Azərbaycan Vətən Müharibəsi Veteranları və Şəhid Ailələri Naxçıvan Muxtar Respublika Təşkilatı idarə heyətinin yığıncağı keçirilib.
Yığıncaqda təşkilatın sədri Mirməcid Seyidov məruzə ilə çıxış edərək ötən il görülən işlər barədə danışıb. Qeyd olunub ki, 2017-ci ildə Azərbaycan Vətən Müharibəsi Veteranları və Şəhid Ailələri Naxçıvan Muxtar Respublika Təşkilatının aidiyyəti təşkilatlarla əlaqələri daha da möhkəmlənib, müxtəlif mövzularda silsilə tədbirlər hazırlanıb. Belə ki, hesabat ilində təşkilat, onun şəhər və rayon şöbələri tərəfindən 30-dək tədbir keçirilib.
Vurğulanıb ki, təşkilatın həyata keçirdiyi tədbirlərin əsas məqsədlərindən biri gənc nəslə vətənpərvərlik hisslərinin aşılanması və onların doğma yurda məhəbbət ruhunda tərbiyə edilməsindən ibarətdir. Buna görə də bölgələrdə milli qəhrəmanlarımızın, şəhidlərimizin xatirəsinə həsr olunmuş tədbirlərin təşkilinə daha ciddi önəm verilib, onların qəhrəmanlıqla dolu həyat yolu televiziya və mətbuatda işıqlandırılıb.
Tədbirdə Azərbaycan Vətən Müharibəsi Veteranları və Şəhid Ailələri Naxçıvan Muxtar Respublika Təşkilatının şəhər və rayon şöbələrinin sədrləri çıxış edərək ötən il görülmüş işlərdən və qarşıda duran vəzifələrdən danışıblar.
Xəbərlər şöbəsi