25 Dekabr 2024, Çərşənbə

“Naxçıvan” Universitetində 2017-ci ilin yekunları və qarşıda duran vəzifələrə dair yığıncaq keçirilib. Yığıncağı giriş sözü ilə universitetin rektoru, professor İsmayıl Əliyev açaraq məruzə ilə çıxış edib.
Bildirilib ki, hesabat ilində “Naxçıvan” Universitetində bütün ixtisaslar üzrə 984 nəfər tələbə təhsil alıb. 2017-2018-ci tədris ilində bu ali təhsil ocağına tələbə qəbulu 70 faiz olub. Belə ki, qəbul layihəsində verilmiş 249 yer üçün 218 tələbə qəbulu olub, 238 nəfəri qeydiyyatdan keçib. Hesabat ilində tədris intizamı daim diqqət mərkəzində saxlanılıb. Vurğulanıb ki, 2017-2018-ci tədris ili üçün 6 nəfər tələbə qəbul olmaqla, universitetin Magistratura şöbəsində, ümumilikdə, 11 nəfər tələbə təhsil alır. Ötən il ali təhsil ocağında Distant Tədris Mərkəzi fəaliyyətə başlayıb, doktoranturaya qəbul aparılıb. Hesabat ilində “Naxçıvan” Universiteti əməkdaşlarının 2 monoqrafiyası, 9 dərs vəsaiti, 16 proqram və metodik vəsaiti,184 məqalə və tezis nəşr edilib ki, bu məqalə və tezislərin 9-u xaricdə dərc olunub. Beynəlxalq əlaqələr sahəsində də qazanılan uğurlara toxunan rektor onu da bildirib ki, “Naxçıvan” Universitetinə xarici tələbələrin cəlbi üçün müəyyən işlər həyata keçirilir. Hazırda bu ali məktəbdə 14 xarici tələbə təhsil alır. Bundan başqa, universitetin Beynəlxalq münasibətlər ixtisasının III kurs tələbəsi Mehrac Abdullayev 2017-2018-ci tədris ili üzrə Türkiyənin Beykent Universiteti ilə bağlanmış müqavilə əsasında ­həmin universitetdə təhsil alır. 2017-ci il universitet ən yaxşı akkreditə olunmuş universitetlər sırasına daxil olmuşdur.
Sonra məruzə ətrafında çıxışlar dinlənilib.

 

*  *  *

İclasda çıxış edən Azərbaycan Respublikası Hesablama Palatasının Naxçıvan Muxtar Respublikası üzrə İdarəsinin rəisi Fazil İbrahimov bildirib ki, muxtar respublikada həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində yeni iş yerləri yaradılıb, sahibkarlıq mühitinin daha da yaxşılaşmasına, iqtisadiyyata investisiya qoyuluşlarının artmasına, əhalinin məşğulluq səviyyəsinin yüksəldilməsinə nail olunub.
Qeyd edilib ki, Azərbaycan Respublikası Hesablama Palatasının Naxçıvan Muxtar Respublikası üzrə İdarəsinin 2017-ci ildə fəaliyyəti idarənin Əsasnaməsinə, təsdiq olunmuş iş planına və digər müvafiq normativ sənədlərə əsasən həyata keçirilmişdir.
Vurğulanıb ki, ötən il idarəyə dövlət təşkilatlarından 19-u elektron olmaqla, 78 məktub daxil olmuşdur. İdarə tərəfindən isə 28-i elektron olmaqla, 70 məktub dövlət təşkilatlarına göndərilmişdir.
2017-ci ildə həyata keçirilmiş audit tədbirləri 9854,2 min manat məbləğində vəsaiti əhatə ­etmişdir.
Diqqətə çatdırıb ki, nəzarət tədbirlərinin əhatə etdiyi büdcə vəsaitlərinin 34,3 faizi mərkəzi icra hakimiyyəti orqanları və onların tabeli qurumları, 11,4 faizi səhiyyə müəssisəsi, 13,8 faizi təhsil müəssisəsi, 40,5 faizi digər qurumlar tərəfindən icra olunmuşdur. İdarə tərəfindən aparılan audit tədbirləri ilə 2 təşkilatda tarif səhvi nəticəsində 4 nəfərə 262,65 manat artıq əməkhaqqının, 1 təşkilatda isə 2 nəfərə 234 manat ezamiyyə xərcinin artıq ödənildiyi aşkar edilmişdir. Bir təşkilatda isə 1 nəfərin əməkhaqqından 145,03 manat gəlir vergisi tutulmamışdır.
Audit zamanı aşkar edilmiş nöqsan və çatışmazlıqların aradan qaldırılması üçün müvafiq təşkilatlara məktub və maliyyə orqanlarına məlumat göndərilmişdir.
Görülmüş tədbirlər nəticəsində artıq ödənilmiş 262,65 manat əməkhaqqı, 234 manat ezamiyyə xərci və tutulmamış 145,03 manat gəlir vergisi tutularaq büdcəyə bərpa edilmişdir.
Sonra məruzə ətrafında çıxışlar olub.

