Şərur rayonu
Zaman tarixin bizdən uzaqlaşdırdığı bir çox hadisələri xatirələrdən silir. Lakin keçdiyimiz yollarda elə anlar olur ki, onlar bütöv bir xalqın taleyi üçün böyük əhəmiyyət kəsb etdiyindən tarix onları uzaqlaşdıra bilmir. Zaman etibarilə bu hadisələrdən nə qədər çox uzaqlaşırıqsa, onların təkcə bu günümüzə yox, sabahımıza da təsirini daha aydın başa düşür və dərk edirik. 1990-cı il yanvar ayının 19-dan 20-nə keçən gecə Bakıda, ondan bir neçə saat əvvəl muxtar respublikamızın sərhəd kəndləri olan Kərkidə və Sədərəkdə baş verən qanlı hadisələr də heç zaman yaddaşlardan silinməyəcək, gənc nəsillərə örnək kimi xatırlanacaqdır.
Həmin hadisələrdən 28 il keçir. Lakin Azərbaycan xalqı insanlığa sığmayan bu ağır cinayətləri tarix boyu unutmayacaq, kədərli, eyni zamanda məğrurluqla, qəhrəmanlıqla dolu olan Qanlı Yanvar kövrək xatirələrdə yaşayacaqdır.
Vətən məhəbbəti həmişə müqəddəs sayılmış, hər şeydən əziz tutulmuşdur. Vətənə məhəbbətin kökü isə torpaqdan başlanır. Bu yüksək və ülvi duyğu, güclü, təmiz, pak hiss həmin gün müstəqilliyə, azadlığa gedən yolumuza hərbin gücü ilə sipər çəkmək istəyənlərə qarşı vətənpərvər oğullarımızın başladıqları mübarizənin ana xəttini təşkil etdi.
Deyirlər, ulduzlar ömrünü başa vurarkən öz axını ilə bir işıq, nur xətti bəxş edir səmaya. Həyatda da elə insanlar var ki, onların ömrü bir ulduzun sönməsinə bənzəyir. Ancaq fərq burasındadır ki, onlar öləndən sonra da özlərinə məxsus həyat dəst-xətti ilə qəlblərdə əbədi məhəbbət işığı yandırırlar. Məhərrəm Seyidov, Etibar Əhmədov, Mirhəşim Seyidov, Məmməd Məmmədov, ümumilikdə, azadlığımız, torpaqlarımızın müdafiəsi zamanı adlarını müqəddəs şəhidlik zirvəsinə həkk etmiş 75 şərurlu da ürəklərdə əbədi məhəbbət məşəli yandırmış, hər evdə, hər ailədə müqəddəs məbədə çevrilmişlər. Şərur şəhidlərindən 3-ü – Məhərrəm Seyidov, Səyavuş Həsənov və Kərim Kərimov “Azərbaycanın Milli Qəhrəmanı” fəxri adına layiq görülmüşlər.
Ümumiyyətlə, 1990-cı ilin 19-20 yanvarında baş verənləri yada salanda bir daha görürük ki, özünün əsl qüdrətini dərk etdi xalqımız. Həmin gün Şərurda ilk şəhid məzarları qazıldı. Bu məzarlarda torpaqlarımızın müdafiəsi zamanı qəhrəmancasına həlak olmuş və şəhidlik zirvəsinə yüksəlmiş şərurlular dəfn olundular.
Bu il yanvar ayının əvvəllərindən başlayaraq rayonun idarə və təşkilatlarında anım tədbirləri keçirilib. Tədbirlərdə Qanlı Yanvara gedən yola bir daha nəzər salınıb, bu hadisələrin təşkilatçıları və törənmə səbəbləri barədə danışılıb, ədəbi kompozisiyalar nümayiş etdirilib, məktəblilər xalqımızın qəhrəmanlıq tarixini əks etdirən şeirləri bədii qiraət ediblər. Yanvarın 19-da ümumtəhsil məktəblərində bir dərs saatı 20 Yanvar hadisələrinə həsr olunub.
