının 16-da növbəti məhvetmə tədbiri keçirilib. Kütləvi informasiya vasitələri nümayəndələrinin iştirakı ilə yandırılaraq məhv edilən mallar, əsasən, köhnə, işlənmiş ev əşyalarından, müxtəlif avadanlıq və ləvazimatlardan, pirotexniki vasitələrdən, saxta pullardan ibarət olub. 9 adda 17 ədəd mebel əşyası, 8 adda 15 ədəd mətbəx və kompüter avadanlığı, 6 adda 10 ədəd müxtəlif ev əşyası, 5 adda 41 ədəd təsərrüfat malı və digər avadanlıqlar, 5 ədəd qaz sobası müvafiq müşayiət sənədləri olmadığı və standartlara cavab vermədiyi üçün saxlanılıb. Xaricdən ayrı-ayrı vətəndaşlar tərəfindən gətirilən köhnə, işlənmiş mallar arasında avtomobil şinləri, ehtiyat hissələr, velosipedlər və sair də olub.
Xaricdən gətirilən mənşəyi bilinməyən, gigiyenik cəhətdən təhlükəli ola biləcək köhnə, işlənmiş əşyalar, xüsusən də geyimlər bu baxımdan xüsusi riskli mallar sırasındadır. Ayrı-ayrı şəxslərin gətirdiyi ümumi çəkisi 400 kiloqramdan artıq geyim əşyası da bu səbəbdən saxlanılıb və məhvinə qərar verilib.
615 ədəd meyvə şirəsi, 54 ədəd saç boyası, 18 ədəd şampun keyfiyyət standartlarına cavab vermədiyindən və üzərində istifadə müddəti göstərilmədiyindən, 270 ABŞ dolları və 100 türk lirəsi saxta olduğundan, 301 bağlam siqaret isə təcavüzkar Ermənistan Respublikasına aid olduğundan məhv edilib.
Gömrük orqanları tərəfindən milli mentalitetimizə zidd olan və dini dəyərlərimizlə uzlaşmayan ədəbiyyat və vasitələrin, qanunvericiliklə mülki dövriyyəsi məhdudlaşdırılmış digər malların muxtar respublikaya gətirilməsinə qarşı mübarizə tədbirlərinin davamı olaraq saxlanılan 10 adda müxtəlif vasitələr, o cümlədən 22 ədəd beşbarmaq xüsusi qaydada məhv edilib.
Novruz bayramı ərəfəsində gömrük orqanları tərəfindən qanunvericiliyə əsasən dövriyyəsi tamamilə məhdudlaşdırılmış tezalışan maddələrin və pirotexniki vasitələrin xaricdən gətirilməsinə qarşı mübarizə gücləndirilib. Ötən illərlə müqayisədə pirotexniki məmulatların qanunsuz dövriyyəsinə cəhdlərin sayında azalma müşahidə olunsa da, bayram ərəfəsində yenə də bir sıra faktlar aşkar edilib. Gömrük orqanları tərəfindən saxlanılan 6 adda, ümumilikdə, 5565 ədəd pirotexniki vasitə də yandırılıb.
Qanunvericiliyin tələblərinin, istehsalçıların və istehlakçıların hüquqlarının müdafiəsi, əhalinin keyfiyyətli idxal məhsulları ilə təminatı, insan sağlamlığının və ətraf mühitin qorunması istiqamətində işlər bundan sonra da davam etdiriləcək, gömrük qaydalarının pozulması hallarına qarşı lazımi tədbirlər görüləcəkdir.
Naxçıvan Muxtar Respublikası
Dövlət Gömrük Komitəsinin mətbuat xidməti