Bu gün İslam mədəniyyətinin paytaxtı statusunu fəxrlə daşıyan şəhərimiz artıq həm də Gənclər Paytaxtıdır. Muxtar respublikamızda cəmiyyətimizin aparıcı qüvvəsinə çevrilən, ictimai həyatımızda öz fəallıqları ilə tanınan gənclərimiz çoxdur. Onlardan bəziləri ilə görüşüb, gənclərimiz üçün ikiqat bayrama çevrilən bu əlamətdar gündə təəssüratlarını öyrəndik.
İsmayıl İsmayılov – Naxçıvan Dövlət Universitetinin müəllimi, 2017- ci ildə “İlin gənc rəssamı” nominasiyasının qalibi:
– Naxçıvanın Gənclər Paytaxtı seçilməyi məni çox sevindirdi. Bu, bütövlükdə Azərbaycan ictimaiyyətinin muxtar respublikada gənclərimiz üçün yaradılan şəraitə, burada gənclərin ictimai-siyasi fəallıqlarına, müxtəlif sahələrdə qazandıqları əhəmiyyətli uğurlara verdiyi yüksək qiymətdir. Biz gənclər bundan sonra da gördüyümüz işlərlə, qazanacağımız yeni-yeni nailiyyətlərlə muxtar respublikamızın daha da inkişaf etdirilməsinə öz töhfəmizi verməyə çalışacağıq.
Səyyad Məmmədov – Naxçıvan Muxtar Respublikası Şərq Döyüş Sənəti Federasiyasının idmançısı, dünya, Asiya və beynəlxalq turnirlərin mükafatçısı:
– Bu gün Naxçıvan Muxtar Respublikasında hər bir sahədə olduğu kimi, idman sahəsində də uğurlar qazanılmaqdadır. Təbii ki, bunun səbəbi biz idmançılar üçün yaradılan şərait, göstərilən diqqət və gənclər üçün geniş imkanların olmasıdır. Naxçıvanın Gənclər Paytaxtı seçilməsi muxtar respublika gənclərinin ictimai-siyasi proseslərdə müasir informasiya texnologiyalarının imkanlarından istifadədə öncül mövqedə olduğunu sübut etdi. Gənclərimizin səsvermədə göstərdiyi fəallığı nəzərə alsaq, bu nəticənin gözlənilən olacağını deməyə əsas verirdi. Hər bir naxçıvanlı gənc bununla öz torpağına, yurduna bağlılığını sübut etmiş oldu. Səsvermədə Naxçıvan son ana qədər liderliyini qoruyub saxlaya bildi. 2018-ci ildə Gənclər Paytaxtı olmağımız bizim məsuliyyətimizi daha da artırdı. Çalışmalıyıq ki, bu il uğurlarımızın sayı daha çox olsun və Naxçıvanı ölkə və beynəlxalq səviyyəli idman yarışlarında layiqincə təmsil edək.
Elməddin Kərimov – Naxçıvan Regional İnformasiya Mərkəzinin əməkdaşı, “Brayl” jurnalının redaktoru:
– Bu gün muxtar respublikamızda sağlamlıq imkanları məhdud gənclər də hərtərəfli dövlət qayğısı ilə əhatə olunub. Belə gənclər üçün kompleks tibbi-reabilitasiya xidməti göstərən mərkəzlər istifadəyə verilib, onların cəmiyyətə fəal inteqrasiyası, mədəni-kütləvi tədbirlərdə iştirakı təmin edilib. Görülən işlərin nəticəsidir ki, hazırda bu qəbildən olan gənclər muxtar respublikamızın ictimai-siyasi, sosial-mədəni həyatında və digər sahələrdə aktiv iştirak edir.
Naxçıvan şəhərinin 2018-ci ildə Gənclər Paytaxtı seçilməsi hər birimizi qürurlandırdı. Doğma şəhərimizin belə bir statusa layiq görülməsi muxtar diyarımızın təbliği istiqamətində daha geniş imkanlar açdı. Çalışacağıq ki, bundan sonra da öz fəaliyyətimizlə bu imkanlardan yetərincə yararlanaq.
İlhamə Hüseynli – Şahbuz rayonunun Yuxarı Qışlaq kənd tam orta məktəbinin müəllimi:
– Ölkəmizdə təhsil sahəsində aparılan islahatlar gənclər siyasətinin ən vacib istiqamətlərindən birini təşkil edir. Azərbaycanın müxtəlif bölgələrində müasir standartlara cavab verən məktəb binaları tikilib istifadəyə verilir, orta və ali təhsil ocaqları müasir avadanlıqlarla təchiz edilir. Bunun bütün parametrlərini muxtar respublikamızda ən yüksək səviyyədə görmək olar. Görülən işlərin nəticəsidir ki, doğma Naxçıvanımız Gənclər Paytaxtı elan olundu. Nəticə açıqlanan kimi naxçıvanlı gənclərimiz sosial şəbəkələrdə böyük coşqu ilə paylaşımlar edərək sevinclərini ictimaiyyətlə bölüşdülər. Biz də buradan, muxtar respublikanın ucqar kəndindən onların bu sevincinə qoşulduq. Naxçıvan gəncliyi olaraq qürur duyduq.
Anar Qurbanov – “Naxçıvan” Universitetinin tələbəsi:
– Naxçıvanda keçirilən ictimai tədbirlərin bir çoxunun təşkilatçısı və fəal iştirakçısıyam. Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən təşkil olunan müxtəlif intellektual oyunlarda aparıcı kimi fəaliyyət göstərirəm. İntellektual oyunlar zalında yaradılmış şəraiti xüsusi qeyd etmək istərdim. Bizim üçün çox xoşdur ki, bu gün muxtar respublikamızda dövlət gənclər siyasəti müxtəlif istiqamətlərdə aparılır. Bütün bunlar doğma Naxçıvanımızın 2018-ci il üçün Gənclər Paytaxtı seçilməsini şərtləndirən başlıca amildir. Bu, hər bir muxtar respublika sakini, xüsusilə biz gənclər üçün olduqca qürurvericidir.
Ümummilli liderimiz Heydər Əliyev deyirdi: “Hər bir gənc Azərbaycanın müstəqil gələcəyini təmin etmək üçün Vətəni sevməlidir, ölkəni sevməlidir, torpağı sevməlidir, xalqımızı sevməlidir, millətimizi sevməlidir, dilimizi sevməlidir, dinimizi sevməlidir, milli ənənələrimizi sevməlidir. Bunları sevə bilməyən adam, onları özü üçün mənəvi əsas edə bilməyən gənc həyatda özünə yer tapa bilməyəcəkdir və şübhəsiz ki, bizim ictimai-siyasi prosesdə, müstəqil Azərbaycanın inkişafında lazımi qədər iştirak edə bilməyəcəkdir”. Ulu öndərimizin bu tövsiyyəsi hər birimizin müqəddəs amalına çevrilməlidir.
Fatma BABAYEVA
Gülcamal TAHİROVA
Ceyhun MƏMMƏDOV