25 Dekabr 2024, Çərşənbə

Yanvarın 17-də Azərbaycan Respublikasının İran İslam Respublikasının Təbriz şəhərindəki Baş Konsulluğunda 20 Yanvar faciəsinin 28-ci ildönümü ilə əlaqədar anım mərasimi keçirilmişdir.
Tədbirdə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Sonra Azərbaycan Respublikasının Təbriz şəhərindəki Baş konsulu Əliyənnağı Hüseynov çıxış edərək demişdir ki, 20 Yanvar faciəsi Azərbaycan xalqının müstəqillik uğrunda mübarizə tarixinin şanlı səhifəsidir. Yanvarın 19-dan 20-nə keçən gecə qurbanlar verməsinə baxmayaraq, Azərbaycan xalqı milli azadlıq və istiqlal uğrunda mübarizliyini, əyilməzliyini, məğrurluğunu bir daha nümayiş etdirmişdir. Həmin gün 147 Azərbaycan vətəndaşı şəhid olmuş, 744 nəfər yaralanmış və xəsarət almışdır. 20 Yanvar faciəsinə ilk dəfə xalqımızın ümummilli lideri Heydər Əliyev öz etirazını bildirmişdir. Ulu öndər bütün təzyiqlərə baxmayaraq, Azərbaycanın Mos­kvadakı Daimi Nümayəndəliyində bəyanatla çıxış edərək hadisəni törədənləri ifşa etmiş, günahkarların cəzalandırılmasını tələb etmişdir.
Diqqətə çatdırılmışdır ki, ulu öndər Naxçıvanda fəaliyyət göstərdiyi dövrdə müstəqilliyimiz üçün mühüm qərarlar qəbul etmiş, ilk dəfə 20 Yanvar faciəsinə siyasi qiymət vermişdir. Dahi rəhbər ölkəmizdə yenidən siyasi hakimiyyətə qayıtdıqdan sonra isə 20 Yanvar faciəsinə dövlət səviyyəsində siyasi qiymət verilmiş, Bakı şəhərindəki Şəhidlər xiyabanı yenidən qurularaq xalqımızın müqəddəs and yerinə çevrilmişdir. Baş konsul ulu öndərin yolunu uğurla davam etdirən ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən 20 Yanvar şəhidlərinin xatirəsinin əbədiləşdirilməsi və onların ailələrinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində görülən işlərdən də danışmışdır.
Mərasimdə 20 Yanvar hadisələrindən bəhs edən film nümayiş etdirilmiş, hazırlanmış fotostendlərə baxış olmuş, iştirakçılara əyani vəsaitlər paylanmış, ehsan süfrəsi açılmışdır.
İran İslam Respublikası Xarici İşlər Nazirliyinin Şimal-Qərb nümayəndəliyinin rəhbəri, Şərqi Azərbaycan Vilayətinin rəsmiləri, Türkiyə Respublikasının Təbrizdəki Baş konsulu və konsulluğun əməkdaşları, Təbrizdə yaşayan Azərbaycan vətəndaşları və ictimaiyyət nümayəndələri tədbirdə iştirak etmişlər.

“Şərq qapısı”

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR