Bu gün Naxçıvan Muxtar Respublikasının yaradılmasının 94-cü ildönümü tamam olur.
Naxçıvanın muxtariyyət tarixi çətin yollardan keçmişdir. Ötən əsrin əvvəllərində Azərbaycanda və onun Naxçıvan diyarında gərgin vəziyyət yaranmışdı. Burada baş verən hadisələr, erməni quldurlarının törətdikləri qırğınlar, “Naxçıvan məsələsi”ni Cənubi Qafqazın hüdudlarından kənara çıxararaq beynəlxalq problemə çevirmişdi. Göstərilən təzyiqlərə baxmayaraq, Naxçıvan əhalisi erməni daşnaklarına qarşı inadla mübarizə aparır, bölgəni qoruyub-saxlamaq üçün bütün imkanlardan istifadə edirdi. Müsəlman Milli Şurası Naxçıvanın təhlükəsizliyini təmin etmək üçün 1918-ci ilin noyabrında paytaxtı Naxçıvan şəhəri olan Araz-Türk Cümhuriyyətini yaratdı və hökumətin tərkibini formalaşdırdı. Hökumətin tərkibi sədrdən və 6 üzvdən ibarət idi. Hökumətin başçısı vəzifəsinə Əmir bəy Nərimanbəyov seçilmişdi. Ərazisinə Naxçıvan və Şərur-Dərələyəz qəzaları, Ordubad mahalı, Eçmiədzin qəzasının bir hissəsi, İrəvan qəzasının Sərdarabad, Uluxanlı, Qəmərli, Vedibasar və Mehri bölgələri daxil olan Araz-Türk Respublikasının sahəsi 8,7 min kvadratkilometr, əhalisi bir milyon nəfərdən artıq idi.
Azərbaycan Xalq Cümhuriyyəti ilə sıx əlaqələr yaratmağa çalışan Araz-Türk Cümhuriyyəti onunla birləşmək üçün yollar axtarırdı. Bu cümhuriyyət erməni quldurlarının basqınlarına lazımi cavab verir, Naxçıvanın təhlükəsizliyini təmin edirdi. Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin başçısı Nəsib bəy Yusifbəyli 1919-cu ildə parlamentdəki çıxışında deyirdi ki, hökumət yaranmış şəraitdə Naxçıvana real yardım göstərə bilmədi, “igid naxçıvanlılar, şərurlular... bu məsələni özləri həll etdilər. Onlar həyatlarını, ailələrinin şərəfini və var-dövlətlərini riskə qoyaraq doğma torpağa – Vətənə qovuşmaq üçün ayağa qalxıb azad oldular və bununla da, hökumətin işini asanlaşdırdılar”.
1920-ci il iyulun 28-də Naxçıvan sovetləşdi, ertəsi gün – iyulun 29-da Naxçıvan İnqilab Komitəsi təşkil edildi və bu komitə Naxçıvanı Sovet Sosialist Respublikası adlandırdı. 1920-ci il avqustun 10-da Naxçıvan İnqilab Komitəsinin sədri Mirzəli bəy Bektaşov Azərbaycan Xalq Komissarları Sovetinin sədri Nəriman Nərimanova məktub yazaraq Naxçıvanın Azərbaycan SSR-in ayrılmaz tərkib hissəsi olduğunu bəyan etdi.
Əgər 1918-1920-ci illərdə ermənilərin Naxçıvanı işğal etməklə bağlı cəhdləri daha çox hərbi və siyasi müstəvidə aparılmışdırsa, 1920-ci ilin aprelində bolşeviklərin Azərbaycanı işğal etməsindən sonra daşnak Ermənistanın ərazi iddiası mərkəzi hakimiyyətin regional siyasəti səviyyəsinə qaldırılmışdı. 1920-ci il noyabrın 29-da Azərbaycan torpaqlarında Ermənistan SSR-in yaradılmasından və ertəsi gün – noyabrın 30-da Nəriman Nərimanovun verdiyi bəyanatın qəzetlərdə saxtalaşdırılmış şəkildə nəşr edilməsindən sonra ermənilərin Naxçıvana iddiaları daha da genişləndi. Bu zaman V.Lenin, İ.Stalin və S.Orcenikidze qanunsuz olaraq Naxçıvanın Ermənistana verilməsi ideyasını müdafiə edirdilər. 1920-ci il dekabrın 2-də Gümrüdə Ermənistan hökuməti ilə Türkiyə arasında imzalanmış müqaviləyə əsasən Naxçıvan, Şərur və Şahtaxtıda səsvermə əsasında xüsusi idarəçilik yaradılmalı idi və Ermənistan onun işinə qarışmamağı öz öhdəsinə götürürdü. Ermənistan sovetləşdikdən sonra sovet rəhbərlərinin anti-Azərbaycan siyasəti nəticəsində Zəngəzur ərazisi Ermənistan SSR-ə verildi. Bundan sonra Naxçıvan Azərbaycanın əsas ərazisindən ayrı salındı və bununla da, Naxçıvanın muxtariyyəti məsələsi gündəliyə gəldi. Bu məsələlərdən bəhs edən ulu öndər Heydər Əliyev qeyd edirdi ki, “Əgər Zəngəzur mahalının Ermənistana verilməsi olmasaydı, bəlkə də Naxçıvanın muxtariyyəti də lazım deyildi və Azərbaycan vahid əraziyə malik olan bir ölkə idi”.
