Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənclər Fondunun, Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin və Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Heydər Əliyev adına Gənclər Birliyinin təşkilatçılığı ilə Gənclər Mərkəzində 2 fevral – Gənclər Gününə həsr olunmuş tədbir keçirilib.
Tədbirdə Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri Azad Cabbarov çıxış edərək ölkəmizdə, o cümlədən muxtar respublikamızda həyata keçirilən gənclər siyasətindən, bu sahədə əldə olunan nailiyyətlərdən danışıb. Bildirib ki, gənclərin intellektual səviyyəsinin yüksəldilməsi, dünyagörüşünün formalaşdırılması və asudə vaxtlarının səmərəli təşkili məqsədilə muxtar respublikamızda müxtəlif təyinatlı obyektlər tikilərək və ya əsaslı təmir olunaraq onların istifadəsinə verilib.
Diqqətə çatdırılıb ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasında gənc istedadlara dövlət qayğısının artırılması haqqında” 2012-ci il 31 yanvar tarixli Fərmanı gənclərə göstərilən diqqət və qayğının məntiqi davamıdır. Bu fərmanla Naxçıvan Muxtar Respublikası Gənc İstedadlarının “Qızıl kitabı” təsis edilib, müxtəlif sahələr üzrə fərqlənən istedadlı yeniyetmə və gənclərin sosial müdafiəsinin gücləndirilməsi, onların istedad və bacarıqlarının inkişaf etdirilməsi üçün əlverişli şərait yaradılıb. Vurğulanıb ki, Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman Nazirliyi muxtar respublikada gənclər və idman siyasətini həyata keçirən dövlət orqanı kimi gənclərin asudə vaxtlarının səmərəli təşkil edilməsi, onların Vətənə məhəbbət, dövlətçiliyə sədaqət ruhunda tərbiyə olunması məqsədilə təkcə ötən il 140 tədbir keçirib ki, həmin tədbirlərdə 15 min 248 nəfər gənc iştirak edib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənclər Fondunun icraçı direktoru Məmməd Babayev bildirib ki, bu gün muxtar respublikamızda gəncliyə göstərilən diqqət və qayğının nəticəsində, hərtərəfli biliyə, geniş dünyagörüşə, xalqımızın milli, əxlaqi, humanist, mədəni dəyərlərinə yiyələnən, millətini, Vətənini sevən, sağlam nəsil yetişməkdədir.
Qeyd olunub ki, muxtar respublikada gənclərin sosial-iqtisadi, ictimai-mədəni həyatda fəal iştirakı, asudə vaxtlarının səmərəli təşkili, onların intellektual potensialının inkişafı üçün reallaşdırılan layihələr Naxçıvan şəhərinin 2018-ci il üçün Azərbaycanın Gənclər Paytaxtı seçilməsini şərtləndirən əsas amillərdən olub. Naxçıvan şəhərinin Azərbaycanın Gənclər Paytaxtı olması bu sahədə görülən işlərin, həyata keçirilən layihələrin yeni müstəvidə davam etdirilməsinə təkan verəcək. Naxçıvan şəhərinin həm İslam Mədəniyyətinin Paytaxtı, həm də Gənclər Paytaxtı statusu daşıması muxtar respublikada bu istiqamətdə aparılan məqsədyönlü işlərin təzahürü kimi diqqəti cəlb edir.
Naxçıvan Muxtar Respublikası Ağsaqqallar Şurasının sədri Məmməd Məmmədov çıxış edərək deyib ki, bu gün muxtar respublikada gənclər siyasəti uğurla həyata keçirilir, gənclərin milli ruhda tərbiyəsi diqqət mərkəzində saxlanılır. Onların ictimai-siyasi, iqtisadi və mədəni həyatda fəal iştirakı, sosial problemlərinin həlli, gənclər siyasətinin bütün istiqamətləri üzrə müvafiq dövlət proqramlarının qəbul olunması, gənc istedadlara dövlət qayğısının artırılması, elm, təhsil, iqtisadiyyat, mədəniyyət, dövlət idarəçiliyi və digər sahələrdə gənclərin irəli çəkilməsi və xidmətlərinin yüksək qiymətləndirilməsi, bütövlükdə, muxtar respublikada gənclərlə iş sahəsində həyata keçirilən tədbirlərin əsasını təşkil edir.
Diqqətə çatdırılıb ki, Naxçıvan Muxtar Respublikasında gənclər yeni ideyaların təşəbbüskarı və dövlət idarəçiliyində aparıcı qüvvə kimi formalaşır, idman, elm, mədəniyyət, incəsənət və digər sahələrdə böyük nailiyyətlər əldə edirlər. Ən əsası isə muxtar respublika gəncləri dövlətçilik ənənələrini daim uca tutur, ulu öndər Heydər Əliyevin siyasi xəttinə sədaqət ruhunda böyüyürlər.
Çıxış edənlər gənclər üçün yaradılan şəraitə görə Ali Məclisin Sədrinə minnətdarlıqlarını ifadə ediblər.
Sonra Naxçıvan Muxtar Respublikasının ictimai həyatında və yaradıcılıq sahəsində fərqlənən istedadlı yeniyetmə və gənclər təşkilatçılar tərəfindən hədiyyələrlə mükafatlandırılıblar.
Tədbir Naxçıvan Musiqi Kollecinin “Gənclik” instrumental ansamblının konsert proqramı ilə davam etdirilib.
Ceyhun MƏMMƏDOV