25 Dekabr 2024, Çərşənbə

Bu gün ölkəmizdə, o cümlədən muxtar respublikamızda həyata keçirilən praqmatik siyasət yüksək meyarlara cavab verən gələcəyin qarantı rolunda çıxış edir, iqtisadi yüksəlişimizi uğurlu şəkildə modelləşdirir. Həmin siyasət bu gün bütün sahələrdə müsbət nəticələrin əldə olunmasına şərait yaradıb, ötən illər ərzində makroiqtisadi sabitliyə, dinamik iqtisadi artıma nail olunub, yoxsulluğun azaldılmasında və əhalinin sosial rifahının yaxşılaşdırılmasında əhəmiyyətli uğurlar qazanılıb. Əldə olunan nəticələr seçilən düzgün siyasi xəttin bəhrəsi olmaqla yanaşı, həm də rəhbər amilinin real siyasi fəaliyyətdə təsdiqidir. Ötən il muxtar respublikamızda qazanılan nailiyyətlər də bu baxımdan diqqəti cəlb edir.

Bəhs olunan dövr muxtar respublikamızın həyatında bir sıra əlamətdar hadisələrlə yadda qalıb. Yanvarın 11-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Naxçıvan Muxtar Respublikasına 13 ildə sayca 13-cü səfərə gəlib. Ölkə başçısının ümummilli lider Heydər Əliyevin Naxçıvan şəhərinin mərkəzində ucaldılan abidəsini ziyarət etməklə başlayan səfəri muxtar respublikada bir sıra mühüm obyektlərin istifadəyə verilməsi ilə yadda qalıb.

Belə ki, Prezident İlham Əliyev ilk olaraq Ordubad Su Elektrik Stansiyasının təməlqoyma mərasimində iştirak edib. Sonra isə Culfa rayon mərkəzi və ətraf kəndlərin içməli su təchizatı və kanalizasiya sistemlərinin istifadəyə verilməsi mərasimində, Naxçıvan şəhərində Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin zabit və gizirləri üçün inşa olunmuş yaşayış binasının, Əlahiddə Ümumqoşun Ordusunun “N” hərbi hissəsindəki əsgər yataqxanasının və Əsgəri-Məişət Kompleksinin, Şahbuz rayon mərkəzi və ətraf kənd­lərin içməli su təchizatı və kanalizasiya sistemlərinin açılışlarında iştirak edib. Səfərinin sonunda Naxçıvan şəhər 3 nömrəli tam orta rus məktəbi binasının əsaslı yenidən­qurmadan sonra istifadəyə verilməsi mərasimində çıxış edən dövlətimizin başçısı deyib: “Naxçıvan şəhərinin abadlaşdırılması, gözəlləşdirilməsi, infrastruktur layihələrinin icrası, bütün şəhər və kəndlərin abadlaşması prosesi onu göstərir ki, respublika möhkəm ayaqda dayanır. Hesab edirəm ki, bu gün Naxçıvan Muxtar Respublikasının çiçəklənmə dövrüdür. Çünki bütün istiqamətlər üzrə işlər uğurla gedir və gözəl nəticələr var”.

İnvestisiya reytinqinin lideri olan Naxçıvanda bütün sahələrin
inkişafı diqqət mərkəzindədir

Qədim diyarımızın inkişafı, buradakı sosial-iqtisadi vəziyyət, işgüzar mühit və yaradılan infrastruktur nüfuzlu beynəlxalq reytinq agentliklərinin də diqqətini cəlb edib. Belə ki, dövlətimizin başçısının sədri olduğu “Caspian European Club”un hazırladığı Azərbaycanın iqtisadi regionlarının 2017-ci il üçün illik investisiya reytinqinin lideri ən yüksək ümumi bal toplamış Naxçıvan Muxtar Respublikası olub. Ötən il görülən işlər də muxtar respublikanın lider olduğunu göstərir.
Muxtar respublikamızda bütün sahələrdə tərəqqi və inkişaf tempinin qorunub saxlanılması 2017-ci ildə də qarşıda duran əsas vəzifələrdən olub. Əhalinin sağlamlığının qorunmasında başlıca vasitələrdən biri olan idmanın, cəmiyyətimizin bu gününün və gələcəyinin formalaşdırılmasında mühüm rol oynayan kütləvi informasiya vasitələrinin, o cümlədən təhsilin inkişafı, əhalinin həyat şəraitinin yaxşılaşdırılması muxtar respublikamızda daim diqqət mərkəzində saxlanılır. Ötən il yanvarın 14-də Ali Məclisdə “Naxçıvan Muxtar Respublikasında bədən tərbiyəsi və idmanın hazırkı vəziyyəti və qarşıda duran vəzifələr”, yanvarın 28-də “Naxçıvan Muxtar Respublikasının kütləvi informasiya vasitələrinin fəaliyyəti və qarşıda duran vəzifələr” mövzularında, avqustun 26-da 2017-2018-ci illərin payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələrlə əlaqədar, oktyabrın 16-da isə ali və orta ixtisas təhsili məktəblərinə tələbə qəbulunun vəziyyəti və qarşıda duran vəzifələr barədə müşavirələrdə də bu məsələlər diqqət mərkəzində olub, görüləcək işlərlə bağlı müvafiq tapşırıqlar verilib.
Bu gün muxtar respublikamızda sahibkarlığın inkişafı da prioritet istiqamətlərdən biridir. Ötən il fevralın 11-də Naxçıvan Biznes Mərkəzində muxtar respublikada fəaliyyət göstərən sahibkarlarla görüş zamanı Ali Məclisin Sədri sahibkarlığın çox­şaxəli inkişafının əhəmiyyətini qeyd edib, muxtar respublikada bu sahədə görüləcək işləri diqqətə çatdırıb.

Naxçıvan regional cazibə
mərkəzinə çevrilib

İctimai həyatın bütün sahələrində yüksək tərəqqiyə nail olan, sürətlə müasirləşərək qarşıya qoyulan strateji hədəfləri reallaşdıran muxtar respublikamız blokada vəziyyətində özünəməxsus inkişaf modelini yaradıb. Qədim diyarda fəaliyyət göstərən bir sıra istehsal müəssisələri onun ixrac potensialını artırıb, iqtisadi-ticarət, həmçinin mədəniyyət əlaqələrinin genişlənməsinə imkan verib. Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə Gürcüstanın Acarıstan Muxtar Respublikası arasında mövcud əlaqələr məhz bu çərçivədə daha da genişlənir. Ötən il fevralın 1-də isə Acarıstan Muxtar Respublikası Hökumətinin Sədri Zurab Pataradzenin rəhbərlik etdiyi nümayəndə heyəti Naxçıvan Muxtar Respublikasına səfərə gəlib. Həmin gün Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov və Acarıstan Muxtar Respublikası Hökumətinin sədri Zurab Pataradze arasında görüş olub. Görüşdə bundan sonra da ikitərəfli əlaqələrin inkişafı üçün səylərin göstəriləcəyinə əminlik ifadə edilib.
Səmərəli əməkdaşlığın inkişafında xüsusi rol oynayan qarşılıqlı səfərlər davam etdirilib. Ali Məclisin Sədri ötən il mayın 5-də Gürcüstanın Acarıstan Muxtar Respublikasına səfər edib və burada Acarıstan Muxtar Respublikası Hökumətinin rəhbəri Zurab Pataradze ilə görüşüb. Söhbət zamanı bir daha Naxçıvan və Acarıstan muxtar respublikaları arasında əlaqələrin inkişaf perspektivləri ­nəzərdən keçirilib, qarşılıqlı maraq ­doğuran məsələlər müzakirə olunub.
İslam mədəniyyətinin tarixində özünəməxsus yer tutan, müasir inkişafı ilə diqqətləri özünə cəlb edən, gündən-günə daha da gözəlləşən qədim diyar bu il çox əhəmiyyətli bir missiyanı yerinə yetirir: Naxçıvan şəhəri İslam mədəniyyətinin paytaxtı statusunu daşıyır. Bununla əlaqədar muxtar respublikamızda hazırlıq işləri 2017-ci ildə bütün istiqamətlər üzrə uğurla aparılıb. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “İslam Mədəniyyətinin Paytaxtı Naxçıvan – 2018” loqotipinin hazırlanması haqqında” 2017-ci il 23 yanvar tarixli Sərəncamına əsasən loqotipin hazırlanması üçün yaradıcılıq müsabiqəsi elan edilib. Fevralın 28-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində “Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı – 2018” loqotipinin seçilməsi ilə bağlı tədbir keçirilib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif ­Talıbov 2017-ci il dekabrın 17-də İran İslam Respublikasına rəsmi səfər edib, burada bir sıra yüksək səviyyəli görüşlər keçirib. Görüşlərdə əməkdaşlığın daha da genişləndirilməsinin əhəmiyyəti vurğulanıb, Azərbaycan və onun Naxçıvan Muxtar Respublikası ilə İran və onun yaxın vilayətləri arasında imzalanan sənədlər və əldə olunan razılıqlar münasibətlərimizin daha da genişləndirilməsi istiqamətində atılan addım kimi dəyərləndirilib.
Bu gün Azərbaycan-Türkiyə əlaqələri inkişaf edərək strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Bu çərçivədə Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə Türkiyə Respublikası arasında da çoxşaxəli ­faydalı əməkdaşlıq əlaqələri qurulub. Qardaş Türkiyə hökumətinin qəbul etdiyi yeni tənzimləmə qərarına görə ötən ildən Naxçıvan Muxtar Respublikasındakı istehsal müəssisələrinə Türkiyəyə məhsul ixracında sərbəst ticarət imkanı verilib. Bu qərar iqtisadi-ticarət əlaqələrimizin daha da gücləndirilməsinə yönəlmiş mühüm addım kimi yüksək dəyərə malikdir. Türkiyə Respublikasının Baş naziri Binəli Yıldırımın ötən il dekabrın 20-də Naxçıvan Muxtar Respublikasına səfərə gəlməsi, həmin gün Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun və Türkiyə Respublikasının Baş naziri Binəli Yıldırımın görüşünün keçirilməsi əlaqələrin artan xətt üzrə inkişaf etdiyini göstərir.

