Hər bir insanın təkamülündə, onun zənginləşməsində, təhsil almasında, dünyagörüşünün genişlənməsində, ünsiyyət mədəniyyətinin formalaşmasında dil mühüm rol oynayır. Azərbaycan dili xalqımızın çoxəsrlik tarixinin, mədəniyyətinin, adət-ənənələrinin ifadə vasitəsidir. Ana dilimizin ifadə zənginliyi, axıcılığı və sadəliyi, səlis ahəngi onu dünyada ən şirin dillərdən biri kimi tanıtmışdır. Biz ana dilimizi qoruyub saxlamaqla qlobal dünyaya inteqrasiya edirik.
Dünyaya inteqrasiyada, ölkəmizin dünya dövlətləri içərisində tanınmasında ali məktəblərdə xarici dillərin tədrisi də mühüm rol oynayır.
Dünya dillərinin tədrisində Naxçıvan Dövlət Universiteti də öz töhfəsini verir. Universitetin Beynəlxalq münasibətlər və xarici dillər fakültəsində alman, ingilis, fransız, rus, ərəb, fars dilləri tədris edilir. Bu təhsil ocağı çox sürətlə inkişaf edir, xarici əlaqələri günü-gündən genişlənir. Universitet dünyanın aparıcı ali məktəbləri ilə çox geniş işgüzar əlaqələr yaradıb. O nəinki regionda, hətta dünya miqyasında tanınmış ali məktəblərin birinə çevrilib. Naxçıvan Dövlət Universitetinin bir çox universitetlərlə, o cümlədən Cənubi Koreyanın Kimçonq və Busan Kyumqsunq universitetləri ilə əməkdaşlığı davam edir. Universitetdə digər dillərlə yanaşı, Koreya dili də tədris olunur.