1920-ci il dekabrın 5-də Naxçıvan əhalisinin etirazları başlandı. Naxçıvanda vəziyyət kəskinləşdiyinə görə respublika rəhbərliyi İnqilab Komitəsinin üzvü, Xalq Ədliyyə komissarı Behbud ağa Şahtaxtinskini Naxçıvana göndərdi. Naxçıvanın muxtariyyət statusu qazanmasında və daşnak təcavüzünə qarşı əhalinin təşkilatlanmasında Behbud ağa Şahtaxtinskinin xidmətləri mühüm rol oynadı. Belə ki, o, Rusiya XKS-nin sədri V.İ.Leninə göndərdiyi məktub və teleqramlarda Naxçıvan, Zəngəzur və Dağlıq Qarabağ ərazilərinin gələcəyindən duyulan narahatlığı çatdırmış, həmin mahalların milli tərkibi və coğrafiyasına dair geniş arayışlar və təkliflər vermişdir. Onun təklifləri ilə maraqlanan V.Lenin məsələnin RK(b)P MK Siyasi Bürosunda müzakirə edilməsi barədə göstəriş vermişdi.
Ermənilər öz iddialarından əl çəkmədikləri üçün Naxçıvan məsələsi ilə əlaqədar əhalinin fikrini öyrənmək məqsədilə Behbud ağa Şahtaxtinskinin təşəbbüsü ilə 1921-ci ilin əvvəllərində Naxçıvanda Rusiya, Azərbaycan və Ermənistan nümayəndələrinin iştirakı ilə keçirilmiş rəy sorğusunda (referendumda) əhalinin 90 faizdən çoxu Naxçıvanın muxtariyyət statusunda Azərbaycanın tərkibində qalmasına səs verdi.
Naxçıvan məsələsi Türkiyə və Rusiya arasında Moskvada keçirilən görüşlərdə də əsas müzakirə obyekti olmuşdur. Türk heyəti 1920-ci il 2 dekabr tarixli Gümrü müqaviləsinin qüvvədə olduğunu müdafiə edərkən, rus nümayəndələri bu anlaşmanı, dolayısı ilə Türkiyənin Naxçıvan üzərində himayə haqqı olduğunu qəbul etmirdilər. Naxçıvanın Azərbaycanın himayəsi altında olan muxtar ərazi statusu RSFSR ilə Türkiyə arasında 1921-ci il martın 16-da imzalanmış 16 maddə və 2 əlavədən ibarət Moskva müqaviləsində təsbit edildi. Bu müqavilə, eyni zamanda Rusiya ilə Türkiyə arasında mövcud olan problemləri də həll etdi.
Naxçıvanın muxtariyyət qazanmasında mühüm xidmətləri olan şəxslərdən biri də Nəriman Nərimanovdur. O, 1921-ci ilin mayında beşinci Azərbaycan Sovetlər qurultayındakı çıxışında Moskva müqaviləsinə hökumətin münasibətini bildirərək demişdir: “Sovet Rusiyası və Türkiyə ilə müqaviləyə əsasən Naxçıvan Azərbaycanın protektoratlığı altında müstəqil respublika elan olundu. Orada bizim nümayəndəmiz olacaqdır və biz bütün münasibətlərdə Naxçıvana xidmət edəcəyik”.
Naxçıvanın ərazi məsələsinin müəyyənləşdirilməsi və onun muxtariyyət statusu əldə etməsində Qars müqaviləsinin rolu danılmazdır. 1921-ci il sentyabrın 26-da başlayan Qars konfransı oktyabrın 13-də müqavilə bağlanması ilə başa çatdı. Konfransda Moskva müqaviləsinin maddələri bir daha təsdiq edildi. Qars müqaviləsi əvvəlki müqavilənin şərtlərini daha da möhkəmləndirdi. 20 maddədən və 3 əlavədən ibarət olan bu müqavilənin beşinci maddəsi Naxçıvanın gələcək statusundan bəhs edirdi: “Türkiyə hökuməti, sovet Ermənistanı və Azərbaycan hökumətləri Naxçıvan vilayətinin hazırkı müqavilənin üçüncü əlavəsində göstərilən sərhədlər daxilində Azərbaycanın himayəsi altında muxtar ərazi təşkil etməsinə razıdırlar”. Müqavilənin müddətsiz imzalanması bölgənin gələcək taleyi üçün də böyük əhəmiyyət kəsb etmişdir.
