Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyada 45 dövlət orqanı nümayəndəsinin iştirakı ilə “Naxçıvan Muxtar Respublikasının birinci-beşinci kateqoriya dövlət orqanlarında inzibati vəzifələrin ikinci-yeddinci təsnifatlarına uyğun olan vakant vəzifələrin tutulmasının Ümumi Şərtləri” və “Dövlət qulluqçularının vəzifə təlimatlarının hazırlanması” mövzularında seminar keçirilib.
Seminarda Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın sədri İsmayıl Qəribli çıxış edərək bildirib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2017-ci il 7 iyul tarixli Fərmanı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasında dövlət qulluğu vəzifəsinin tutulması məqsədi ilə müsahibə keçirilməsi Qaydası”nın 2.5-ci bəndinə əsasən Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinin 2018-ci il 11 yanvar tarixli qərarı ilə “Naxçıvan Muxtar Respublikasının birinci-beşinci kateqoriya dövlət orqanlarında inzibati vəzifələrin ikinci-yeddinci təsnifatlarına uyğun olan vakant vəzifələrin tutulmasının Ümumi Şərtləri” təsdiq edilmişdir. Keçirilən seminarın məqsədi vakant dövlət qulluğu vəzifələrinin tutulması şərtləri və dövlət qulluqçularının vəzifə təlimatlarının hazırlanmasının yeni qaydaları ilə bağlı qanunvericiliyin tələblərinin diqqətə çatdırılması və bu işin qanunvericiliyin tələblərinə uyğun həyata keçirilməsinin təmin edilməsidir.
İsmayıl Qəribli qeyd edib ki, vəzifə təlimatları dövlət qulluqçusunun tutduğu vəzifənin funksiyalarının təsvir edilməsi üçün tərtib edilir. Dövlət qulluqçusu fəaliyyətini vəzifə təlimatlarının tələblərinə uyğun olaraq həyata keçirməlidir. Bundan başqa, Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin müvafiq qərarına əsasən vəzifə təlimatlarında hər hansı əlavə və dəyişiklik olduqda dövlət orqanı bu barədə məlumatları bir ay müddətində komissiyaya təqdim etməlidir.
Seminarda komissiyanın sektor müdiri Türkan Gülməmmədli çıxış edib, mövzularla bağlı slaydlar nümayiş olunub.
Sonda seminar iştirakçılarını maraqlandıran suallar ətraflı cavablandırılıb.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında
Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın mətbuat xidməti