25 Dekabr 2024, Çərşənbə

Babək rayonunun təşkil olunmasının 40 illiyi haqqında Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2018-ci il 16 fevral tarixli Sərəncamı hər bir rayon sakini tərəfindən sevinc və böyük minnətdarlıq hissi ilə qarşılanır. Sərəncamda deyilir: “Ötən əsrin 70-ci illərində xalqımızın ümummilli lideri Heydər Əliyevin müəyyənləşdirdiyi qu­ruculuq xətti Azərbaycanın re­gionlarını da əhatə etmiş, Naxçıvan Muxtar Respublikasında yeni rayonun yaradılması qərara alınmışdı. 1978-ci il oktyabrın 23-də təşkil olunmuş rayona xalq qəhrəmanı Babəkin adının verilməsi ulu öndərimizin qətiyyətinin, daim azərbaycançılıq mövqeyində dayanması istiqamətində həyata keçirdiyi tədbirlərin nəticəsi idi.
Yarandığı gündən ötən dövr ərzində Babək rayonu böyük inkişaf yolu keçmişdir. Hazırda rayonun əksər kəndlərində kompleks quruculuq işləri aparılmış, rayon ərazisi elektrik enerjisi və təbii qazla, poçt, geniş zolaqlı və simsiz internet xidmətləri ilə təmin edilmişdir”.
Deyirlər, abad Vətən orada yaşayan insanların birliyindən, vəhdətindən doğar. Vətən ona sahib çıxacaq, dəyər verəcək, uğruna hər zillətə qatlaşacaq övladları olmasa, Vətən deyil. Göstərilən dövlət qayğısı, yurd eşqi, torpağa, el-obaya bağlılığın işığında bu gün Babək rayonu da inkişaf edir, insanları rahat, firavan yaşayır. Bu yeniliyin, müasirliyin əsasında məhz elə Vətən sevgisi dayanır.