Naxçıvan: Heydər Əliyev
ideyalarına sədaqət nümunəsi

Ötən il Naxçıvan Muxtar Respublikasında ulu öndərin anadan olmasının 94-cü ildönümü təntənəli tədbirlərlə qeyd olunub, dekabrın 12-də Onun əziz xatirəsi dərin ehtiramla yad edilib.
Ümummilli liderimiz Heydər Əliyevin 1992-ci ildə Naxçıvanda möhkəm təmələ söykənən ideologiya əsasında Yeni Azərbaycan Partiyasını yaratması müstəqillik tariximizin ən parlaq səhifələrindən birinə çevrilib. Partiya 25 illik şərəfli bir yol keçib. Bu gün üzvlərinin sayı muxtar respublikanın siyasi fəal əhalisinin 18 faizini təşkil edən partiyanın muxtar respublika təşkilatının 52 mindən çox üzvü vardır.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri, Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Sədri cənab Vasif Talıbov 2017-ci il martın 16-da keçirilən Təşkilatın Siyasi Şurasının iclasında bu barədə danışıb. Şuranın iclasında “Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının 2016-cı ildəki fəaliyyəti və qarşıda duran vəzifələrlə bağlı” məsələ müzakirə olunub. Ötən il noyabrın 21-də isə “Araz” Dövlət Qəbul Evində Naxçıvanda Yeni Azərbaycan Partiyasının yaradılmasının 25 illiyi münasibətilə tədbir keçirilib. Həmin tədbirlərin yüksək səviyyədə keçirilməsi muxtar respublikada Heydər Əliyev yoluna, onun ideallarına sədaqətin növbəti təzahürü idi.

Qədim diyarın şöhrətini artıran festivallar

Blokadanın yaratdığı ciddi çətinliklərə baxmayaraq, ötən illər ərzində böyük zəhmətlə, vətənpərvərliklə görülən genişmiqyaslı işlər, həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində muxtar respublikamız bu gün həm də mötəbər beynəlxalq tədbirlərin, möhtəşəm festivalların keçirildiyi məkan kimi dünyada şöhrət qazanıb. Bu sırada beynəlxalq idman yarışlarının da yer alması muxtar respublikada idman infrastrukturunun müasir dövrün tələbləri səviyyəsində qurulmasından və qədim diyarda idmanın çox sürətlə inkişaf etməsindən xəbər verir. Naxçıvan şəhərində ulu öndər Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş “Naxçıvan-2017” Beynəlxalq Şahmat Festivalının keçirilməsi isə respublikamızın qlobal idman arenasında özünəməxsus yer tutduğunun göstəricisi kimi qiymətləndirilib. Festivalda 10 ölkə­dən 300-dən artıq şahmatçı iştirak edib.
Ötən il mayın 3-də Naxçıvan Dövlət Musiqili Dram Teatrında “Naxçıvan-2017” Beynəlxalq Şahmat Festivalının açılışı olub. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov, Beynəlxalq Şahmat Federasiyasının prezidenti Kirsan İlümjinov və Azərbaycan Respublikasının gənclər və idman naziri Azad Rəhimov tədbirdə iştirak ediblər.
Bu gün muxtar respublikamızda gələcə­yimiz olan uşaqlara göstərilən böyük diqqət və qayğı insan potensialımızın, yaxın perspektivdə kadr potensialımızın müasir dövrün tələbləri səviyyəsində formalaşmasına şərait yaradıb. Ötən il aprelin 14-də Kəngərli rayonunun Qıvraq qəsəbəsində yeni uşaq bağçasının istifadəyə verilməsi, iyunun 1-də – Uşaqları Beynəlxalq Müdafiə Günündə “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində festivalın keçirilməsi də onlara göstərilən diqqət və qayğının növbəti nümunəsi idi.
Doğma diyarımızda təsərrüfatın çox mühüm və gəlirli sahəsi olan arıçılığın inkişafına böyük diqqət göstərilir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il noyabrın 18-də “2017-2022-ci illərdə Naxçıvan Muxtar Respublikasında arıçılığın inkişafı üzrə Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Sərəncamı da bu diqqətin ifadəsidir. Dövlət proqramına uyğun olaraq noyabrın 11-də “Naxçıvanqala” Tarix-­Memarlıq Muzey Kompleksində “Arıçılıq məhsulları-bal festivalı” keçirilib.
Ali Məclisin Sədri festivalda iştirak edib, Naxçıvan balının sərgi-satışı ilə tanış olub, bal və digər arıçılıq məhsulları alıb, arıçılarla söhbət edib, onların qayğıları ilə maraqlanıb.
Ötən il noyabrın 18-də “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində keçirilən “Ailə təsərrüfatı məhsulları” festivalı aqrar sahənin inkişafına göstərilən qayğının bariz nümunəsi olub.
Ali Məclisin Sədri festivalda iştirak edib, ailə təsərrüfatlarının fəaliyyəti ilə maraqlanıb, təsərrüfat sahibləri ilə söhbət edib, onların istehsal etdikləri məhsullardan alıb.

Qüdrətli ordu muxtar respublikanın
təhlükəsizliyinin qarantıdır

Ordu quruculuğu, onun döyüş və peşəkar­lıq səviyyəsinin artırılması istiqamətində ümummilli liderimiz Heydər Əliyev tərəfindən həyata keçirilən məqsədyönlü tədbirlər ölkəmizdə, o cümlədən muxtar respublikamızda uğurla davam etdirilir. Qürurla deyə bilərik ki, bu gün Naxçıvan Muxtar Respublikasının ərazisindəki hərbi hissələrin maddi-texniki təminatı və hazırlıq səviyyəsi xeyli gücləndirilib, yüksək döyüş hazırlığına görə dünyanın qabaqcıl ölkələrinin ordularından heç də geri qalmayan Əlahiddə Ümumqoşun Ordu doğma yurdumuzun təhlükəsizliyinin qarantına çevrilib. Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında imzalanan hərbi əməkdaşlıq haqqında sazişə əsasən ötən il iyunun 12-dən etibarən Naxçıvanda keçirilən iki ölkənin Silahlı Qüvvələrinin birgə əməliyyat taktiki təlimləri ordumuzun qüdrətini bir daha nümayiş etdirdi.
İyunun 15-də – Milli Qurtuluş Günündə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov, Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənov və Türkiyə Respublikası Silahlı Qüvvələrinin mexanikləşdirilmiş briqada komandiri, general-mayor Ərcan İlhan birgə əməliyyat taktiki təlimi izləyiblər.
2017-ci ilin oktyabr ayında isə muxtar respublikamızın sakinləri xatirələrimizdə daim yaşayacaq, qürurla xatırlayacağımız möhtəşəm bir hadisənin şahidi oldular. Oktyabrın 18-də – Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi Günündə Naxçıvan Muxtar Respublikasında ilk milli hərbi hissənin yaradılmasının 25-ci ildönümü qeyd edildi.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov və Azərbaycan Respublikasının müdafiə naziri, ­general-polkovnik Zakir Həsənov tədbirdə iştirak ediblər.
Həmin gün hərbi parad keçirilib. Paradda Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Naxçıvan Muxtar Respublikasındakı Əlahiddə Ümumqoşun Ordusunun, birləşmə və hissələrinin 2 min nəfərə yaxın şəxsi heyəti, 160-dan çox hərbi texnika və silah sistemləri, o cümlədən 10-dan artıq döyüş vertolyotu və təyyarəsi iştirak edib. Müstəqillik günündə Naxçıvanda ilk milli hərbi hissənin yaranmasının 25-ci ildönümünə həsr olunmuş hərbi paradın keçirilməsi muxtar respublikadakı birləşmə və hissələrin güc və qüdrətini bir daha ­nümayiş etdirib.
Bir millətin əsrlər boyu yaşadığı, adətinin, ənənəsinin, varlığının, milli şüurunun, birliyinin dəyişməz ünvanı olan Vətən təkcə müəyyən sərhədləri olan coğrafi bir məkan deyil. Vətən sonsuz sevgi və hörmətə layiq müqəddəs torpaqdır. Çünki elimiz, obamız bu torpaqlardadır. Əcdadlarımız bu torpaqlarda uyuyurlar. Onlar bu torpaqlarda yaşayıb, onu canları, qanları bahasına qoruyub, şəhidlik zirvəsinə ucalıb, amma həmişə Vətən sərhədlərinin toxunulmaz­lığını təmin ediblər. Məhz ona görə də milli atributumuz olan sərhədlərimiz müstəqil dövlətimiz üçün müqəddəsdir. Ali Məclis Sədrinin dediyi kimi: “Sərhəd dövlətimiz üçün müqəddəsdirsə, sərhədçi olmaq, sərhədləri qorumaq isə şərəfli işdir”.
Ötən il avqustun 22-də “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasının yaranmasının 25-ci ildönümü qeyd olunub. Ali Məclisin Sədri “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasının yaranmasının 25-ci ildönümü münasibətilə şəxsi heyəti təbrik edib, sərhədçi ailələri ilə görüşüb.

Ötən il həm də muxtar respublikada
keçirilən əhəmiyyətli beynəlxalq konfranslar, yubiley tədbirləri ilə yadda qalıb

Dünyanın sivilizasiya mərkəzlərindən biri olan Naxçıvanın ərazisindəki abidələrin xeyli hissəsi müsəlman dövrü abidələridir. Naxçıvanlıların 653-cü ildə ərəblərlə bağlanmış müqavilə nəticəsində könüllü olaraq İslam dinini qəbul etmələri və yüz illər ərzində bu mədəniyyətin daşıyıcıları kimi çıxış etmələri regionun maddi-mənəvi həyatında da tədricən yeni dövrün, türk-islam mədəniyyəti dövrünün başlanmasına rəvac verib. Ötən il iyulun 7-də “Naxçıvan” Universitetində “Naxçıvanın türk-islam mədəniyyəti abidələri: tarixdə və günümüzdə” mövzusunda beynəlxalq konfransın plenar iclasında çıxış edən Ali Məclis Sədrinin qeyd etdiyi bu və digər mühüm faktlar elmi ictimaiyyət tərəfindən maraqla qarşılanıb.
Zəngin və şərəfli inkişaf yolu keçən Naxçıvan Dövlət Universiteti Heydər Əliyev ideyalarına köklənmiş dövlətçilik universitetidir. Beşminillik şəhərsalma tarixi olan Naxçıvanda ötən illər ərzində elmin və təhsilin inkişafı sahəsində görülən işlər bu ali təhsil ocağının timsalında daha aydın görünür. Həyata keçirilən tədbirlərin bariz nümunəsidir ki, ötən il noyabrın 10-da – ali təhsil ocağının 50 illik yubileyi günündə ali təhsil ocağının İqtisad fakültəsi üçün müasir tələblərə uyğun yeni tədris korpusu istifadəyə verilib. Həmin gün Naxçıvan Dövlət Musiqili Dram Teatrında Naxçıvan Dövlət Universitetinin 50 illiyi ilə əlaqədar tədbir keçirilib.
Naxçıvan şəhərinin İslam mədəniyyətinin paytaxtı statusu daşıdığı bu il ölkəmiz və muxtar respublikamız üçün əlamətdar hadisələrlə yadda qalacaqdır. Respublikamızda “İslam Həmrəyliyi ili” elan edilən 2017-ci ilin geridə qalması ilə birlikdə müstəqil dövlətimiz bu il Naxçıvanın timsalında bu missiyanı uğurla davam etdirərək həmrəyliyin formalaşmasında mühüm rol oynayan İslam mədəniyyətinin qlobal arenada təmsilçisi və təbliğatçısı kimi çıxış edir.
Ötən il dekabrın 6-da “İslam Həmrəyliyi ili” çərçivəsində Naxçıvanda “Ümummilli lider Heydər Əliyev dini həmrəyliyin yaradıcısıdır” mövzusunda keçirilən konfransda dahi şəxsiyyətin bu sahədə göstərdiyi misilsiz xidmətlərdən ətraflı söhbət açılıb. Ali Məclisin Sədri konfransda dərin məzmunlu çıxış edib.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2017-ci il fevralın 7-də “Akademik Həsən Əliyevin 110 illik yubileyinin keçirilməsi haqqında” Sərəncam ­imzalayıb. Bununla əlaqədar Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2017-ci il 10 fevral tarixli Sərəncamı ilə Tədbirlər Planı təsdiq olunub. Tədbirlər Planına uyğun olaraq ötən il dekabrın 14-də Naxçıvan Dövlət Musiqili Dram Teatrında böyük alimin 110 illik yubileyi qeyd olunub. Ali Məclisin Sədri ­yubiley tədbirində iştirak edib.

Gələcəyimizə sarsılmaz inamla
yeni-yeni uğurlara doğru

Bu gün Naxçıvan Muxtar Respublikasında əldə olunan nailiyyətlər, tətbiq edilən yeniliklər, insanların yaşayış səviyyəsinin yaxşılaşdırılması, tarixi keçmişimizə, böyük gələcəyimizə göstərilən diqqət və qayğı, müasir dövrün tələblərinə həmahəng olan məqsədyönlü işlər uğurların zəmanətinə çevrilib. Bu, bir daha onu deməyə imkan verir ki, bundan sonrakı dövrdə də növbəti nailiyyətlər üçün əsaslar yaradılıb. Bütün bunların təməlində isə ulu öndər Heydər Əliyev siyasi kursuna sarsılmaz sədaqət, milli dövlətçiliyə sıx bağlılıq, yüksək nizam-intizam, yorulmaz fəaliyyət və vətənpərvərlik dayanır.
Ötən il dekabr ayının 30-da keçirilən beşinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin yeddinci sessiyasında Ali Məclisin Sədri cənab Vasif Talıbovun dediyi kimi: ­“Tərəqqi və inkişafın davamlı xarakter alması ümummilli lider Heydər Əliyevin siyasi xəttinə sadiqliyin və ölkə Prezidentinin blokada şəraitində yaşayan muxtar respublikaya göstərdiyi diqqət və qayğının nəticəsidir”.

 Rauf KƏNGƏRLİ

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR