“Gənclər paytaxtı” seçimi “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramına uyğun olaraq müsabiqə yolu ilə həyata keçirilir. Həmin proqramın müvafiq bəndinə əsasən hər il ölkənin bir rayon və ya şəhərinin “Gənclər paytaxtı” elan edilməsi nəzərdə tutulub. Bu, yerlərdə gənclərlə işin daha da canlandırılması məqsədilə həyata keçirilir. “Gənclər paytaxtı – 2018”in seçimlərinə artıq start verilir.
Bu müsabiqədə Naxçıvan şəhəri də namizəd şəhərlər siyahısındadır. Artıq xeyli müddətdir ki, Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman Nazirliyi tərəfindən sözügedən müsabiqə ilə bağlı kompleks hazırlıq tədbirləri həyata keçirilir. Layihə ilə əlaqədar nazirliyin sifarişi və dəstəyi əsasında xüsusi tanıtım videoçarxları hazırlanaraq Naxçıvan televiziyasında, elektron informasiya resurslarında nümayiş olunub və gənclər arasında böyük maraqla qarşılanıb. Həmçinin Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən “Naxtel” mobil operatoru ilə bağlanmış müqavilə əsasında mobil istifadəçilərin müsabiqə ilə bağlı ətraflı məlumat əldə edə bilməsi üçün toplu mesaj xidməti istifadəyə verilib. Bundan əlavə, layihə ətrafında kütləviliyin təmin edilməsi məqsədilə nazirlik tərəfindən müsabiqə və Naxçıvan şəhəri haqqında zəruri məlumatları əks etdirən təqvim, buklet və əlfəcinlər hazırlanaraq Naxçıvan şəhərində yerləşən müxtəlif iaşə və ticarət mərkəzlərinə paylanılıb.
Cari il üzrə İslam mədəniyyətinin paytaxtı elan edilməsi Naxçıvan şəhərinin daha bir üstünlüyü sayıla bilər. Ərazisində kifayət qədər tarixi əhəmiyyətli memarlıq abidələri mövcud olan Naxçıvan şəhəri İslam mədəniyyət mərkəzi kimi də xüsusi əhəmiyyət daşıyır. Müsabiqənin mahiyyətinə nəzər salsaq, Azərbaycan gəncliyi üçün indiki məqamda qoca Şərqin və İslam mədəniyyətinin müasir şəhərsalma elementlərini və ən qədim tarixin nümunələrini özündə əks etdirən Naxçıvan şəhəri ən ideal seçim sayıla bilər. Naxçıvan şəhərində hazırda 3 ali, 3 orta ixtisas, 17 tam orta təhsil müəssisəsi, 13 muzey, 3 teatr, 1 kinoteatr, 7 konfrans-təlim zalı, 9 mehmanxana, idman kompleksi, gənclər evi, sərgi salonu fəaliyyət göstərir. Bundan əlavə, gənclərin istirahətlərinin səmərəli təşkil olunması üçün Heydər Əliyev parkı, “Əyləncə mərkəzi”, “Əyləncə adası” kimi istirahət məkanları və çoxsaylı kafe-restoranlar mövcuddur. Bütün bunlar Naxçıvan şəhərinin mədəniyyət tədbirlərinin mərkəzi kimi tanınmasında mühüm rol oynayır.
Qeyd edək ki, səsvermə 25 yanvar saat 00:01-dən 31 yanvar saat 23:59-dək davam edəcək və səsvermə www.genclerpaytaxti.az saytı vasitəsilə həyata keçiriləcək. Yaşadığı yerdən, vətəndaşlığından, yaşından, milliyyətindən asılı olmayaraq, hər kəs Azərbaycanın “Gənclər paytaxtı”nın seçilməsində bərabər hüquqla iştirak edə bilər. Açıq, şəffaf, bərabər olmaqla, 3 prinsip əsasında aparılan səsvermə zamanı verilən hər səs dərhal nəzərə alınır və şəhərin reytinqini bir xal artırır. Səsvermə başa çatdıqdan sonra ən çox səs toplamış şəhər (rayon) qalib seçilir. Əgər Naxçıvan şəhərini gənclər paytaxtı görmək istəyiriksə, www.genclerpaytaxti.az saytına daxil olub Naxçıvana səs verək!
Ceyhun MƏMMƏDOV