25 Dekabr 2024, Çərşənbə

Rayon Mədəniyyət Evində keçirilən yubiley tədbirində Yeni Azərbaycan Partiyası Culfa Rayon Təşkilatının sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Qadir İbrahimov məruzə ilə çıxış edib. Bildirib ki, 1992-ci il noyabrın 21-də Naxçıvanda yaradılan Yeni Azərbaycan Partiyası qısa zamanda böyük siyasi hərəkat xarakteri aldı. O dövrdə partiyanın yerlərdə rayon təşkilatı və özəklərinin yaradılması prosesi gedirdi. Siyasi fəalları ilə seçilən Culfa rayonu da bu prosesdən kənarda qalmadı. 1993-cü il fevralın 7-də ulu öndərimiz Heydər Əliyevin iştirakı ilə rayon Mədəniyyət Evində Yeni Azərbaycan Partiyası Culfa Rayon Təşkilatının təsis konfransı oldu. Konfransda 25 ərazi ilk təşkilatından 450 nəfər nümayəndə iştirak etdi.
Təşkilatın sədri qarşıda duran vəzifələrdən danışarkən bildirib ki, 2018-ci il üçün Naxçıvan şəhəri İslam Mədəniyyətinin Paytaxtıdır, eyni zamanda bu qədim şəhər ölkə­mizin Gənclər Paytaxtı seçilib. Bu il ümummilli liderimizin anadan olmasının 95, Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100, Milli Qurtuluş Gününün 25 illik yubileyləri qeyd olunacaqdır. Həmçinin aprelin 11-də ölkəmizdə Prezident seçkiləri keçiriləcəkdir. Bu ayın 8-də Yeni Azərbaycan Partiyasının VI qurultayı keçirilib və qurultay nümayəndələri yekdilliklə partiyamızın sədri, ölkə Prezidenti cənab İlham Əliyevin Azərbaycan Respublikası Prezidentliyinə namizədliyini irəli sürüblər. Yeni Azərbaycan Partiyası Culfa Rayon Təşkilatı da partiyamızın namizədini yüksək səviyyədə dəstəkləyəcək, bundan sonra da rayonun ictimai-siyasi həyatında fəallıqla iştirak edəcəkdir.