Beləliklə, Naxçıvan əhalisinin müqaviməti və dönməz iradəsi, Türkiyənin ədalətli mövqeyi, Behbud ağa Şahtaxtinskinin siyasi və diplomatik səyləri nəticəsində Naxçıvan Azərbaycanın tərkibində saxlanıldı. Lakin Naxçıvana muxtariyyət statusu 1921-ci ildə verilsə də, bu, faktiki olaraq 3 il sonra reallaşdırıldı. Hətta 1923-cü ildə Naxçıvan muxtar respublika statusundan aşağı olan muxtar diyara çevrildi. Bir müddət sonra – 1923-cü ilin dekabrında Naxçıvan diyarı Naxçıvan SSR-ə çevrildi. 1924-cü il fevralın 9-da isə Azərbaycan MİK Naxçıvan MSSR-in yaradılması haqqında qərar verdi.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov demişdir: “Naxçıvanın ən qiymətli sərvətlərindən biri də dövlətçilik ənənələrinin davamı olaraq formalaşan Naxçıvanın muxtariyyətidir. Naxçıvan Muxtar Respublikası milli mənsubiyyətə görə yox, 1918-1924-cü illərdə cərəyan edən daxili və xarici amillərin təsiri altında yaranmışdır. 1920-ci il dekabrın 2-də Rusiya və Ermənistan arasında bağlanmış hərbi-siyasi sazişə görə qədim Azərbaycan torpağı olan Zəngəzurun Ermənistana verilməsi Naxçıvanın muxtariyyət məsələsini həlli vacib olan məsələlər sırasına çəkmişdir”.
Naxçıvanın muxtar ərazi statusunun möhkəmləndirilməsində 1926-cı il aprelin 18-də 5-ci Ümumnaxçıvan Sovetlər qurultayında qəbul olunmuş Naxçıvan MSSR-in birinci Konstitusiyasının, 1937-ci il sentyabrın 17-də Naxçıvan MSSR-in 10-cu fövqəladə Sovetlər qurultayında qəbul olunmuş Naxçıvan MSSR-in ikinci Konstitusiyasının, 1978-ci il mayın 30-da Naxçıvan MSSR Ali Sovetinin 9-cu çağırış növbədənkənar 8-ci sessiyasının qəbul etdiyi üçüncü Konstitusiyasının mühüm rolu olmuşdur. Beləliklə, ermənilərin Naxçıvanın Azərbaycandan qoparılmasına yönəlmiş hər bir siyasi cəhdləri boşa çıxmış, Naxçıvanın Azərbaycanın ayrılmaz tərkib hissəsi olması və onun Azərbaycan dövlətçiliyindəki yeri öz ədalətli hüquqi qiymətini almışdır.
Ötən əsrin 80-ci illərinin axırlarında Azərbaycanın Dağlıq Qarabağ və Naxçıvan ərazilərinə erməni iddiaları baş qaldırmış, mərkəzin ikiüzlü siyasəti bu hadisələri qızışdırmışdı. Lakin 1990-cı ilin iyul ayında görkəmli dövlət xadimi Heydər Əliyevin Naxçıvana gəlməsi, burada siyasi fəaliyyət göstərməsi muxtar respublika ərazisini erməni işğalından və muxtariyyət statusunu ləğv olunmaq təhlükəsindən xilas etdi.
“Naxçıvanın muxtariyyəti tarixi nailiyyətdir. Biz bunu qoruyub saxlamalıyıq. Naxçıvanın muxtariyyəti Naxçıvanın əldən getmiş başqa torpaqlarının qaytarılması üçün ona xidmət edən ən böyük amildir. Biz bu amili qoruyub saxlamalıyıq”, – deyən müdrik dövlət xadimi Heydər Əliyev Türkiyə rəhbərləri ilə Qars müqaviləsini və onun şərtlərini müzakirə obyektinə çevirməklə beynəlxalq aləmin diqqətini bir daha bu vacib məsələyə cəlb etmişdi.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov demişdir: “1990-cı ilin iyul ayında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin Naxçıvana gəlməsi, burada yaşayıb siyasi fəaliyyət göstərməsi muxtar respublika ərazisini işğaldan, muxtariyyətini isə ləğv olunmaq təhlükəsindən xilas etdi. Bu illərdə xalqımızın böyük oğlunun muxtar respublika Ali Məclisində xüsusi bəyanatla çıxış etməsi, Türkiyə Respublikasına səfəri zamanı Moskva və Qars müqavilələrini yenidən gündəmə gətirərək dünya ictimaiyyətinin diqqətini Ermənistanın təcavüzkar siyasətinə yönəltməsi Naxçıvanın muxtariyyət statusuna ikinci ömür vermişdir”.
1993-cü ildə ulu öndər Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı ilə xalqın və müstəqil dövlətçiliyin xilası və möhkəmləndirilməsinə başlandı. Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına və muxtariyyətin qorunmasına diqqət artırıldı. 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi ilə qəbul edilmiş Azərbaycan Respublikasının Konstitusiyası ilə Naxçıvan Muxtar Respublikasına Azərbaycanın tərkibində muxtar dövlət statusu verildi.
Bir sözlə, müstəqillik illərində çətinliklərlə qarşılaşan, ermənilərin silahlı basqınları ilə üzləşən Naxçıvan Muxtar Respublikası ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə qorunmuş və inkişafı təmin edilmişdir. 1995-ci il dekabrın 16-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri seçilən Vasif Talıbov Heydər Əliyev siyasi kursunu uğurla davam etdirir. Ali Məclis Sədrinin rəhbərliyi ilə muxtar respublika yeni inkişaf mərhələsinə qədəm qoydu. Xarici ölkələrlə əlaqələr artırıldı. Keçid məntəqələri istifadəyə verildi, sərhədyanı ticarət canlandırıldı. İqtisadiyyat dirçəldildi. Əhalinin rifah halı yaxşılaşdırıldı. Yeni iş yerləri yaradıldı. Sərhədlərin etibarlı təhlükəsizliyi təmin edildi. Naxçıvan Muxtar Respublikasında irimiqyaslı tikinti-quruculuq, abadlıq və bərpa işləri aparıldı. Mədəniyyətin, təhsilin və elmin inkişafına diqqət artırıldı.
Bu gün muxtar respublikanın statusunun və sərhədlərinin beynəlxalq təşkilatlar səviyyəsində tanıdılması istiqamətində də ardıcıl tədbirlər həyata keçirilir. 2012-ci il oktyabrın 16-18-də Avropa Şurasının Yerli və Regional Hakimiyyətlər Konqresinin Strasburqda keçirilən 23-cü plenar sessiyasında qəbul olunan sənədlərin birində Naxçıvan Muxtar Respublikası ilə bağlı çox mühüm və tarixi əhəmiyyətli məqam əks olunmuşdur. Bu sənəd Ali Məclis Sədrinin tövsiyəsi ilə hazırlanmış və nümayəndə heyəti tərəfindən Memoranduma daxil edilmişdir. Sənəddə qeyd olunur ki, Naxçıvan Muxtar Respublikasının konstitusion-hüquqi statusu Azərbaycan Respublikası və Naxçıvan Muxtar Respublikasının Konstitusiyalarına, habelə hazırda qüvvədə olan iki beynəlxalq müqaviləyə əsaslanır. Bundan başqa, qeyd olunmuşdur ki, muxtar respublikanın statusu həm milli qanunvericilik, həm də beynəlxalq müqavilələrlə müəyyən olunmuşdur. Maddənin sənədə daxil edilməsi Azərbaycan, xüsusilə Naxçıvan Muxtar Respublikası üçün böyük siyasi əhəmiyyət kəsb edir. İlk dəfədir ki, Naxçıvan Muxtar Respublikasının statusunu, sərhədlərini müəyyən edən 1921-ci ildə qəbul olunan Moskva və Qars beynəlxalq müqavilələri beynəlxalq təşkilatın sənədlərində hazırda qüvvədə olan hüquqi sənəd kimi qiymətləndirilir. Ölkəmiz, o cümlədən muxtar respublikamız üçün mühüm olan beynəlxalq müqavilənin hüquqi qüvvəsinin Avropa Şurası kimi nüfuzlu beynəlxalq təşkilat tərəfindən tanınması, şübhəsiz ki, bu sahədə aparılan fəal diplomatik fəaliyyətin məntiqi nəticəsidir.
Bu gün inkişaf dövrünü yaşayan Naxçıvan Muxtar Respublikası Azərbaycanın iqtisadi qüdrətinin yüksəlməsinə və hərtərəfli inkişafına öz layiqli töhfəsini verir. Ölkə Prezidenti cənab İlham Əliyevin dediyi kimi: “Milli istiqlaliyyət yolunda Naxçıvanın atdığı cəsarətli addımlar bütün Azərbaycan xalqı tərəfindən rəğbətlə qarşılanmış, respublikada cərəyan edən ictimai-siyasi proseslərə öz müsbət və həlledici təsirini göstərmişdir. Naxçıvan Muxtar Respublikası bu gün milli dövlət quruculuğu prosesinin fəal iştirakçısı olub, ölkəmizin iqtisadi qüdrətinin artırılması və intellektual potensialının gücləndirilməsinə dəyərli töhfələr verir”.
Yaşar RƏHİMOV
tarix üzrə fəlsəfə doktoru