Yanvarın 20-də isə rayon ictimaiyyəti Qanlı Yanvar hadisələrində həlak olanların əziz xatirəsini yad etmək üçün Şərur şəhərindəki Şəhidlər xiyabanına gəlmişdi. Müqəddəs ziyarətgahda şəhidlərin ruhuna dualar oxundu, onların xatirəsinə ucaldılmış abidə önünə tər qərənfillər qoyuldu. Sonra xiyabandakı bütün şəhid məzarları ziyarət edildi və onların üzərinə qırmızı qərənfillər düzüldü.
Həmin gün Azərbaycanın Milli qəhrəmanları Məhərrəm Seyidovun Şərur şəhərindəki, Səyavuş Həsənovun Yengicə kəndindəki büstləri, Kərim Kərimovun Qarahəsənli kəndindəki məzarı da ziyarət edildi, məzarların üzərinə gül dəstələri qoyuldu.
Ziyarətə gələnlərin hamısının fikri birmənalı idi: Bura bizim and yerimizdir, şəhidlər ölkəmizin ən ağır günlərində hünər və cəsarət zirvəsini fəth ediblər. Onlar unudulmazdırlar, özləri də, əməlləri də qəlbimizdə yaşayır və yaşayacaqdır.
Yanvarın 20-də saat 1200-də rayon ərazisində sükut dəqiqəsi oldu. Avtomobillər, lokomotivlər hərəkətsiz dayandı və səs siqnalları verdilər.
* * *
Babək rayonu
Xalqımızın qan yaddaşına milli qürur tarixi kimi yazılan 20 Yanvar Babək rayon sakinlərinin də qəlbində daim yaşayır. Bu rayonun 45 qəhrəman övladı müstəqilliyimiz, suverenliyimiz, torpaqlarımızın ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalıb. Onların əziz xatirəsi dövlətimiz tərəfindən hər zaman uca tutulur, şəhid ailələrinə hərtərəfli dövlət qayğısı göstərilir. Çünki onlar canlarını bizim bugünkü müstəqilliyimiz, azadlığımız yolunda qurban veriblər, ərazi bütövlüyümüzü hər şeydən üstün tutublar.
Yanvarın 20-də rayon ictimaiyyətinin nümayəndələri Babək qəsəbəsinin mərkəzində şəhidlərin xatirəsinə ucaldılmış abidə kompleksinin qarşısına gələrək bu Vətən övladlarının ölməz xatirəsinə ehtiramlarını bildiriblər, abidə önünə gül-çiçək düzüblər.
Mərasim iştirakçılarından rayon sakini Razi Adıgözəlov bizimlə söhbət zamanı bildirdi ki, 20 Yanvar xalqımızın öz azadlığı, müstəqilliyi uğrunda mübarizəsinin başlanğıcı idi. Bu azadlığı yerindəcə boğmaq istəyən Sovet imperiyası öz istəyinə nail ola bilmədi. Doğrudur, bu yolda mərd, Vətənini sevən övladlarımız şəhid olsalar da, xalqımızın özünəinamı, azadlıq sevgisi hər şeyə qalib gəldi. Nəticədə, ötən əsrin sonlarında Azərbaycan ikinci dəfə öz müstəqilliyinə qovuşdu. Beləliklə, 20 Yanvar Azərbaycan xalqının özünəinam, milli birlik və sınaq günü oldu. İndi bu faciənin üstündən 28 il ötsə də, müstəqilliyi qanları bahasına qazanmış Vətənin qəhrəman övladlarının xatirəsi hər kəsin qəlbində böyük bir iz buraxıb. Buna görə də nə qədər ki xalqımız var olacaq, 20 Yanvar şəhidləri də daim yad olunacaq.