*  *   *

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyində keçirilən kollegiya iclasında nazir Niyazi Novruzov məruzə edib.
Bildirilib ki, 1996-2016-cı illər ərzində 266 səhiyyə obyekti tikilərək və ya yenidən qurularaq istifadəyə verilib. Ötən il isə Şərur Rayon Mərkəzi Xəstəxanasında əsaslı təmir işləri aparılaraq yeni avadanlıqlar quraşdırılıb, Ordubad rayonunun Üstüpü kəndində həkim ambu­latoriyası, Naxçıvan şəhərinin Tumbul, Qaraxanbəyli, Şərur rayonunun Çəmənli, Arpaçay, Qarahəsənli, Ələkli, Babək rayonunun Payız, Gərməçataq kəndlərində feldşer-mama məntəqələri tikilərək və yenidən qurularaq istifadəyə verilib. Bu il yanvarın 11-də isə Əziz Əliyev adına Naxçıvan Muxtar Respublikası Mərkəzi Uşaq Xəstəxanasının yenidən qurmadan sonra istifadəyə verilməsi uşaq əhalisinə göstərilən tibbi xidmətin səviyyəsini daha da yüksəldəcəkdir.
Vurğulanıb ki, muxtar respublikada həyata keçirilən sosial-iqtisadi islahatların səmərəliliyi, müalicə-profilaktika işinin təşkili sahəsində görülən tədbirlər, tibbi xidmətin keyfiyyətinin, əhatəliliyinin artırılması və əhali rifahının davamlı yüksəlişi demoqrafik vəziyyətə öz müsbət təsirini göstərib. Belə ki, muxtar respublikada 2017-ci ildə 5715 uşaq doğulub, 1963 ölüm hadisəsi qeydə alınıb, təbii artım 3752 nəfər, doğum göstəricisi 12,6, ölüm göstəricisi 4,3, 1 yaşa qədər uşaq ölümü 8 nəfər olmaqla, 1,4 promilli təşkil edib.
Muxtar respublikada dispanserizasiya işini yaxşılaşdırmaq, əhalini kütləvi müayinələrdən keçirmək, ucqar kənd­lərdə və obalarda əhaliyə yüksəkixtisaslı səhiyyə xidmətləri göstərmək məqsədilə yaradılmış həkim briqadaları ötən ildə fəallıq göstərib, çox sayda insanın yerlərdə müayinə-müalicə işini təşkil edib, mədəniyyət işçiləri arasında süd vəzi xərçəngini vaxtında aşkarlamaq üçün kütləvi profilaktik müayinələr, ilkin vərəm xəstəliyinin vaxtında aşkarlanması məqsədilə kiçikyaşlı uşaqlar arasında tuberkulin və diaskin test sınağı, yuxarı sinif şagirdləri və müəllimlər arasında flüoroqrafiya müayinəsi və məktəbyaşlı uşaqların kütləvi oftalmoloji, stomatoloji, ortopedik, endokrinoloji müayinələri davam etdirilib.
Niyazi Novruzov hesabat dövründə tibb işçilərinin ixtisas səviyyəsini artırmaq məqsədilə çoxsaylı seminar və konfranslar keçirildiyini, Bakı şəhəri, Türkiyə Respublikası və İran İslam Respublikasının müxtəlif klinika və xəstəxanalarına təkmilləşdirmə kurslarına göndərildiyini, həkim və orta tibb işçilərinin sertifikasiya işinin davam etdirildiyini bildirib. Qeyd edib ki, ötən il müxtəlif klinikalardan yüksəkixtisaslı həkimlər və kollektivlər muxtar respublikaya dəvət olunub və Naxçıvan həkimləri ilə birgə fəaliyyət göstərərək xeyli sayda əməliyyatlar aparıblar. Yoluxucu xəstəliklərin qarşısının alınması məqsədilə daim dezinfeksiya və dezinseksiya tədbirləri keçirilir.
Sonra Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi Statistika və informatika sektorunun müdiri Kəmalə Həsənovanın muxtar respublikada 2017-ci ildə əhaliyə göstərilən tibbi xidmətin vəziyyəti barədə hesabatı dinlənilib, çıxışlar olub.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR