Muxtar respublikamızın inzibati xəritəsində “Dizə” toponimi ilə adlanan bir neçə yaşayış məntəqəsi var. Bu kəndlərin böyük əksəriyyətinə regionda həyata keçirilən genişmiqyaslı quruculuq tədbirlərindən pay düşüb, həmin yaşayış məntəqələri müasir Azərbaycan kəndinə çevrilib. Cari ildə Culfa rayonunun Dizə kəndi də bu sıraya qoşulub. Daha dəqiq desək, 2018-ci ildə yanvar ayının 15-də, qarlı bir qış günündə bu yaşayış məntəqəsində bir sıra sosial obyektlərin açılışı olub. Belə ki, burada yeni məktəb binası, kənd və xidmət mərkəzləri istifadəyə verilib.
Naxçıvan-Ordubad magistralının Culfa rayonunun Yaycı kəndi ərazisindən sola ayrılaraq Dizəyə gedən 8,9 kilometr yol yenidən qurulub, yol yatağı genişləndirilib, asfalt örtük salınıb, ehtiyac duyulan yerlərdə su keçidləri qoyulub, beton kanal çəkilib, 5,8 kilometr yol hamarlanaraq qum-çınqıl qatı verilib. Bütün bunlar avtomobillərin, nəticə etibarılə, sərnişinlərin təhlükəsiz hərəkətini təmin edib. Bu yoldan həm də Gal və Şurud kəndləri sakinlərinin istifadə etdiklərini də xatırlasaq, görülən işin necə böyük əhəmiyyət daşıdığını təsəvvür etmək heç də çətin olmaz. Kənddə quruculuq işləri aparılarkən 380 metr fiber-optik kabelin, 1700 metr yüksəkgərginlikli və müxtəlif həcmlərdə yeraltı elektrik, yeni içməli su xəttinin çəkilməsi, 5503 metr elektrik xəttinin yenilənməsi bu sahələrdəki çətinlikləri aradan qaldırıb. 5000 metr rabitə, 4408 metrlik qaz, 1340 metr içməli su xəttinin təmir olunması, həyətyanı sahələri sel sularının zərərli təsirindən qorumaq üçün 600 metr istiqamətləndirici bəndin tikilməsi dizəlilər tərəfindən onlara göstərilən dövlət qayğısı kimi dəyərləndirilir.
Məlumat üçün bildirək ki, bu yaşayış məntəqəsində 371 təsərrüfatda 1319 sakin yaşayır. Kənd adamları müxtəlif təsərrüfat sahələrində çalışır, məhsul bolluğu yaratmağa səy göstərir, daxili bazara töhfələrini verirlər. Torpağı halal qazanc mənbəyinə çevirən dizəlilərin həyat səviyyəsi gündən-günə yüksəlir, rifah halı daha da yaxşılaşır. Bunun nəticəsidir ki, hər il kənddə yeni fərdi evlər inşa olunur, şəxsi minik avtomobillərinin sayı artır.
Hələ kəndə çatmamış uzaqdan diqqəti cəlb edən üçmərtəbəli yeni məktəb binası Dizə kəndinə xüsusi yaraşıq gətirib. Təhsil ocağında müasir tədrisin tələblərinə uyğun şərait yaradılıb, elektron lövhələr, kompüterlər və digər müasir tədris avadanlıqları quraşdırılıb. Yaşayış məntəqəsinin gələcək perspektivi nəzərə alınaraq inşa edilən 234 şagird yerlik məktəbdə hazırda 140 şagird təhsil alır. Üçü elektron lövhəli olmaqla, 12 sinif otağı, kimya, biologiya və fizika laboratoriyaları, şahmat və kompüter sinifləri, kitabxana, müəllimlər otağı, hərbi kabinə, idman zalı, bufet müəllim və şagirdlərin ixtiyarına verilib. Bir sözlə, təhsilin müasir standartlar səviyyəsində qurulması, vətənpərvər və savadlı gənclər yetişdirmək üçün məktəbdə hər bir şərait yaradılıb.
– Bu, muxtar respublikada insan amilinə qayğının daha bir ifadəsidir, – deyən məktəbin direktoru Əli Əliyev pedaqoji kollektiv adından onlar üçün yaradılan belə şəraitə görə minnətdarlığını bildirir, məktəbin açılış mərasimindən sonra müəllimlərlə görüşən Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tövsiyələrini fəaliyyət proqramı kimi qəbul etdiklərini diqqətimizə çatdırır. Həmin görüşdə Ali Məclisin Sədri deyib: “Yeni ildə ilk məktəb binası Dizə kəndində istifadəyə verilir. Hansı ölkədə təhsil inkişaf edirsə, həmin ölkənin bütün sahələrində inkişaf təmin olunur. Ümummilli liderimiz Heydər Əliyev deyirdi ki, “Hər bir ölkənin, hər bir millətin aparıcı qüvvəsi onun təhsilidir”. Həqiqətən də, bütün sahələrdə inkişafı təmin etmək, yaxşı mütəxəssis hazırlamaq istəyiriksə, onda gənc nəslə yaxşı təhsil verməliyik. Təhsilin əsası da orta məktəblərdə qoyulur. Ona görə də Dizə kənd tam orta məktəbində şagirdlərin təhsilinə ciddi diqqət yetirilməli, onlar bacarıq və həvəslərinə uyğun ixtisaslara, müxtəlif peşə sahələrinə yönləndirilməlidirlər. Məktəbdə bu tədbirlərin həyata keçirilməsi üçün lazımi şərait yaradılıb”.
Valideyn Sənan Tağıyev deyir ki, pedaqoji kollektiv öz işinin öhdəsindən gəlməyə səy göstərir. Sevinirik ki, övladlarımıza yaxşı bilik vermək üçün müəllimlər öz bacarıqlarını əsirgəmirlər. Bunun üçün məktəb hər cür imkanlara malikdir. Bu isə o deməkdir ki, dövlətimiz təhsilə qayğını özünün başlıca vəzifələrindən biri hesab edir.
Öyrənirik ki, cari tədris ilində birinci sinifdə 14 şagird təhsil alır. 12 uşaq isə məktəbəqədər hazırlıq qrupuna qəbul olunub. 2017-2018-ci tədris ilində məktəbi 12 məzun bitirəcək. Test-sınaq imtahanlarında, fənn olimpiadalarında, müxtəlif bilik yarışlarında əldə edilən nəticələr ürəkaçandır və bu, məzunların onlara göstərilən etimadı doğruldacaqlarına inam yaradır.
Təhsil ocağında şagirdlərin hərb sənətinə marağının artırılmasına ciddi önəm verilir. Hərbi kabinədə yaradılmış şərait bu fənnin daha yüksək səviyyədə tədrisinə imkan yaradıb. Onu da qeyd edək ki, məktəbdə hərbi-vətənpərvərlik tərbiyəsinin düzgün formalaşdırılması üçün müxtəlif hərbi-idman oyunlarının keçirilməsi davamlı xarakter alıb. Bu məktəbin məzunu olan Sənan Cəfərov şəhidlik zirvəsinə ucalıb. Onun şərəfli ömür yolu bugünkü dizəli məktəblilərə bir örnək kimi göstərilir.
3158 kitab fondu olan kitabxanada oxunması zəruri olan kitablardan ibarət guşə yaradılması şagirdlərin mütaliə mədəniyyətinin düzgün formalaşdırılmasında mühüm amillərdən biridir. Kitabxanada hər ay məktəbli oxucular üçün kitab müzakirələrinin, disputların təşkili nəzərdə tutulub.
Şagirdlərin müasir informasiya-kommunikasiya texnologiyaları ilə işləmək bacarığını düzgün formalaşdırmaq üçün muxtar respublikada həyata keçirilən məqsədyönlü tədbirlərdən bu təhsil ocağına da pay düşüb. Belə ki, məktəbdə 19 kompüter quraşdırılaraq internetə qoşulub. Kimya, biologiya və fizika laboratoriyalarında yaradılan şərait də həmin fənlərin tələb olunan səviyyədə tədrisinə imkan verir. Adıçəkilən fənlər üzrə dərs deyən müəllimlər yeni tədris üsullarına geniş yer verirlər.
Məktəbin müəllimi Zəhra İsgəndərova deyir ki, bu gün qədim Naxçıvan torpağının bütün yaşayış məntəqələrində geniş quruculuq işlərinin aparılması davamlı xarakter alıb. Təhsil quruculuğu sahəsində görülən işlər isə həmin tədbirlərin əsasını təşkil edir. Dizə kənd tam orta məktəbi üçün yeni və müasir binanın tikilərək istifadəmizə verilməsi muxtar respublikada təhsilə göstərilən davamlı qayğının bariz nümunəsidir. Heç şübhəsiz ki, bu şərait kollektivimizin qarşısında mühüm vəzifələr qoyub, məsuliyyətimizi daha da artırıb. Çalışacağıq ki, bundan sonra daha səylə işləyək, vətənpərvər və yüksək biliyə malik gənclər yetişdirək.
Həmin gün dizəlilər həm də yeni kənd mərkəzinin açılış sevincini yaşayıblar. Kənd mərkəzində inzibati ərazi dairəsi üzrə nümayəndəlik, Yeni Azərbaycan Partiyası ərazi ilk təşkilatı, bələdiyyə, rabitə evi, feldşer-mama, polis sahə və baytarlıq məntəqələri, kitabxana, klub, statistika otağı və 42 yerlik iclas zalı vardır. Dizəlilər buradakı kitabxanada olan 6877 kitabdan istifadə etmək imkanı qazanıblar.
Yeni kənd mərkəzi sakinlərin müasir rabitə xidmətindən istifadəsini yaxşılaşdırıb. Rabitə evində poçt bölməsi və 384 yerlik ATS quraşdırılıb, sürətli internetə çıxış imkanı yaradılıb, dayanıqlı rabitə xidməti təmin olunub. Hazırda kənddə 192 telefon və 48 internet istifadəçisi vardır.
Sakinlərə göstərilən səhiyyə xidmətinin səviyyəsini yüksəltmək məqsədilə kənd mərkəzində feldşer-mama məntəqəsi üçün otaqlar ayrılıb. Burada ilkin tibbi xidmətin göstərilməsi üçün lazımi avadanlıqlar, ilkin tibbi yardım və peyvənd çantaları qoyulub. Kəndin ən yaşlı qadın sakini Sara İbrahimova deyir ki, yaşımın bu vaxtında, elə bil, cavanlaşmışam. Çünki heç vaxt kəndimizi belə görəcəyimi ağlıma gətirməzdim. Eşidəndə ki, Dizədə tikinti işləri başlanılıb, inanmadım. Ancaq indi görürəm ki, dövlətimiz öz insanlarına qayğı göstərməyi özünün borcu sayır. Sevinirəm ki, artıq uşaqlarımız gözəl məktəbdə oxuyur, xırda bir işdən ötrü rayona, qonşu Yaycı kəndinə getməyə ehtiyac qalmayıb. Sağ olsunlar bu şəraiti yaradanlar.
Dizədə kompleks quruculuq tədbirləri çərçivəsində həyata vəsiqə alan obyektlərdən biri də xidmət mərkəzidir. Burada bərbərxana, qadın gözəllik salonu, ət satışı yeri, ərzaq və sənaye malları mağazaları, 2 anbar fəaliyyət göstərir. Mağazada kənddə fəaliyyət göstərən ailə təsərrüfatlarının istehsal etdikləri məhsulların satışına daha çox üstünlük verilir.
Kənd sakini Əhməd Bağırov ömrünün doqquzuncu onilliyini yaşayır. O deyir ki, Dizə kəndi rayonun qədim yaşayış məntəqələrindən biridir. Ancaq 70 illik sovet dönəmində burada gözəçarpacaq bir bina tikilməyib. Kəndin idarə və təşkilatları uyğunlaşdırılmış tikililərdə fəaliyyət göstəriblər. Bu gün yolumuz yenidən qurulub, məktəb üçün yeni bina inşa olunub, kənddə hər bir evə içməli su xətti çəkilib. Elektrik enerjisi və təbii qazdan fasiləsiz olaraq istifadə edilir. Dizəlilər torpağa, zəhmətə bağlı adamlardır. Öhdələrində kifayət qədər pay torpaqları var. Bizə yaradılan şəraitdən səmərəli istifadə etməyə çalışırıq ki, buna əməli işimizlə cavab verək.
...Yeni obyektlər istifadəyə verilən gün Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Dizə kəndinin abad yaşayış məntəqələrinin sırasına qoşulması münasibətilə kənd sakinlərini təbrik edərək deyib: “2018-ci ildə muxtar respublikanın ilk abadlaşan yaşayış məntəqəsi Dizə kəndi oldu. Aparılan quruculuq işləri Dizə kəndini müasir yaşayış məntəqəsinə çevirmişdir. Kənddə sakinlərin rahat yaşayışı tam təmin olunub. Dizə kəndinin məhsuldar torpaqları, zəhmətkeş insanları və yaxşı təsərrüfat ənənələri vardır. Həyata keçirilən tədbirlər bundan sonra da kəndin inkişafına töhfə verəcəkdir. Sakinlər yaradılan bu şəraitdən istifadə edərək təsərrüfatlarını daha da genişləndirməli, torpaqlardan səmərəli istifadə olunmalı, bol məhsul istehsal edilməlidir”.
Bu gün Dizə kəndi muxtar respublikanın müasir yaşayış məntəqələri xəritəsində yeni ünvandır. Yeni ünvan isə kənd adamları qarşısında yeni üfüqlər açıb, yeni vəzifələr qoyub. Dizəlilər həmin vəzifələrin öhdəsindən gəlməyə səy göstərir, yeni uğurlar qazanmaq üçün çalışırlar.
Muxtar MƏMMƏDOV