Digər rayon sakini Anar Fərzəliyev dedi:
– Qısa və şərəfli ömür yaşamış şəhidlərimiz bizim üçün hər şeydən əzizdir. 20 Yanvar faciəsi xalqımıza qarşı yönəldilmiş bir terror aktı idi. Ancaq bu faciə nə qədər ağır olsa da, azadlıqsevər xalqımızın mübarizliyini bir daha göstərdi. Ümumiyyətlə, son iki əsrdə xalqımız belə faciələrlə çox üz-üzə qalıb. İndiyədək torpaqlarımızın bütövlüyü uğrunda xeyli şəhidlər vermişik. Ancaq heç vaxt müstəqilliyimizdən, azadlığımızdan əl çəkməmişik. Xalqımızın tarix boyu öz azadlığı uğrunda apardığı mübarizənin nəticəsidir ki, Şərqdə ilk dəfə müstəqil respublika Azərbaycanda qurulub. 20 Yanvar faciəsi isə müstəqilliyimizin bərpası yolunda qarşılaşdığımız milli qəhrəmanlıq salnaməsi idi. Qurbanlar bahasına olsa da, xalqımız öz azadlığı uğrunda mübarizəsini əzmlə davam etdirdi. Bu azadlıq mücadiləsində babəklilər də fəal iştirak edib, şəhidlər verib. Onları həmişə böyük qürur hissi ilə xatırlayırıq.
* * *
Ordubad rayonu
Milli müstəqilliyimiz və ölkəmizin ərazi bütövlüyü uğrunda 42 şəhid verən Ordubad rayonunda da yanvarın 20-də faciənin ildönümü ilə bağlı anım mərasimi keçirilib. Rayon ictimaiyyətinin nümayəndələri səhər saatlarından Ordubad şəhərindəki Şəhidlər xiyabanına gələrək şəhid məzarları üzərinə qərənfillər düzüb, Vətən övladlarının ruhuna dualar oxuyublar.
Mərasimdə rayon sakinləri ilə söhbətimiz zamanı bildirdilər ki, 20 Yanvar hadisələri xalqımızın milli azadlıq arzusuna qarşı həyata keçirilən ən böyük təcavüz faktı, eyni zamanda bir qəhrəmanlıq səhifəsidir. Bu, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Sovet imperiyasının törətdiyi ən böyük cinayət kimi tarix səhifələrinə yazıldı.
SSRİ rəhbərliyinin Azərbaycan xalqına qarşı törətdiyi bu qanlı cinayət xalq kütlələrini sıx birləşdirdi, onların mübarizliyini daha da artırdı. 20 Yanvar faciəsi yeni tariximizdə həm də bir qürur günü kimi iz qoydu. Bu hadisə günahsız insanların amansızcasına qətlə yetirilməsi ilə nəticələnsə də, öz azadlığına, müstəqilliyinə can atan Azərbaycan xalqının mübarizliyini, məğrurluğunu bir daha bütün dünyaya, o cümlədən ovaxtkı imperiya rəhbərliyinə aydın şəkildə nümayiş etdirdi.
Azərbaycan xalqına qarşı törədilmiş cinayət, tökülmüş nahaq qanlar, insanların vəhşicəsinə qətlə yetirilməsi xalqın müstəqillik uğrunda mübarizə əzmini qıra bilmədi. Həmin gecə Azərbaycan xalqı özünün yenilməzliyini, qəhrəmanlığını, Vətənə, torpağa sədaqətini, azadlıq uğrunda mübarizə əzmini bütün dünyaya bəyan etdi. Məhz bu əzmin, iradənin sayəsində xalqımız müqəddəs arzusuna çatdı, milli azadlığına qovuşdu. Azərbaycan müstəqil dövlət kimi dünya birliyinə daxil oldu. 28 ildir ki, həmin gün ölkəmizin hər yerində qeyd edilir, şəhidlərin xatirəsi böyük ehtiramla anılır.
* * *
Culfa rayonu
20 Yanvar faciəsi milli ideallar uğrunda mübarizə aparan soydaşlarımızın hər cür məhrumiyyətlərə sinə gərmək əzminin bariz ifadəsi, xalqımızın tarixinə yazılan şanlı bir səhifədir. Elə bir səhifə ki üstündən neçə illər keçsə belə, bizə milli ideallar uğrunda mübarizənin haqq səsi olduğunu xatırladır.
1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıda Sovet ordusu tərəfindən dinc əhaliyə qarşı kütləvi qırğın törədildi. Bu qanlı hadisənin törədilməsində əsas məqsədlərdən biri öz haqlı tələblərini irəli sürən, bu tələblərə demokratik yollarla nail olmaq istəyən, istiqlaliyyət, azadlıq, suverenlik istəyi ilə yaşayan xalqın iradəsini qırmaq, insanların müstəqillik arzularını tankların tırtılları altında əzmək idi. Sovet imperiyası günahsız insanların qanını axıtsa da, xalqımıza qarşı misligörünməmiş qəddarlıq etsə də, istəyinə nail ola, milli qürurumuzu qıra bilmədi.
Həmin qanlı gecədən 28 il keçsə də, bu tarixi gündə şəhidlik zirvəsinə ucalmış insanların qəhrəmanlığı həmişə böyük ehtiramla yad olunur. Dünən muxtar respublikamızın bütün bölgələrində olduğu kimi, Culfa rayonunda da 20 Yanvar faciəsinin ildönümü münasibətilə anım mərasimi keçirilib.
Mərasimdə Vətənimizin azadlığı və ərazi bütövlüyü uğrunda mübarizədə öz canlarından keçmiş 33 culfalı şəhidin xatirəsinə rayon mərkəzində ucaldılmış abidə kompleksi ziyarət edilib. Rayon ictimaiyyətinin nümayəndələri 20 Yanvar şəhidlərinin, Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən müxtəlif döyüşlərdə qəhrəmancasına həlak olmuş culfalıların ruhuna dualar oxuyub, abidə önünə güllər düzüblər.
Ziyarətə gələn rayon ictimaiyyətinin nümayəndələri ilə söhbət zamanı onlar bildirdilər ki, şəhidlərin qəhrəmanlığı, keçdikləri həyat yolu hər birimizə örnək olub, gənc nəslin vətənpərvər ruhda tərbiyə olunmasında böyük əhəmiyyət daşıyır. Xalqımızın tarixinə qəhrəmanlıq səhifəsi, yaddaşlarımıza qürur və şərəf günü kimi yazılmış həmin günü heç birimiz unutmuruq. Çünki bu tarix müstəqilliyimizin təməl günüdür. Ona görə də xalqımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin uyuduğu müqəddəs ünvanlar bu gün hər bir azərbaycanlının ziyarət yeridir. Vətənini, torpağını qorumağı özünün vətəndaşlıq borcuna çevirən hər bir azərbaycanlı şəhidlik zirvəsinə yüksələnlərin xatirəsini həmişə uca tutur, onların ruhuna daim ehtiram göstərir.
* * *
Kəngərli rayonu
20 Yanvar faciəsinin 28-ci ildönümü Kəngərli rayonunda da qeyd olunub. Həmin gün rayon ictimaiyyətinin nümayəndələri Azərbaycanın ərazi bütövlüyü, xalqımızın azadlığı naminə canlarından keçmiş qəhrəman övladlarının xatirəsini yad etmək üçün Qıvraq qəsəbəsində şəhidlərin xatirəsinə ucaldılmış abidənin önünə tər güllər düzərək şəhidlərin xatirəsini dərin ehtiramla yad ediblər.
Rayonun Şahtaxtı kənd sakini Fikrət Babayevlə abidəni ziyarətdən sonra həmsöhbət olduq. Bildirdi ki, 20 Yanvar tariximizə qanla yazılmış səhifə olsa da, bu həm də milli qürur günümüzdür. Çünki həmin gün vətənpərvər övladlarımız xalqımızın azadlığı, müstəqilliyi uğrunda şəhid olublar. Azadlıq heç zaman verilmir, qazanılır. Xalqımızın qəhrəman oğul və qızlarının qanı bahasına Azərbaycan yenidən öz müstəqilliyini qazandı. 20 Yanvar isə bu şərəfli mübarizə yolunun əsasını təşkil edir. Bu tarix Azərbaycanın istiqlal yolunun ilk zirvəsi, milli məfkurəmizin azadlıq istəyinin oyanış günüdür.
Digər rayon sakini, Qarabağlar kənd 2 nömrəli tam orta məktəbin müəllimi Miryaqub Seyidov isə dedi: – Azərbaycan xalqı zaman-zaman ağır faciələrlə üzləşib, haqsızlıqlarla qarşılaşıb. Xalqımızın başına gətirilən belə faciələrdən biri də 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə dinc əhaliyə qarşı törədilmiş dəhşətli qırğın hadisəsi olub. Həmin hadisələrin törədilməsində əsas məqsəd öz azadlığına qovuşmaq istəyən, erməni təcavüzkarlığına qarşı haqlı etirazını bildirib ədalət tələb edən Azərbaycan xalqının iradəsini qırmaq idi. Sovet imperiyası xalqımızı susdurmaq üçün Bakıya qaniçən hərbi dəstələrini göndərsə də, bu, xalqımızın öz arzusuna çatmağına mane ola bilmədi. Tarix sübut etdi ki, milli birlik, mübarizlik hər şeyə qadirdir. Bu baxımdan 20 Yanvar faciəsi Azərbaycan tarixinə qəhrəmanlıq günü kimi yazıldı. Bu qəhrəmanlıq tarixində Kəngərli rayonundan olan oğulların da payı var. Xalqımızın azadlıq mücadiləsində rayondan 36 nəfər şəhidlik zirvəsinə ucalıb. Onların xatirəsi daim əziz tutulur.
* * *
Şahbuz rayonu
Muxtar respublikamızın hər yerində olduğu kimi, Şahbuz rayonunda da 20 Yanvar faciəsinin 28-ci ildönümü qeyd edilib. Şahbuz şəhərindəki Şəhidlər abidə kompleksinə gələn rayon sakinləri Vətənimizin azadlığı, ərazi bütövlüyü uğrunda canlarından keçən igidlərin əziz xatirəsini dərin ehtiramla yad ediblər. Qeyd edək ki, bu yüksək amallar uğrunda Şahbuzun 19 vətənpərvər övladı şəhid olub. Rayon ictimaiyyətinin nümayəndələri kompleksin önünə gül dəstələri düzüb, şəhidlərin ruhuna dualar oxuyublar.
Şahbuz ölkəmizin işğalçı dövlətlə sərhəd rayonlarından biridir. Bu gün qüdrətli ordumuz tərəfindən etibarlı şəkildə qorunan Şahbuzda həmin dövrdə də mənfur erməni daşnaklarına qarşı layiqli cavab verilib. Şahbuzun igid oğlanlarından Mehman Orucov, Müşfiq Həsənov Naxçıvanın sərhəd bölgəsi olan Sədərəyə hücumların qarşısının alınmasında qəhrəmanlıq göstərərək şəhidlik zirvəsinə ucalıblar. Rayonun Keçili kəndindən olan və o dövrdə Bakı şəhərində ali təhsil alan tələbə Teymur Alməmmədov isə 20 Yanvar gecəsinin şəhididir.
Tədbirdə iştirak edən Şahbuz rayon sakinləri şəhidlərlə qürur duyduqlarını, onların xatirəsini uca tutduqlarını bildirdilər. Aşağı Qışlaq kəndindən gəlmiş Əli Əhmədov düşüncələrini bizimlə bölüşərək dedi ki, 20 Yanvar faciəsi XX əsr Azərbaycan tarixində baş vermiş qanlı hadisələrin, soyqırımı aktlarının məntiqi davamı, “parçalavə hökm sür!” siyasətinin növbəti təzahürü idi. Qan yaddaşımıza böyük faciə, həm də qəhrəmanlıq kimi həkk olunan 20 Yanvar müstəqillik əzmimizi, milli kimliyimizi dünyaya tanıdan gün oldu. Bu tarix Azərbaycanın istiqlalı yolunda milli məfkurəmizdən güc alan qarşısıalınmaz azadlıq istəyinin dünyaya bəyan edilməsinin başlanğıcı oldu. 20 Yanvar qırğını həm də sovet rejiminin ermənilərlə birgə apardıqları anti-Azərbaycan siyasətinin tərkib hissəsi kimi qiymətləndirilməlidir. Qabaqcadan düşünülüb-hazırlanmış bu təcavüzkarlıq aksiyası Azərbaycan xalqının demokratiya və milli azadlıq uğrunda mübarizəsini boğmaq, ona mənəvi zərbə vurmaq məqsədi daşımışdır. Lakin Sovet imperiyası insanlıq adına sığmayan əməlləri ilə Azərbaycan xalqının iradəsini qıra bilmədi. 1990-cı il yanvarın 20-də xalqımız öz məğrurluğunu bir daha göstərdi. Soyuq yanvar gecəsi tanklar qarşısına əliyalın çıxan qəhrəman Azərbaycan övladları azad yaşamağın onlar üçün hər şeydən üstün olduğunu, müstəqillik yolundan bir daha dönməyəcəklərini dünyaya sübut etdilər. Adları yaddaşımızdan heç vaxt silinməyəcək şəhidlərimiz azadlıq yolunda canlarından keçməklə əbədiyyətə qovuşublar. Ona görə də bu gün, eyni zamanda xalqımızın mübarizlik, əyilməzlik və məğrurluq günü kimi fəxrlə anılır.
* * *
Sədərək rayonu
20 Yanvar faciəsinin 28-ci ildönümü Sədərək rayonunda da anılıb. Rayon sakinləri Sədərək kəndindəki Şəhidlər xiyabanını ziyarət edərək Vətən yolunda qurban getmiş insanların xatirəsinə ehtiramlarını bildiriblər.
Azərbaycan xalqının tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990-cı il 20 Yanvar hadisələrindən iyirmi səkkiz il keçsə də, acı xatirələri ilə bu gün də yaddaşlarda yaşadılır. Keçmiş Sovet imperiyasının hərb maşınının həmin gün Azərbaycan xalqına qarşı həyata keçirdiyi hərbi təcavüz tarixdə insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi qalacaqdır. Milli azadlıq və ərazi bütövlüyü uğrunda mübarizəyə qalxmış dinc əhaliyə qarşı silahlı təcavüz nəticəsində yüzlərlə günahsız insanın qətlə yetirilməsi və yaralanması, totalitar sovet rejiminin süqutu ərəfəsində onun cinayətkar mahiyyətini bütün dünyaya bir daha nümayiş etdirdi.
Sovet ordusunun xüsusi təyinatlı bölmələrinin və daxili qoşunlarının Bakıya yeridilməsi görünməmiş qəddarlıq və vəhşiliklə müşayiət edildi. SSRİ 1956-cı ildə Çexoslovakiyaya, 1968-ci ildə Macarıstana və 1979-cu ildə Əfqanıstana qarşı həyata keçirdiyi hərbi müdaxiləni ozamankı müttəfiq respublikalardan biri olan Azərbaycanda da təkrarlamaqdan çəkinmədi. Heç şübhəsiz ki, 1990-cı il yanvarın 20-də Bakıda baş verən hadisələri Qarabağdakı erməni təcavüzündən ayrıca təhlil etmək düzgün olmazdı. Çünki Azərbaycan həmin dövrdə qonşu Ermənistanın təcavüzünə də məruz qalmışdı. Belə bir şəraitdə sovet rəhbərliyi nəinki münaqişənin qarşısını almaq üçün qəti tədbirlər görməmiş, əksinə Azərbaycana yeridilən ordu hissələrinin tərkibinə Stavropol, Krasnodar və Rostovdan səfərbərliyə alınan xüsusi təlim keçmiş erməni əsgər və zabitləri, eləcə də sovet hərbi hissələrində xidmət edən ermənilər, o cümlədən erməni kursantlar da daxil edilmişdi.
