29 mart 2018-ci il tarixdən etibarən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın Test mərkəzində Naxçıvan Muxtar Respublikasının Dövlət Gömrük xidmətində vakant vəzifələrin tutulması üçün 25 yanvar 2018-ci il tarixdə elan olunmuş müsabiqənin test imtahanları keçirilir.
Müsabiqəyə çıxarılan vakant vəzifələrin tutulması üçün 117 namizəd sənəd təqdim edib. Test imtahanlarında keçid balını toplamış şəxslər müsahibə mərhələsində iştirak etmək hüququ qazanacaqdır. İmtahanda namizədlərə qanunvericilik üzrə 80, informasiya texnologiyaları üzrə 10, məntiqi təfəkkürün yoxlanılması üzrə 10 sual olmaqla, ümumilikdə, 100 sual təqdim edilib, sualları cavablandırmaq üçün namizədlərə 2 saat vaxt verilib. Test imtahanında obyektivliyin və şəffaflığın tam təmin edilməsi məqsədilə imtahanın videoçəkilişi aparılıb. İmtahan bitdikdən sonra namizədlərə cavab kartı və test imtahanının nəticəsinə dair arayış təqdim edilib. İmtahanda Naxçıvan Muxtar Respublikasının Dövlət Gömrük Komitəsinin əməkdaşları müşahidəçi kimi iştirak ediblər.
Nəticələr komissiyanın rəsmi internet səhifəsində (www.dqmk.nmr.az) yerləşdirilib. Test imtahanları 30 mart 2018-ci il tarixədək davam edəcəkdir.
Xəbərlər şöbəsi