Fevralın 15-də Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Heydər Əliyev adına Gənclər Birliyinin ötən ilin yekunları və 2018-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş yığıncağı keçirilib.
Yığıncağı giriş sözü ilə Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının icra katibi, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Anar İbrahimov açıb. O, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasətinin əhəmiyyətindən, bu siyasətin Naxçıvanda da uğurla həyata keçirilməsindən danışıb.
Tədbirdə çıxış edən muxtar respublikanın gənclər və idman naziri, Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatı Heydər Əliyev adına Gənclər Birliyinin sədri Azad Cabbarov qeyd edib ki, partiya yarandığı gündən öz sıralarına layiqli üzvləri cəlb edir. Bugünkü statistik göstəricilərə əsasən Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının 53 min 823 üzvü var. Təşkilatın Heydər Əliyev adına Gənclər Birliyinin sıralarında isə 21 min 855 gənc birləşib ki, onların da 11 min 391 nəfərini qadınlar təşkil edir. Partiyaya üzv olan gənclərin 5 min 85-i təhsil, 2 min 160-ı səhiyyə, 1542-si elm, mədəniyyət və incəsənət, 2 min 425-i idarəetmə, 5 min 313 nəfəri isə digər sahələrdə fəaliyyət göstərir.
“Ötən il ərzində Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən gənc nəslin Vətənə məhəbbət, Azərbaycan xalqının tarixinə, mədəni irsinə, dövlət rəmzlərinə, milli-mənəvi dəyərlərinə hörmət ruhunda tərbiyə olunması, onların asudə vaxtlarının səmərəli təşkili və intellektual qabiliyyətlərinin artırılması istiqamətində gənclər birliklərinin iştirakı ilə 56 tədbir həyata keçirilib”, – deyən nazir bu tədbirlərin 2018-ci ildə də davam etdiriləcəyini bildirib.
Azad Cabbarov vurğulayıb ki, bu gün Yeni Azərbaycan Partiyası tərəfindən hər bir partiya üzvünün qarşısına bir sıra mühüm vəzifələr qoyulub. Belə ki, 16 mart 2017-ci il tarixdə Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatı Siyasi Şurasının iclasında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri, Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Sədri tərəfindən bir sıra tapşırıqlar verilib. Bununla bağlı Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatı Heydər Əliyev adına Gənclər Birliyinin və şəhər (rayon) təşkilatlarının gənclər birliklərinin də üzərlərinə mühüm vəzifələr qoyulub.
Qeyd edilib ki, 2018-ci il Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə təsadüf edir. Bu məqsədlə muxtar respublika ərazisində ulu öndərin siyasi irsinin gənclərə öyrədilməsi baxımından keçirilən tədbirlərin sayı və keyfiyyəti artırılmalı, əhatə dairəsi genişləndirilməlidir. Həmçinin bu il İslam Mədəniyyətinin Paytaxtı və ölkəmizin Gənclər Paytaxtı seçilmiş Naxçıvan şəhərinin, ümumən muxtar respublikanın turizm potensialının təbliği diqqət mərkəzində saxlanılmalı, bu sahədə müvafiq dövlət qurumları ilə birgə fəaliyyət mübadiləsi həyata keçirilməli, bu məqsədlə müxtəlif tədbirlər hazırlanaraq icra olunmalıdır. Eyni zamanda bu il ölkəmizdə prezident seçkilərinin keçiriləcəyini nəzərə alaraq muxtar respublikada gənclər sahəsində dövlət siyasətini tənzimləyən müvafiq dövlət orqanı kimi Gənclər və İdman Nazirliyi ilə Yeni Azərbaycan Partiyası gənclər təşkilatlarının birgə fəaliyyəti daha geniş xarakter almalı və bu sahədə gənclərin fəallığı artırılmalıdır. Bu seçkilərdə ümummilli lider Heydər Əliyev ideyalarına daim sadiqlik nümayiş etdirən Naxçıvan gəncliyi, şübhəsiz, Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevi dəstəkləyəcəkdir.
Bildirilib ki, bütün bu tədbirlərin icrası ilə əlaqədar, hər birimiz partiyanın qarşımıza qoyduğu vəzifələri layiqincə yerinə yetirməli, müstəqil Azərbaycanın daha da inkişafı naminə var gücümüzlə çalışmalıyıq. Azad Cabbarov bu yolda partiya üzvlərinə uğurlar arzulayıb.
Sonra çıxışlar olub, diskussiya aparılıb.
Tural AĞAYEV