Ölkəmizə qarşı ərazi iddiaları irəli sürən Ermənistanın təcavüzkarlıq siyasəti və keçmiş SSRİ rəhbərliyinin onlara himayədarlığına öz qəti etirazını bildirən geniş xalq kütlələrinə qarşı Sovet ordusunun hərtərəfli silahlanmış hərbi hissələrindən istifadə olunması 1990-cı ilin 20 yanvarında qanlı faciəyə gətirib çıxardı.
Ölkəsinin, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan mərd Vətən övladları həmin gün canlarından keçərək şəhidlik zirvəsinə ucaldılar. Böyük itkilərlə, günahsız insanların qətlə yetirilməsi ilə nəticələnən bu faciə, eyni zamanda xalqımızın mübarizliyini, əyilməzliyini və məğrurluğunu bir daha nümayiş etdirdi.
Naxçıvan Muxtar Respublikasının “Alınmaz qalası” adlandırılan Sədərək də həmin dövrdə ağır günlərini yaşayırdı. 1989-cu ilin dekabr ayında muxtar respublikada SSRİ sərhədlərinin dirəklərinin sökülməsi Moskvanı bərk hiddətləndirmişdi. Qanlı Yanvar gecəsi Bakıya hücumdan 8 saat əvvəl ermənilər keçmiş sovet qoşunlarının köməyi ilə muxtar respublikaya hücuma keçdilər. Sədərək, Günnüt və Havuş kəndləri 1990-cı il yanvarın 19-da səhər, təxminən, saat 11-dən etibarən daha intensiv hücumlara məruz qaldı. Həmin vaxt ermənilər əsas qüvvələrini Sədərək istiqamətinə yönəltmiş və Kərki kəndini işğal etmişdilər. Sədərək intensiv top atəşinə tutulmuş, kənddə ilk şəhidlər verilmişdi.
Ermənilərin məhz yanvarın 19-da cidd-cəhdlə bütün istiqamətlərdə muxtar respublikaya hücum etməsi onu göstərirdi ki, onlar Bakıya qoşun yeridiləcəyindən və bununla da Naxçıvanın köməksiz qalacağından xəbərdar idilər. Bu, SSRİ rəhbərliyinin Azərbaycana qarşı çirkin planının tərkib hissəsi idi. Ümumilikdə, mənfur erməni yaraqlıları 1990-1993-cü illərdə Sədərəyə 14 dəfə hücum edib, 1990-cı ilin martında bu sərhəd bölgəsinə 300-ə yaxın top mərmisi atıblar. Bu qeyri-bərabər döyüşlərdə 500-ə yaxın ev, məktəb binaları, ictimai-inzibati binalar, sosial obyektlər dağıdılıb. Həmin ağır günlərdə sədərəklilərə muxtar respublikamızın hər yerindən, həmçinin ölkəmizin 14 rayonundan kömək gəlib, döyüşlərdə 109 nəfər şəhidlik zirvəsinə ucalıb. Sədərək bu bölgədə doğulub boya-başa çatan və şəhidlik zirvəsinə ucalan 52 vətənpərvərin yurd yeridir. Onların xatirəsi Sədərəkdə daim uca tutulur.
Yanvarın 20-də saat 1200-də muxtar respublikamızın bütün bölgələrində olduğu kimi, Sədərək rayonunda da doğma yurdumuzun, xalqımızın azadlığı uğrunda şəhidlik zirvəsinə ucalan Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Nəqliyyatın hərəkəti dayandırılıb, avtomobillərdən səs siqnalları verilib.
Xəbərlər şöbəsi