Tədbirdə Yeni Azərbaycan Partiyası Culfa Rayon Təşkilatı Gənc­lər Birliyinin sədri Təbriz Hüseynzadə, təşkilatın Qadınlar Şurasının sədri Xanım Tağıyeva, təşkilatının şura üzvü, Əbrəqunus kənd tam orta məktəbinin direktoru Fikrət Quliyev çıxış edərək bildiriblər ki, Yeni Azərbaycan Partiyası üzvləri partiya ətrafında birləşməkdən qürur duyur, ölkənin tərəqqisi, iqtisadiyyatın yüksəldilməsi, təhsildə və mədəniyyətdə islahatların aparılması, xalqın rifahının yaxşılaşdırılması, milli-mənəvi dəyərlərimizin qorunması və təbliği sahəsində qarşıya qoyulmuş vəzifələrin öhdəsindən ləyaqətlə gəlməyə çalışırlar.
Culfa Rayon İcra Hakimiyyətinin başçısı Şükür Babayev çıxışında qeyd edib ki, 1992-ci il noyabr ayının 21-də ulu öndər Heydər Əliyevin rəhbərliyi və sədrliyi ilə Naxçıvanda təsis konfransı keçirilən Yeni Azərbaycan Partiyası müstəqil Azərbaycana vahid milli ideologiya gətirdi, xalqı bu ideologiya ətrafında birləşdirərək milli həmrəyliyə nail oldu. Yeni Azərbaycan Partiyasının yaradıcısı, müstəqil Azərbaycan dövlətinin qurucusu və memarı olan ümummilli liderimiz ölkəmizin hərtərəfli inkişaf strategiyasını müəyyənləşdirdi. Həmin strategiya bu gün ölkə başçısı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bunun nəticəsində vətəndaşların sosial rifahı günü-gündən yüksəlib, sosial-iqtisadi inkişaf davamlı xarakter alıb, regionun lider dövlətinə çevrilən respublikamız beynəlxalq aləmdə böyük nüfuz qazanıb.
Vurğulanıb ki, bu gün ulu öndərin müəyyənləşdirdiyi inkişaf xətti muxtar respublikamızda da uğurla davam etdirilir. Bunun nəticəsidir ki, iqtisadiyyatın bütün sahələrində əldə edilmiş nailiyyətlərin miqyası ilbəil daha da genişlənir, regionun hərtərəfli inkişafı təmin olunur. Yeni infra­struktur sahələrinin yaradılması, tikinti-­quruculuq, abadlıq işlərinin geniş­ləndirilməsi, eləcə də əhalinin rifah halının yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlər muxtar respublikanın bütün bölgələri kimi Culfa rayonunu da əhatə edib. 2017-ci ilin sosial-­iqtisadi inkişafının təhlili göstərir ki, rayonda iqtisadiyyatın bütün sahələri, o cümlədən təhsil, səhiyyə, mədəniyyət sahələri, rabitə və informasiya texnologiyaları, yol-­nəqliyyat, energetika sektoru sürətlə inkişaf edib. Rayon iqtisadiyyatının davamlı inkişafı, əhalinin həyat şəraitinin günü-gündən daha da yaxşılaşdırılması, şəhər və kənd­lərimizin abadlaşdırılması, həmçinin yeni tikilən infrastruktur obyektlərində əlverişli iş şəraitinin yaradılması Yeni Azərbaycan Partiyasının təməlində duran prinsiplərin əməli surətdə həyata keçirilməsinin nəticəsidir.
Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının icra katibi, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Anar İbrahimov tədbir iştirakçılarını təşkilatın yaranmasının 25 illiyi münasibətilə təbrik edərək deyib ki, keçən ilin noyabr ayında Yeni Azərbaycan Partiyasının 25 illik yubileyi geniş qeyd olundu. Naxçıvan Muxtar Respublikasının sakinləri üçün qürurvericidir ki, partiyanın yaranması və ilk addımları, təşəbbüslərinin ünvanı məhz doğma diyarımız olub. Bu baxımdan Yeni Azərbaycan Partiyasının Culfa Rayon Təşkilatının yaranma tarixi də bizim üçün əlamətdardır. Rayon təşkilatının təsis konfransında partiyanın banisi, ümummilli liderimiz, o zamanlar Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri kimi fəaliyyət göstərən dahi Heydər Əliyevin şəxsən iştirakı, burada yeni dövr üçün söylədiyi proqram xarakterli nitqi hər ­birimizin fəaliyyəti üçün əvəzsiz proqramdır.
Anar İbrahimov bildirib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri, Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Sədri cənab Vasif Talıbovun rəhbərliyi ilə ötən dövrdə genişmiqyaslı quruculuq tədbirləri həyata keçirilib. Bu quruculuq və modernləşmədən pay alan Culfa rayonu da qısa zamanda bütün sahələrdə inkişaf və tərəqqiyə qovuşub. Fərəhli haldır ki, Yeni Azərbaycan Partiyası Culfa Rayon Təşkilatının sıraları ildən-ilə genişlənir və partiya üzvləri bu quruculuq tədbirlərində fəal iştirak edir, ulu öndər Heydər Əliyev ideolo­giyasının həyata keçirilməsinə öz töhfələrini verirlər.
Sonda partiya üzvlüyünə yeni daxil olmuş bir qrup gəncə üzvlük vəsiqələri, partiya fəallarına hədiyyələr təqdim olunub, məktəblilər ulu öndərimizə, Yeni Azərbaycan Partiyasına, Vətənə həsr edilən ­şeirləri bədii qiraət ediblər.


Hüseyn ŞƏKƏRƏLİYEV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR