25 Dekabr 2024, Çərşənbə

  Yanvarın 24-də Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Naxçıvan Dövlət Film Fondunda nazirliyin sistemində olan müəssisələrdə fəaliyyət göstərən gənclər üçün “Naxçıvanda islami dəyərlər və onların qorunması” mövzusunda tədbir keçirilib.

Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin təhsil müəssisələri ilə iş üzrə baş məsləhətçisi Kənan Tağızadə çıxış edərək bildirib ki, 2009-cu il ok­tyabrın 14-də Bakıda keçirilən İslam ölkələrinin mədəniyyət nazirlərinin IV konfransında Naxçıvan şəhəri 2018-ci il üçün İslam mədəniyyətinin paytaxtı elan olunub. Bu gün keçirilən tədbirin məqsədi də gəncləri İslam mədəniyyəti və dəyərləri ilə tanış etmək, onları maarifləndirməkdir.
Qeyd edilib ki, Azərbaycanda İslam dini VII-VIII əsrlərdə yayılıb və xalqımızın milli-mənəvi dəyərlərinin əsasını təşkil edir. Bu gün iftixar hissi ilə deyirik ki, Azərbaycanın İslam mədəniyyəti ilə bağlı olan dahi insanları – Nizami Gəncəvi, Məhəmməd Füzuli, Nəsirəddin Tusi, Qətran Təbrizi və bir çox digər böyük şəxsiyyətləri dünya sivilizasiyasına böyük töhfələr verib və İslam mədəniyyətini zənginləşdiriblər.

Bildirilib ki, dünyada mövcud olan dinlər arasında İslam dini özünəməxsus yerə malikdir. Biz azərbaycanlılar İslam dini ilə bağlı dəyərləri yaşatmaqla yanaşı, bütün dinlərə ehtiramla yanaşır, dini tolerantlıq nümunəsi göstəririk. Azərbaycanlılar əsrlər boyu xristianlarla, yəhudilərlə dinc, yanaşı yaşayıblar və indi də yaşayırlar. Tolerantlığın Azərbaycan nümunəsi bir daha dünyaya sübut edir ki, insanlar hansı dinə, hansı mədəniyyətə mənsubluğundan asılı olmayaraq, birgə, sülh şəraitində yaşaya bilərlər.
Naxçıvan Muxtar Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Agentliyinin baş məsləhətçisi, hüquqşünas Bəhruz Gülmalıyev bildirib ki, muxtar respublikamızda islami dəyərlərə ehtiram dini mərasimlərin yüksək səviyyədə keçirilməsində özünü göstərir. Hər il keçirilən Qurban və Ramazan bayramları ədalət və mərhəmət, şəfqət və xeyirxahlıq duyğuları təlqin etməklə, insanların mənən saflaşmasına, Vətən və xalq üçün birləşməsinə xidmət edir. Bu birlik cəmiyyətimiz və dövlətimiz üçün olduqca mühüm amildir.
Qeyd edilib ki, muxtar respublikamızda dini dəyərlərimizin qorunub yaşadılması istiqamətində həyata keçirilən tədbirlər cəmiyyət tərəfindən rəğbətlə qarşılanır. Ziyarətgahlar bərpa olunur, yeni məscidlər tikilir, dindarlar üçün lazımi şərait yaradılır. Son illər yeni tikilən məscidlər, təmir olunan türk-islam abidələri dövlətin bu sahəyə xüsusi diqqət və qayğı göstərdiyinin bariz nümunəsidir.
Tədbirin sonunda “Naxçıvan-türk-islam mədəniyyəti abidələri” sənədli filmi nümayiş etdirilib.

Əli RZAYEV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR