25 Dekabr 2024, Çərşənbə

Dünən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın və Naxçıvan Muxtar Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən “Ümummilli lider Heydər Əliyevin milliləşmə siyasəti, Azərbaycançılıq ideologiyası və dövlət qulluqçuları qarşısında duran vəzifələr” mövzusunda seminar keçirilib.
Komissiya tərəfindən keçirilən sonuncu müsabiqədə uğur qazanaraq mərkəzi və yerli icra hakimiyyəti orqanlarında, habelə məhkəmələrdə inzibati vəzifələrə təyin olunan dövlət qulluqçuları seminarda iştirak ediblər.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya sədrinin müavini Ümid Qurbanov tədbiri giriş sözü ilə açaraq bildirib ki, ölkəmizdə müasir dövlət qulluğu sisteminin formalaşması və inkişafı ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndər xalqın təkidli tələbi ilə ikinci dəfə ali hakimiyyətə gəldikdən sonra ölkəmizdə ictimai-siyasi sabitlik bərqərar edilib, dövlət idarəçiliyinin yeni əsasları formalaşdırılıb və Azərbaycan davamlı inkişaf yoluna qədəm qoyub. Dövlət idarəetmə sisteminin təkmilləşdirilməsi və demokratikləşdirilməsi prosesinə başlanılıb, dövlət qulluğu sahəsində daha geniş islahatlar həyata keçirilib. Bu siyasətin ölkəmizdə, eləcə də Naxçıvan Muxtar Respublikasında uğurla davam etdirilməsi nəticəsində bütün sahələr kimi, dövlət qulluğu sahəsinin də inkişafı üçün əlverişli imkanlar yaranıb.

Dövlət orqanları üçün müasir standartlara cavab verən yeni inzibati binaların tikilməsi və maddi-texniki bazanın gücləndirilməsi, dövlət qulluqçularının fəaliyyətinin yaxşılaşdırılması, onlara lazımi iş şəraitinin yaradılması, işində fərqlənən dövlət qulluqçularının təltif edilməsi muxtar respublika rəhbərinin diqqət və qayğısının bariz nümunəsidir.
Hazırda muxtar respublikamızda vətəndaşların dövlət qulluğuna müsabiqə və şəffaflıq əsasında qəbulu üçün hər cür şərait yaradıldığını vurğulayan Ümid Qurbanov çıxışında dövlət qulluqçularının üzərinə düşən mühüm vəzifələrdən bəhs edib.
Seminarda Naxçıvan Muxtar Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin və Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın əməkdaşları çıxış edərək dövlət qulluqçularına ulu öndər Heydər Əliyevin adı ilə bağlı olan milliləşmə siyasəti, Azərbaycançılıq ideologiyasının prioritet istiqamətləri və dövlət qulluqçularının üzərinə düşən vəzifələrdən danışıblar.
Çıxışlarda vurğulanıb ki, Azərbaycan xalqının milli inkişaf yolunun və ideologiyasının formalaşdırılması ümummilli liderin respublikamıza rəhbərliyi dövrünə təsadüf edir. Görkəm­li dövlət xadimi Azərbaycanda hakimiyyətə gəldikdən sonra milli-mənəvi dəyərlərin, milli ruhun qorunması, milli kadrların yetişdirilməsi, Azərbaycançılıq ideologiyasının sistem halına salınması istiqamətində bir sıra mühüm tədbirlər həyata keçirilmişdir.
Keçirilən seminarda mövzu ilə bağlı slaydlar nümayiş olunub.
Sonda seminar iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu
Məsələləri üzrə Komissiyanın mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR