Fevralın 2-də Azərbaycan Gəncləri Günü münasibətilə “Buta Palas”da təntənəli mərasim keçirilib.
Naxcivantv.az xəbər verir ki, mərasimdə Naxçıvan şəhərinin 2018-ci il üçün Azərbaycanın “Gənclər paytaxtı” seçildiyi elan olunub. Bildirilib ki, Naxçıvan “www.genclerpaytaxti.az” saytında keçirilmiş onlayn səsvermənin qalibi olub.
Gənclər və idman naziri Azad Rəhimov gənclər paytaxtının rəmzi açarını Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri Azad Cabbarova təqdim edib.
Tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri Azad Cabbarov muxtar respublikada gənclər sahəsində görülən işlərdən danışıb, bu istiqamətdə həyata keçirilən dövlət siyasətindən bəhs edib. Gənclər və idman naziri qeyd edib ki, bu il İslam mədəniyyətinin paytaxtı olan Naxçıvan Azərbaycanın gənclər paytaxtı kimi də, öz üzərinə düşən misiyyanı layiqincə yerinə yetirəcəkdir.
Tədbirin gedişində Naxçıvan televiziyasının hazırladığı Naxçıvanın möhtəşəm görüntülərini əks etdirən videoçarx təqdim edilib.
Mərasimdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2018-ci il 2 fevral tarixli Sərəncamı ilə bir qrup gəncə Prezident mükafatları təqdim olunub.
Tədbirdə Prezident Administrasiyasının ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov, gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri Yusuf Məmmədəliyev, gənclər və idman naziri Azad Rəhimov, dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları və gənclər təşkilatlarının nümayəndələri iştirak ediblər.
Çıxışlardan sonra Prezident İlham Əliyevin Sərəncamına əsasən, mədəniyyət, təhsil və ictimai fəaliyyət sahələrində xüsusi fərqlənən Reyhan Camalovaya, Gülnar Əlfidatlıya, Xaqani Fərəcova, Ağarəhim Quliyevə, Zümrüd Səfərovaya və Aysun Zeynalovaya 2018-ci il Gənclər üçün Prezident mükafatları təqdim olunub.
Tədbirdə, həmçinin uğur qazanan, habelə dövlət gənclər siyasətinin əsas istiqamətləri üzrə həyata keçirilmiş müxtəlif tədbirlərdə fərqlənən yaradıcı və istedadlı gənclər də mükafatlandırılıb.
Tədbir bədii hissə ilə davam edib.