40 il bundan öncə yaradılan Babək rayonu ötən əsrin 90-cı illərində ağır sınaq dövrü yaşadı. O dövrün canlı şahidləri yaxşı xatırlayır ki, aqrar sahə üçün olduqca perspektivli olan bu rayonun hektarlarla torpaq sahəsi “ağzı günə yatır”, kərəntisi, orağı çiynində olan kəndli əkin-biçinə yox, məhz ucqar dağ və sərhəd kəndlərinin müdafiəsinə gedirdi. Çox da uzaq olmayan o keçmişdən bizi 25 il ayırır. 90-cı illərdə rayonun Buzqov, Gərməçataq kimi kəndlərində tez-tez mərmi səsi eşidilir, mənfur düşmən sabitliyi pozurdu. Bu yerlər faktiki olaraq işğal təhlükəsində idi. Xalqın yeganə nicat yolu isə ulu öndər Heydər Əliyev idi. O illərdə doğma Vətəninə gələn dahi rəhbər, ümumilikdə, Naxçıvanı qoruyub saxlayaraq onun bugünkü inkişafının təməl daşlarını atdı. Ümummilli liderin siyasi yoluna sadiqlik isə bu gün həmin kəndlərə yeniləşmə, müasir­ləşmə, sabitlik gətirib.
Artıq yerləşdiyi coğrafi mövqedən asılı olmayaraq, Babək rayonunun kəndlərində də sakinlərin rahat yaşayışı üçün hər cür şərait yaradılıb. Elə götürək, az öncə haqqında danışdığımız Gərməçataq kəndini. Bir zamanlar naxçıvanlıların əldə ov tüfəngi ilə keşik çəkdiyi mövqelərdə indi mənfur ermənilərin qorxulu röyasına çevrilən Azərbaycan əsgəri dayanıb. Əldə olunmuş davamlı sabitlik Gərməçatağa da yenilik gətirib. 2017-ci ildə buradakı məktəb binası əsaslı şəkildə yenidən qurulub, kənd və xidmət mərkəzləri inşa olunub, yol çəkilib və digər infrastruktur layihələr icra edilib. Görülən işlər sakinlərin torpağa daha sıx tellərlə bağlanmasına, buradan köçüb gedənlərin yenidən doğma od-ocağa qayıtmalarına ­səbəb olub.
2017-ci ildə rayonun ucqar dağ kəndlərindən olan Payızda Ali ­Məclis Sədrinin iştirakı ilə bir gündə 4 yeni sosial obyektin və kənd yolunun istifadəyə verilməsini sakinlər dərin minnətdarlıqla xatırlayırlar. Sovet dönəmindən bəri yığılıb qalan sosial problemlər artıq həllini tapıb. Kənddə təsərrüfatların sayı hər ötən il artır, bol məhsul istehsal olunur.
Ümumiyyətlə, rayonda hər il ­tikinti-quruculuq tədbirlərinin əhatə dairəsi genişlənir. 2017-ci ildə ­iqtisadiyyatın və sosial sahələrin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 66 milyon 617 min 100 manat vəsait yönəldilib. Bu da bir il öncəki göstəricidən 0,7 faiz çoxdur. İnvestisiya qoyuluşlarının 64 milyon 307 min 800 manatı və ya 96,5 faizi tikinti-­quraşdırma işlərində istifadə edilib.
Bəhs olunan dövrdə rayonda İcra Hakimiyyətinin inzibati binası, Nehrəmdə Heydər Parkı istifadəyə verilib, yeni üzümçülük təsərrüfatı yaradılıb. Şıxmahmud və Xəlilli kəndlərini Naxçıvan şəhərinin Xətai məhəlləsinə birləşdirən yol, eləcə də həmin kəndlərdə içməli su və kanalizasiya şəbəkəsi qurularaq Ali Məclis Sədrinin iştirakı ilə istifadəyə verilib.
Görülən işlər bu kəndlərin hüsnünə yeni naxışlar vurub və sakinlərin böyük sevincinə səbəb olub. Nehrəm kənd sakini Vahid Hə­sənovun dediklərindən: “İllər öncə kəndimizdəki köhnə hasarlar, tozlu-torpaqlı yollar, sınıq-salxaq körpü, məktəb illərini keçirdiyimiz kiçik, birmərtəbəli bina artıq tarixə qovuşub. Dəyişən çox şey var. Son illər 3 tam orta məktəb binası, xəstə­xana, kənd və xidmət mərkəzləri və digər obyektlər istifadəyə verilib, dairəvi avtomobil yolu yenidən qurulub, müasir layihə əsasında kənd məscidi tikilib. Bu, artıq Naxçıvanın bütün kəndlərinin imicini formalaşdırır. Ötən ilin avqust ayında isə kəndimizdə Heydər Parkı istifadəyə verilib. Parkın salındığı ərazi tarixi məkandır. O mənada ki, xalqımızın böyük oğlu Heydər Əliyev ötən əsrin sonlarında məhz burada nehrəmlilərlə görüşüb. Ümumiyyətlə, Nehrəm ulu öndərin siyasi xəttini həmişə dəstəkləyib. Dahi rəhbərin Nehrəm seçki dairəsindən Azərbaycan Ali Sovetinə deputat seçilməsi buna bariz nümunədir. İndi isə həmin ərazidə park salınıb, sakinlərin asudə vaxtlarının səmərəli təşkili üçün tədbirlər görülüb, üçrəngli Dövlət Bayrağımız ucaldılıb. Bu əlamətdar hadisə hər bir nehrəmlinin həyatında silinməz izlər buraxıb. Yeni üzümçülük təsərrüfatında isə çox sayda iş yeri açılıb. Babək rayonunun təşkil olunmasının 40 illiyi haqqında Ali Məclis Sədrinin bu günlərdə imzaladığı müvafiq sərəncam hər bir rayon sakini tərəfindən minnətdarlıqla qarşılanır. Əminik ki, müstəqillik illərində misligörünməmiş inkişafa qədəm qoymuş Babək rayonunun qəsəbə və kəndlərində bu il də geniş quruculuq işləri aparılacaq”.
2017-ci il avqustun 18-də isə Şıxmahmud və Xəlilli kəndlərini Naxçıvan şəhərinin Xətai məhəlləsinə birləşdirən yol və həmin kənd­lərdə su və kanalizasiya şəbəkəsi istifadəyə verilib. Su təchizatı və kanalizasiya investisiya proqramına uyğun olaraq hər iki kənddə, ümumilikdə, 37,3 kilometr uzunluğunda müxtəlif diametrli borularla içməli su xətti çəkilib, 1103 evə su verilərək sayğac quraşdırılıb, 4 mindən artıq sakin fasiləsiz və keyfiyyətli içməli su ilə təmin olunub. Şıxmahmud və Xəlilli kəndlərində müxtəlif diametrli borularla 34,5 kilometr uzunluğunda kanalizasiya xətləri də çəkilib və bütün mənzillər şəbəkəyə qoşulub.
Şıxmahmud kənd sakini Zahid Tağıyev minnətdarlıq edərək deyir ki, yeni yol və su-kanalizasiya şəbəkəsinin qurulması Şıxmahmud və Xəlilli kəndlərinin həyatına bir yenilik gətirib. Müdriklər deyiblər ki, yol mədəniyyət, iqtisadiyyat, bir sözlə, inkişaf deməkdir. Əvvəllər bu yol istifadəyə yararsız olduğu üçün kənd əhalisi, əsasən, Naxçıvan-­Şahbuz magistral yoluna üstünlük verirdi. Artıq bu çətinlik aradan qalxıb. Yol salmaq, su çəkdirmək ta qədimdən savab iş sayılıb. Bu işləri görənlərə minnətdarıq.
Ümumiyyətlə, rayonun bugünkü inkişafına ümummilli liderimiz Heydər Əliyevin ideyalarının muxtar respublikada uğurlu icrası nəticəsində nail olunub. 2018-ci ildə təşkil olunmasının 40 illiyini qeyd edən Babək rayonunda bu münasibətlə silsilə tədbirlər keçiriləcək, yeni inkişaf salnaməsi yazılacaq.
Rayonun günbəgün müasirləşən infrastrukturu, əhalinin sosial həyat şəraitinin yaxşılaşdırılması aqrar sahənin inkişafına öz töhfəsini verməkdədir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 8 fevral tarixli Sərəncamı ilə təsdiq edilmiş “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramı”nın icrası Babək rayonunda əhalinin meyvə və tərəvəz məhsullarına olan tələbatının yerli istehsal hesabına təmin edilməsinə geniş imkanlar yaradıb. 2017-ci ildə meyvə istehsalı bir il öncəyə nisbətən 1,8, tərəvəz istehsalı isə 4,7 faiz artıb. Ötən il rayonda üzümçülüyün inkişafı istiqamətində yeni bağların salınmasına və üzüm tinglərinin becərilməsinə başlanılıb. Bundan başqa, ötən il 33 min 507 ton dənli və dənli-paxlalılar (qarğıdalısız), 216 ton dən üçün günəbaxan, 23974,2 ton tərəvəz, 22458 ton ərzaq üçün bostan məhsulları, 7008,9 ton meyvə, 5842,8 ton üzüm toplanılıb.
Bölgədə kənd təsərrüfatının əsas sahələrindən biri olan heyvandarlığın inkişafı istiqamətində də ardıcıl tədbirlər həyata keçirilib, Şıxmahmud və Naxışnərgiz kəndlərinin hər birində bir heyvandarlıq təsərrüfatı yaradılıb.
Əlverişli təbii iqlim, kənd adamlarına yaradılan şərait, suvarma imkanlarının yaxşılaşdırılması torpaq mülkiyyətçilərinin taxıl əkinlərinə hər il geniş yer vermələrinə səbəb olub. Bu gün kəndlinin özünün pay torpağı, suyu, kənd təsərrüfatı texnikaları var. Bol məhsul istehsal edərək daxili bazarın yerli məhsullarla təminatına babəkli torpaq mülkiyyətçiləri də töhfə verməyə çalışırlar.

Babək rayonu ötən ili quruculuq və iqtisadi irəliləyişlərlə yola salıb. İnkişafın təməlində isə rayona göstərilən böyük diqqət və qayğı dayanır. Naxçıvanın hər bir guşəsində aparılan irimiqyaslı tikinti-­quruculuq tədbirləri Babək rayonunun görkəmini də tanınmaz dərəcədə dəyişib. Bu mənzərə isə doğma yurda qədəm qoyanları heyrətləndirir, təəssüratlarını zənginləşdirir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Babək rayonunun təşkil olunmasının 40 illiyi haqqında 2018-ci il 16 fevral tarixli Sərəncamı isə bu diyarın inkişafına göstərilən növbəti dövlət qayğısının bariz ifadəsidir.

Muxtar RZAZADƏ
“Şərqin səhəri” qəzetinin redaktoru

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR