25 Dekabr 2024, Çərşənbə

Hər bir insanın təkamülündə, onun zənginləşməsində, təhsil almasında, dünyagörüşünün genişlənməsində, ünsiyyət mədəniyyətinin formalaşmasında dil mühüm rol oynayır. Azərbaycan dili xalqımızın çoxəsrlik tarixinin, mədəniyyətinin, adət-ənənələrinin ifadə vasitəsidir. Ana dilimizin ifadə zənginliyi, axıcılığı və sadəliyi, səlis ahəngi onu dünyada ən şirin dillərdən biri kimi tanıtmışdır. Biz ana dilimizi qoruyub saxlamaqla qlobal dünyaya inteqrasiya edirik. 

Dünyaya inteqrasiyada, ölkəmizin dünya dövlətləri içərisində tanınmasında ali məktəblərdə xarici dillərin tədrisi də mühüm rol oynayır.
Dünya dillərinin tədrisində Naxçıvan Dövlət Universiteti də öz töhfəsini verir. Universitetin Beynəlxalq münasibətlər və xarici dillər fakültəsində alman, ingilis, fransız, rus, ərəb, fars dilləri tədris edilir. Bu təhsil ocağı çox sürətlə inkişaf edir, xarici əlaqələri günü-gündən genişlənir. Universitet dünyanın aparıcı ali məktəbləri ilə çox geniş işgüzar əlaqələr yaradıb. O nəinki regionda, hətta dünya miqyasında tanınmış ali məktəblərin birinə çevrilib. Naxçıvan Dövlət Universitetinin bir çox universitetlərlə, o cümlədən Cənubi Koreyanın Kimçonq və Busan Kyumqsunq universitetləri ilə əməkdaşlığı davam edir. Universitetdə digər dillərlə yanaşı, Koreya dili də tədris olunur.

2011-ci il noyabrın 11-dən Naxçıvan Dövlət Universitetində Cənubi Koreya Mərkəzi fəaliyyət göstərir. Mərkəzin rəhbəri Lee Jin mərkəz və ana dilimizə olan münasibəti haqqında bizi məlumatlandırdı. O qeyd etdi ki, mərkəzdə Koreyanın dövlət atributları, milli musiqi alətləri, eyni zamanda ölkənin tarixini, milli mədəniyyətini əks etdirən elmi-siyasi ədəbiyyatlar, elektron məlumat vasitələri toplanıb. Mərkəz qabaqcıl texnologiya və zəngin tədris materialları, Koreya dilində ensiklopediya, lüğət və digər məlumat nəşrləri ilə təchiz edilib. Cənubi Koreya vətəndaşı Lee Jin həm də universitetdə Azərbaycan dili və ədəbiyyat müəllimliyi üzrə magistraturanın ikinci kursunda təhsil alır. O, mərkəzdə kursa gələn tələbələrə Koreya dilində dərslər keçir. Azərbaycan dilini sadə və şirin dil hesab edən Lee bildirir ki, Azərbaycan və Koreya dillərinin Altay dil qrupuna məxsusluğu, Koreya dilində cümlə quruluşunun Azərbaycan dili ilə eyniliyi hər iki dilin oxşar xüsusiyyətləridir. Buna görə də kursda iştirak edən tələbələr Koreya dilini asanlıqla mənimsəyirlər. Həmçinin o bildirdi ki, gələcəkdə Azərbaycan-Koreya dillərində lüğət də daxil olmaqla, kitab hazırlamaq fikrindədir.
Mərkəzin digər əməkdaşı, Cənubi Koreya vətəndaşı, Koreya dilini tədris edən müəllim Seo Sumi isə bildirdi ki, 1 oktyabr 2012-ci il tarixdən universitetin Cənubi Koreya Mərkəzində Koreya dili üzrə hazırlıq kursları ödənişsiz olaraq fəaliyyət göstərir. Mərkəzdə Koreya dilini həftədə 2 dəfə olmaqla tədris edirik, – deyən müsahibim bu dili öyrənməkdə xüsusi fərqlənənlərin universitet tərəfindən Cənubi Koreya universitetlərinə göndərildiyini də söylədi. Hazırda 40-a yaxın tələbənin Koreya dilini, ədəbiyyatını, tarixini, mədəniyyətini öyrənməsi ölkəmizi tanıtmaq baxımından böyük əhəmiyyətə malikdir. Biz də tələbələrdən Azərbaycanın tarixi, dili, mədəniyyəti haqqında çoxlu məlumatlar öyrənirik. Fikrimcə, Azərbaycan dili çox zəngin dildir. Hər iki dildə bəzi sözlər, hətta şəkilçilər oxşarlıq təşkil etdiyi üçün ana dilinizi mənimsəmək çox çətin olmadı, – deyə müsahibim əlavə etdi.
Hazırlıq kurslarına universitetin I-IV kurs tələbələri Aynur Cəfərova, Turac Quliyeva, Kamil Hüseynli, Lalə Rzayeva və digərləri böyük həvəs göstərirlər. Xarici tələbələrlə söhbət zamanı isə onlarda Azərbaycan dilini öyrənməyə böyük maraq olduğunu gördük.
Universitetin coğrafiya müəllimliyi üzrə magistrantı Kim Dosung Azərbaycan dili ilə Koreya dilinin müqayisə edərək bildirdi ki, Azərbaycan dili digər dillərdən özünəməxsusluğu, sadəliyi, şirinliyi ilə fərqlənir. Bu dil Koreya dilinə yaxın olduğu üçün onu öyrənmək çox asandır. Azərbaycan dili ilə yanaşı, Azərbaycan xalqı da çox mehriban və qonaqpərvərdir. Burada qalmaq və təhsilimi davam etdirmək fikrindəyəm.
Qeyd etmək lazımdır ki, qloballaşma prosesinin sürətlə getdiyi dövrdə Azərbaycanın beynəlxalq təhsil məkanına inteqrasiya sahəsindəki uğurlu siyasətinin nəticəsi olaraq azərbaycanlı gənclərin dünyanın qabaqcıl ölkələrində təhsil almaq imkanı başqa xalqların mədəni irsi ilə tanış olmağa, onlarla ünsiyyət qurmağa imkan yaradır. Bütün bunlar dil vasitəsilə ana dilimizin dünyada tanıdılmasına, sevilməsinə, dünya dilləri içərisində seçilməsinə şərait yaradır. Bu gün mənəvi sərvətimiz, milli varlığımız olan ana dilimizin saflığını qorumaq və bizdən sonrakı nəsillərə ötürmək hər birimizin vətəndaşlıq borcudur.

 Güntac ŞAHMƏMMƏDLİ

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR